Şəhər və psixologiya - İnsanyönlü şəhərlər necə qurulmalıdır?

Toplum
Photo

Şəhərin memarlığı psixologiyamıza necə təsir göstərir?

Şəhərlərdəki əhalinin artdığı bir zamanda şəhər planlaşdırıcıları şəhərlərin insan psixologiyasına təsirini yenidən nəzərdən keçirirlər.

Biz binaları formalaşdırırıq, sonra da onlar bizi formalaşdırır”, - məşhur ingilis siyasətçi Uinston Çörçil İkinci Dünya Müharibəsində bombalanan parlamentin təmiri ilə əlaqədar çıxış edərkən belə demişdi.

Çörçil əgər bilsəydi ki, ortaya atdığı tezis bu gün nevroloqlar və psixoloqlar tərəfindən dəstəklənir, şübhəsiz, şad olardı.

Bu gün biz bilirik ki, binalar və şəhərlər ümumi sağlamlığımıza və ovqatımıza təsir göstərir, beynimizin hippokampal bölgəsindəki xüsusi hüceyrələr isə yaşadığımız yerin həndəsi və sahəvi qaydalarıyla ahəng yaradır.

Amma əksər vaxt tayı-bərabəri olmayan konstruksiya yaratmaq arzusunun bu konstruksiyanın şəhərdə yaşayanlar üzərindəki təsirindən daha böyük olduğunu görmüşük. Lakin indi vəziyyət dəyişməyə başlayıb.

Birinci Şəhərlər Konfransı

İngiltərənin Nyukasl şəhərindəki Norsumbriya Universitetində memarlıq və koqnitiv elm sahəsində tədqiqatlar aparan Rut Dalton deyir ki, şəhərdə yaşayanlar üçün yaxşı konstruksiyaların necə olması ilə bağlı müəyyən qaydalar mövcuddur, ancaq bir çox memar bu qaydalara əhəmiyyət vermir.

Bir müddət əvvəl Londonda baş tutmuş Şüurlu Şəhərlər Konfransında (Conscious Cities Conference) koqnitiv sahə mütəxəssislərinin ixtiralarının memarların istifadəsinə daha münasib yollarla verilməsi məsələsi müzakirə edilmişdi. Konfrans akademik səviyyədə yolları tez-tez kəsişsə də, bunu təcrübədə əks etdirməyən çox sayda memar, dizayner, mühəndis, nevroloq və psixoloq üçün bir yerə toplaşmaq fürsəti idi.

Konfransda çıxış edənlər psixologiyaya əsaslanan yanaşmaların şəhər planlaşdırmasını dəyişdirəcəyini bildirirdilər.

Məsələn, 1950-ci illərdə tikilən bəzi tikililər cinayətkarlıq, yoxsulluq və işsizliyin simvoluna çevrilmişdi. Böyür-böyürə tikilmiş çox sayda tikili içində yaşayanlara təcridolunma hissləri yaşadır, düzgün tərtib edilməmiş ictimai məkanlar onlardan istifadə edənləri uğura istiqamətləndirmirdi.

Barcelonanın heyrətamiz memarlıq abidələrinin yaradıcısı - Antoni Gaudí

Bina fasadlarının təsiri

Bu gün biz psixoloji tədqiqatların sayəsində insanların xoşuna gələn və onları təşviq edən urbanistik məkanların necə olmalı olduğuna dair daha çox fikrə sahibik. Üstümüzə taxdığımız kiçik cihazlar və ya smartfon tətbiqlərinin köməyilə şəhərin müxtəlif yerlərindəki gəzintimiz zamanı beyin aktivliyini və bu minvalla da ruhi ovqatı ölçmək mümkündür.

Beləliklə, şəhər konstruksiyalarının bədənimizə və ruhi ovqatımıza necə təsir etdiyinə dair müəyyən fikirlərə sahib ola bilərik.

Kanadanın Vaterloo Universitetində konstruksiyanın psixoloji təsirləri barəsində tədqiqat aparan Kollin Ellardın fikrincə, binaların fasadları insanlara çox təsir edir. Əgər binanın fasadı qarmaqarışıq formada və maraqlıdırsa, insanlara müsbət təsir edir, primitiv və monoton görünüş isə mənfi təsir göstərir.

Bundan başqa, şəhərdə parkların, yaşıllıqların, yaxud yaxın ərazidə meşəliyin olması şəhərin stresindən xilas olmaq üçün vacibdir.

Dünyada yaşanılası ən yaxşı şəhərlər siyahısında həmişə yuxarı sıralarda olan Vankuverdə binalardan dağ, meşə və dəniz mənzərəsinin görünməsinə xüsusi əhəmiyyət verilir. Yaşıllıqların isə sağlamlıq və psixoloji baxımdan müalicəvi təsirinin olduğu məlumdur.

Təbii məkanların vizual qarmaqarışıqlığı ruhi ovqata müsbət təsir göstərir. Eyni şey arxitektura üçün də keçərlidir.

Oksigensizlik, Paçamama, mistik koka yarpağı, yeraltı intihar güşələri - Bolivia - La pas

Şəhərdə sosial izolyasiya

Şəhərin planlaşdırılması insanların özlərini yaxşı hiss etmələrini təmin etməkdən əlavə, daha bir vacib əhəmiyyət də daşıyır. Tədqiqatlar göstərir ki, şəhərdə yaşayanlarda şizofreniya, depressiya, xroniki təşviş kimi ruhi xəstəliklərin yaranması riski çoxdur.

Bunun əsas səbəblərindən biri qonşularla sosial ünsiyyət yarada bilməməkdən qaynaqlanır, tədqiqatçılar bunu “sosial stres” adlandırırlar. Heydelberq Universitetində aparılan araşdırmalar göstərib ki, şəhərdə yaşamaq bəzi insanların beyin formasının dəyişməsinə səbəb olur. Ehtimallara görə, bu, erkən yaşlardakı stresli təcrübələrdən qaynaqlanır.

Həmçinin sosial izolyasiyanın bir çox xəstəliklər üçün risk faktoru yaratdığı da qeyd olunur. Belə olan təqdirdə, bu məsələni aradan qaldıracaq, insanlar arasında əlaqələrin qurulmasını təşviq edəcək konstruksiyalara üstünlük verilə bilərmi?

Sosioloq Uilyan Vaytın şəhər planlaşdırıcılarına verdiyi məsləhət bundan ibarətdir ki, ictimai məkanlarda insanları bir-birlərinə yaxınlaşdıracaq obyektlər və ya yerləşmə nizamı yaradılmalıdır.

1975-ci ildə Nyu-Yorkdakı Rokfeller Mərkəzində ağacların altına qoyulan skamyalar, müvafiq olaraq Tayms meydanında uzun qranit oturacaqların olması müsbət təsir göstərən nümunələr kimi xatırlanır.

Tayms meydanı

İctimai məkanları zənginləşdirmək şəhərdəki tənhalığı aradan qaldırmaya bilər, amma şəhər sakinlərinin özlərini yaxşı hiss etmələrinə səbəb olur. Ellard deyir ki, milyonlarla yad adamın arasında yaşamaq insan təbiətinə ziddir.

Ellard şəhərlərdə insanların bir-birinə yaxşı davranmasını təmin edəcək məkanların yaradılmasının labüdlüyünə inanır və bildirir ki, bu, onların özlərini yaxşı hiss etmələrinə səbəb olacaq məkanların yaradılmasıyla mümkün ola bilər, belə olan təqdirdə, özünü yaxşı hiss edən insanın yad bir adamla ünsiyyət qurması ehtimalı da artacaq.

Berlin – yalqızlığın paytaxtı

İstiqamət hissi vacibdir

Şəhərdə insanın özünü pis etməsinə səbəb olacaq şeylərdən biri istiqaməti müəyyənləşdirməyi çətinləşdirən və davamlı azmaq hissi yaradan konstruksiyalardır. London bu baxımdan pis nümunədir, amma prospektlərin bir-biriylə kəsişməsi şəklində inşa olunan Nyu-Yorkda istiqaməti tapmaq çox daha asandır.

Bir yerə aid olmaq hissini yaşamaq üçün orda istiqamət duyğusunu hiss etmək, hər şeyin bir-biriylə harmoniyada olduğunu dərk etmək vacibdir. Londondakı “Piccadilly Circus” kimi hansı tərəfdən baxırsınızsa baxın, eyni təəssüratı yaşadan rotativ simmetriya sahələri isə bu mənada kabus kimidir.

Binaların daxilində də istiqamət hissi əhəmiyyətlidir. Bu mənada adı pis çıxan binalardan biri, hər nə qədər memarlıq mükafatları alsa da, Syetl Mərkəzi Kitabxanasıdır. Binanı analizdən keçirən bir mütəxəssis memarların bu qədər heyran olduğu binanın bu qədər çox funksiyasız olmasına bir məna verə bilməmişdi.

Nəzarəti insana vermək

Şəhərdəki hansısa bir dizayn insanların istədiyi kimi olmaya bilər. Bunu ən qabarıq şəkildə parklarda görürük. Quraşdırılmış gəzinti yerlərindən fərqli olaraq, çəmənliklərin üzərində cığırlar əmələ gəlir. Daltonun fikrincə, bu, memarlara və planlaşdırıcılara qarşı bir növ kütləvi üsyandır. Bundan başqa, bunlar digərlərinin harada olduğuna və gələcəkdə haraya istiqamətlənəcəyinə dair ortaq bir düşüncəni göstərir.

Dalton bununla əslində, memarların nevroloq və psixoloqlarla birlikdəki ümumi qənaətinə işarət edir. Uğurlu dizayn binaların bizi necə formalaşdırmalı olduğunu deyil, insanlara ətrafları üzərinə nəzarətin əllərində olduğu hissini verməlidir. Nevromemarlıq da məhz belə bir şəhər dizaynı yaratmağa çalışır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR