Çex alimləri su yaratmağın üsulunu tapıblar

19.08.2019

Photo

Çex alimləri havanın tərkibindəki suyu çəkib yığmağın üsulunu tapıblar

Praqada yerləşən Texniki Universitetin alimlər qrupu avtonom günəş enerjisi sistemindən istifadə edərək havadakı suyu ayırmağın metodunu tapdıqlarını söyləyib.

“SAWER” (Solar Air Water Earth Resource) sisteminin ilk prototipi, planetin istənilən yerində, hətta səhrada belə gündəlik yüz litr içməli su istehsal etmək gücündədir. Mütəxəssislər “SAWER” sistemini Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabidən 70 km. şərqdə yerləşən Sveyhan şəhərinə quraşdırıblar.

Professor Tomaş Matuşka bunun inqilabi bir proses olmadığını, lakin qeyri-adi olduğunu söyləyərək, havadakı suyun aradan qaldırılması sisteminin ərzaq sənayesində indiyədək istifadə olunduğunu vurğulayıb.

Matuşka izah edib ki, sistem iki mərhələlidir. Öncə hava quruducusu kimi istifadə olunan material havadakı su molekullarını özünə yapışdırır. Sonra isə hava qızdırıcısı havanı daha da qızdıraraq su buxarı yaradır və hava quruducusunun səthinə ötürür. Proses nəticəsində havanın rütubətliliyi daha da artır.

12 nəfərlik alimlər qrupu layihəni 2017-ci ildə Praqada başlayıblar və sistemin iki ədəd altı metrlik yük konteynerində daşına bilən ilk prototipini yaradıblar. Konteynerin biri istehsal aparatının özünü, həmçinin distillə olunmuş su cihazını, digər konteyner isə istilik və soyutma prosesini hərəkətə gətirən akkumulyatorları və enerji nəzarət sistemlərini daşıyır.

“Əbu-Dabi yaxınlığındakı sınaq təxminən altı ay davam edəcək, çünki biz yay, payız və qış fəsillərinə uyğun məlumatlar əldə etmək istəyirik”, deyə Matuşka bildirib.

İlkin cihaz təxminən 360 min avroya başa gəlir ki, bu da çəkilmiş suyun qiymətini baha edir– layihənin ilk ilində bir litr suya 10 avro.

Layihə 2020-ci ilin oktyabrında və 2021-ci ilin aprelində keçiləcək “Dubai Expo” sərgisində nümayiş etdiriləcək.

Buradan paylaş: