Çin Xalq Respublikası 70 yaşında: İqtisadi möcüzə necə baş verdi?

Toplum
Photo

Bir neçə gün əvvəl 70 illik yubileyini qeyd edən Çin Xalq Respublikası dünyanın ən böyük iqtisadi güclərindən birinə çevrilib.

Ölkədə baş verən transformasiya nəticəsində zənginlik misli görünməmiş səviyyədə yayılsa da, qeyri-bərabərlik də dərinləşib.

Sinqapurda fəaliyyət göstərən maliyyə təşkilatı DBS-nin Çin iqtisadiyyatı üzrə eksperti Kris Leunq deyir ki, Kommunist Partiyası Çində hakimiyyətə gələndə, ölkə hədsiz kasıb idi: “Çinin nə ticarət ortaqları var idi, nə də diplomatik münasibətləri; ölkə öz-özünü dolandırmağa çalışırdı”.

Sonrakı 40 ildə aparılan silsilə bazar islahatları nəticəsində isə xarici ticarətlə Çinə investisiya axmağa başladı, beləcə yüz milyonlarla insan yoxsulluqdan xilas edildi.

Halbuki 1950-ci illərdə Çin əsrin ən böyük fəlakətlərindən birinə şahid olmuşdu.

Çin inqilabının lideri Mao Zedunq “Böyük İqtisadi Sıçrayış” adlı iqtisadi və sosial tərkibli kampaniyaya start verməklə, ölkənin kənd-təsərrüfatına əsaslanan iqtisadiyyatını sürətlə sənayeləşdirməyə çalışmış, lakin bu təşəbbüs uğurlu olmamışdı. Kampaniya nəticəsində 1959-61 ci illər arasında milyonlarla insan həyatını itirdi. Bəzi mənbələrdə ölənlərin sayının 10 milyon olduğu deyilir, bəzi mənbələrdə isə 40 milyon.

Çinin yüksəlişi və Yeni Tip Böyük Güc Münasibətlərinə ümumi baxış

Bu, insanlıq tarixindəki aclıq səbəbindən baş verən ən böyük kütləvi ölümlərdən biri idi.

1966-cı ildə yenə Mao Zedunqun başlatdığı Mədəni İnqilab Kommunist Partiyasını kapitalist və ənənəvi elementlərdən arındırmaq məqsədi güdürdü, amma bu kampaniya da ölkənin sosial bütövlüyünə ağır zərbələrin vurulmasıyla nəticələnmişdi.

Dünyanın emalatxanası

Mao 1976-cı ildə vəfat edəndən sonra, Denq Şiaopinqin start verdiyi islahatlarla ölkə iqtisadiyyatı yenidən formalaşmağa başladı. Kəndlilərə öz torpaq sahələrini becərmək haqqının verilməsi həyat standartlarının yüksəlməsinə və qida çatışmazlığının azalmasına gətirib çıxardı.

1979-cu ildə ABŞ ilə Çin arasında diplomatik münasibətlərin yenidən qurulmasıyla ölkə xarici investisiyalara qapılarını açmış oldu. Ucuz işçi qüvvəsi və aşağı icarə haqlarının gətirdiyi avantajlar səbəbindən investorlar Çinə pul axıtmağa başladılar.

“Standart Chartered Bank”ın baş iqtisadçısı Deyvid Mann bu dövrdən bəhs edərkən deyir: “1970-ci illərin sonlarından etibarən, biz tarixdəki ən böyük iqtisadi möcüzəyə şahid olduq”.

1990-lardan sonra Çin daha da sürətlə böyüməyə başladı. Ölkənin 2001-ci ildə Dünya Ticarət Təşkilatına qoşulması isə Çin iqtisadiyyatını növbəti zirvələrə apardı. Digər ölkələrlə ticarətin qarşısındakı əngəllərin götürülməsi və gömrük tariflərinin endirilməsi ilə Çin malları hər yerdə peyda olmağa başladılar.

Mann bu prosesi “Çin dünyanın emalatxanasına çevrildi” deyə xarakterizə edir.

Dövlət quruculuğunu uğura və uğursuzluğa aparan səbəblər hansılardı?

London İqtisad Məktəbinin məlumatlarına görə, əgər 1978-ci ildə Çinin ixracatı 10 milyard dollardan ibarət olmaqla dünya ticarətinin cəmi 1%-ni əhatə edirdisə, bu göstərici 1985-ci ildə 25 milyard dollara, bundan 20 il sonra isə 4,3 trilyon dollara çatmaqla, Çini dünyanın ən böyük ticarət şərikinə çevirdi.

Yoxsulluğun azalması

İqtisadi İslahatlar yüz milyonlarla çinlinin gəlirinin artmasına səbəb oldu.

Dünya Bankının məlumatlarına görə, ölkədə 850 milyon insan yoxsulluqdan xilas olub.

Çinin 2020-ci ildə yoxsulluğu tamamən aradan qaldırmaq hədəfinə çatması gözlənilir.

Ölkədəki istehsal səviyyəsi də sürətlə artıb. ”Standard Chartered”ə görə, 2030-cu ilə qədər Çində işçi qüvvəsinin 27%-inin universitet təhsilli olması gözlənilir. Beləliklə, Çin bu kateqoriyada Almaniyanın bugünkü səviyyəsinə çatmış olacaq.

Bərabərsizlik artır

Bununla belə, Çində iqtisadi uğurun meyvələri 1,3 milyardlıq əhali içərisində bərabər səviyyədə paylaşdırılmayıb.

Bir tərəfdə hədsiz var-dövlətli insanlar və yayğın orta sinif varkən, digər tərəfdə də çox sayda yoxsul kəndli, təhsilsiz və getdikcə yaşlanan işçi qüvvəsi var. Başda aqrar və urbanistik kəsimlər arasında olmaqla, ölkədə bərabərsizlik getdikcə dərinləşir.

Mann-ın dediyinə görə, Çində iqtisadiyyat bütöv şəkildə təkmilləşməyib, müxtəlif sektorlar arasında böyük uçurum var.

Dünya Bankı Çində adambaşına düşən milli gəlirin inkişaf etməkdə olan ölkələr səviyyəsində olduğunu və bunun inkişaf etmiş ölkələrin ortalamasının cəmi dörddə birinə uyğun gəldiyini bildirib.

DBS-yə görə, ABŞ-da adambaşına düşən ortalama illik gəlir 62 min dollar olduğu halda, Çində bu rəqəm 10 min dollar səviyyəsindədir.

Böyümə indeksi yavaşlayır

Çində iqtisadi böyümə göstəricisi aşağı düşür.

Ölkə illərdir tətbiq etdiyi məhdudiyyətlərlə ixracata bağlı böyümədən istehlakçılığa bağlı böyüməyə istiqamətlənməyə çalışır.

Dünya miqyasında tələbin azalması və ABŞ ilə ticarət müharibələri Çinin qarşısında yeni problemlərə səbəb olub. Getdikcə yaşlaşan əhali isə ölkə iqtisadiyyatının gələcəyi baxımından o qədər də ümidverici görünmür.

Dünyada soyuq texnologiya müharibəsi dövrü başladı

Bugün böyümə nisbətinin 5-6%-ə enməsinə baxmayaraq, Çin hələ də böyümə kateqoriyasında dünyanın ən böyük gücü olaraq qalır.

Mann-ın dediyinə görə, Çin bu sürətlə dünya iqtisadi böyüməsi içərisində 35%-lik paya sahibdir: “Bu göstərici ABŞ-ın payından 3 qat daha çoxdur”.

Yeni İqtisadi Layihə

Çin eyni zamanda Qovşaq və Yol Təşəbbüsü ilə qlobal iqtisadiyyatın inkişafında yeni və böyük bir addım atmaqdadır.

Pekin hökuməti “Yeni İpək Yolu” kimi də adlandırılan bu layihəylə dünya əhalisinin demək olar ki, yarısını və dünya milli gəlirinin beşdə birini ehtiva edən ölkələri bir-birinə bağlamağı və dünya miqyasında ticarət və investisiya əlaqələri qurmağı hədəfləyir.

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR