Ürək simvolu sevgiylə necə əlaqələndirilib, bugünkü formasına necə düşüb?

Tarix
Photo

Ürək bügünkü formasında ilk dəfə 1344-cü ildə Lambert le Tor tərəfindən yazılan “The Romance of Alexander” adlı əlyazmayla ortaya çıxıb. Yüzlərlə bəzəkli səhifədən ibarət “Alexander” Orta Əsrlərin ən yaxşı təsvirli kitablarından biridir.

Bugünlərdə ürək simvolunu hər yerdə görürük: qısa mesajlarda, tortların, paltarların və sairənin üzərində. Amma eyni zamanda həqiqi ürəyin bu simvola bənzəmədiyini də bilirik. Məqalədə tarixçi Merilin Yalom bizə bu orqanın necə simvola çevrildiyindən bəhs edir:

2011-ci ildə 15-ci əsrə aid əsərlərdən ibarət bir kolleksiyanı görmək üçün Londondakı Britaniya Muzeyinə getmişdim. Mənə xüsusilə ürək formasında bir sancaq maraqlı idi. O gün ürəyin iki çıxıntısını və “V” formasındakı xətti sanki ilk dəfə görürəmmiş kimi nəzərdən keçirdim. Birdən bu formanın ürək orqanına heç bir vəchlə bənzəmədiyini başa düşdüm. O vaxtdan bəri də ürək fiquru məni təqib etdi. Bu iki suala cavab axtarırdım: “İnsan ürəyi bu gün bizə məlum olan ikonik formasına necə düşüb?” və “Ürək sevgiylə nə qədər müddətdir əlaqələndirilir?”

Fişpul Horddakı sancaq, 1400-1464, Britaniya Muzeyi, London, İngiltərə.

Antik yunanlar lirik şeirlərində ürəyi məhəbbətlə əlaqələndirərdilər. Bunun bizə məlum olan ən qədim nümunəsi Sapfonun “dəlisov ürəyinə” görə əzab çəkməsidir. Sapfo eramızdan əvvəl 7-ci əsrdə Midilli adasında qadın müridlərin əhatəsində yaşayıb və onlara coşğun şeirlər həsr edib: “Eşq qəlbimi silkələdi. Meşə ağaclarını narahat edən dağdakı rüzgar kimi”.

Yunan filosofları qəlbin məhəbbət də daxil olmaqla, ən güclü duyğularımızla əlaqəli olduğunu az-çox qəbul edirdilər. Platon köksün sevgi və qorxu, qəzəb və əzab kimi duyğulardakı əhəmiyyətli rolunu irəli sürürdü. Aristotel qəlbin rolunu daha da irəli aparmışdı və bütün insan fəaliyyətlərində ona üstünlük verirdi.

Romalılara görə, qəlb ilə məhəbbət arasındakı əlaqə aşkar şəkildə ortadaydı. Məhəbbət ilahəsi Venera, Kupidonun insan qəlbini hədəfə alan oxlarının köməyilə ürəkləri oda saldığı üçün ya öyülər, ya da günahlandırılardı. Antik Roma şəhəri Kirenada üzərində qəlb təsviri olan qəpik pul tapılıb. Yuxarıda gördüyünüz b.e.ə. 510-490-cı illərə gedib çıxan bu qəpik pulda bizə məlum olan ən qədim ürək forması təsvir edilib. Amma bunun ürəklə əlaqəsi yoxdur: pulun üzərinə razyana növü olan silfiyum bitkisinin təsviri həkk edilib. Bəs nəyə görə qəpiyin üstünə bitki təsviri çəkilib? Silfiyum hamiləliyin qarşısını alan cəhətləriylə ad çıxarmışdı və liviyalılar bu bitkini ixrac etməklə zənginləşmişdilər. Bu bitkini şərəfləndirmək üçün də onun təsvirini qəpiklərə həkk etmişdilər.

Romalılar sol əlin dördüncü barmağından ürəyə tərəf uzanan damarın mövcudluğuna inanırdılar. Bu damara “vena amoris” adını vermişdilər. O dövrdə insan anatomiyası barədə o qədər də çox şey bilinmədiyinə görə, bunu həqiqət zənn edirdilər. Orta Əsrlər İngiltərəsində toy zamanı kürəkənə bu damara görə gəlinin dördüncü barmağına üzük taxmalı olduğu deyilərdi. Üzüyü bu barmaqda gəzdirmək ənənəsi romalılara qədər gedib çıxır.

Manesse Kodeksində “Herr Alram von Gresten: Minne Gesprach”. Heydelberq Universitet Kitabxanası, Heydelberq, Almaniya.

12 və 13-cü əsrlərdə ürək simvolu saray əhli arasında məşhurlaşmağa başladı. Xalq ozanları “fin’ amor” kimi tanınan məhəbbət növündən bəhs edirdilər. Bu termini hansısa dilə tərcümə etmək mümkün olmasa da, ifrat, mükəmməl və ya da ideal məhəbbət mənasına gəlir. “Courtly love” (saray sevgisi) növü kimi məlumdur. Bu növə görə, ozan qəlbini bir nəfərə verir və qəlbinin əbədiyyətəcən ona aid olacağına dair əhd-peyman bağlayır. Beləcə, ozan lira və ya arfanın müşayiətiylə saray əhlinin və sevdiyinin qarşısında qəlbi və məhəbbəti haqqında mahnılar oxuyardı.

Fransada başlayan bu cərəyan sonradan İspaniya, Portuqaliya, İtaliya , Almaniya, Macarıstan və Skandinaviyaya yayıldı. Ozanların sayəsində sevgi sadəcə ədəbi bir anlayış olmaqla qalmadı, eyni zamanda ictimai əhəmiyyətli dəyərə də çevrildi və insan olmağın özünü əmələ gətirdi. Sevgiyə olan həsrət Qərb dünyagörüşünə qazındı və o vaxtdan bəri aktual qalmaqdadır. Yuxarıdakı təsvir 1300-1340-cı illər arasında yazılan məhəbbət şeirləri külliyatı olan “Manesse Kodeksi”ndən götürülmüşdür. Cütlüyün ortasından bir ağac yüksəlir və üzərində “AMOR” yazılan bir qalxan var.

Dostluq və sevgidə yatan dərin psixoloji məqamlar hansılardı?

İki çıxıntı və bir ucdan ibarət ürək simvolunun ilk təsviri 1344-cü ildə Lambert le Tor tərəfindən yazılan “The Romance of Alexsander” adlı əlyazmayla ortaya çıxıb.

Yüzlərlə bəzəkli səhifədən ibarət “Alexander” Orta Əsrlərin ən yaxşı təvsirli kitablarından biridir. Ürəyin təsvir olunduğu səhifədə (bu məqalənin əsas şəkli) əlində qarşısındakı adamdan götürdüyü ürəyi tutan qadını görürük. Adam da ürəyin haradan götürüldüyünü göstərmək üçün sinəsini işarə edir. Bu andan etibarən xüsusilə Fransada ürək təsvirləri böyük populyarlıq qazanmışdı.

“Əllərindəki torla uçan ürəkləri tutmağa çalışan iki qadının miniatürü” (detal), 1500. Pyer Salanın “Petit Livre d'Amour” təsviri, İngiltərə Kitabxanası, London, İngiltərə.

15-ci əsr ərzində ürək simvolu Avropa miqyasında gözlənilməz şəkildə çoxalmışdı. Əhəmiyyətli əsərlərin səhifələrində, sancaq və boyunbağı kimi lüks əşyalarda görünməyə başlanmışdı. Eyni zamanda daraqlarda, oyun kartlarında, nəşrlərdə, qılınc qınlarında istifadə edilirdi. Ürək simvolu əksəriyyəti – hamısı deyil – məhəbbətlə əlaqədar olan bir çox praktiki və əcaib istifadəyə uyğun yaradılırdı. Fransız Pyer Sala 1500-cü ildə Lyonda yazdığı “Emblèmes et Devises d'amour” adlı əsəriylə məhəbbətlə əlaqələndirilən ürəyin tarixinin yazılmasına töhfə verdi. On iki məhəbbət şeiri və illustrasiyadan ibarət kitab şairin həyatının məhəbbəti, ancaq başqa bir kişiylə evli olan Marqeret Bulliod üçün yazılmışdı (qadın əri öləndən sonra Sala ilə evləndi). Salanın bu kiçicik kitabının ovuc içində saxlanması nəzərdə tutulmuşdu. Yuxarıdakı illustrasiyada iki qadın quşları xatırladan ürəkləri tutmağa çalışır, bundan əvvəlki illustrasiyalarda qarşımıza çıxan, qanadlarını mələklərdən götürən qanadlı qəlblərin bir hissəsi göyə uçur. Uçan ürək sevgidə uğurlu olmağı simvolizə edirdi.

Bəziləri Sevgililər Gününün müasir təbrik açıqcası sənayesinin məhsulu olduğunu zənn etsə də, onun tarixi daha əvvələ gedib çıxır, hətta o qədər keçmişə ki, kökünün naməlumluğu bundan qaynaqlanır. Papa Gelasius katolik təqvimində 14 fevralda Müqəddəs Valentinin yad edilməsinə dair qərar çıxarmışdı. Valentinin niyə sevgiylə əlaqələndirildiyi məsələsində müxtəlif nəzəriyyələr olsa da, Orta Əsrlər Avropasının bu məsələdə böyük rol oynadığı ehtimal edilir.

17-ci əsrin ortalarında İngiltərədə maliyyə vəziyyəti yaxşı olanlar Sevgililər Gününü qeyd edərdilər, beləliklə, bu ənənə halına gəlmişdi. Bayram vaxtı cəmiyyətin öndə gedən kişiləri üzərində qadınların adlarının yazıldığı vərəqələrdən birini təsadüfi şəkildə seçməklə, adı çıxan qadına hədiyyə alardılar. İngilis, fransız və amerikalılar bir qayda olaraq vərəqəyə bir neçə kəlmə yazıb sevgililərinə verərdilər, lakin sonralar bu kağızlarda rəsm və illustrasiyalar da boy göstərməyə başladı. Kağızlar qatlanıb, mumla möhürlənib sevgilinin qapısının ağzına qoyulardı.

Evlilikdə sevgi şərtdirmi?

İlk “ticari” sevgililər günü hədiyyəsi isə 18-ci əsrin sonunda İngiltərədə meydana gəldi. Hədiyyələrdə çap, çiçək, ürək və quş kimi simvollardan istifadə edilərdi. Sənaye İnqilabının təsiriylə bir cür vərəqə istehsal edilmiş, müxtəliflik aradan qaldırılmışdı.

1977-ci ildə ürək simvolu növbəti dəyişikliyə məruz qaldı. “I ❤ NY” loqosu böhran yaşayan şəhərin əhvalını qaldırmaq üçün yaradılmışdı. Turizmi təşfiq edəcək bir obraz üzərində işləyən qrafik dizayner Milton Qlaser o vaxtdan bəri məşhurlaşan loqonu yaratdı. Bu loqo ilə qəlbin mənası romantik sevginin sərhədlərini aşmaqla, yeni cür istifadələrə gətirib çıxardı.

Bundan 20 il sonra da “NTT DoCoMo” mobil rabitə şirkəti üçün hazırlanan ilk emoji yayımlamdı. 176 ədəd emojidən ibarət simvol setində ürəklə bağlı ümumən 5 müxtəlif emoji varıydı. Hazırda isə ürəkdən ibarət 30 fərqli emoji mövcuddur. Şübhəsiz, gələcəkdə ürək simvolunun istifadəsi müxtəlif dəyişikliklərə məruz qalacaq. Ürək sadəcə bir metafor olsa da və sevginin xarakterizə etməsi mümkünsüz olsa da, hisslərimizə xitab etməyə kömək edir. Ürəyin sevgi və məhəbbətin simvolu kimi davam edən populyarlığı bizə sevginin ümidverici təbiətini xatırladır.

Müəllif: Marilyn Yalom

(TED Ideas)

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR