Axtarış

Haqqımızda

       Balabilgə kimdir? Balabilgə 0-6 yaş aralığında olan gələcəyin bilgə azərbaycanlısıdır. Bilgə azərbaycanlı olmaq üçün, Balabilgəlik dönəmini uğurla başa vurmaq lazımdır.
Balabilgəlik dönəmi isə yetişdirməyi hədəflədiyimiz Bilgə azərbaycanlının bilgi, bacarıq qazanmaqla, öyrənməklə, ətraf mühitlə, baxçayla ilkin tanış olma dönəmidir. Bu müddət uşaqların ailədən, sevdiyi, alışdığı ortamdan, ən əsası isə ana qucağından ayrıldığı dövrdür.
       Sosioloqların fikrincə, insan həyatı boyu öyrəndiklərinin 60 faizə yaxınını 0-6 yaş aralığında tamamlamış olur. Buna görə erkən uşaqlıq dediyimiz bu yaş dönəmi öyrənmə və bacarıqlar qazanıb inkişaf etdirmək üçün ən diqqətə alınmalı olunan zamandır.
       Erkən uşaqlıq dediyimiz 0-6 yaş aralığını əhatə edən dövr, insan inkişafının böyük hissəsinin tamamlandığı bir zaman dilimidir. Erkən uşaqlıq insanın zehni və bacarıqlarının inkişafının başlanğıc nöqtəsidir. Sırf bu səbəbdən məktəbəqədər təhsil uşağın bacarıq və qabiliyyətinin inkişafını dəstəkləyir, onun yetkinlik dövründə daha məhsuldar və yaradıcı olmasına, mövcud potensialını daha asan üzə çıxarmasına, özünü kəşf etməsinə şərait yaradır.
       Bizim hədəfimiz isə Bilgə azərbaycanlı yetişdirməkdir. Bəs Bilgə azərbaycanlı kimdir?

- Milli duyğularını itirmədən insanlığı sevən və bəşəri dəyərlərə açıq olan.
- Azad düşünən və düşündüyünü etik qaydalarla və sərrast ifadə edən.
- Təbiətə dəyər verən, sevgisiylə onu qoruyan.
- Biliyi əldə etməyin və bacarığa yiyələnməyin yolunu bilən.
- Əldə etdiyi bilgi və bacarığı istifadə və tətbiq edən.
- Xəyallarını gerçəkləşdirmək arzusundan vaz keçməyən.
- İnsanın yaratmaq bacarığının sərhədsiz olduğuna inanan.
- El-obasını və dünyanı sevib ona sahib çıxmağı bacaran.

Tariximiz

Balabilgə uşaq bağçası 2020-ci ildən etibarən Hədəf Liseyi Abşeron filialında fəaliyyətə başlayıb.
İndiyə qədər hər üç bölmə üçün yüzlərlə balabilgə baxçamızı uğurla bitirirək həm öz liseyimizdə, həm də digər məktəb və liseylərdə təhsillərini davam etdirirlər.

Missiyamız və məqsədimiz

Bağçamızda təhsil Azərbaycan, Rus və İngilis bölmələri üzrə aparılır.
Körpələr qrupu, orta qrup, böyük qrup və məktəbəqədər hazırlıq qrupları olmaqla  hər qrupda 10-20 balabilgəmiz təhsil alır. Məktəbəqədər dövr elə bir dövrdür ki, məhz uşaqların bu dövrdə qazandıqları bilik və bacarıqları gələcək məktəb həyatlarında təməl rolunu oynayır. Hər il bağçamızdan məzun olan balabilgələrimiz bu bacarıqlara yiyələnərək məktəb həyatına başlayır. Əsas məqsədimiz vətənini sevən, araşdıra bilən, öyrənməyə meyilli olan məktəbliləri yetişdirib 1-ci sinfə yola salmaqdır.

Gələcəyə baxışımız

İnkişaf etmiş Azərbaycana müasir düşünə bilən, vətəni sevən gələvək lazımdır. Bu məsuliyyət doğrultusunda bağça və məktəbəqədər balabilgələrimizi yetişdirib məzun etməyi öhdəmizə götürmüşük. Vicdanlı, ədalətli, vətənpərvər, təbiəti, insanları sevən, millətinə dövlətinə sədaqətli, milli və bəşəri ruhu özündə birləşdirən sağlam ruhlu, sağlam təfəkkürlü vətəndaş yetişdirmək əsas prinsipimizdir.

Təsisçidən

Bu günün dünyasında elm və texnologiya elə sürətlə inkişaf edir ki, bəzən nəinki bu inkişafa çatmaq, hətta onu izləmək belə çətin görünür.  Ancaq bu dəyişikliyin mühərrikinin elə insanın özü olduğunu da bilirik – dinindən, dilindən, cinsindən asılı olmayaraq elmi təfəkkürə sahib, məntiqli mühakimə yürüdə bilən, qıvraq xəyal gücü ilə zamanı qabaqlaya bilən insan.

            Biz sənədli filmlərdə və texnologiya xəbərlərində Marsa enəcək kosmik zondu gördükdə, istifadə etdiyimiz ağıllı telefonların yeni funksiyalarını kəşf etdikdə, genetik tibdəki yeniliklərdən xəbər tutduqda, çağdaş bir memarlıq abidəsini gördükdə, yüzlərlə insanı bir neçə saat ərzində dünyanın bir ucundan digər ucuna daşıyan hava gəmiləriylə uçduqda, istər-istəməz “bunu yaradan dahidir”, “bu bir möcüzədir” deyə düşünür, o məhsulları yaradan şəxslərin adlarını bilməsək belə, içimizdə onlara təşəkkür edirik.

            Bəlkə də, bu icadları və kəşfləri edənlərə minnətdarlıq hiss etməklə bərabər, onlara qibtə edir və bu kəşfləri ancaq “xüsusi” insanların edə biləcəyini düşünürük. Ancaq belə düşünmək təhlükəlidir: “bizlik deyil, biz bacarmarıq”, – deyə dəyər yaratmağa heç cəhd etməmək texnologiyanın passiv istifadəçiləri olaraq qalmaqla nəticələnə bilər. Tariximizə baxsaq, dünya elminə bizim də töhfə vermiş olduğumuzu görərik. Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfi Zadə, Xudu Məmmədov kimi alimlərimiz nəzəri və praktik elmin müxtəlif sahələrinə orijinal töhfələr veriblər. Bunu əvvəllər etmişiksə, yenə edə bilərik. Sadaladığımız alimlər bizə bu yolda özünəinam aşılayan nümunələr və rol modelləridir. Obrazlı desək, biz robot istehsal edə bilməsək, robotların idarə etdiyi insanlara çevriləcəyik.

            Bu gün Samsung, Apple, Facebook, Miscrosoft, Amazon kimi şirkətlərin büdcəsini bir çox dövlətin büdcəsi ilə müqayisə etməklə texnologiyanın iqtisadi güc kimi böyüklüyünü təqdir etmək mümkündür. Sizi, əvvəlcə bu şirkətlərin yaranma tarixçələri, bü günkü fəaliyyət miqyasları və iqtisadi imkanları ilə, eyni zamanda bizim hədəflərimizlə tanış olmağa və  Hədəfli bir şagirdin valideyni olmağa dəvət edirik.

            Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə elm olmadan mümkün olmaz. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, hədəfimiz XXI əsrin BİLGƏ Azərbaycanlısını yetişdirməkdir.

 

Direktor

Şəmil Sadıqov