Avstraliyada koronavirus xəbərdarlığı edən app necə işləyəcək?

27.04.2020

Photo

Avstraliya höküməti "covidsafe" adlı yeni smartfon tətbiqini istifadəyə başlayıb.

Bundan sonra bir neçə saat içində tətbiqi milyondan çox insan telefonuna yükləyib.

Bluetooth vasitəsilə çalışan sistem 1.5 metr yaxınlıqda olan digər telefondakı bluetooth siqnalı vasitəsilə həmin telefona qoşulur. Bundan sonra əgər koronavirus testi pozitiv çıxmış adamla 15 dəqiqədən artıq ünsiyyətdə olunubsa tətbiq istifadəçiyə xəbərdarlıq bildirişi edir.

"Özümüzü, ailəmizi, bir-birimizi ancaq hər şeydən çox tibb bacılarımızı və həkimlərimizi qorumağa kömək etmək üçün xahiş edirik bizə qoşulun" deyə səhiyyə naziri Greg Hunt insanları tətbiqi yükləməyə çağıran tvitter postunda yazıb.

Avstraliya Baş naziri bildirib ki, tətbiq kifayət qədər insan tərəfindən istifadə edilsə sosial qadağalar dayandırıla bilər. Hökümət bildirib ki, effektiv nəticə üçün tətbiqi əhalinin 40%-nin yükləməsinə ehtiyac var.

Tətbiqin istifadəsi özəl məlumatla bağlı ictimai narahatçılıq da doğurur. Ancaq hökümət əhalini əmin edir ki, məlumatları tibb rəsmilərindən başqa heçkim görə bilməz, hətta məhkəmə qərarı da onları digər orqanlara verə bilməyəcək.

Tətbiqi yükləyərkən istifadəçi öz adını, yaşını, telefon nömrəsi və post kodunu daxil etməlidir.

Hökümətdən bildirilib ki, məlumatlar 21 gün sonra silinəcək. Həmçinin istifadəçi tətbiqi telefondan siləndə də məlumatlar bazadan silinmiş olur.

Buradan paylaş: