“Hədəf Nəşrləri”nin uşaqlar üçün təsis etdiyi “Balabilgə” elmi-kütləvi məktəbli dərgisinin ilk sayı işıq üzü görüb.
Nəşriyyatdan verilən məlumata görə, dərgi 8 yaşdan yuxarı oxucular üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, dərgi Hədəf STEAM Liseyinin Elmi-Metodiki Şurasının tövsiyəsi ilə dərc olunur.
Jurnalın baş redaktoru Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq, məsul redaktoru “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, redaktoru “XAN Nəşriyyatı”nın baş redaktoru Cavid Qədir, məsləhətçisi Hədəf Şirkətlər Qrupunun baş direktor müavini Nizami Hüseynov, koordinatoru isə Hədəf STEAM Liseyinin müəllimi Günel Rəcəbdir.
İldə dörd sayının dərci nəzərdə tutulan rüblük elmi-kütləvi jurnal interaktiv kontenti ilə diqqət çəkir.
Dərgi “Alimləri tanıyaq” rubrikası ilə açılır. Rubrikada böyük fizik İsaak Nyuton barədə məlumat verilir.
Növbəti yazı “Bir gün bir filmə baxdım...” rubrikası altında yer alır. Yazıda dünyaca məşhur “Vall-İ” animasiyasından söz açılır.
“Gəl STEAM oynayaq” rubrikasında oxucular “Scratch” oyununun qaydaları ilə tanış olacaqlar.
“Qəribə canlılar” rubrikasında fillər, osminoqlar və ulduzburun köstəbəklərdən, onların qeyri-adi xüsusiyyətlərindən danışılır.
“Kodlaşdırma” rubrikasında oxuculara iki – Brayl və koordinat kodlaşdırmasının detalları təqdim olunur.
“Tarixi elmi ixtiralar”da tapança və tankın bəşərriyyətin arsenalına necə daxil olmasından söz açılır.
“İqlim sənin əlindədir” rubrikasında iqlimin nə olduğu, planetin iqliminə havanınmı, okeanınmı daha çox təsir etdiyi təcrübələrlə öyrədilir.
“Kitabını göstər” rubrikasında Azərbaycanın ilk komiksi olan “Mübariz İbahimov” kitabından danışılır.
Bundan başqa dərgidə uşaqların dünyagörüşünün inkişafına hesablanmış krossvord da yer alır.
Dərginin arxa qabığında isə uşaqlar daşlarını özləri kartondan hazırlamalı olduqları dama oyunu ilə qarşılaşacaqlar.
Əlavə məlumat üçün qeyd edək ki, dərginin qiyməti 2 manatdır.
Abunə olmaq istəyən şəxslər 0773438022 nömrəsi ilə əlaqə saxlaya bilərlər.