Son illərin ən mübahisəli filmi - Joker

Sənət
Photo

Joker: Son illərin ən mübahisəli filmi kinoteatrlarda

Qalmaqallı “Joker” filmi Bakı kinoteatrlarında artıq göstərilir.

İlin böyük maraqla gözlənilən filmlərindən biri olan “Joker” kinoteatrlarda göstərilməyə başlanılıb. Kino tarixinin ən məşhur naqis qəhrəmanlarından birinin hekayəsindən bəhs edən filmə baxan tənqidçilər arasında baş roldakı Xoakin Feniksin performansını və filmin ssenarisini tərifləyib göyə qaldıranlar da var, narahatlığını dilə gətirənlər də.

Betmənin yağı düşmənini baş planda və realist nöqteyi nəzərdən təqdim edən “Joker” filmi hələ təqdim edilməzdən əvvəl mübahisələrin episentrində yer almağa başlamışdı. Hətta ABŞ-ın hüquq mühafizə orqanları filmin təqdim ediləcəyi cümə günü üçün əlavə tədbirlər görməyə başlayıblar.

Amerikan mətbuatında yazılanlara görə, ABŞ-ın hərbi qüvvələri “Joker” təqdim edilən kimi silahlı hücumların təşkil ediləcəyinə dair çox sayda məxfi məlumatlar alıblar.

7 il əvvəl “Betmən: Qara Cəngavər ucalır” filminin təqdim edildiyi gün Koloradoda təşkil olunan silahlı hücumda 12 nəfər həlak olmuş, 70 nəfər isə yaralanmışdı. Silahlı bir şəxs film kinoteatrda göstərilərkən, ayağa qalxaraq ətrafdakılara atəş açmışdı.

Sifəti boyamaq qadağası

Son filmimə adamlar 10 dəqiqədən artıq baxa bilməyəcəklər!

7 il əvvəlki hücumun baş verdiyi “Avrora” kinoteatrı silahlı hücumda həlak olanların yaxınlarının xahişindən sonra “Joker” filmini nümayiş etdirməkdən imtina edib.

Ailələr filmin istehsalçısı “Warner Brothers”a da məktubla müraciət edərək, şirkətdən silahlı hücumların qarşısını almaq üçün çalışan qruplara xeyriyyə yardımı etməyi tələb ediblər.

“Hollywood Reporter”in əldə etdiyi məktubda ailələr “Əhalinin təhlükəsizliyi üçün ictimai məsuliyyətin olmalı olduğunu düşünən biznes dünyasının liderləri arasında öz yerinizi tutacağınızı arzu edirik” deyə yazıblar.

“Avrora” qətliamında 24 yaşlı qızını itirən Sendi Filips “Joker” filminin ona Ceyms Holmsu xatırlatdığını deyib. Ceyms Holms hücum aktını təşkil edən və buna görə də ömürlük həbs cəzasına məhkum edilən şəxsdir.

Sendi Filips “Hollywood Reporter”ə verdiyi müsahibədə deyib: “Holmsun sifətini görməyə ehtiyac yoxdur. “Joker”in treylerinə baxdım, qarşımdakı həmin o, qatil idi”.

ABŞ-ın bir çox bölgəsində kinoteatrlara maska, ya da sifət boyasıyla daxil olmaq qadağan edilib. Superqəhrəman filmlərində də bu qayda tez-tez tətbiq edilir.

Rejissor Todd Filips: Sənət mürəkkəbdir

İncəsənət və yaradıcılığın bəşəri missiyası nədən ibarətdir?

“Joker” filmi Artur Flek adlı ruhi müvazinəti yerində olmayan uğursuz bir komikin hekayəsindən bəhs edir. Həm şəxsi, həm də iş həyatında başına gələn məyusluqlar Fleki cinayət dünyasına itələyir.

Mətbuatda yazılan film tənqidlərində “Joker”də hədsiz çox zorakılıq səhnələrinin olduğu yazılıb.

Bəzi film tənqidçiləri rejissor Todd Filipsi Flekin seçimlərini və davranışlarını ucaltmaqda ittiham edirlər.

“Vanity Fair” jurnalının tənqidçisi Riçard Lavson film barədə bu rəyi yazıb: “Bəhs etdiyi pataloji vaqiələri öyən məsuliyyətsiz bir propaqanda filmidir”.

Filmin rejissoru Todd Filips və Joker obrazını canlandıran Xoakin Feniks isə filmin zorakılığı normal, hətta göylərə qaldıran bir şeymiş kimi göstərdiyi fikrinə qarşı çıxırlar.

Todd Filips “Joker” haqqında başlayan mübahisələrə “hədsiz təəccübləndiyini” deyib:

Film sevgisizliyin, uşaqlıq dövründə baş verən travmaların, həyata xoşniyyətlə baxa bilməməyin hekayəsidir. İnsanların bu mesajı başa düşəcəklərini düşünürəm. Sənət mürəkkəbdir. Əgər mürəkkəb olmayan sənət janrı axtarırsınızsa, kalioqrafiyanı sınaya bilərsiniz”.

Filips “The Wrap” jurnalına verdiyi bir başqa müsahibəsində isə film haqqındakı mübahisələrlə əlaqədar olaraq “radikal solçu qrupları” günahlandırıb:

Məni təpədən dırnağa təəccübləndirən məsələ özlərinə lazım olanda radikal solun necə də radikal sağ kimi hərəkət edə bildiyini görmək oldu. Həqiqətən də insanın gözlərini açan təcrübədir”.

Çarli Çaplini niyə ABŞ-dan qovmuşdular və onu niyə kommunist casusu adlandırırdılar

Xoakin Feniks isə ən azından bir müsahibəsini bu cür suallar soruşulduğuna görə, yarımçıq qoyub. Feniks bir müsahibəsində deyib: “İnsanlar mahnı sözlərini səhv oxuya bilirlər. Kitablarda bəzi paraqrafları səhv başa düşə bilirlər. Mənim fikrimcə, məsələnin etik hissəsi haqqında, ya da yaxşı ilə pisin fərqi haqqında tamaşaçını maarifləndirməyə çalışmaq da film yaradıcısının işi deyil. Şəxsən mən bunun aşkar məsələ olduğunu düşünürəm”.

Feniks davam edib: “Filmlərin bizi narahat etməsini, bizi fərqli cür düşünməyə vadar etməsini sevirəm. Ona görə də bu filmdə iştirak etmək istədim. Çünki mənim üçün də asan olmayacaqdı. Bu rola hazırlananda, Joker haqqında bir-biriylə ziddiyyətli çoxlu hisslər yaşadım”.

Anti-qəhrəmana heyranlıq

Joker rolunu Xoakin Feniksin oynaması odun üzərinə benzin tökmək effekti yaradıb. Feniks canlandırdığı qəhrəmanların roluna hədsiz ehtirasla girən aktyordur. Treylərdən də görünür ki, bu rola özünü tamamilə qapdırıb.

Mübahisələrdə həmçinin bir çox insanın Joker, ya da “Ulduz Müharibələri” (Star Wars) serialının qara zirehli pis qəhrəmanı Dart Vader kimi obrazlara heyranlıq duyması məsələsi qaldırılıb.

Psixoloq Treyvis Lengli “Joker psixologiyası – şeytani klounlar və onlara aşiq olan qadınlar” adlı kitabın müəllifidir. Lengli ABŞ radio proqramı KOA-da yayımlanan bir verilişdə bu haqda danışıb: “Bunun ən provokativ tərəfini anlaya bilərik. Bir tərəfimiz əgər heç bir sərhəd, əngəl olmasaydı, nələr edə biləcəyimizin fantaziyasını qurur”.

Psixoloq davam edib: “Anti-qəhrəmanlar hekayələrin hərəkətverici qüvvəsi olurlar. Qəhrəmanlar isə əslində baş verən hadisələrə reaksiya verənlərdir. Anti-qəhrəmanın davranışlarına reaksiya verməklə kifayətlənirlər. Provakativ davrananda isə, ədalət paylamağa çalışan dəlilər kimi görünürlər”.

“Joker” haqqında mənfi rəylərin verilməsində, kino tarixində digər Jokerlərin başına gələnlər də rol oynayıb.

2008-ci ildə çəkilən “Betmən: Qara Cəngavər Ucalır” filmindəki performansı ilə “indiyə qədərki ən yaxşı Joker” kimi göstərilən Hets Ledger film təqdim ediləndən bir neçə həftə sonra ifrat dozada narkotikdən istifadə etdiyinə görə, həyatını itirmişdi.

Oynadığı rola görə, Ledgerə 2009-cu ildə Ən Yaxşı Köməkçi Aktyor nominasiyasında Oskar mükafatı verilmişdi.

Bundan sonra internetdə şayiələr, konspirasiyalar yayılmağa başlamışdı. Avstraliyalı aktyorun Joker obrazından heç cür xilas ola bilmədiyi, buna görə də depressiyaya düşdüyü yazılmışdı.

Bu konspirasiyaları gücləndirən daha bir səbəb isə 1989-cu ildə Joker obrazını canlandırmış məşhur aktyor Cek Nikolsonun açıqlaması idi. Ledgerin ölüm xəbərini eşidəndən sonra Nikolson belə demişdi: “Ona xəbərdarlıq etmişdim”.

“Warner Brothers”şirkətinin açıqlamasında bildirilib: “Bundan şübhəniz olmasın: xəyali bir qəhrəman olan nə Joker, nə də bu film heç bir halda real həyatda baş verən zorakılıq hadisələrinin ucaldılması mənasına gəlmir. Nə film studiyası, nə də yaradıcılar bu obrazı bir qəhrəman kimi qələmə vermək niyyətində deyillər”.

Amma bununla belə, saysız-hesabsız Joker tematikalı məhsullar artıq satışa çıxarılıb. Bunların arasında Jokerin qırmızı parıltılı məşhur jaketi də var.

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR