Maya sivilizasiyası niyə məhv olub? - Alimlər yeni versiya irəli sürüb

12.06.2019

Photo

İki min il mövcud olan sivilizasiya niyə məhv olub?

Bilge.az xəbər verir ki, ABŞ-ın Miçiqan universitetinin antropoloqları Maya sivilizasiyasının məhv olmasına səbəblərdən biri kimi qarşılıqlı hərbi münqişələrin rol oynadığını ehtimal edirlər. Bu qənaətə onlar antik Pakbitun şəhərindəki qazıntılar zamanı bir hərbiçinin məzarında aşkar etdikləri kəllə sümüklərini və digər artefaktları analiz etdikdən sonra gəliblər. Bu barədə "Phys.org" məlumat yayıb.

Əgər iqlim dəyişikliyi görməzdən gəlinsə, sivilizasiya məhv olacaq

Elm adamlarının sözlərinə görə, tapılan kəllələri boyunda medal kimi gəzdirirdilər. Bu kəllələr düşmən üzərində qələbə çalan hərbçilərin qəhrəmanlıqlarını əks etdirirdi. Məlumdur ki, qədim Maya şəhəri Yaşçilanda boynunda zəfər kəllələri asan yerli hökmdarın əks olunduğu relyef var. Oxşar hərbi bəzəklər həmçinin digər relyeflərdə də var və VIII — IX əsrlərə gedib çıxan keramik qablarda da əks olunub.

Tədqiqatçılar hesab edir ki, kəllə taxmaq ənənəsi və digər arxeoloji tapıntılar hərbi toqquşmalardan və zorakılıqdan xəbər verir. Şimal və cənub hökmdarları arasındakı müharibələr cənubdakı düzənlik şəhərlərinin tezliklə dağılmasına gətirib çıxarmışdı. Birinci minilliyin sonlarında Pakbitun süqut edir, bundan sonra yarımadada Mayanın siyasi mərkəzi kimi Yukatan önə çıxır. Həmin regiondakı mədəni predmetlər daha "qanlı" olmağa başlayır və tez-tez onlarda öldürülmüş düşmənlərin və insan qalıqlarının təsvirləri öz əksini tapmağa başlayır.

İki min il mövcud olmuş Maya sivilizasiyasının nəyə görə yoxa çıxdığı hələ də tam məlum deyil. IX əsrdən sonra mayalılar Qvatemalanın, Beliz və Hondurasın cənubi ovalıqları daxil olmaqla, özlərinin tikdikləri daş şəhərləri tərk etməyə başlayıblar. Buna səbəb kimi əsasən resursların tükənməsi, iqlim dəyişikliyi, ya da digər sivilizasiyalarla müharibələrdə məğlubiyyətlər kimi versiyalar irəli sürülür.

Bilge.az

Buradan paylaş: