Çində mobil internet istifadəçilərinin sifətləri nəzarətə götürülür

01.12.2019

Photo

Hökumətin internet istifadəçilərinə nəzarəti gücləndirdiyi iddia edilir.

Bilge.az "BBC"yə istinadən xəbər verir ki, Çində yeni mobil telefon alan müştərilərə cihazlara sifəti skan etmək funksiyasını yazdırmaq tələb olunur. Pekin hökumətinin sentyabr ayında açıqladığı yeni nizamnamə 1 dekabrda qüvvəyə minib.

Çin hökuməti bəyan edib ki, tələbin irəli sürülməsinə səbəb vətəndaşların internetdəki "konstitutsion haqlarını və mənfəətlərini qorumaq"dır.

Həmçinin bu metodla anonim adlarla internet istifadəsinin əngəllənməsi planlaşdırılır.

Ölkədə 2017-ci ildə internet kontentinin real kimliklə yayımlanması məcburi hala salınmışdı. Sifəti oxumaqla (skanlamaqla) mobil internet qeydiyyatı isə Sənaye və Bilik Nazirliyinin ölkədəki bütün internet istifadəçilərinin kimliyinə və internetdəki fəaliyyətlərinə çatmaq imkanı yaradır.

Ölkədə bundan sonra atılacaq növbəti addım "sosial kredit" sistemi olacaq. Bu sistemlə vətəndaşların ictimaiyyət arasındakı bütün davranışları rəqəmlərlə qiymətləndirilməklə vahid bir məlumat bazasında toplanacaq.

2020-ci ildə Çin xalqının "sosial qiymətlərinin" milli məlumat bazasında işlənməsi və beləliklə, hökumətin hər bir vətəndaşla bağlı "qeydlərə" əlinin çatması planlaşdırılır.

Dünyanın ən qələbəlik ölkəsində sifəti skanlamaq funksiyası həmçinin bütün ictimai video müşahidələrdə mövcuddur. Ölkə miqyasında 170 milyon kameranın insanları izlədiyi bildirilir.

İnsan hüquqları təşkilatları Çin hökumətinin vətəndaşlara qanunsuz şəkildə nəzarət etməyə çalışdığını vurğularkən, Çin hökuməti bunların sadəcə təhlükəsizlik tədbirləri olduğunu bildirir.

Bilge.az

Buradan paylaş: