Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Olqa Tokarçuk və Piter Handke kimdir?

Ədəbiyyat
Photo

Yazıçıların əsərləri hələlik Azərbaycan dilinə tərcümə edilməyib

2018-ci il ədəbiyyat üzrə Nobel mükafatı Olqa Tokarçuka, 2019-cu ilin mükafatı isə avstriyalı yazıçı Piter Handkeyə verildi.

İki yazıçının birdən Nobelə layiq görülməsinin səbəbi keçən il mükafatın cinsi təcavüz qalmaqalı səbəbindən təxirə salınması idi.

2018-ci il Nobel ədəbiyyat mükafatına layiq görülən Olqa Tokarçuk keçən il İngiltərədə verilən bir digər prestijli mükafat olan beynəlxalq “Man Booker”i də qazanmışdı.

76 yaşlı avstriyalı dramaturq, romançı və şair Piter Handkeyə də 2019-cu ilin Nobel mükafatını verən Nobel Akademiyası açıqlamasında yazıçının “insan təcrübəsinin subyektivliyi və əhatəsi barədə dildən dahiyanə şəkildə yararlanaraq güclü əsərlər” qələmə aldığını vurğulayıb.

Nobel mükafatlarının məqsədi - Hər şey necə baş verdi?

Hərçənd Handke əvvəllər siyasi mövqeyinə görə, xeyli tənqidlərə məruz qalmış bir şəxsdir. 1990-cı illərdəki Balkan müharibələrində Yuqoslaviyanı dəstəkləməsi və 2006-cı ildə soyqırım və digər hərbi cinayətlərdə ittiham edilərək həbs olunan keçmiş Serbiya lideri Slobodan Miloşeviçin cənazəsində nitq söyləməsi Handkeni tənqidlərə hədəf edib.

Yazıçı Srebrenitsada serblərin həyata keçirdiyi soyqırımı inkar etmiş və serblərin taleyini soyqırıma uğrayan yəhudilərə bənzətmişdi, amma bir müddət sonra da sözlərinin “dilinin dolaşmasıyla” çıxdığını deyərək, üzr istəmişdi.

Handke 2014-cü ildə Osloda beynəlxalq Henrik İbsen mükafatını alan zaman da Balkan müharibələrində sərgilədiyi mövqeyə görə etirazlara məruz qalmışdı.

Bundan başqa, o, 2014-cü ildə Nobel Ədəbiyyat mükafatının ləğv edilməli olduğunu deyib. Söylədiyinə görə, mükafatı qazanan şəxs cəmi bir neçə dəqiqə çəkən marağa səbəb olur və mətbuat haqqında bir neçə səhifəlik yazılar yazılmaqla, saxta təriflərlərə məruz qalır.

Bu sözlərinə baxmayaraq, belə görünür, yazıçı mükafatı almağı qəbul edib.

Hər iki yazıçıya mükafat sənədi, Nobel medalı və 900 min dollardan çox pul mükafatı veriləcək.

Neil Gaimandan yazıçı olmaq istəyənlərə məktub: Divar hör!

Qeyd edək ki, 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının verilməsi Akademiyanın üzvü Katarina Frostensonun əri Jan Klod Arno haqqındakı cinsi təcavüz iddialarına görə ertələnmişdi. Arno məhkəməyə cəlb edilmiş və təcavüzdə günahkar bilinərək iki illik həbs cəzasına layiq görülmüşdü.

Akademiyanın üzvü Frostensonun istefasına səbəb olan qalmaqalın əks-sədasının davam etdiyi bir vaxtda, Nobel mükafatını alanların adlarının mediaya sızdırılması və Akademiya üzvləriylə bağlı korrupsiya iddiaları da qalmaqalın miqyasını genişləndirmişdi. Bütün bunlar mükafat komitəsdinin qeyd etdiyi kimi, “İctimaiyyətin Akademiyaya olan etibarını sarsıtmış” və buna görə də mükafatın verilməsi bir illik təxirə salınmışdı.

“Alman dilinin ən düşündürücü yazıçılarından biri”

Handke tənqidlərə məruz qalan yazıçı olsa da, alman dilinin ən düşündürücü və yaradıcı yazıçılarından biri hesab edilir.

Ədəbiyyat dünyasına 1960-larda addım atan yazıçının ən çox bəyənilən əsərləri arasında anasının 1971-ci ildəki intiharıyla əlaqədar yazdığı “Əsl hissiyat anı” (1975) adlı əsəri var.

Yazarın digər əhəmiyyətli əsərləri arasında bu kimi adlara rast gəlinir: “Qaranlıq gecədə səssiz evimi tərk etdim”, “Yuxulardan uzaqda qüssə”, “Kaspar”, “Qısa məktub, uzun vida”, “Solaxay qadın”, “Qaranlıq bir gecədə” və “Don Juan: özünün versiyası” kimi kitablar var.

Yazıçı 1987-ci ildə “Bafta”ya namizəd olan “Arzunun qanadları” adlı film daxil olmaqla, bəzi məşhur filmlərə ssenari yazmaqla, rejissor Vim Venderslə əməkdaşlıq edib.

1999-cu ildə Almaniyanın prestijli ədəbiyyat mükafatlarından biri olan “Buechner”i NATO-nun Belqradı bombalamasına etiraz əlaməti olaraq geri qaytaran yazıçı 2006-cı ildə də qazandığı Heynrix Hayne mükafatını götürməyib.

Demokratiya adətən ictimai meydandakı qışqır-bağırdan başqa bir şey deyil

“Tokarçuk həyata çöldən baxır”

2018-ci ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən 57 yaşlı Olqa Tokarçuk isə nəsildaşları arasında polyak dilində yazan ən güclü yazıçı kimi göstərilir.

Polşada tez-tez bestsellerlər arasında yer alan əsərlərində Tokarçuk realizmlə mistikanın qarışığından istifadə edir.

İlk romanını 1993-cü ildə yayımlayan yazıçı 1962-ci ildə Suleçovda doğulub. Ədəbiyyat dünyasın girməzdən əvvəl psixoloq kimi işləyib və Karl Yunq haqqında tədqiqat qələmə alıb.

Tokarçuk Polşa Yaşıllar Partiyasının üzvüdür və hələ də iqtidardakı sağçı Polşa hökumətinin açıq müxaliflərindir biri hesab edilir. O, tənqidçilər arasında ən böyük çağdaş qadın yazarlardan biri kimi qiymətləndirilir.

Ən çox qiymətləndirilən romanları arasında “Çox qədimlər və digər zamanlar”, “Gündüzün evi, gecənin evi”, “Aç gözünü, yaşamırsan”, “Qaçağanlar” və “Son hekayələr” var.

Akademiya mükafatı verərkən, yazıçının “ağıl və zərafət dolu” əsərlərinin “göz və kültür keçidlərinə hesablanan” olduğunu qeyd edib.

Mükafat komitəsi xüsusilə “Yakobun kitabları” adlı 18-ci əsr Avropasında baş verən hadisələrdən bəhs edən epik romandan çox təsirləndiyini vurğulayıb.

Olqa Tokarçuk həmçinin 2018-ci ildə xarici dildə ən yaxşı film Oskar mükafatına namizəd olan “Spoor” filiminin həmssenaristi olub.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR