Ona təcavüz edən İŞİD əsgəri ilə üzləşdirilən kürd qız huşunu itirdi (Video)

02.12.2019

Photo

İŞİD terrorçuları minlərlə yezidi qadını zorlayaraq öldürüb

Bilge.az "timesofisrael.com"a istinadən xəbər verir ki, Aşvaq Haji Hamid İŞİD terror təşkilatının üzvləri yurdunu mühasirəyə alıb, kişiləri öldürüb qadınları qaçıranda 14 yaşında olub. Hadisə İraqda yezidi kürdlərin tarixən yaşadığı Sincar Dağının mühasirəsi zamanı baş verib. İŞİD-in mühasirəsi zamanı minlərlə yezidi kişi və oğlan qətlə yetirilib, qadınlar isə seks köləsi kimi istifadə olunmaq üçün qaçırılıb.

İŞID-ın arxasında buraxdığı faciəli insan taleləri

Hazırda 20 yaşında olan yezidi qadın bir neçə gün əvvəl İraq televiziyasında ona işgəncə verən İŞİD üzvü ilə üzləşdirilib. Qadın ağlaya-ağlaya keçmiş terrorçudan ona niyə zülm verdiyini soruşub, canlı yayım gedərkən qadın huşunu itirib.

"İŞİD-in terror dəstələrinin əlinə keçəndə təxminən 14 yaşım vardı", - Hamid İraq televiziyasına açıqlamasında deyib: "Biz Suriyaya gecəyarısı çatdıq. Başımıza nə gələcəyindən narahat idik, bilmirdik, bizi öldürəcəklər, ya sağ buraxacaqlar. Amma bir yerdə olduğumuza görə də biraz təsəlli tapırdıq - ya birlikdə yaşayacaq, ya da birlikdə öləcəkdik. Amma onlar bizi bir-birimizdən ayırdılar. Suriyada terrorçular 9 yaşından yuxarı olan bütün qızları qohumlarından ayırdılar. Bizi Mosula apardılar. Mosulda 300, ya da 400 nəfər idik. Orada 3 gün qaldıq, sonra İŞİD kişiləri bizi görməyə gəlirdilər. Onlar bizi bir-birlərinə hədiyyə verir, ya da ucuz qiymətə satırdılar".

Qadın İŞİD döyüşçüsü Abu Humamın onun başına gətirdiklərindən danışıb: "O, məni seçdi və saçımdan tutaraq dartdı. Mən onların bizi zorlayacaqlarını gözləmirdim, çünki mənim cəmi 14 yaşım vardı. Amma onlar qollarımızı dəmir qandallarla bağladılar və bizi vəhşicəsinə zorladılar. O məni sərbəst buraxacağına söz verir, sonra isə gündə üç dəfə zorlayırdı, gündə 3-4 dəfə döyülürdüm. Mən uşaq idim və heç nə başa düşə bilmirdim.

Əgər onu öldürməyimə icazə verilsə belə, o murdara əlimi bulamaq istəmərəm, amma dövlətdən bunu bizim üçün etməsini tələb edirəm, söhbət təkcə məndən getmir, bilənlər bilir, məndən sonra nə qədər yezidi qız zorlanmağa məruz qalıb"

.

Aşvaq Hamidin İraq televiziyasına müsahibəsindən bir neçə gün sonra qız onu zorlayan İŞİD terrorçusu ilə üzləşdirilib. Həbsxana paltarında olan terrorçu qadının qarşısında başını aşağı salaraq, səsini çıxarmayıb. Qadın ondan niyə belə vəhşilik törətdiyini soruşub, sonra isə huşunu itirib.

Qeyd edək ki, İŞİD-ın kürdlər yaşayan bölgəyə hücumundan sonra 360, 000 yezidi kürd yurd-yuvasından didərgin düşüb. Hazırda onların 100 mini ölkəni tərk edib, qalanlar isə qaçqın düşərgələrində yaşayırlar. İŞİD 6,400 yezidi qadını qaçırıb, onların yarısı qaçmağa və xilas olmağa müvəffəq olub, qalanlarının taleyi isə naməlumdur.

Bilge.az

Buradan paylaş: