Neil Gaimandan yazıçı olmaq istəyənlərə məktub: Divar hör!

Ədəbiyyat
Photo

“Yadıma düşdükcə, məktəbdə öyrədilməyən şeylərin siyahısını çıxarıram. Məktəbdə insanı necə sevəcəyinizi öyrətməzlər. Artıq sevmədiyiniz insanı necə tərk edəcəyinizi, başqalarının ağlından keçənləri necə oxuyacağınızı, ölməkdə olan insana əslində nə deməli olduğunuzu öyrətməzlər. Əslində, bilməli olduğumuz heç nəyi öyrətməzlər”.

Neil Gaimanın qəhrəmanlarından biri, məşhur komiks romanı “Sandman”da belə deyilir. Gaiman müasir dünyada fantastik ədəbiyyatın ən parlaq imzalarından hesab olunur. Amerikalı yazıçının gənc yazıçı namizədə ünvanladığı bu məktub həm yazıçılıq xəyalı quranlar üçün, həm də oxucular üçün böyük əhəmiyyət kəsb edir. Məktubu təqdim edirik.

“Əziz, yazıçı.

Yəqin ki, bu an sən yazmaqdan imtina etməyə hazırsan. Hər obrazın capcanlı, hər fikrin maraqlı göründüyü ilkin vəcd halı geridə qaldı. Kəlmələr ilə obrazların ağlından bilaixtiyar son sürətlə kağıza töküldükləri o, vacib final fəsillərinə ümumiyyətlə, yaxınlaşa belə bilmədin. Düz ortada ilişdin, bəlkə də yolu ancaq yarıyacan qət eləyə bildin, vəssalam. Parıltı soldu, sehr yoxa çıxdı. Klaviatura arxasında oturmaqdan belin ağrıyır, ailən, dostların, e-mail yoldaşların səni motivasiya etməkdən çox uzaqdırlar. Ən pisi də odur ki, artıq səni görə bilmədikləri üçün dayanmadan şikayətlənirlər, görəndə də onsuz da işində-gücündə olursan, ona görə də heç kim bu vaqiədən o qədər də məmnun deyil. Roman yazmağa niyə başladığını belə bilmirsən. Nə baş verdi ki, kiminsə bunu oxumaq istəyəcəyini düşündün, bilmirsən. Üstəlik bir gün onu yekunlaşdıra bilsən, sərf etdiyin vaxta, enerjiyə dəyib-dəyməcəyindən belə əmin deyilsən. Arada bir dayanıb yazdıqlarının ağlındakılara uyub-uymadığına nəzər yetirirsən. Hər kəlməsinin od tutub yandığı, parlaq, gözqamaşdırıcı, ehtişamlı bir roman planlaşdırmışdın, o günədək oxuduğun ən yaxşı kitabdan belə daha yaxşı olacaqdı. Amma indi əlindəki qaralama gözünə əzab verəcək qədər cılız görünür, o dərəcədə ki, hamısını zibil qutusuna atsan, sanki daha yaxşı olacaq.

Kluba xoş gəldin!

Yazıçı olmaq istəyənlərə Stefen Kinqdən 22 vacib məsləhət

Yazmaq. Heç kimin bilməyəcəyi qədər çətin işdir. Yaxşı gündə də yazırsan, pis gündə də. Köpəkbalığı kimisən, ya qabağa getməlisən, ya da ölməlisən... Yazmaq xilasın ola bilər, olmaya da bilər. Taleyində bu ola da bilər, olmaya da bilər. Fərqi yoxdur. İndi vacib olan məsələ sözləri ard arda gətirməkdir. Növbətisini tap. Yaz. Yenə. Yenə. Yenə.

Bomboş daş divar, yaxşı şeydir, naməlum bir yeri çevrələdiyini bilərsən. Amma onun üçün mütləq xərc çəkilməli olduğunu, divar ustasının bütün girinti və çıxıntıları bir-birini örtən daşları necə bacarıqla seçib yerləşdirdiyini başa düşəndə, vəziyyət daha da mütəəssiredici olur. Yazmaq da divar hörmək kimidir. İnsanın mətnə uyğun gələcək doğru sözü tapmaq üçün etdiyi əbədi axtarışlardır. Hadisələr hörgüsü, qəhrəman, metafora və üslub bütün bunlar kəlmələrlə müqayisədə ikinci plandadır. Divar ustası ona verilən sahənin axırına gələnədək, hər dəfə divarını bir daş əlavə etməklə hörər. Divarı hörməyi bacarmasa, nəzərə al ki, arxadakı sahəni də görə bilməyəcək. Buna görə də, hər dəfə əyilib əlindəki daş parçalarına baxmalı və içlərində ən uyğununu seçərək, boşluğa yerləşdirməlidir.

Sözlərin arxasınca gedilən səyahət də asan deyil, daha da pisi heç kim romanı sənin yerinə yaza bilməz

“Anansi Boys” adlı romanımın axırıncı üçdə birlik hissəsinə çatanda, menecerimə zəng edərək ona heç kimin oxumayacağı bir şeylə vaxt itirdiyimi, obrazların nə qədər cılız olduğunu, hadisələr hörgüsünün nə qədər mənasız olduğunu dedim. Bu kitabı yarımçıq qoyub başqa bir şey yazmağa qətiyyətlə hazır idim. Kitabı yarımçıq qoyub bağban, bank qərətçisi, “fast food” aşpazı, ya da sualtı bioloq kimi yeni həyat qura bilərdim.

Menecerim mərhəmətli davranmaq, dediklərimi təsdiq etmək, yaxud da mübahisə etmək əvəzinə, sadəcə belə dedi: “Eh, aydındır, deməli, kitabın məşhur hissəsinə gəlib çatmısan”.

Qabriel Qarsiya Markesdən yazmaq haqqında tövsiyələr

Heyrətlənmişdim. “Yəni mən bundan əvvəl də sənə belə şeylər demişəm?”

Yadında deyil?

Yoxx”.

Eh, hə” deyə menecerim davam etdi. “Bunu hər romanında edirsən. Üstəlik sən tək deyilsən, təmsil etdiyim digər yazıçılar da belə edir”.

Gör ha, taleyim belə o qədər də orijinal deyilmiş!

Beləliklə, telefonu qoyub kitab yazmaq üçün seçdiyim kafeyə getdim və qələmi əlimə aldım.

Sözlər sözlərin arxasınca gəldi...

Bax, roman deyilən şey belə yazılır. Gecə cinlər gəlib hekayəni sənin əvəzinə doqquzuncu fəslə qədər davam etdirə bilməzlər. Roman yazmağın bildiyim yeganə yolu budur.

Demək istədiyim odur ki, davam et, davam et. Hekayənə bir söz əlavə et, sonra əlavə bir dənəsini də.

Bir müddətdən sonra axırıncı döngəni keçdiyini görəcəksən. Beləcə yolu tamamlamağın artıq mümkünsüz görünməyəcək.

Uğurlar...”

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR