Elmdə böyük kəşf: Dünyanın ən qədim maddəsi tapıldı

14.01.2020

Photo

Tapılan ulduz tozunun 7,5 milyard yaşı var

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, elm adamlarının 1960-cı illərin sonunda Yerə düşən göy cismində tapdıqları ulduz tozunun 7,5 milyard il əvvələ aid olduğu müəyyən edilib. Bu, dünya miqyasında indiyədək kəşf edilən ən qədim maddədir.

Nəyə görə təkcə elm böyük suallara cavab verə bilər?

ABŞ və İsveçrədən olan bir qrup elm adamı 1969-cu ildə Avstraliyaya düşən Murçison meteorunun bir hissəsində mövcud olan Günəşdən əvvəlki hissəcikləri analizdən keçiriblər və əldə etdikləri nəticələri akademik məqalə şəklində yayımlayıblar.

Məqalənin baş müəllifi Çikaqo Universitetinin elmi əməkdaşı Dr. Filip Hek (Philipp Heck) analiz etdikləri hissəcikləri "ulduzlardan gəlmə qatı nümunələr və həqiqi ulduz tozu" kimi xarakterizə edib.

Ən qədim toz hissəcikləri Günəş Sistemi meydana gəlməzdən çox əvvəl ulduzlarda əmələ gəlib. Ulduzlar öləndən sonra onu təşkil edən hissəcikləri də partlayış nəticəsində kosmosa yayılıblar.

"Günəşdən əvvəlki hissəciklər" kimi göstərilən bu tozlar yeni ulduz, planet, peyk və göy cismləri yaranarkən onların bir hissəsinə çevriliblər.

Bu günə qədər tapılan bu cür toz hissəciklərinin yaşı bir qayda olaraq 4,6 və 4,9 milyard il arasında dəyişirdi.

Qeyd edək ki, Günəş, 4,6 milyard, Yer Kürəsi isə 4,5 milyard il əvvəl formalaşıb.

Bilge.az

Buradan paylaş: