Yaponiyanın yaşlanan əhalisi ölkə üçün hansı riskləri yaradır?

Toplum
Photo

Yaponiyanın yaşlanan əhalisi iqtisadiyyata necə təsir göstərir?

Yaşlanma böhranı Yapon iqtisadiyyatına böyük təsir göstərəcək. Hökumət ziyanın qarşısını ala bilmək üçün nələr edə bilər?

Dünyanın üçüncü böyük iqtisadiyyatı olan Yaponiya əhalinin görünməmiş səviyyədə yaşlanması böhranı ilə üzləşib. Yapon əhalisinin 20 faizi 65 yaşdan yuxarı olmaqla, dünyadakı ən böyük göstəriciyə malikdir. 2030-cu ildə ölkədə hər üç nəfərdən biri 65 yaşında və ya ondan yuxarı yaşda olacaq, beş nəfərdən biri isə 75 yaşını ötüb keçəcək. Yaponiyada sürətlə yaşlanma tendensiyası müharibədən sonrakı dövrdə sosial strukturların, ailə dəyişikliklərinin baş verməsi və yüksək iqtisadi inkişaf göstəricisi ilə əlaqədardır.

Doğum göstəricisində baş verən azalma isə həyat tərzinin dəyişməsi, gec evlənmə və ya ümumiyyətlə, evlənməmə, həmçinin gənc nəslin iqtisadi zəmanətinin olmamasından qaynaqlanır. Uzunömürlülüyün artması yaş trendinin arxasındakı digər əsas faktordur. Əlli il əvvəl uzunömürlülük gözləntisi 72 yaş idisə, bu gün bu gözlənti artıq 84 yaşa qalxıb.

Yapon əhalisinin yaşlanmasının arxasında 2 fundamental aspekt var. Birinci aspekt ümumi əhali içərisində yaşlıların proporsiyasının artmasıdır. Digəri isə birbaşa doğuş göstəricisinə zərbə vurmaqla, əhalinin artım tempinin yavaşlamasıdır. İkinci aspekt sosial təhlükəsizlik yükünü artırmaqla, ölkənin iqtisadi performansına təsir göstərirsə, birinci aspekt isə istehsalın əsas faktoru olan işçi qüvvəsini azaltmaqla, iqtisadi inkişafa birbaşa təsir göstərir. “Sürətlə yaşlaşan əhali və kiçilən işçi qüvvəsi böyümənin qarşısını alır”, - Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə barəsindəki sonuncu hesabatında deyilir. BVF həmçinin hesablayıb ki, yaşlanmanın təsiri növbəti 30 ildə Yaponiyanın ortalama illik Ümumi Daxili Məhsulunu bir faiz aşağı sala bilər.

Berlin – yalqızlığın paytaxtı

Yaşlanmanın səbəb olduğu faktor Yaponiyanın makroiqtisadiyyatına təsir göstərir, xüsusilə işçi qüvvəsinə və kapitalın toplanmasına. Millətin yaşlanması və əhalinin kiçilməsi ilə əlaqədar olaraq, işçi qüvvəsinin artırılmasına ehtiyac var. Əhali yaşlanmağa başladıqca, təqaüdə çıxaraq əmək bazarını tərk edir və hal-hazırda Yaponiyada bu boşluğu, həmçinin doğuş göstəricisinin azalmasının yaratdığı boşluğu dolduracaq yetərincə gənc əhali yoxdur. Bu faktor Yaponiyanın avtomobil və elektron kimi böyük industriyalarına da təsir göstərir, çünki bu sənayelər hazırkı istehsal səviyyəsinə davam etməkçün yetərincə işçi qüvvəsinə malik deyillər. Əgər Yaponiya istehsalın səviyyəsini qoruyub saxlaya bilməsə, nəticə etibarilə ölkə dünyadakı üçüncü böyük iqtisadiyyat olmaq mövqeyini itirə bilər.

Yaşlanma məsələsi, işçi qüvvəsi arasında əməkhaqqlarının şirkətdəki xidmət müddətinə müvafiq olaraq artdığı staj sisteminin yararsız olmasına da gətirib çıxara bilər. Bu isə öz növbəsində, daha az fürsətlərin yaranmasına və işçilərin motivasiyasının azalmasına səbəb ola bilir. İşçi qüvvəsi çatışmazlığı ilə əlaqədar olaraq, Yaponiya ümid edir ki, gərgin əmək bazarı şərtlərində qadın işçi qüvvəsinin miqyası böyüyəcək. Baş nazir Şinzo Abe hazırda “Womenenomics” (Qadın iqtisadiyyatı) adlandırılan yolu izləyir, bu siyasətin əsasında şirkətlərə işə daha çox qadın götürmək və aparıcı mövqelərə qadınları cəlb etmək dayanır.

Əhali yaşlandıqca, Abe hökuməti Yapon iqtisadiyyatını yüksəldəcək gənc və bacarıqlı işçilərin immiqrasiyasına dair mühafizəkar baxışları balanslaşdırmaqda çətinlik çəkir. Buna görə də nəzarət olunmaq şərtiylə, əcnəbi işçilərin ölkədə işləməsinə icazə verilməsi fikri yayğınlaşmağa başlayıb. 2019-un aprelində yeni nizamnamə qəbul olunub. Nizamnamədə işçi çatışmazlığından əziyyət çəkən sektorlarda işləyən əcnəbi fərdlər üçün iki cür oturum/viza statusu nəzərdə tutulub. Buna baxmayaraq, İmmiqrasiya Aktına edilən 2019-cu il düzəlişi asanlıqla həyata keçirilə bilməz. Nəzərə almaq lazımdır ki, Yaponiya üçün potensial işçi qüvvəsini təmin edəcək ölkələrin özləri də yaxın gələcəkdə əmək çatışmazlığı ilə üzləşəcəklər, xüsusilə qayğı sektorunda.

Gələcək təhsil və iş sistemləri necə çalışacaq? Hansı sahəni seçməli?

2000-ci ildə BMT Əhali Müxtəlifliyinin apardığı tədqiqat zamanı müəyyən olunmuşdu ki, Yaponiya işçi-təqaüdçü rasionunu saxlamaq üçün təqaüd yaşını 77 yaşa qaldırmaq məcburiyyətində qalacaq. Hazırda təqaüdçülər kifayət qədər təmin olunublar, uzun və zəhmətli həyatın meyvələrini dərirlər. Lakin bununla belə, onların indi yaşadıqları zövqlü həyat çətin ki, növbəti nəsillər üçün də keçərli olacaq. Çünki işçi qüvvəsi çatışmazlığı artdıqca xərclər də artır, burada həmçinin yaşlanmanın səbəb olduğu xəstəliklərlə əlaqədar müalicə, həmçinin yaşlı insanların əlavə tibb və xəstəxana ehtiyaclarını da nəzərə almaq lazımdır.

Abe hökuməti bu böhranı həll etməkçün uşaq böyüdən gənc cütlükləri dəstəkləmək – məsələn, məktəbəqədər təhsili ödənişsiz etməklə - vədi verib. Hökumət 2025-ci ilə qədər doğum göstəricisini 1.8-ə qaytarmaq hədəfi də qoyub, bununla belə, 2017-ci ildə göstəricisinin cəmi 1.43 olduğunu nəzərə alanda, bu hədəfə çatmaq çətin görünür.

Dövlət həmçinin struktur və əmək islahatları da aparmalıdır, məqsəd əmək qüvvəsi təchizatının azalmasına baxmayaraq, ölkənin məhsuldarlığını artırmaqdır. Əmək qüvvəsində aktiv rol oynamaq üçün daha çox yaşlı insanlar və qadınlar həvəsləndiriləcəklər.

Sağlam fərdlər daha böyük enerji ilə uzun müddət işləyə bilirlər, bu isə o deməkdir ki, yaşlı fərdlərin sağlamlığını qorumaq onların məhsuldarlığını və əmək qüvvəsindəki iştirakını intensivləşdirəcək. Bundan başqa, səhiyyə xərclərini azaltmaq üçün səhiyyədə aparılan effektiv təşviqat proqramları məhsuldar işçi saatlarının və hasilatın artmasına gətirib çıxaracaq. Sağlam əhali isə daha az xərcə, aşağı tibbi xərclərə səbəb olacaq və birbaşa xarici investisiyanı artıracaq. Hökumətin həmçinin Yaponiyanı “yaşdan azad ölkə” etmək niyyəti var, burada 65 və ondan yuxarı yaşdakı insanların yaşlı işçi sayılmaması, əksinə, sağlam qalmaları və işləmək üçün həvəsləndirilmələri nəzərdə tutulur.

Dünya Əhalisinin Perspektivinə Yenidən Baxış təşkilatının 2019-cu ildəki hesabatına görə, Yaponiyada 65 yaş və ondan yuxarı əhalinin hazırkı 28 faizlik proporsiyası 2050-ci ilə qədər 38 faizə qədər artacaq. Əhalinin sürətlə yaşlanması Yapon iqtisadiyyatı üçün bir nömrəli problem olsa da, onun xərclərə və invesitisiyalara olan neqativ təsirləri əməyi artıran texnoloji dəyişikliklər və yaşlıların əmək yaşının artırılması ilə stimullaşdırılmaqla, əhəmiyyətli dərəcədə azaldıla bilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR