Milad nədir, harada və necə qeyd olunur?

Tarix
Photo

Xristianlar bu həftə Milad Bayramını qeyd etməyə hazırlaşır

İsa Peyğəmbərin anadan olduğu gün kimi qəbul edilən 25 dekabr habelə Doğuş Bayramı, ya da Milad Ziyafəti kimi adlarla da anılır.

Erməni Ortodoks Kilsəsi isə İsa peyğəmbərin doğum gününü 6 yanvarda qeyd edir.

Milad nə vaxt qeyd edilir?

Milad bu il 25 dekabrda qeyd edilir. Kilsələr isə ayinləri bir gün əvvəldən qeyd edirlər.

Milad günü əhalisinin əksəriyyətini xristianların təşkil edən bir çox ölkələrdə rəsmi tətildir.

Bundan başqa, əhalisinin əksəriyyəti xristian olmasa da Hindistan və Malayziya kimi bəzi ölkələr də 25 dekabrı rəsmi tətil kimi qeyd edirlər.

Miladdan əvvəl evlərdə və ictimai yerlərdə qurulan şam ağacları bəzədilir, küçələr işıqlandırılır.

Miladda şam ağacını bəzəmək adətinin 16-cı əsrdə Almaniyada ortaya çıxdığı və buradan da Avropanın cənubuna yayıldığı zənn edilir.

25 dekabrı bir çox insan ailəsi ilə birgə keçirir. Birlikdə şam yeməyi yeyilir, ənənəvi Milad süfrəsinin menyusunda isə adətən hinduşka və göyərti olur.

Dükanlar və mağazaların əksəriyyəti Milad günündə qapalı olur. Məsələn, İngiltərədə 25 dekabrda qatar, metro, avtobus kimi kütləvi ictimai nəqliyyat vasitələri işləmir.

Milad niyə müxtəlif tarixlərdə qeyd olunur?

Bir çoxları İsa Peyğəmbərin Qərb Sahilinin sərhədləri daxilində olan Beytüllahimdə dünyaya gəldiyini düşünürlər.

Miladın qeyd edilməsinin nə vaxt və necə başladığı tam bilinməsə də, ilk yazılı qaynaq bizim eranın dördüncü əsrinə aiddir.

Roma imperiyası dövründə 25 dekabrda qeyd olunan Məğlubedilməz Günəşin Doğum Bayramı səbəbindən Miladın da bu tarixdə qeyd edilməyə başladığını iddia edənlər var.

Erməni Ortodoks Kilsəsi 25 dekabrın romalılardan gəlmə adət olduğunu və ilkin dövr xristianlara aid tarixi qeydlərdə İsa Peyğəmbərin doğum tarixinin 6 yanvar kimi göstərildiyini irəli sürür.

Buna görə də Erməni Ortodoks Kilsəsi Miladı 6 yanvarda qeyd edir.

Miladla Yeni İl eyni şeydirmi?

Xeyr

Milad İsa peyğəmbərin anadan olmasının qeyd olunduğu 25 dekabrda qeyd olunan xristianlara məxsus bir bayramdır.

Yeni İl isə müəyyən bir dini bayram deyil və dünya miqyasında bir çox ölkədə bir ilin bitib digərinin başlamasının qeyd olunduğu gecəyə verilən addır.

Yeni İl 31 dekabr gecəsi qeyd olunur və 1 yanvar günü bir çox ölkədə rəsmi tətil hesab olunur.

Şaxta Baba kimdir?

Şaxta Baba Milad dövründə uşaqların hədiyyə arzularına cavab verən xəyali bir qəhrəmandır.

Ənənəyə görə, Milad gecəsi Şaxta Baba evlərə girərək, ağacların altına uşaqların istədiyi hədiyyələri qoyur.

Onun Şimal Qütbündə yaşadığı və maralların dartdığı bir xizəklə səyahət etdiyi güman olunur.

Şaxta Baba obrazının ilham qaynağının Türkiyənin Antalya şəhərinin yaxınlığındakı Demredə yaşayan Müqəddəs Nikolas olduğu zənn edilir. Yoxsullara gizlincə hədiyyələr verən və kömək göstərən bir din adamı kimi tanınan Müqəddəs Nikolas dördüncü əsrdə yaşayıb.

Qırmızı kostyumlu, uzun ağ saqqalı olan yaşlı Şaxta Baba fiquru isə ilk dəfə 1930-cu illərdə bir içki şirkətinin reklamında istifadə olunub və həmin dövrdən sonra da bütün dünyada yayğınlaşıb.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR