Braziliya prezidenti Jair Bolsonarunu ələ salan kitab sosial şəbəkələrdə məşhurlaşıb

19.08.2019

Photo

Braziliya prezidenti Jair Bolsonaru haqqında səhifələri boş kitab sosial şəbəkələrdə məşhurlaşdı

Braziliyanın ultra-sağ prezidenti Jair Bolsonaru haqqında yazılmış 190 səhifəlik kitabın 188 səhifəsinin yazılmamış boş səhifələr olduğu aşkara çıxıb. Bundan sonra kitab sosial şəbəkələrdə məşhurlaşmağa başlayıb.

Prezident Bolsonaruya “niyə hörmət etmək və ona niyə inanmaq lazımdır” mövzusundan bəhs edən kitabın müəllifi bunun bir etiraz olduğunu söyləyib. Məqsədi insanları ziddiyyətli lider haqqındakı bu suallara cavab verməyə məcbur etməkdir. Kitabın “Amazon”dakı səhifəsinə bir neçə saat ərzində 200 rəy yazılıb. Rəy yazanların çoxu belə bir təşəbbüsü alqışlasalar da, bəziləri bunun aldadıcı hərəkət olduğunu söyləyirlər. Müəllifin sözlərinə görə, kitabı heç kim almayıb.

Kitab sosial şəbəkələrdə yayıldıqdan sonra “Amazon”da “Diqqət: satirik kitab” deyə xəbərdaredici məlumat qeyd olunub.

30 yaşlı müəllif, Braziliyanın Porto Aleqre şəhərindən olan Uiliam Tams (Willyam Thums) “Bolsonaru hörmətə və etibara niyə layiqdir?” kitabını “Braziliyanı rahat buraxmayan bir suala cavab” kimi təqdim edib. O, “Veja São Paulo” saytına müsahibəsində bildirib ki, “Bu bir etirazdır. Kitabın ideyası isə, Bolsonaru heç nəyə layiq olmadığına görə, bu suala cavab verməməkdir”.

Kurt Vonnequtun kitabını yandıran adama məktubu

Kitabın mətn yazılmış iki səhifəsində isə, müəllif kitabın “saysız-hesabsız saatlar boyunca çalışmağın nəticəsi” olduğunu və cənab Bolsonarunun “danılmaz ləyaqətləri” haqqında “müstəsna qərəzsiz” fikirlərdən bəhs etdiyini söyləyir.

O, ABŞ prezidenti Donald Tramp haqqında yazılmış oxşar kitabdan təsirləndiyini deyir. Müəllifin bildirdiyinə görə, xəbər çərşənbə günü sosial mediada geniş yayılana qədər heç kimin bu kitabdan xəbəri yox idi.

“Amazon” istifadəçilərindən bəziləri “bu kitabın ciddi insanlar üçün vaxt və pul itkisi” olduğunu söyləyərək etirazlarını bildiriblər. Lakin ABŞ-da müqayisəli ədəbiyyat üzrə “PhD” tələbəsi olan Tams heç kimin kitabı almadığını vurğulayır. “Amazon” şirkəti bu məsələ ilə bağlı fikir bildirməsə də, müştərilərinin 30 gün müddətində məhsulları qaytarıb ödənişlərini geri ala biləcəklərini bəyan edib.

Xatırladaq ki, bu ilin yanvarında hakimiyyətə gələn Bolsonaru iqrçi, homofob və qadınlara qarşı çıxışları ilə tanınır. Son həftələrdə Amazon meşələrinin qırılmasının artması ilə bağlı beynəlxalq ictimaiyyət Bolsonarunu kəskin təndiq edib.

Buradan paylaş: