Bu restoranda yalnız məhdudiyyətli insanlar işə götürülür (Foto)

21.06.2019

Photo

"Burada işləmək mənim həyatımı dəyişdirdi"

Bilge.az "Guardian"a istinadən xəbər verir ki, İspaniyanın cənubundakı Xerez şəhərində fəaliyyət göstərən "Universo Santi" restoranı məhdudiyyətli insanlara kömək məqsədiylə heyətinə yalnız onları işə götürür. Restoranda müştəriləri ilk heyrətləndirən şey buradakı dinclik, işıqlar, divarlardakı modern sənət nümunələri və əlbəttə ki, təamlardır.

"Universo Santi" restoranına ayaq basan müştərilər yalnız bir müddətdn sonra xüsusi bir şeyin fərqinə varırlar.

"İnsanlar bura heyət məhdudiyyətli insanlardan təşkil olunub deyə gəlmirlər, sadəcə bu, bölgədəki ən yaxşı restorandır. Onların hansı səbəbdən gəlmələrindən asılı olmayaraq, biz təamlar haqqında danışırıq", - Antonio Vila açıqlamasında deyir. Antonio məhdudiyyətli insanların işçi qüvvəsinə qoşulmaları üçün fəaliyyət göstərən "Fundación Universo Accesible" qeyri-hökumət təşkilatının prezidentidir. O, həmçinin 20 işçisinin hamısının məhdudiyyətli olduğu "Universo Santi" restoranının hərəkətverici qüvvəsidir.

"Mən həmişə göstərmək istəmişəm ki, lazımi təlim keçərlərsə, məhdudiyyətli insanlar bacarıqlıdırlar. Onlar yüksək keyfiyyəli mətbəxdə təmsil olunmurdular, "Universo Santi" bu ənənəni pozub", - Vila açıqlamasında bildirib.

Restoranın yaşları 22 ilə 62 arasında dəyişən 20 heyət üzvü 1500 nəfərin içindən seçilib. Seçilməkdən ötrü namizədlər işsiz olmalı və 35%-dən çox məhdudiyyətli olmalıydılar.

Daun sindromlu 23 yaşlı Alexandro Ximenez restoranın cunior aşpazıdır: "Uşaqlığımdan bəri ilk dəfə mənə sevdiyim işi görmək və bunu müstəqil şəkildə yerinə yetirmək şansı verilib", - işə götürülənə qədər anası ilə yaşayan Ximenez deyir: "Burada işləmək mənim həyatımı dəyişdirdi. Bir vaxtlar anamdan necə eləyəcəyimi soruşduğum şeyləri indi mən özbaşıma edirəm".

Beyin iflici olan və restoranın insan resursları rəhbəri kimi işləyən Qloria Bazan isə belə deyir: "Buranın bir parçası olduğuma görə həqiqətən bəxtəvərəm. Əgər cəmiyyət sənə əlilliyi olan biri kimi baxırsa, işləmək çətindir. Bura isə mənə azadlıq verir və istənilən insan kimi işləmək imkanı qazandırır".

Avropada "Universo Santi" kimi ambisiyalı bir neçə məkan fəaliyyət göstərir. Bu məkanlar məhdudiyyətli insanlara həyatda daha bir şans verirlər. Barselonadakı "La Fourchette de Collserola"nın heyətindəki 20 nəfər müxtəlif fiziki və mənəvi məhdudiyyəti olan insanlardan təşkil olunub. Restoranda Aralıq dənizi mətbəxi, veqan və digər seçimlər var.

2010-cu ildə Hollandiyanın Vegel şəhərində açılan "Brownies&downieS" daun sindromlu və digər məhdudiyyətli insanlar tərəfindən idarə olunur. Məkan o qədər uğur qazanıb ki, franşizeyə çevrilib, hazırda onun Niderlandda, Belçikada və Cənubi Afrikada 52 şöbəsi fəaliyyət göstərir.

Digər oxşar layihə Şimali İrlandiyanın Portdaun şəhərindəki "One Eighty Restaurant"dır. 2011-ci ildə açılan restoranda məhdudiyyətləri olan 16-22 yaşlı gənclərə qonaqlama xidmətləri sahəsində təlimlər də keçirilir.

Bilge.az

Buradan paylaş: