Bill Qeyts Stiv Cobsun sehrli ovsunlarını açıb

11.07.2019

Photo

Qeytsin fikrincə, "Apple" şirkətinin uğurunun təməlində Cobsun "ovsunları" dayanır

Bilge.az xəbər verir ki, "Apple" şirkətinin uğurunun təməlində onun mərhum yaradıcısı Stiv Cobsun "ovsunları" dayanır. Bu barədə CNN televiziyasına açıqlamasında "Microsoft"un rəhbəri Bill Qeyts danışıb.

Onun sözlərinə görə, Cobs bu "ovsunların" sayəsində istənilən ölü şirkəti dünyanın ən yaxşı şirkəti edə bilərdi. Qeyts özünü kiçik sehrbaz adlandırıb. "Mən kiçik sehrbaz idim, çünki o ovsunu oxuyur və mən insanların heyrətə qapıldığını görə bilirdim. Amma mən balaca sehrbazam, mənim ovsunlarım təsirli olmur".

Bununla yanaşı, uzun illər "Apple" ilə rəqabət aparan Qeyts bildirib ki, həyatında Stiv Cobs qədər istedadlı və motivasiyalı ikinci bir adam görməyib. Buna nümunə kimi o, 1980-cı illərin sonunda Stiv Cobsun rəhbərlik etdiyi "NeXT" şirkətini göstərib, bir il ərzində şirkət bircə kompüter də sata bilməmişdi. Buna baxmayaraq, biznesmen axıra qədər getdi və 1997-ci ildə "Apple" "NeXT"i aldı.

Qeyd edək ki, Stiv Cobs "Apple" şirkətini dostu Stiv Voznyak ilə 1976-cı ildə qurub. "Apple II" adlı kompüter milyon tirajla buraxılıb və dünyanın ilk kütləvi personal kompüteri olub. 1985-ci ildə Cobs investorlarla anlaşılmazlığa görə, "Apple" şirkətini tərk edib. Bundan sonra o, "NeXT" şirkətini qurub və eyni zamanda cizgi filmlərin kompüter qrafikası ilə təkmilləşdirilməsi sahəsində işləyib. 1997-ci ildə "Apple" şirkətinə CEO kimi qayıdan Cobs tezliklə şirkəti dirçəldib və tamamilə yeni məhsulların yaradılmasına köklənib. 2007-ci ildə təqdim edilən "iPhone" sənayeni tamamilə yeniləyib və nəticədə "Apple" dünyanın ən bahalı publik şirkətinə çevrilib. Stiv Cobs 2011-ci ildə mədəaltı vəzinin xərçəngindən vəfat edib.

Bilge.az

Buradan paylaş: