İstismarçı partnyor sizi necə əldə saxlayır? Nə etməli?

Emosional İntellekt
Photo

Narsisti sevmək və onunla qalmaq arasındakı paradoks

Dostların sənin istismarçını niyə sevdiyini başa düşə bilmirlər.

Biz adətən partnyorumuzu düz-əməlli tanımadan eşqə düşürük. Bu, ona görə baş verir ki, biz təhtəlşüur qüvvələrinin təsiri altındayıq və adətən buna “kimya” deyirlər. Amma sənə hörmət və şəfqətlə davranmayan birini sevdiyinə görə, özünü günahlandırma, çünki münasibət zamanla zorakı olmağa başlayır, bu zamanda isə biz bağlanırıq və bağlılığımızı, sevgimizi qorumaq istəyirik.

Başlanğıcda biz zorakılıq əlamətlərini gözdən qaçırmış ola bilərik – istismarçılar başdan çıxarmaqda mahirdirlər və partnyorlarını ələ keçirənə qədər özlərinin əsl rəngini göstərmədən gözləyə bilirlər. Bundan sonra isə sevgi möhkəmlənir və asanlıqla ölmür. İstismarçını tərk etmək çətindir. Özümüzün güvəndə olmadığını bilə-bilə istismarçını sevmək mümkün, hətta ehtimal daxilindədir. Tədqiqatlar göstərir ki, zorakılığın qurbanları partnyorlarını birdəfəlik tərk etməzdən əvvəl ortalama olaraq yeddi cür hadisə yaşayırlar.

Zorakı münasibətdə olmaq alçaldıcı ola bilər. Başa düşməyənlər bizim nəyə görə zorbanı sevdiyimizi və niyə onun yanında qaldığımızı soruşurlar. Bizim buna qaneedici cavabımız yoxdur. Amma keçərli səbəblər də var. Bizim motivasiyalarımız sayıqlığımız və nəzarətimiz xaricindədir, çünki biz sağ qalmaq üçün bağlı qalırıq. Bu instinktlər bizim hiss və düşüncələrimizi nəzarətdə saxlayır.

Kişilər niyə tərk edir? Yanlış olan nədir?

Sağ qalmaqçün təkzib etmək

Əgər biz ailəmizdə hörmət görməmişiksə və özümüzə hörmətimiz aşağıdırsa, zorakılıq faktını təkzib etməyə meyilli oluruq. Valideynimiz tərəfindən cəzalandırıldığımız, alçaldıldığımız və nəzarətə məruz qaldığımızdan bundan daha yaxşı rəftar görməyi gözləmirik. Təkzib bizim nəyin baş verdiyini başa düşmədiyimiz mənasına gəlmir. Amma biz istismarı və ya istismarın təsirini kiçildir, ya da rasionallaşdırırıq. Hətta biz bunun əslində zorakılıq olduğunu dərk etməyə də bilərik. Tədqiqatlar göstərir ki, biz bağlı qalmaq və növlərin sağ qalması naminə törəmək üçün təkzib edirik. Normalda məhəbbəti sarsıdacaq faktları və duyğuları ona görə kiçildir və dəyişdiririk ki, sevməyə davam edək, beləliklə ya istismarı görməzdən gəlirik, ya da buna görə, sadəcə özümüzü günahlandırırıq. Partnyorumuzu sakitləşdirməklə və məhəbbətə bağlamaqla biz ağrımızı səngidirik. Məhəbbətə yenidən qayğıkeşlik gəlir və biz özümüzü yenidən güvəndə hiss edirik.

İdeallaşdırma və Kompulsiyanın Təkrarı

Əgər biz uşaqlıqda aldığımız travma üzərində işləməmişiksə, aşiq olanda, görüşə çıxdığımız partnyoru ideallaşdırmağa meyilli oluruq. Böyük ehtimalla eləsini axtarırıq ki, bizə haqq-hesabımızı bitirmədiyimiz valideynimizi xatırlatsın, hansı valideynin olmasının fərqi yoxdur. Hər iki valideynimizin də aspektləri olan birisi bizi cəlb edə bilər. Freydin təbirində bu, kompulsiyanın təkrarı kimi tanınır və bizə qada-balanın proqnozu olacaq əlamətləri görməzdən gəlməyimizə kömək edir.

Zorakılığın dövr etməsi

Zorakılıq epizodundan sonra əksərən balayı periodu gəlir. Zorba bağlılıq axtara və romantik davrana, üzrxanlıq edə və ya peşmanmış kimi görünə bilər. Hər bir halda biz indi əmin-amanlıq olduğuna görə rahatıq. Bunun bir daha baş verməyəcəyinə dair vədlərə inanırıq, çünki bunu istəyirik və bağlı qalmağa hazır oluruq. Emosional bağlılığa xələl gəlməsi, zorakılıqdan daha betərdir. Biz yenidən bağlanmaq üçün həsrət çəkirik Adətən istismarçı bizi sevdiyini deyir. Biz buna inanmaq istəyirik və münasibətimizin ümidlər vəd etdiyinə və sevgiyə əsaslandığına yenidən əmin olmaq istəyirik. Bizim təkzibimiz güvənin illuziyasını yaradır. Bu, alkoqolik münasibətlərdə içki periodlarından sonra gələn tövbəkar vədlərdə baş verən təkzib dövriyyəsinə bənzəyir.

Qorxularımızı və əndişələrimizi necə aşa bilərik? Bir neçə məsləhət

Aşağı özünəsayğı

Özünəsayğımızın az olması səbəbindən biz istismarçının alçaltmalarına, günahlandırmalarına və tənqidlərinə inanırıq, bu da bizim özümüzə hörmətimizi və bacarıqlamırımıza olan inamımızı daha da sarsıdır. Zorba bunu hakimiyyət və nəzarət naminə bilərəkdən edir. Münasibətimizin yaxşı olması üçün bizim dəyişməli olduğumuzu fikiləşməyimizdən ötrü beynimiz yuyulur. Biz asanlıqla manipulyasiya olunan birinə çevrilik, özümüzü günahlandırırıq və istismarçının tələblərini qarşılamaq üçün daha da çox çalışırıq. Biz seksual təşəbbüsləri, şəfqət qırıntılarını və ya sadəcə zorakılığın yoxluluğunu məhəbbətin əlamətləri kimi görə və münasibətimizin yaxşılaşacağına ümid edə bilərik. Beləcə özümüzə inamımız azaldıqca, sevgimiz və zorbanı ideallaşdırmağımız toxunulmaz qalır. Biz hətta bundan daha yaxşısını tapacağımıza şübhə edə bilərik.

Empatiya

Bizlərdən çoxumuzun özümüzə olmadığı halda, istismarçıya empatiyası var. Biz öz ehtiyaclarımızdan xəbərsiz ola və onları istəməkdən xəcalət çəkə bilərik. Əgər istismarçı qurban rolunu oynayırsa, günahı şişirdirsə, peşmançılıq nümayiş etdirirsə, bizi günahlandırırsa və ya travmatik keçmişdən danışırsa (onlarda həmişə belə bir şey olur), bu, bizi manipulyasiya üçün əlverişli vəziyyətə sala bilir. Empatiyamız bəraət qazandırmaqla, rasionallaşdırmaqla və məruz qaldığımız ağrını kiçiltməklə, təkzib etmək meyillərimizi qidalandırır. Əksər qurbanlar istismarçını müdafiə etməkçün zorakılığı dostlarından və qohumlarından gizlədirlər, bunu həm empatiyadan, həm də xəcalət çəkdiklərindən edirlər. Məxfilik səhvdir və istismarçıya daha çox güc verir.

Pozitiv aspektlər

Şübhəsiz ki, istismarçının və münasibətin zövq aldığımız və ya darıxdığımız pozitiv tərəfləri də olur, xüsusilə sevginin əvvəlində və yaxşı vaxtlarda. Əgər münasibətdə qalırıqsa, bunu xatırlayır və yenidən baş verməsini arzulayırıq. Öz qəzəbinə nəzarət edə bilsəydi, yardıma razılıq versəydi, cəmi bir şeyi dəyişdirsəydi, hər şeyin necə də yaxşı ola biləcəyinin xəyalını qururuq. Bu, bizim təkzibimizdir.

Adətən istismarçılar nələrləsə təmin edirlər, yaxşı sosial həyat vəd edir, ya da xüsusi talantları olur. Narsistlər hədsiz dərəcədə maraqlı və xarizmatik insanlar ola bilərlər. Bir çox partnyorlar zorakığa baxmayaraq, narsistin kampaniyasından və həyat tərzindən həzz aldıqlarını iddia edirlər. Uc xüsusiyyətləri olan insanlar sənin həyatına həyacan qata bilərlər... öz məqsədləri naminə. Sən onların bunu müəyyən vaxta qədər edəcəklərini dərk etməyə bilərsən.

Fasiləli mükafatlandırma və cəzalandırma

Biz nadir, gözlənilməz müsbət və mənfi fasiləli mükafatlandırma və ya cəzalandırma görəndə, pozitivin həsrətini çəkməyə başlayırıq. Beləcə, biz tələyə düşməyə vərdişkar oluruq. Partnyorlar emosional baxımdan əlçatmaz ola, yaxud əlçatmaz bağlılıq tərzinə sahib ola bilərlər. Onlar fasilələrlə yaxınlıq istəyə bilərlər. Möhtəşəm, məhrəm bir gecədən sonra onlar üz döndərə, qapalı ola, yaxud da zorakı ola bilərlər. Adam bizə qapananda, biz təşvişə düşürük və məhrəmlik axtarmağa başlayırıq. Beləcə, öz ağrımızı və həsrətimizi səhvən sevgi adlandırırıq.

Sevgi nədir, onu uzunömürlü və problemsiz necə yaşamaq olar?

Xüsusilə şəxsiyyət nizamsızlığı (personality disorder) olan insanlar bunu bilərəkdən edə bilərlər. Bizə manipulyasiya etmək və nəzarətdə saxlamaq üçün onlar rədd etmə və yanında saxlama oyunları oynayırlar. Sonra onlar təsadüfən ehtiyaclarımızı yerinə yetirirlər. Biz müsbət cavab almağı istəmək aludəçisinə çevrilə bilərik. Zaman keçdikcə aralaşma dövrləri daha uzun çəkir, amma biz, birləşməyə ümid etmək və gözləmək üçün tikan üzərində oturmaqla, onun yanında qalmaq təlimi keçmişik. Buna “travma bağlılığı” deyirlər, səbəbi də odur ki, zorakılığın təkrarlanan dövriyyəsində fasilələrlə mükafatlandırma və cəzalandırma elə emosional bağlar yaradır ki, dəyişikliyə müqavimət artır. Məhz bu, istismarçı münasibəti tərk etməyin niyə bu qədər çətin olduğunu və istismarçı ilə niyə qarşılıqlı asılılıqda olduğumuzu izah edir. Şəfqət və məhrəmiyyət hissləri daha da kəskin hiss olunur (mübahisədən sonrakı sərt və könülaçan seks kimi), çünki biz həsrət çəkmişik və indi sevildiyimizə görə rahatlanmışıq. Bu, zorakılığın dövr etməsinə rəvac verir.

Əgər sən tərk etməklə təhdid etsən, istismarçı bir anda çiçək aça bilər, amma bu nəzarəti ələ almaq üçün müvəqqəti gedişdir. Tərk etdikdən sonra ayrı qalmağa hazırlıqlı ol. Sən hələ də keçmiş istismarçını sevə və onunçün darıxa bilərsən.

Biz özümüzü tamamilə istismarçının nəzarəti altında hiss edəndə, fiziki zədələnmədən qaça bilməyəndə, bizdə əsirlərə aid olunan “Stokholm sindromu” yarana bilər. İstənilən qayğıkeş davranış, hətta zorakılığın yoxluğu mehribanlıq və qayğı əlaməti kimi hiss oluna bilər. İstismarçı daha az təhdidkar kimi görünə bilər və biz də onun həmdəmimiz olduğu və yenidən birlikdə olduğumuz xəyallarına qapıla bilərik.

Biz səhv etməyə meyilliyik. İstismarçını qorumaq istəyirik, çünki özümüzdən daha çox ona bağlıyıq. Kənardakılara danışmaqda, münasibəti tərk etməkdə və ya polis çağırmaqda günah hiss edirik. Məsələn, məsləhətçilər və müəyyən proqramlar “beyin yumaq və bizi ayırmaq istəyən” qüvvələr kimi görünə bilərlər. Bu toksik bağlılığı yenidən gücləndirir və bizi köməkdən təcrid edir... istismarçının istədiyi də elə budur!

Müəyyən addımlar ata bilərsən

Əgər sən münasibətdə tələyə düşdüyünü və ya eksindən xilas ola bilmədiyini hiss edirsənsə:

• Dəstək və peşəkar köməyinə müraciət et.

• Məlumatlan və təkzib etməyinə meydan oxu.

• Zorakılıq haqda xəbər ver və özünü istismar və emosional zorakılıqdan xilas etmək üçün addımlar at.

• Münasibətin haqda yaz və bunun üçün kədərlən.

• Özünü daha çox sevməyə çalış. Öz ehtiyaclarını özün qarşıla.

• Zorakılığa ağılla qarşı çıx və sərhədlər qoymağı öyrən.

• Özünəsayğını artırmaq üçün addımlar at.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR