Rus ədəbiyyatı ölübmü?

Ədəbiyyat
Photo

Necə oldu ki, Dostoyevskiylə Tolstoyun vətəni kitabsevərlər üçün arxa plana keçdi.

2015-ci ilin yanvarında rus mətninin məziyyətlərini öyən layihələrdən və silsilə ictimai tədbirlərdən ibarət “Ədəbiyyat İlinin” açılışında Prezident Vladimir Putin bəyan etdi ki, ölkə yazıçılarının “dünyadakı prestij və nüfuzunun artırılmasını” öz missiyası hesab edir.

Lev Tolstoy və Boris Pasternaka nəsillər boyunca heyran olan amerikan oxucular belə bir dirçəlişə ümidvar ola bilərlər: kitablarda gördükləri möcüzəvi diyara - bir kokteyl çalxayıcısının içindəki buz dənələri kimi obrazları mayallaq aşmağa məcbur edən ehtiras və faciələrdən ibarət Rusiyaya geri qayıtmaq istəyərlər. Amma bununla belə, Nataşa Rostovoya və Yuri Jivaqoya nostalgiya hissləri bəsləyən həmin oxucular indi çətin ki, hansısa müasir rus yazıçısının adını çəkə bilərlər.

Amerikada həqiqi sensasiya olan axırıncı rus romanı “Doktor Jivaqo”, Pasternak 1958-ci ildə Nobel ədəbiyyat mükafatını qazanmazdan bir il əvvəl Birləşmiş Ştatlarda nəşr olunmuşdu. Müqayisədə bu qədər populyar olan ən yaxın qeyri-bədii kitab isə Aleksandr Soljenitsının “Qulaq Arxipelaqı” olub, kitab Qərbdə 1973-cü ildə nəşr edilib. Ondan bəri, heç bir rus yazar Amerikanın ulduz kəhkaşanına daxil olmağı bacarmayıb.

Müasir rus ədəbiyyatının tərcüməsi və təbliği kimi nəcib cəhdlər var olmağına, amma bu gün Birləşmiş Ştatlarda ingilis dilinə tərcümə edilən rus dilindəki mətnlər ancaq 4.6%-lik göstəriciyə malikdirlər ki, bununla fransız, ispan və alman dilli mətnlərdən olduqca geri qalırlar. Rusiyanın müasir aparıcı tənqidçilərindən biri və Boris Pasternakın bioqrafı Dmitri Bıkov bir radio-müsahibəsində deyib ki, bu gün rus dilində yaxşı kitablar yazılır, “amma bunların heç yarısı da tərcümə olunmur”.

Ədəbiyyatın qarşısının alınması

Putinin bioqrafı və jurnalist Maşa Gessen razılaşmır, o, müasir rus yazarların dünya səviyyəli kitablar yazmadığına görə beynəlxalq marağın da məhdud olduğunu söyləyir. Rus ədəbiyyatı “ona görə az populyardır ki, oxunacaq çox az şey var” – Gessen deyir. Rusiyada “mədəniyyətin ümumən çürüməsi digər mədəni sahələrlə müqayisədə ədəbiyyata daha çox təsir göstərib”.

Roçester Universitetinin “Three Percent” tərcümə layihəsi məsələylə əlaqədar daha yumşaq izah verir, səbəbi ABŞ-dakı “məhdud paylaşdırma şəbəkəsiylə əlaqələndirir”. 2014-cü ildə fəaliyyətini dayandırmaq qərarına gələn Moskvadakı məşhur “Glas” nəşriyyatının sahibəsi Nataşa Perova da daha çox Amerikan bazarının günahlandırılmalı olduğunu deyir. Bugünlərdə ABŞ-dakı distributorların alıcılarının “sanki Rusiya ilə bağlı hər şeyə allergiyası var” – o deyir. 1990-ların əvvəllərində “Rusiyayla bağlı hər şey isti qəbul olunurdu, çünki dünyanın Rusiyaya böyük ümidləri vardı. Biz Rusiyanın yenidən Avropa məkanına inteqrasiya edəcəyini düşünürdük. Amma tədricən, o, keçmiş təcrübələrinə qayıtdı və insanlar da bizdən üz döndərdilər”.

Asanca belə bir iddia irəli sürmək olar ki, yeni nəsil Qərb oxucuları üçün rus romanlarındakı obrazlar dərkedilməzdir – məsələn, Soljenitsının 1967-ci ildəki Xərçəng Şöbəsində kimya terapiyası görən xəstələrə zəhərli dərmanın vurulması kimi, rus həyatı dərhal empatiya oyatmaq üçün ifrat dərəcədə amansız şəkil alıb. Conatan Franzen kimi yazıçıların suburban qəhrəmanlarının əziyyət çəkdiyi Birinci Dünya Problemləri rusiyalı müasirlərinin düşdüyü ümidsiz quyu ilə müqayisədə heç nədir. Hər bir halda hadisələrin zorakı, feodal və qeyri-tanış dünyada baş verməsi ABŞ-dakı satışlara mütləq əngəl olacağı mənasına da gəlmir: Hilari Mantelin “Thomas Cromwell” seriyasını yadınıza salın. Amma həmin nümunədə oxucuya bələdçilik edən Kromveli Mantel kənar dünyadan gətirib – Kromvel demək olar ki, müasir hissləri əks etdirsə də, gec orta əsrlərə aiddir.

Bəlkə də bu bitərəf nəzər nöqtəsinə olan ehtiyac səbəbindəndir ki, Qərb oxucularının ən yaxşı tanıdığı rus müəlliflər özləri bilərəkdən qərbləşiblər. Boris Fişman və Qari Şteynqart məsələn, indi nyu-yorkludurlar. Rus yazıçı Mixail Şişkin Qərbdə göylərə qaldırılmış və geniş miqyasda tərcümə edilmişdir, lakin o, ən azından qismən Zürixdə yaşayır. 2005-ci ildəki olduqca gözəl “Baldırıqara” romanı çətin Rusiya ilə burjua, müdafiəsiz, özünəyetərli İsveçrə arasındakı uçurumun birləşdirilməsinin mümkünsüzlüyündən bəhs edir. Və onun ustacasına yazdığı son romanı “İşıq və qaranlıq” təkcə Rusiyanın mürəkkəb indisini deyil, keçmişini də əks etdirir: 1900-cü ildə Çindəki Bokser Üsyanı zamanı bir əsgərin məhəbbət məktubları zaman və məkanı aşır.

Denis Didro Rusiyanı necə dəyişmək istəyirdi və ona nə mane oldu?

Nəyə görə, Qərb oxucusuna çox az sayda rus kitabının xitab etdiyinə dair daha bir nəzəriyyəni “Deep Vellum Publishing” nəşriyyatının təsisçisi və tərcüməçi Vill Evans irəli sürüb, onun fikrincə, amerikalılar “Rusiyanı məxsusi tərzdə oxuyurlar”. Soyuq Müharibənin və sonradan onun yaratdığı şərtlər nəticəsində amerikalılar “Rus ədəbiyyatını siyasiləşdirməyə, onda böyük fikirlər və siyasi ipucları axtarmağa” meyillidirlər. Əslində, 20-ci əsrin ortasında necəki supergüclərin siyasəti Pasternakda əks olunmuşdu, Qərbdə ən çox tanınan bəzi müasir rus yazıçılarında da siyasi çalar var. Məsələn, bu yaxınlarda “Günah” və “Sankya” romanları ingilis dilinə tərcümə olunan Zaxar Prilepin keçmiş yarım-hərbi polis zabitidir. O, Çeçenistana yürüşlərdə iştirak etmiş və radikal müxalifət aktivistinə çevrilmişdi. Amma Rusiya Krımı anneksiya etdikdən sonra, pərəstişkarlarını təəccübləndirərək, “Novorossiyadakı” (şərqi Ukrayna) könüllülərin tərəfini tutdu. “Sankya” romanında “atalarının axtarışında” olan sinik post-Sovet nəslinin hipperrealist təsviri kəskin və canlıdır, buna görə də onu Tolstoyla müqayisə edirdilər.

Yeri gəlmişkən, bəzi Qərb oxucuları Rusiya ilə bağlı surreal baxışlara meyillidirlər: ingilis dilinə tərcümə edilən bəzi kitablar qorxunc distopiyalardan ibarətddir. Gənc moskvalı Anna Starobinetsin qısa hekayələrdən ibarət “Çətin yaş” adlı debüt kolleksiyasında Moskva insanlarla androidlər arasındakı müharibə nəticəsində dağıdılır. Habelə veteran satirist Viktor Pelevinin “Qorxunun Dəbilqəsi” əsərində qorxunc dünyadan danışılır, İnternet çat otağında rastlaşan qəhrəmanlar virtual labirintdə tələyə düşürlər.

Bütün məziyyətlərinə baxmayaraq, müasir rus əsərlər amerikalıların nostalji duyduqları böyük yazarların romanlarını əvəzləyə bilmirlər. Bu, rus ədəbiyyat kültürünün dəyişməsi faktı ilə də əlaqədar ola bilər. Rusiya hələ də bir çox ölkələrdən daha çox kitab istehsal edir: dövlət statistikasına görə, 2013-də ölkədə 120,000 yeni adda kitab nəşr olunub. Amma bu gün rus yazıçılar diqqət cəlb etməyə köklənən və getdikcə canlanan əyləncə və informasiya bazarının kontent təchizatçılarıdır. Halbuki keçmişdə ruslar öz ədəbiyyatlarına həyata yön verən bir fəlsəfə kimi baxardılar.

Oxucuyla yazıçı arasındakı boşluqda roman doğulur

Rus ortodoksallığının zəhmli Tanrısı sabit bir xeyir və şər xətti müəyyəb etmişdisə də, ölkənin mənəviyyat keşikçiləri yazıçılar idi. Tolstoy, Dostoyevski, Puşkin və Çexovun əsərlərində ruslar onları parçalamaqla təhdid edən tarixi qüvvələrlə mübarizə apararaq mənəvi silahlarını tapmışdılar. Qısacası, yazıçılardan ənənəvi fanilərdən daha dərin yaşamaları istənilirdi.

Bu gün Putin renessans vədi versə də, rus yazıçılar heç vətənlərində ilahiləşdirilmirlər, o ki, qaldı xaricdə ilahiləşdirilələr. Bununla belə, rus kitablarını nəşr etməkdə fayda var; bundan əvvəlki əsrlərdən fərqli olaraq, son 23 il böyük miqyasda senzuradan azad olub. Əgər bu gün Rusiya növbəti bir basqı dövrünə qədər qoyursa belə, yazarlar bu basqının hər elementini sənədləşdirmək üçün hazır olacaqlar və beləcə, aralarındakı ən yaxşılar klassiklərə çevriləcəklər.

Mənbə: Foreign Policy

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR