Elmlə maraqlananlar üçün 10 serial

Elmi-kütləvi
Photo

Bəşəri proqressin aparıcı qüvvəsi olan elm həm də kino, serial, kitab müəllifləri üçün güclü ilham mənbəyidir. Elmi yeniliklərlə tanış olmaq üçün bütün zamanını alimlərdən, yeni elmi hipotezlərdən, təbiətin sirrlərindən bəhs edən sənədli filmlərə sərf etmək vacib deyil, yaradıcı varlıq olan insan həmişə ətrafında baş verən hadisələrdən ilhamlanıb hər mövzuya müraciət edə bilir. Aşağıda, elmlə maraqlanan insanlara, ciddi elmi fantastika və elmlə əlaqəsi olan sitkom janrında çəkilən on serialdan ibarət siyahı təqdim olunur.

“Birincilər” (The First, 2018-..)

“Birincilər” serialı Hulu-nun ən yeni proektlərindən biridir. Əgər siz reallığa maksimal dərəcədə yaxın olan fantastika janrını sevirsizsə, onda bu serial ürəyinizcə olacaq. Serialın sujeti, dövrümüzə yaxın olan 2033-cü ildə Marsa uçmağa hazırlaşan insanlardan bəhs edir. Kosmik araşdırmaların şiddətləndiyi, İnSight zondunun Qırmızı planetə endiyi, İlon Maskın və SpaceX-ın ən iddialı BFR proektinə hazırlandığı bu günlərdə bu mövzudan daha realist nə ola bilər? Filmdə baş rolda, dramatik oyunlarıyla yaxşı tanınan Şon Pen iştirak edir. Əgər sizə yaxın gələcək haqqında çəkilən və reallığa maksimum yaxın olan elmi-fantastika lazımdısa, mütləq bu seriala diqqət yetirməlisiniz.

“Səyyahlar” (Planetes , 2003-2004)

Bəlkə də təəccüblü olacaq, ancaq indi söhbət açdığımız yaradıcılıq nümunəsi animedir. “Səyyahlar” yuxarıdakı serialdan heç də daha az gerçəyəuyğun deyil. Bu animenin əsas mövzusu nədən ibarətdir? Eyniadlı manqa əsasında çəkilən “Səyyahlar” serialında, yerəyaxın orbit ətrafını kosmik tullantılardan təmizləyən koorporasiyadan bəhs edilir. Bu tullantılar arasında funksiyasını yerinə yetirib bitirmiş roketlər, sıradan çıxmış sputniklər, açıq kosmosa çıxan astronavtların itirdiyi alətlər və detallar, müxtəlif toqquşmalardan yaranan qırıntılar vardır. Bu durumun günümüzdə, kosmik araşdırmalarla bağlı ən problemli məsələlərdən biri olduğunu da söyləmək olar, belə ki, orbital tullantılar yer kürəsini və kainatı öyrənməklə məşğul olan insanlar və kosmik aparatlar üçün ciddi təhlükədir.

“Mars” (Mars 2016-..)

“Birincilər” serialı kimi “Mars” serialı da Marsda kolonizasıya həyata keçirmək istəyindən bəhs edir. Ancaq bu iki proekt arasında prinsipial fərqlər var. “Mars” serialı Qırmızı planetə artıq enib, oranı özünküləşdirmək istəyən insanları təsvir edir. Maraqlıdır ki, bu serialdakı hadisələr də “Birincilər” serialındakı hadisələrin baş verdiyi 2033-cü ilə təsadüf edir. Bundan əlavə, proektin sənədli və xəyali seqmentləri savadlı şəkildə uzlaşdırması xüsusi maraq doğurur. Burada həm də gerçək İlon Maskı, Nil Deqrass Taysonu və Endi Veyeri ( “Marslı” bestseller-romanının müəllifi. Bu kitabın əsasənda Ridli Skott, baş rolda Mett Deymonun oynadığı “Marslı” filmini çəkib) görəcəksiniz. Müəlliflərin, bəşəriyyəti Marsda hansı hadisələrin gözlədiyiylə bağlı qənaətlərini “Mars” serialını izləyərkən biləcəksiz.

“Ənginlik” (The Expanse, 2015-..)

Bir çoxları “Ənginlik” serialını, eynilə Ceyms Korinin fantastik romanlar silsiləsi kimi, son dövrlərin ən “qatı” elmi fantastikası hesab edirlər. Serial həmin romanlar əsasında çəkilib. Yuxarıda adı çəkilən seriallardan fərqli olaraq bu serialda hadisələr 23-cü əsrdə cərəyan edir. Bəşəriyyət Marsı, asteroidlər qurşağını və Yupiterin bir neçə sputnikini kolonizasiya edib və beləliklə, yerlilərə, marslılara və asteroidlilərə ayrılıblar. Bəzi tamaşaçılar bu serialı elmi-fantastikanın “Taxtların oyunu” hesab edir: Burada da siyasi söhbət və qovğalar, satqınlıq, xəyanət, döyüşlər, qurbangetmələr cövlan edir. Proektin fantastik məzmununa baxmayaraq, müəliflərin bir çox elmi aspektləri çalışdıqları qədər dürüst şəkildə ifadə etmələri diqqətəlayiq özəllikdir.

“Regenezis” (ReGenesis, 2004-2008)

“Regenezis” serialı gələcəyin bizə nə gətirəcəyi barədədi. Sujetin əsas mərkəzi obyekti, biotexnologiyayla bağlı mübahisəli məsələlərin araşdırılmasıyla məşğul olan NorBAC təşkilatıdır. Siyasi sui-qəsdlər, korrupsiyalaşmış əczaçılıq koorparasiyaları və oxşar məqamlarla səsləşən mövzuları bu serialda tapa bilərsiz. Biotexnologiyanın gələcəyinə, o qədər də optimist olmayan, fəqət kifayət qədər gerçəkçi baxış.

“Vəhşi Qərb Dünyası” (Westworld, 2016-…)

Elmi-fantastikadan danışarkən, süni intellektdən bəhs edən mövzulara diqqət etməmək olmaz. “Vəhşi Qərb Dünyası” son illərin ən iddialı və ziddiyyətli elmi-fantastikalarından biridir. Əgər siz süni intellektlə maraqlanırsızsa və bu proekt barədə ilk dəfə eşidirsizsə, onda mütləq bu serialla maraqlanmalısız. Parlaq aktyor heyətinin oyunundan əlavə, bu serial həm də makinanın harada bitdiyini, zəkanın hansı mərhələdən sonra başladığını sorğulayan vacib məqamları ələ almasıyla seçilir. Robot hansı mərhələyə kimi sadəcə obyekt sayılmalıdı? İnsanı “İnsan” edən cəhətlər hansılardı və bunda bilincin, yaddaşın, dərrakənin rolu nə qədərdir? Qəddar, bəzən güzəştsiz, ancaq tərifəlayiq proektdir.

“İşıldaböcək” (Firefly, 2002)

“İşıldaböcək” haqlı olaraq müasir elmi-fantastikanın klassikası hesab olunur. Hadisələr uzaq gələcəkdə cərəyan edir: yer kürəsində əhali artıb, insanlar kosmosa üz tutub orada məskunlaşırlar. Tamaşaçılar “Sereniti” gəmisinin ekipajı “İşıldaböcək” sinfiylə, hər birinin öz sevinci, həyəcanı, fərdi tarixi olan xarizmatik və canlı personajlarla birgə macəralar dünyasına yollanırlar. Kosmik səyahətlər, intriqalar, unudulmaz musiqi və əla dialoqlar vur-tut 14 bölümdən ibarət olan “İşıldaböcəy”i dövrümüzün kult serialına çevirib (2005-ci ildə Universal studiyası, “İşıldaböcəy”in tarixini sonlandıran “ “Sereniti”nin tapşırığı” filmini çəkdi).

“Dəyişdirilmiş karbon” (Altered carbon, 2018-..)

Kiberpanksız olarmı? “Dəyişdirilmiş karbon”da hadisələr 27-ci əsrdə baş verir. İnsan şüuru xüsusi daşıyıcılarda mühafizə edilir və zərurət yarananda onu bədənə yükləyirlər. Bədən isə şüur üçün qab rolunu oynayır. Tamaşaçılara “Kartlar evi”ndən və “Robokop”un remeykindən tanış olan Yuel Kinnamanın oynadığı Takeşi Kovaç obrazı sujetin mərkəzində yer alır. Kovaç soyuqqanlı muzdlu qatil və siyasi detektivdir. Bədəni 250 il əvvəl məhv edilmişdir. İndi o, yeni həyatın əvəzi kimi, onu “oyadan” insanın qətlinin səbəblərini araşdırmalıdır.

“Ulduz yolu: Original serial” (Star Trek: The Original Series, 1966-1969)

60-cı illərin sonlarında çəkilən “StarTrek”in yəqin ki, təqdimata ehtiyacı yoxdur. Ancaq ədalət naminə biz yenə də serial barədə qısa məlumat verək. Təkrarolunmaz Uilyam Şetnerin ifasında kapitan Ceyms Kirk, Leonard Nimoyun ifasında Kommandor Spok və digər yoldaşları “Enterprayz” kosmik gəmisinin ekipajında kosmosa səyahət edir, yadplanetlilərlə rastlaşır və Süd Yolunu çoxlu təhlükələrdən xilas edirlər.

“Böyük Partlayış Nəzəriyyəsi” (The Big Bang Theory, 2007-..)

Demək olar ki, elmlə, superqəhrəmani komikslərlə, müasir seriallarla maraqlanan hər kəs “Böyük partlayış nəzəriyyəsi”ylə tanışdır. Kaliforniya texniki universitetində çalışan dörd alim serialın mərkəzi fiqurlarıdır. Kəskin zəkalı və istedadlı olmalarına baxmayaraq, gündəlik məişət problemlərini həll etməkdə çətinlik çəkən qəhrəmanlar tez-tez gülünc situasiyalara düşürlər. İşləri nəhs gətirən alimlər haqqında sitkom (situasiya komediyası) çəkən serial müəllifləri onların qarşısına Pennini- cazibədar sarışını çıxarır. Və Penni əsas qəhrəmanların yaşam gedişatına daha artıq qəlizlik gətirir. Görəsən, qəhrəmanlara bu problemləri həll etməkdə elm kömək ola biləcəkmi? Çətin ki.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR