Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək

24.06.2019

Photo

İyulun 26-da festivalının rəsmi açılışı olacaq

Bilge.az xəbər verir ki, gələn ay Azərbaycanda ilk dəfə olaraq Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək. İyulun 26-da festivalının rəsmi açılışı olacaq və 3 gün ərzində təntənəli el şənliyi keçiriləcək. Artıq festivala hazırlıq işləri tamamlanmaq üzrədir.

Bu barədə Gədəbəy Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Qədir Bağırov məlumat verib.

Onun sözlərinə görə, rayonun Miskinli yaylağının ərazisində orijinal üslubda “Yaylaq Yurdu” adlı etnoqəsəbə yaradılır. Festival çərçivəsində qonaqlar sanki 18-ci əsri ziyarət edəcəklər. Çadırlar quraşdırılır, 6000-ə yaxın festival iştirakçısı çadırlarda yerlə təmin ediləcək.

Q.Bağırov deyir ki, festival çərçivəsində Gədəbəyə turist axını gözlənilir. Buna görə də rayondakı 6 otel, 1 mehmanxana qonaq qarşılamağa hazır vəziyyətdə olacaq. Bundan əlavə, bələdiyyələrlə birgə kirayə evlər müəyyənləşdirilib, turistlər kirayə evlərdə də qala biləcəklər.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq, iyulun 26-da mədəni-etnoqrafik hissə baş tutacaq, aşıqlar deyişəcək, milli rəqslər, xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları, məsələn, dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi təşkil ediləcək, yaylaq mətbəx nümunələri-odun üzərində dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festivalın sonuncu günü turistlər 18-ci əsrin ənənəvi yaylağına səyahət edəcəklər, Gədəbəyin gözəl güşələrini- Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər tarixi məkanları gəzəcəklər. “Alman izləri” adlı xüsusi ekskursiyalar, habelə ayrı-ayrı məkanlara səyahət üçün imkan yaradılacaq.

Bağırov əlavə edib ki, festival hava şəraiti imkan verənədək davam edəcək. Həmin müddətdə qonaqlar çadırlarda da qala biləcəklər. (virtualaz.org)

Bilge.az

Buradan paylaş: