Darvindən 1000 il əvvəl təkamül fikrini irəli sürən müsəlman: Bəsrəli Əl Cahiz

Elmi-kütləvi
Photo

Çarlz Darvinin Yer üzündəki canlı növlərinin təbii seçmə yoluyla müəyyən müddət ərzində transformasiyaya məruz qaldığını irəli sürdüyü təkamül nəzəriyyəsi, insanlığın canlılar aləminə baxışını tamamilə dəyişdirməklə, müasir elmə damğasını vuran məhək daşlardan biri olub.

1859-cu ildə nəşr etdirdiyi “Növlərin Mənşəyi” adlı kitabında Darvin təkamülü növlərin xüsusiyyətlərinin nəsildən nəslə keçməsində ortaya çıxan genetik müxtəlifləşmə kimi xarakterizə edib və beləliklə, ortaq bir növdən necə müxtəlif növlərin meydana gəldiyini göstərib.

Lakin tarixi biraz daha yaxşı araşdıranda məlum olur ki, təkamül nəzəriyyəsinin özünün də tarixi kökləri mövcuddur.

Bu kökləri biz İslam dünyasında tapırıq.

Qətər poçt təşkilatının İslam aləminin böyük şəxsiyyətləri seriyasında yer alan Əl Cahiz markası

Təbii Seçmə

Çarlz Darvindən təxminən 1000 il əvvəl bugünkü İraqın Bəsrə bölgəsində yaşamış Əl Cahiz adlı müsəlman filosof “Kitab-ül Hayvan” əsərində təbii seçmə adını verdiyi bir dövr ərzində heyvan növlərinin necə dəyişdiyindən bəhs edib.

Əsl adı Əbu Osman Əmr Əl Kənani əl Bəsri olan filosof “dolma göz” mənasına gələn ləqəbi Əl Cahiz ilə tarixə düşüb.

Təkamül indiki mərhələsində bizdən necə olmağımızı istəyir?

Ola bilsin, o qədər də nəzakətli ləqəb deyil, amma Əl Cahiz adı filosofun yeni üfüqlər açan kitabı “Kitab-ül Hayvan” (“Heyvanlar kitabı”) ilə birlikdə elm tarixinin vacib bir hissəsinə çevrilməsinə səbəb olub.

Əl Cahiz miladdan sonra 776-cı ildə bugünkü İraqın şimalındakı Bəsrədə dünyaya göz açıb. Həmin dövrdə bölgədəki ərəb fəlsəfə və din alimləri arasında rasionalist kimi xarakterizə edilən, ağıla və məntiqə əhəmiyyət verən cərayan - Mutəzilə hərəkatı güclənməkdə idi.

Əl Cahizin əsəri "Kitab-ül Hayvan" yeddi cilddən ibarətdir

Rasionalist cərəyan olan Mutəzilə məntiq qaydalarına zidd hesab etdiyi ayə və hədisləri rasional şəkildə şərh edir və bu yanaşması ilə iqtidardakıların güclü tənqid və mühakimələrinə məruz qalırdı.

Bu, Abbasilərin ən parlaq dövrü idi. Bəsrədə yunan filosoflarının əsərləri ərəbcəyə çevrilir, elm, din və fəlsəfə barədə çox güclü müzakirələr gedirdi.

Əl Cahizin “Heyvanlar Kitabı”nda qələmə aldığı fikirlər də məhz belə bir intellektual mühitin meyvəsi idi.

Elə həmin dövrdə çinli tacirlər tərəfindən Bəsrəyə gətirilən kağız sayəsində fikirlər daha sürətlə yayılmağa başlamış və gənc Əl Cahiz də bir çox mövzularda əsərlər yaratmağa başlamışdı.

Orta əsrlərdə ərəblər Yunan fəlsəfəni niyə tərcümə edirdilər?

Onun maraqlandığı sahələr çox idi. Elm, coğrafiya, fəlsəfə, ərəb dili və ədəbiyyatı kimi mövzularda yazırdı. Alimin həyatı boyu təqribən 200 kitab yazdığı ehtimal edilir, amma təəssüf ki, bu kitabların ancaq üçdə biri dövrümüzə qədər gəlib çıxıb.

“Kitab-ül Hayvan” və təkamül fikri

Əl Cahizin ən məşhur əsəri olan “Heyvanlar Kitabı” 350 müxtəlif heyvandan bəhs edilən bir növ ensiklopediya kimi tərtib edilib. Bu kitabda filosofun dilə gətirdiyi fikirlər isə Darvinin təkamül nəzəriyyəsi ilə bir çox oxşar xüsusiyyətlərə malikdir.

Heyvanlar mövcudluqlarını davam etdirmək və mövcud mənbələr üçün, başqasına yem olmamaq və törəyə bilmək üçün mübarizə aparırlar”, - deyən Əl Cahiz belə davam edirdi:

Ətraf mühit faktorları canlıların həyatda qalması üçün yeni xüsusiyyətlərin yaranmasında, nəticə etibarilə də onların növlərə çevrilməsində mühüm əhəmiyyət kəsb edir. Həyatda qalmağa və törəməyə müvəffəq olan heyvanlar uğurlu xüsusiyyətlərini törəmələrinə ötürürlər”.

Əl Cahiz canlılar aləminin həyatda qalmaq üçün əbədi bir mübarizədə olduğunu və bəzi növlərin daim digərlərindən daha güclü çıxdığını aşkarca dilə gətirib.

Əl Cahizin fikrincə, həyatda qala bilmək üçün heyvanlar qida tapmaq və törəmək baxımından digər növlərlə rəqabət aparmaq məcburiyyətindədirlər və bu, onları hər nəsildə biraz dəyişməyə vadar edir.

Bu fikirlər Əl Cahizdən sonra gələn müsəlman mütəfəkkirlərə də təsir edib. Əl Fərabi, Əl Arabi, Əl Biruni və İbn-i Haldun kimi böyük mütəfəkkirlər onun əsərlərini oxumuş və təsirlənmişdilər.

Pakistanın “Mənəvi Atası” kimi anılan Muhammed İqbal 1930-cu ildə nəşr olunan külliyatında “heyvanların həyatında köç və ətraf mühitin dəyişilməsi nəticəsində meydana gələn dəyişikliklərin əhəmiyyətini göstərən şəxs Əl Cahiz olmuşdur“ deməklə, alimin əhəmiyyətinə eyham vurub.

Darvinin ərəb dilini bilməsi, yaxud da Əl Cahizin əsərlərindən xəbərdar olması barədə dəqiq sübutlar yoxdur.

Çarlz Darvin 1882-ci ildə ölən zaman millət üçün böyük işlər görən əhəmiyyətli şəxsiyyətlərin dəfn edildiyi Vestminister Abbatlığı kilsəsində dəfn edilməklə, şərəfləndirilmişdi

İllər boyu etdiyi səyahətlər zamanı təbiətdəki həyatı müşahidə edən və nəzəriyyəsini misli görünməmiş səviyyədə detallı və dəqiq surətdə işləyən Çarlz Darvin canlılar aləminə baxış bucağımızı dəyişdirib, buna görə də o, haqlı olaraq təkamül nəzəriyyəsinin atası kimi tanınır.

Meymundan insana - Darvin dünyanı necə dəyişdi?

Amma bununla belə, BBC radiosunda İslam və Elm adı altında sənədli filmlər hazırlayan elm jurnalisti Ehsan Masoodun vurğuladığı kimi, təkamül düşüncəsinə töhfə verən digər alimlərin də xatırlanması çox vacibdir.

Yaradılışçılıq yayğın deyildi

Ehsan Masood bundan savayı, Əl Cahizin yaşadığı 9-cu əsr Bəsrəsində, Bağdadında, yəni o dövrün İslam mədəniyyəti baxımından irəlidə gedən təhsil mərkəzlərində yaradılışçılığın əhəmiyyətli bir cərəyan hesab edilmədiyini xüsusi vurğulayır.

“Guardian” qəzetində Əl Cahizlə bağlı məqalə yazan Masood bildirir:

Alimlər dini mətnləri sətir-sətir nəzərdən keçirib, saatlar boyunca bunların təbii aləmlə bağlı müşahidələrə uyğun olub-olmadıqlarını yoxlamazdılar. Bunun əvəzinə, biliyə özləri çatmağa çalışardılar”.

Böyük İslam alimi Əl Cahizin ölümü də qocalığında məhz belə bir biliyə çatmağa çalışdığı zaman baş verib. Deyilənə görə, filosof həyatını 92 yaşında kitabxanasının yuxarı rəflərindən birinə uzanmağa çalışarkən, kitablarının üzərinə yıxılmaqla itirib.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR