Filosofların Şahzadəsi - Şərqin elm adamı: İbn Sina

Fəlsəfə
Photo

Şərqin elm adamı: İbn Sina

Bu yazıda şərqdə İbn Sina, Qərbdə Avicenna - “Filosofların Şahzadəsi” kimi tanınan və Yaxın Şərqin müdrikləri tərəfindən “eş-şeyhü’r-reîs” ünvanı bəxş edilmiş mütəfəkkirdən bəhs edəcəyik.

İbn Sina miladi təqvimlə 980-cı ildə Özbəkistanın Buxara yaxınlarındakı Afşana kəndində dünyaya göz açıb. Atası elmə böyük maraq bəslədiyindən İbn Sina fəlsəfə, həndəsə və hind riyaziyyatı ilə bağlı məsələlərin müzakirə edildiyi bir mühitdə tərbiyə olunmaq fürsəti qazanmışdı. Buna görə də onun fəlsəfəyə marağı kiçik yaşlarından başlayıb deyə bilərik.

İbn Sina normal səviyyədən yuxarı ağıla sahib idi. “Quran”ı əzbərdən bilirdi, İslami elmlərə dərindən yiyələnmiş, dil və ədəbiyyatdan dərslər almışdı. İlk müəllimi olan atasından fəlsəfə, həndəsə, hesab öyrənmişdi. Atasının arzusu ilə hind riyaziyyatı dərsləri də almışdı.

Sonradan İbn Sina müəllimi Natili ilə Porfiriusun “Îsâġūcî” (Eisagoge) adlı məntiq kitabını oxumağa və bu çərçivədə müzakirələr aparmağa başlamışdı. Bir müddətdən sonra müəlliminin məhdud olduğunu düşünən İbn Sina mövzu ilə əlaqədar əsərləri özü özünə oxumağa və şərhləri analiz etməyə yönəldi.

Darvindən 1000 il əvvəl təkamül fikrini irəli sürən müsəlman: Bəsrəli Əl Cahiz

Yeri gəlmişkən, o, Evklidin “Elementlər”inin əvvəlindəki beş-altı hissəni yenə Natilidən öyrənmiş, kitabın geri qalan hissəsini də öz-özünə həll etməyə çalışmış, ardınca Betlamyusun “el-Mecisti”sinə (Almagest) keçmişdi: əsərin ilkin hissələrini bitirib həndəsi şəkillərlə bağlı hissəsinə çatanda isə, müəllimi ona dedi ki, kitabın digər hissələrini özbaşına oxuya bilər. Axırda İbn Sina astronomiyada özünü hədsiz inkişaf etdirdi.

Natili Gürgençə getmək üçün Buxaranı tərk edəndə, İbn Sina fizika, metafizika və digər fəlsəfi mövzularla bağlı mətnlərə və bunların şərhlərinə istiqamətləndi.

Öz üzərində işləməsi nəticəsində fəlsəfənin bütün disiplinlərində yaxşı təkmilləşəndən sonra, İbn Sina tibb təhsili almağa başladı, mövzu ilə əlaqədar əsərləri özbaşına oxumağa və şərhləri analiz etməyə başladı.

Tibb və fəlsəfəni mənimsədikdən sonra, psixologiya sahəsində müxtəlif tezislər irəli sürən İbni Sinanın fəlsəfəsinə diqqətlə baxanda, onun Fərabinin düşüncə məktəbinə aid olduğunu görə bilərik. Bu ənənənin ən vacib cəhəti dinin cəmiyyət üçün əlçatmaz, ilahi bir mövqedə olması fikridir və bu fikir müəyyən mənada hər iki filosofun fundamentidir.

Əslində, İslam cəmiyyətində Kindinin qurduğu fəlsəfəni inkişaf etdirib konsepsiya şəklinə salan bu iki filosof olmuşdu. Başqa sözlə, kəlamdan fəlsəfəyə keçidi təmin edən Kindi, onu terminoloji, metod və problemlərini sistemləşdirən Fərabi, öz dövrünə qədər gələn bu təcrübəni yenidən işləyərək, zəngin bir külliyat halında toblayıb dəyərləndirən isə İbn Sina olmuşdur.

İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

Psixologiya etimologiya baxımından iki kəlmədən psixo – ruh və logos – bilikdən yaranıb və “ruh elmi” mənasına gəlməkdədir.

Müsəlman mütəfəkkirlərin bir çoxu müxtəlif mövzulardakı nəzər nöqtələri ilə yanaşı, insanın dini davranışları, xüsusilə də islami bir qavram olan nəfs məsələsi haqqında geniş izahlar veriblər, ağıl, hissiyat və yuxu kimi konsepsiyalara yer ayırıblar.

İbn Sina Aristotel ənənəsinə əməl edərək, psixologiyaya təbiət fəlsəfəsi içində yer versə də, nəfsin müstəqil, real və ölümsüz bir varlıq (cövhər) olması kimi bəzi vacib görüşləriylə ondan fərqlənirdi. İbn Sina nəfsi Aristotel kimi “təbii orqanik cismin ilk məharəti” şəklində tərif edir (eş-Şifâʾ en-Nefs, s. 10); lakin Platon və Yeni Platonçuluqdan gəlmə ruh konsepsiyasına dair ədəbiyyata da sahib olduğu üçün yuxarıdakı tərifə baxmayaraq, Aristotelin ruhu bədənin bir funksiyası kimi göstərən izahına müsbət yanaşmırdı: əksinə, nəfsi real bir varlıq kimi tanıyan, hətta orqanik varlıqlardakı bütün bioloji, fizioloji və psixoloji hadisələri göy cismlərinin hərəkəti ilə ifadə edən bir nəfs-bədən və ya nəfs-cism dualizmini üstün tutmuşdur. Aristotel nəfsin bədənlə birgə yaranıb onunla birgə yox olduğunu müdafiə etdiyi halda, İbn Sina ruhu bədən öldükdən sonra ölümsüzlük əldə edən bir cism kimi xarakterizə edirdi.

İbn Sinanın təcrübələrində müşahidə və təcrübə metodundan istifadə etdiyini görürük. O, insanın psixoloji strukturu haqqında məlumat vermiş, orqanizm xəstəlikləri ilə yanaşı, ruhi sağlamlıq xəstəliklərindən də bəhs etmiş və bəzi xəstələri müalicə etmişdir. İbn Sina insanın hiss və qabiliyyətlərini detallı şəkildə açıqlamış, Fərabinin fikirlərini sistemləşdirmişdir. Hissiyatla bağlı nəzəriyyə yaratmış və hissləri daxili və xarici kimi iki kateqoriyaya ayırmışdır.

Orta əsrlərdə ərəblər Yunan fəlsəfəni niyə tərcümə edirdilər?

İbn Sina xarici hisslər kimi 5 kateqoriya müəyyən edib. Daxili hiss və qabiliyyətləri də həmçinin 5 kateqoriyaya bölüb.

1. Vahid hissiyat. Xarici hisslər tərəfindən gələn bütün təəssüratların ayırd edilib qavrayış şəklinə salındığı hisslər.

2. Təsvirləri saxlama gücü. Vahid hissiyatın xarici hisslərdən qavradığı təsvirləri ehtiva edir. Təsəvvür gücü. Qavranılan və saxlanılan surətlərin bəzilərini birləşdirdiyi halda, bəzilərini ayırır.

3. Fəhm gücü. Qavranılan nəsnələrdəki hissiyatdan kənardakı mənaları ehtiva edir. Faydalı-zərərli, yaxşı-pis, dost-düşmən və sairə kimi qavrayışları.

4. Yaddaş və xatırlama gücü. Fəhm gücünün özünə çatdırdığı mənaları ehtiva edir və yada salınmasına kömək edir.

İbn Sina bu gücləri müxtəlif beyin bölgələri ilə əlaqələndirirdi. Beyindəki bəzi bölgələrin zədələnməsini o güclərin fəaliyyətlərinin dayanmasına sübut kimi göstərirdi. Bu oriyentasiyası onu bugünkü psixologiya cərəyanlarında nevrologiyanın öncülü edir.

İbn Sina ruhi problemlərə səbəb kimi beyindəki pozuntuları göstərirdi. Daxili ifrazat qlandalarının digər orqanlar arasında əlaqə qurduğunu və bu əlaqənin uğrursuzluğa düçar olmasının ruhi və fiziki problemlərə səbəb olacağını deyirdi.

İbn Sinanın təlqin yolu ilə ruhi xəstəni müalicə etdiyinə dair məşhur bir əhvalat var. Özünü öküz zənn edən bir xəstə müayinəyə çağırılanda, israrla özünün öküz olduğunu və kəsilməli olduğunu deyir. Bundan sonra İbn Sina əyninə qəssab qiyafəsi geyir, əlinə bıçaq götürərək xəstənin yanına gedir. Alim xəstəyə indi zəif olduğunu, yalnız kökəldiyi halda onu kəsəcəyini deyir. Bundan sonra xəstə qidalanmasına fikir verməyə və beləliklə, da yaxşılaşmağa başlayır. Bu metodlar bu günün psixologiyasında vacib yer tutur, belə ki, melanxolik xəstənin kökəlməsi sağalmağın ilk əlamətləri sayılır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR