Konspirologiya nəzəriyyələrinə inanmaqla əqli sağlamlıq arasında əlaqə varmı?

Emosional İntellekt
Photo

ABŞ və İngiltərədə son dövrlərdə aparılan bəzi tədqiqatlar zamanı aşkar edilib ki, insanların özlərini yaxşı hiss edib etməmələriylə konspirologiya nəzəriyyələrinə və fövqəltəbii hadisələrə inanmaları arasında əlaqə ola bilər.

“Journal of Experimental Social Psychology” (Eksperimental Sosial Psixologiya Jurnalı) nəşrində yayımlanan tədqiqatda bildirilir ki, insanların dostlarıyla arasının dəyməsi, evlilik və ya sevgi münasibətinin pozulması kimi səbəblərlə əlaqədar olaraq, özlərini tənha hiss etmələriylə konspirologiya nəzəriyyələrinə inanmaq və batil inanclara qapılmaq arasında əlaqə var.

Tədqiqatda iştirak edənlərə sevdikləri adamla araları dəyən zaman nələr hiss etdikləri və həyatlarının mənasının necə olduğu barədə sual verilib. Sonra da bu insanlardan özlərini nə qədər kənarlaşdırılmış və tənha hiss etdiklərini qiymətləndirmələri istənilib.

Ən axırda isə iştirakçılardan dərman şirkətlərinin bir çox xəstəliklərin müalicəsini təmin edəcək dərmanları gizli saxladığı və bəzi dövlətlərin xalqı nəzarət altında saxlamaq üçün subliminal mesajlar verdiyini irəli sürən iki konspirologiya nəzəriyyəsinə nə qədər inandıqları barədə soruşulub.

İştirakçılara ünvanlara digər sual isə Atlantik Okeanında Bermud Üçbucağı adlandırılan bölgədə paranormal hadisələrin baş verməsinə dair iddiaları inandırıcı hesab edib etmədikləri barədə olub.

Tənhalıqla konspirologiyaya inanmaq düz mütənasibdir

Tədqiqat iştirakçılarının verdiyi cavablar qiymətləndiriləndə məlum olub ki, insan özünü nə qədər çox tənha hiss edirsə, həm konspirologiya nəzəriyyələrinə, həm də fövqəltəbii qüvvələrə inancı o qədər yüksək olur.

İngiltərənin Anglia Ruskin Universitetinin əməkdaşı Viren Svami tərəfindən 2016-cı ildə aparılan bir tədqiqatda da streslə qeyri-real şeylərə inanmaq arasında əlaqənin ola biləcəyi təsbit edilmişdi.

Tədqiqatda iştirak edən və yaşları 20 ilə 78 arasında dəyişən 400 nəfərdən 1969-cu ildə Aya səyahətin əslində olmadığı, göstərilən kadrların saxta olduğuna dair iddialara inanıb inanmadıqları barədə soruşulmuşdu.

Svaminin iştirakçılara ünvanladığı digər sual da ABŞ-da qaradərililərin bərabər hüquqlara sahib olması uğrunda mübarizəsinin lideri Martin Luther Kinqin ABŞ dövləti tərəfindən öldürüldüyü fikriylə razılaşıb-razılaşmamaları idi.

Eyni iştirakçılardan həmçinin həyatlarının son 6 aylıq dövrü ərzində başlarına hədsiz stresli hadisənin gəlib gəlmədiyi də soruşulmuşdu.

Tədqiqatın sonunda məlum olmuşdu ki, stres səviyyəsi artdıqca konspirologiya nəzəriyyələrinə inanmaq meyli də güclənir.

Svami tədqiqatla bağlı açıqlamasında belə deyib: “Stresli vəziyyətlərdə insanların analitik düşünmək meyilləri kütləşir. Stresli həyat keçirən insanlar əslində mövcud olmayan qəliblərin və sistemlərin mövcud olduğunu görmək kimi müəyyən bir düşüncə tərzinə qapılmağa başlaya bilərlər. Stresli hadisələrdən sonra onlarda sistemin davam etdiyi, ya da nəzarəti əllərində saxladıqlarını hiss etmək üçün konspiroloji tərkibli açıqlamaları qəbul etmək meyilləri ortaya çıxa bilər”.

Konspirologiyaya inananların ortaq cəhəti

Mütəxəssislər bildirirlər ki, konspirologiya nəzəriyyələri ilə əqli sağlamlıq arasında birbaşa əlaqə qurmağa istiqamətlənən sınaq və tədqiqatlar hələlik ilkin mərhələdədir.

Bu sahədə aparılan daha bir vacib araşdırma da “Psyxhology Today” nəşrində yayımlanıb. Əqli sağlamlıq məsələsində ən böyük məlumat şəbəkələrindən birinə sahib olan bu tədqiqat 2001-2003 illəri arasında yüzlərlə insanın iştirakıyla baş tutub.

İştirakçılara ünvanlanan suallardan biri “Dünyada baş verən bir çox şeyin arxasında bir konspirasiya olduğuna əminəm” cümləsiylə nə qədər razılaşdıqları barədə idi.

İştirakçıların dörddə biri bildirmişdi ki, bu cümlənin həqiqət olduğuna inanır.

Tədqiqat zamanı toplanan məlumatlar analiz ediləndə isə müəyyəb edilmişdi ki, hər şeyin arxasında konspirasiyanın olduğunu fikirləşənləri birləşdirən bir çox ortaq nöqtə var.

Bu insanların ən vacib ortaq xüsusiyyələtlərini bunlar təşkil edirdi: kişidir, subaydır, az gəlirlidir və natamam təhsillidir, etnik azlığa mənsubdur, psixoloji vəziyyəti qənaətbəxş deyil və həyatının müəyyən dövründə intihar etməyi düşünüb.

Tədqiqatla bağlı jurnalda yayımlanan rəydə bildirilib: “Konspirologiya nəzəriyyələrinin psixoloji modelləriylə bağlı daha çox testlərin aparılması lazımdır. Əslində, bu bir həqiqətdir ki, hələlik konspirologiya nəzəriyyələri məsələsində kifayət qədər məlumata sahib deyilik. Mövcud ictimai-siyasi şərait nəzərə alınanda, bu cür tədqiqatlara hədsiz çox ehtiyacımız var”.

Bilge.az

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR