Yaxın Şərqdə Modernləşmə

Bernard Lewis

Tarix
Photo

Günün istənilən vaxtı, adamların – əslinə qalsa təkcə kişilərin – stol ətrafında oturub bir stəkan çay və ya bir fincan qəhvə içərək siqaret çəkdiyi, qəzet oxuyub, nərd oynayarkən küncdəki televizor yaxud radioya qulaq asdığı qəhvəxana və ya çayxanalara Yaxın Şərqin bir çox şəhərində tez-tez rast gəlmək olar.

Yaxın Şərqdəki qəhvəxanalarda vaxtlarını keçirən adamların xarici görünüşləri Avropadakı, xüsusilə də Aralıq dənizi Avropası qəhvəxanalarındakı insanlardan fərqli deyil. Amma əlli il əvvəl həmin yerdə yaşamış insanlardan çox fərqlidir, yüz il əvvəlki insanlardan isə tam başqadır. Belə fərq Avropa qəhvəxanasındakı insanlarda da mövcuddur, lakin bu iki fərqlilik bir-birinə oxşamır. Avropalının geyim, görünüş, rəftar və davranışlarında əmələ gələn dəyişikliklərin, demək olar ki, hamısı Avropa mənşəlidir. Bir neçə istisna xaric, bu dəyişiklik cəmiyyətin özündən qaynaqlanır; istisnalar isə yaxın əlaqədə olduğu Amerika cəmiyyətinin təsirləridir.

Yaxın Şərqdə baş verən dəyişikliklər isə, bu vəziyyətin tam əksinə kənardan, yaxın şərqlinin ənənələrinə tamamilə yad cəmiyyətlərdən və mədəniyyətlərdən qaynaqlanmışdır. Qəhvəxana stolunun ətrafındakı stulda oturub qəzet oxuyan adam, özünün və daha əvvəl də ana-atasının həyatına təsir etmiş dəyişikliklərin varisidir; halı, rəftarı, xarici görünüşü, geyimi və davranışları, hətta şəxsiyyəti ilə müasir çağda Qərbdən gəlib Yaxın Şərqi təsiri altına alan son dərəcə güclü və dağıdıcı dəyişiklikləri təmsil edir.

Açıq-aydın görünən ilk və ən diqqətə çarpan dəyişiklik geyim formasındadır. Ənənəvi geyimlər geyinilməsi də mümkündür, lakin şəhərlərdə buna az rast gəlinir. Ümumiyyətlə isə, Qərb tərzində köynək və şalvar yaxud günümüzdəki kimi tişört və cins geyinilir. Geyinmək, xüsusilə dünyanın bu bölgəsində, yalnız örtünmək, soyuqdan və istidən qorunmaq üçün deyil, şəxsiyyətini təyin etmək, mənşəyini göstərmək və eyni qrupdakılar tərəfindən tanınmaq üçün çox əhəmiyyətlidir. E.ə. 7-ci əsrdə peyğəmbər Zefaniahın (Zephaniah) kitabında (1:8), Allahın "Qurban günündə qəribə şəkildə geyinən hər kəsi" cəzalandıracağı yazılmışdı. Yəhudilərin və daha sonra müsəlmanların kitablarında inananların inanmayanlar kimi geyinməmələri, öz fərqləndirici geyimlərini geymələri buyurulur. "Onlar kimi olmamaq üçün kafirlər kimi geyinməyin" - ümumi xəbərdarlıqdır. Hz. Məhəmmədə aid edilən hədisə görə, "baş örtüyü, inancsızlıqla inanc arasındakı sərhəd" kimi qəbul edilir. Başqa bir hədisə görə, "digərlərinə oxşamağa çalışan onlardan biri olar". Son dövrlərə qədər, bəzi yerlərdə hətta indi də, hər etnik qrupun, hər dini zümrənin, hər əşirətin, hər bölgənin və bəzən də hər peşə qrupunun özünəməxsus, fərqləndirici geyim forması vardı.

Qəhvəxanada oturan adamın (Türkiyə xaricində) hələ də müəyyən növ papaq, bəlkə də araqçın yaxud daha ənənəvi bir şey geyinməsi mümkündür. Osmanlı dövrünə aid qəbiristanlıqları görənlər, birinin yaşayarkən geydiyi baş geyiminin mərmərdən düzəldilmiş oxşarının məzar daşının üzərinə qoyulduğunu xatırlayacaq. Qazıya aid məzar daşında qazı sarığı, yeniçərinin məzar daşında qatlanmış paltar qoluna oxşayan xüsusi yeniçəri baş geyimi olardı. Məzar daşlarında şəxsin yaşayarkən icra etdiyi peşəyə işarə edən baş geyimi də qoyula bilərdi. Adamdan məzarında da əl çəkməyən bir ayrı-seçkiliyin həmin adam yaşayarkən nə qədər böyük əhəmiyyət daşıdığını qeyd etməyə ehtiyac yoxdur. Son dövrlərə qədər türkcədəki "papaq qoymaq" deyimi ingiliscədəki köhnə "to turn one's coat" (paltosunu tərs üzə çevirmək) deyimiylə eyni mənada işlədilirdi. Deyimin mənası dinindən dönmək, başqa dinə keçmək idi. Hazırda Türkiyədə şapka, papaq yaxud dindarların baş geyimi kimi bir çox fərqli baş geyimi istifadə edildiyi nəzərə alınsa, artıq bu deyimin mənasını itirdiyi aydındır. Digər tərəfdən ərəb ölkələrində Qərb tərzində papaqlar nadir hallarda istifadə edilir, İranda da vəziyyət eynidir. Geyim tərzinin, xüsusilə də papağın qərbliləşmə prosesi, Yaxın Şərqin modernləşmə mərhələlərini göstərməsi baxımından əhəmiyyətlidir.

Modernləşmənin reallaşdığı bir çox sahədə olduğu kimi geyimdə də dəyişikliyin başlanığıcı hərb ilə qoyulmuşdur. Qərb hərbi formaları, islahatçılar üçün cadulu cazibədarlığa malik idi. Müsəlman hökmdarlar savaş meydanlarında ordularının kafir düşmənlər qarşısında ard-arda məğlub olması ilə, istəməyərəkdən də olsa düşmənlərinin silahları ilə bərabər təşkilatlarını, Qərb tərzində formalarını və təchizatlarını da götürmüşdülər. 18-ci əsrin sonlarında Osmanlı ordusundakı ilk islahat hazırlıqlarında Qərb silah və təlim üsullarını qəbul etməyin gərəkliliyi düşünülsə də, Qərb formalarını götürmək gərək deyildi. Bu, hərbi deyil ictimai seçim idi. Bu seçim, Liviya və İran İslam Respublikası da daxil olmaqla bütün müsəlman ölkələrin modern orduları tərəfindən edilmişdir. Qərb silah və taktikalarının təsir və gücləri səbəbiylə seçimi zəruri idi, ancaq forma və günlüklü baş geyimi üçün hər hansı bir zərurət olmadığı halda bunlar hələ də istifadə edilməkdədir. Bu tərz dəyişiklik, şiddətli və kəskin şəkildə etiraz edənlər üçün belə Qərb mədəniyyətinin davam edən cazibədarlıq və nüfuzunun dəlili olmuşdu.

Hərbi formalarda ən son dəyişiklik papaqda oldu. Bir çox ərəb ölkəsində qəhvəxanadakı adamın bu gün də, naxış və rəngiylə ictimai yaxud regional mənsubiyyətinə işarə edən ənənəvi papaq qoyması ehtimalı var. Başın örtülməsinin simvolik vəziyyəti açıq şəkildə görünür. Müsəlmanlar üçün əhəmiyyətli bir məqam da Avropa papaq tərzlərindən çoxunun günlüklü olması səbəbindən namaz qılmağa maneə olması idi. Xristianların əksinə müsəlmanlar, yəhudilər kimi, hörmət ifadəsi olaraq başları örtülü ibadət edirlər. Müsəlman ibadəti olan namaz alını yerə toxundururaq səcdə etməyi lazımlı bilir, amma şapkanın günlüyü buna mane olur. Yaxın Şərqdəki müsəlman orduları Qərb (hərbi) formalarının, demək olar ki, eynisini geyindikləri halda, uzun müddət Qərb papaqları qoymayıb ənənəvi papaq tərzlərini davam etdirdilər. 19-cu əsrin ilk ciddi islahatçılarından Sultan II Mahmud (1808-1839) ərəbcədə "tarbış" adı verilən yeni papaq növünü, fəsi istifadəyə gətirmişdi. Əvvəllər qəbul edilməyən və kafir icadı olaraq baxılan fəs vaxt keçdikcə qəbul edilərək müsəlmançılığın bir simvolu oldu. Türkiyə Respublikasının qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən 1925-ci ildə fəsin ləğv edilməsi, eynilə qəbul edilərkən olduğu qədər, sərt reaksiyalara səbəb oldu. İctimai simvolizm mövzusunda mütəxəssis olan Atatürk, fəsin və ənənəvi kişi papaqlarının yerinə avropalı şapka və papaqların geyinilməsi qanununu qoyarkən, gördüyü iş qətiyyən hökümranlığının yersiz kaprizi deyildi. Özü də, yanında olanlar da, ona qarşı çıxanlar da verdiyi bu əhəmiyyətli ictimai qərarın mənasını çox yaxşı bilirdilər.

Bu cür dəyişiklik ilk dəfə deyildi. 13-cü əsrdə Yaxın Şərqin müsəlman torpaqları monqollar tərəfindən fəth edilmiş, Hz. Məhəmməd dövründən sonra ilk dəfə müsəlman olmayan bir hökmdar hakimiyyətə keçmiş və müsəlmanlar hərbi sahələrdə monqol üsullarını götürmüşdülər. Monqolların himayəsinə heç vaxt daxil olmayan Misirdə belə müsəlman əmirləri monqollar kimi geyinməyə, onların təchizatlarını istifadə etməyə və müsəlmanların adətləri saçları qısa kəsmək olduğu halda, saçlarını monqollar kimi uzatmağa başlamışdılar. Müsəlman ordularının monqol forma və təchizatlarını qəbul etmə səbəbi bu gün geydikləri forma və günlüklü şapkaları götürmə səbəblərinə əsaslanırdı. Bu səbəb, götürdükləri şeylərin dövrlərinin ən əhəmiyyətli hərbi gücünün xarici görünüş və taktikalarını təmsil etməsi idi. Monqol formaları, təchizat və saç formalarının təsirləri 1315-ci ilə qədər davam etmişdi. Yaxın Şərqdəki monqol xaqanlarının müsəlmanlığı qəbul etmələrinin ardından, Misir sultanı əsgərlərinə saçlarını kəsmək, qəbul etdikləri monqol tərzini tərk etmək, ənənəvi müsəlman geyimini geymək və papaqlarını qoymaq əmrini vermişdi. Belə bir dəyişiklik müasir müsəlman ordularında hələ reallaşmayıb.

Hərbi sahədən sonra sarayda dəyişiklilər başladı. Sultanın geyimləri qərblilərinkinə oxşamasın deyə fərqləndirilməyə çalışıldı, lakin çox da fərqlənməyən, yenə Qərb geyimi kimi görünən bir dəyişiklik baş verdi. Sultan II Mahmudun hərbi geyim islahatından əvvəl və sonra çəkilmiş iki portreti Topqapı Sarayında qalır. Eyni rəssamın çəkdiyi anlaşılan bu iki portretdə II Mahmud eyni atın üstündə, eyni bucaqdan görünür. Portretlərdən birində ənənəvi Osmanlı geyimlərində, digərində isə şalvar və pencəkdə çəkilmişdir. Atatürk daim etdiyi kimi məsələni təməldən ələ alaraq, "Mədəni geyimlər geyək" - deyərkən nəyi izah etmək istəmişdi? Köhnə sivilizasiyaların geyimləri hansı səbəbdən mədəni deyil? Atatürkə görə, sivilizasiya müasirlikdir, yəni Qərb sivilizasiyasıdır.

Sultandan sonra sarayda da Qərb geyim tərzi təsirli olmuşdu. İlk dəfə o dövrdə vətəndaşlar üçün geyim qanunları qəbul edildi və tətbiq olundu. Osmanlı saray məmurlarının geyməyə başladıqları şalvar və redingot, digər məmurlara da yayıldı. XIX əsrin sonlarında artıq Osmanlı topraqlarındakı bütün dövlət məmurları müxtəlif şalvar və pencəklər geyinirdilər. Geyimlərdəki bu dəyişiklik, ictimai quruluşun ciddi dəyişiklik içində olduğunun əlaməti idi. Yeni geyim tərzi məmurlardan sonra şəhərlərdə yaşayan əhali arasında da qəbul olunmağa başlandı. İranda bu ölçüdə bir dəyişikliyin baş verməsi uzun çəkmişdi; Osmanlıda da, İranda da işçi sinifinin və çöl ərazidə yaşayanların Qərb geyimlərini qəbul etmələri uzun çəkmiş və bu geyimlər hələ tamamilə qəbul edilməyib. Hətta 1979-cu il İslam İnqilabından sonra da İran Respublikasının dövlət adamları Qərb tərzi pencək və şalvar geysələr də, qalstuk taxmağı qəbul etməyərək Qərb ənənə və məhdudiyyətlərinə əks getdiklərini göstərməyə çalışırdılar.

Qadınların geyimində qərbliləşmə və modernləşməyə qarşı dirəniş güclü olmuşdur. Dəyişikli çox sonra həyata keçmiş, bu gün də olduğu kimi, heç vaxt kişilərdəki nisbətə çatmamışdır. Müsəlmanların qadın əxlaqı ilə bağlı qaydaları bu vəziyyəti olduqca kritik bir problem və tez-tez gündəmə gələn bir mübahisə mövzusu halına salmışdı. Atatürk belə kişilər üçün fəsi və ənənəvi papaqları qadağan etdiyi halda, qətiyyən örtüyü yasaqlamamışdı. Örtüyün götürülməsini, kişilərin baş geyimlərinin götürülməsindəki kimi qanuni sanksiyalar deyil, ictimai təzyiq təmin etmişdi. Qadın geyimindəki dəyişiklik prosesi başqa məsələrdə olduğu kimi fərqli qadın həqiqətlərini ortaya çıxarır. Qəhvəxanada qadınlara nadir hallarda rast gəlinir, onlar da əksəriyyətən ənənəvi geyim tərzinə uyğun örtünürlər. Lakin bəzi ölkələrdə, varlıların getdiyi bahalı otel və kafelərdə müasir geyimli, başqa təbirlə Qərb tərzində geyinmiş qadınlara rast gəlmək olur.

Qərb əleyhdarı radikal ölkələrdə geyimdə baş verən dəyişiklik başqa bir ciddi dəyişikliyi göstərməkdədir. Bu ölkələrdə yaşayanların tamamilə olmasa da, bəzi Qərb geyimləri geyməsi kimi, dövlətlər də yazılı konstitusiya, qanunverici məclis və müxtəlif seçki formaları istifadə edərək, sanki Qərb tərzi pencək və papaq geyirlər. Köhnə İranda və ya müqəddəs İslami tarixlərdə yer almamasına rəğmən, İran İslam Respublikasında vəziyyət belədir.

Qəhvəxana stolu ətrafındakı stulda oturan adamın yanına qayıtsaq, hər iki əşya Qərb təsirindən gələn yeniliklərdir. Antik çağlarda və Roma dövründə Yaxın Şərqdə stol və stul istifadə edilərdi, lakin ərəb fəthlərindən sonra istifadə olunmadı. Ərəblər ağacın az, taxtanın qiymətli olduğu bir ölkədən gəlmişdilər; yun və dəri bol olduğu üçün evləri və bütün binaları döşəməkdə, geyimləri tikməkdə bunlardan istifadə edərdilər. Xalçalarla döşənmiş döşəklərdə və divanlarda (divan sözünün mənşəyi Yaxın Şərqdir) oturar, bəzəkli nimçələrdə yemək yeyərdilər. 18-ci əsrin əvvəlində çəkilən Osmanlı miniatürlərindəki saray bayramlarında avropalıların siluetləri yer alır. Avropalılar pencək, şalvar və papaqları ilə yanaşı, üstündə oturduqları stulları ilə osmanlılardan fərqlənirdilər. Osmanlılar qonaqpərvərlikləri ilə məşhur idi və avropalı qonaqlara oturmaq üçün stol qoysalar da, özləri ondan istifadə etmirdilər.

Qəhvəxanadakı adam indi qəhvəsini içərkən siqaretini tüstülədir. Siqaret Qərb, daha doğrusu Amerika mənşəlidir. Tütünün Yaxın Şərqə 18-ci əsrin əvvəlində ingilis tacirlər tərəfindən gətirildiyi və çox qısa müddətdə məşhur olduğu məlumdur. Qəhvə isə 16-cı əsrdə gəlmişdi. Həbəşistanda bitən qəhvə Cənubi Ərəbistana, oradan da Misir, Suriya və Türkiyəyə gətirilmişdi. Türk tarixçiləri qəhvənin Qanuni Sultan Süleymanın zamanında (1520-1566) biri Hələbdən, digəri isə Şamdan gəlmiş iki suriyalı tərəfindən gətirildiyini və bunların İstanbulun ilk qəhvəxanalarını açdığını yazırlar. Qəhvə çox rəğbət görmüşdü, belə ki Hələbli qəhvəxana sahibinin üç il ərzində beş min qızıl qazandığı rəvayət edilir. Qəhvəxana mədəniyyətinin yaranması, həm üsyanlardan qorxan dövlət adamlarının, həm də bu cür həzz verici maddələrin İslam hüququna zidd olmasından narahat olan din adamlarının təlaşa qapılmasına yol açmışdı. l633-cü ildə Sultan IV Murad qəhvəni və tütünü yasaqlamış və istifadə edənlərin öldürülməsini buyurmuşdu. Tütünün dəstəkçiləri və əleyhdarları arasındakı mübahisələr davam etdiyi bir vaxtda, l634-cü ildə tütün aludəçisi olduğu üçün vəzifəsindən azad edilib sürgünə göndərilən baş müfti Məmməd Bəhai Əfəndinin fətvasıyla tütün qanuni elan edildi. Həmin əsrdə yaşamış Osmanlı yazarı Katib Çələbi tütünün qanuniləşdirilməsini öz asılılığı səbəbindən deyil, qadağan olanın daha çox istək doğuracağı prinsipindən və xalqın xeyri üçün edildiyini yazmışdı.

Qəhvəxanadakı adamı qəzet oxuyarkən yaxud başqa birinin oxuduğu qəzeti dinlərkən görə bilərik. Qəzet, adamlara fərdi şəkildə və bütün cəmiyyətə təsir edən ən ümumi və böyük dəyişikliklərdən biridir. Qəzet, bölgənin əksər hissəsində, Yaxın Şərqdə ən geniş yayılmış dil olan ərəb dilində nəşr edilir. Məhsuldar Aypara (Mesopotamiya-Suriya və İordaniya bölgəsi), Şimal Afrika və Misirdə köhnə çağlarda danışılan dillər yalnız dini mərasimlərdə yaxud kiçik azlıqlar arasında qalmaq surətiylə yoxa çıxıb. Yəhudilərin dini və ədəbi dil olaraq qoruduqları, müasir İsrail dövlətində siyasi və gündəlik dil olaraq yenidən istifadə etməyə başladıqları ibranicə tək istisna olaraq qalıb. İranda danışılan köhnə dildə dəyişikliklər baş verib, amma yerini ərəbcəyə verməyib. Lakin İslamiyyətin yayılmasıyla ərəb hərfləri istifadə edilməyə başlanmış, çoxlu ərəb sözü farscaya keçmişdir. Farscanın başına gələnlər, türkcənin də başına gəlib. Ancaq islahatçı dövlət rəhbəri Mustafa Kamal Atatürk, türkcənin yazılmasında istifadə edilən ərəb əlifbasının yerinə yeni latın əlifbasını gətirmiş və beləcə ciddi bir mədəni dəyişikliyi həyata keçirmişdir. Türk dil ailəsinə daxil olan dillərin danışıldığı Sovet İttifaqının bəzi köhnə respublikalarında da türklərdəki vəziyyətin oxşarına rast gəlinir.

Antik çağlardan etibarən Yaxın Şərqdə yazıya rastlanır. Yazının icad edilməsindən əvvəl istifadə edilən simvol, işarə və şəkil sistemlərinin inkişaf ilə icad edilən ilk əlifbanın ana vətəni Yaxın Şərqdir. İbrani, ərəb, latın və yunan əlifbaları, Levant sahilində (Şərqi Aralıq dənizi) yaşayan və ticarətlə məşğul olan xalqların ilk əlifbalarından başlanığıc götürmüşdü. Əlifba ilə mətnlərin yazılması və təhlili asanlaşdığı halda, VIII əsrdə Çindən kağızın gəlməsi ilə yazılı mətnlərin istehsalı və yayılması daha da sürətlənmişdi. Digər tərəfdən, Uzaq Şərqdə ortaya çıxan mətbəə Qərbə doğru irəliləmə prosesində Yaxın Şərqə baş çəkməmişdi. Ancaq mətbəənin Yaxın Şərqdə məlum olduğu, Orta Əsrlərdə istifadə edilmiş müəyyən növ taxta nəşr izlərindən anlaşılır. 13-cü əsrin sonlarında İranın monqol hökmdarlarının kağız pul çap etmə cəhdləri, işşilərə kağız pul ödəyib vergiləri qızıl olaraq yığmaq istədikləri üçün pula qarşı yaranan etibarsızlıq səbəbiylə uğurlu olmamışdı. Mətbəənin Yaxın Şərqə girişi Çindən deyil, Türkiyədən baş vermişdi. Kafir ölkələrdə olanlarla maraqlanmamağı seçən Osmanlı tarixçiləri, mətbəənin icadı ilə maraqlanmış, Qutenberq və ilk mətbəə maşını ilə əlaqədar bir neçə sətir də yazmışdılar. Yaxın Şərqə mətbəəni 1492-ci ildə İspaniyadan sürgün edilən İspaniya yəhudilərinin də gətirdiyi ilə əlaqədar qaynaqlar vardır. Mətbəə ilə birlikdə, çap edilmiş kitablarla Qərb əl sənətlərini, düşüncələrini, qabiliyyətlərini və bunları istehsal etmə elmini də gətirmişdilər. Musəvilərdən sonra müsəlman olmayan digər birliklər də oxşar təsirlənməyə yol açmışdı. Bu fəaliyyət bütün xalqların mədəniyyətinə təsir edəcək qədər güclü olamamış, lakin başlanğıç nöqtəsi olmuşdu. Osmanlı arxivlərindəki vəsiyyətnamə sənədlərindən Avropada ərəb hərfləriylə çap edilmiş kitabları müsəlmanların aldığı məlum olur. 18-ci əsrin əvvəlində İstanbulda qurulan ilk müsəlman mətbəəsində xristian və musəvi ustalar işləyib.

Qəzetlərin meydana çıxması çox sonra baş verdiyi halda, müsəlman ziyalılar mətbuatın imkan və əlbəttə təhlükələrini dərk edirdilər. l690-cı ildə Fasın İspaniya elçisi Vezil-əl Gassani ləqəbli Məhəmməd ibn Əbdül Vahab, qəzetlərdən "xəbərlərin yazıldığı deyilən, amma sensasional yalanlarla dolu yazılar çap edən yazı fabrikləri" kimi bəhs etmişdi. 18-ci əsrdə osmanlıların Avropa mətbəəsindən xəbərdar olduğu irəli sürülür. Mətbuat Yaxın Şərqə birbaşa Fransız İnqilabının bir nəticəsi olaraq girmişdi. Yaxın Şərqdə nəşr edilən ilk qəzet, 1795-ci ildə Fransız Səfirliyində nəşr olunan "Gazette Française de Constantinople"dur; fransız vatandaşları üçün nəşr edilməsinə baxmayaraq, fransız olmayanlar tərəfindən də oxunurdu. General Bonapart vasitəsilə Misirə aparılmasından sonra Qahirədə fransız qəzetləri və rəsmi qəzetlərin çapına başlandı. Qahirədə fransızlar tərəfindən ərəbcə bir qəzet çıxarıldığı barədə məlumatlar olmasına baxmayaraq, bu günə qədər bu qəzetə rastlanmaması, belə bir qəzetin nəşr olunmadığını göstərməkdədir.

Ənənəvi müsəlman cəmiyyətlərində hökmdarlar ciddi dəyişiklikləri müxtəlif yollarla xalqa bildirərdilər. Sikkələrin üzərindəki yazılar və məscidlərdəki cümə xütbəsi bu məqsəd üçün istifadə edilərdi. Sikkələrdə və xütbələrdə hökmdarın adı olardı. Duada hökmdarlardan birinin adının deyilməməsi yaxud yeni bir ad əlavə olunması dəyişiklik olduğuna işarə edirdi. Cümə xütbəsinin davamında qəbul edilən tədbirlər və yeni siyasətlər izah edilərdi və vergilərin qaldırılması ictimai yerlərdə yazılı şəkildə bildirilərdi. Saray şairləri hökmdar üçün tərif şeirləri yazardılar. Bu şeirlər asan əzbərlənə bildiyi və sürətlə yayıldığı üçün ictimai əlaqələr məqsədli olardılar. Rəsmi tarixçilərin nəşr etdiyi yazılı sənədlər əhəmiyyətli hadisələri xəbər vermək məqsədiylə istifadə edilərdi. Osmanlı sultanlarının hərbi uğurlarını bildirən zəfər məktubları, fəthnamələr xalqla əlaqə qurmağın digər yolu idi. Yazılı və şifahi ünsiyyəti rəhbərliyə dəstək üçün istifadə etmək təcrübəsi olan müsəlman hökmdarlar, gəlmə bir yenilik olan qəzeti də necə istifadə edəcəklərini bilirdilər.

Yaxın Şərqdə yerli bir mətbəənin qurulması, çağdaş və rəqib olan iki ciddi islahatçı idarəçi - Misirdə Məmməd Əli Paşa və Osmanlı Sultanı II Mahmud tərəfindən həyata keçirilmişdi. Digər məsələlərdə olduğu kimi bu mövzuda da Məmməd Əli Pasa qabaqcıl olmuş, Sultan Mahmud da bir paşanın etdiyini, bir padşahın daha yaxşı edə biləcəyi prinsipindən hərəkət edərək onu izləmişdi. Məmməd Əli Paşa əvvəl fransızca, sonra da ərəbcə rəsmi qəzet ilə, Sultan II Mahmud isə fransızca və türkcə qəzet ilə işə başladı. Yaxın Şərqdə nəşr olunan qəzetlər, uzun müddət yalnız rəsmi qəzetlər oldu. Həmin dövrün bir məqaləsində, "Qəzetin məqsədi hökumətin qərar və əmrlərini xalqa çatdırmaqdır" sözləriylə izah edilən mətbuatın bu vəziyyəti və funksiyası, bölgədə bu gün də davam edir.

Qəzet çapının Yaxın Şərqdəki tarixini yazmaq olduqca çətindir. Qəzetlərin bir çoxu bir neçə sayda nəşr olunub bağlandığı üçün tam arxiv yoxdur. Məlum olduğu qədər, rəsmi olmayan ilk qəzet 1840-cı ildə İstanbulda türkcə nəşr edilən "Ceride-i Havadis"dir. Qəzetin sahibi və redaktoru, fərman əldə edən ilk şəxs kimi tanınan William Churchill adlı ingilisdir. Qəzet müəyyən fasilələrlə nizamsız şəkildə nəşr olunmasına baxmayaraq, varlığını davam etdirə bilmişdi.

Yaxın Şərqə Krım müharibəsi ilə gələn və o vaxta qədər rast gəlinməyən ünsiyyət təmin edən teleqraf, qəzet çapında dönüş nöqtəsi olmuşdur. Churchill Krım müharibəsi üçün bölgəyə gələn ingilis və fransız müharibə müxbirlərindən biriylə razılaşmış və onun Londondakı qəzetə hesabat göndərməsini təmin etmişdi. Churchillin qəzeti "Ceride-i Havadis" həftədə beş gün çıxmağa başlamışdı. Beləcə əvvəl türklər, sonra da digər yaxın şərqlilər tütündən də, qəhvədən də daha çox asılılıq yaradacaq digər alışqanlığa qapılmış oldular. Az müddət sonra Osmanlı İmperatorluğunda türk dili yerinə daha çox ərəb dili yayılmış bölgələr üçün ərəbcə qəzet çıxarıldı. Müharibədən sonra ərəbcə qəzetin nəşri sona çatdığı halda, türkcə qəzetin nəşri davam etdi və onu başqaları izlədi.

1860-cı ildə İstanbulda Osmanlı hökuməti tərəfindən yalnız rəsmi elan məqsədi daşımayıb, eyni zamanda imperatorluğun daxilindən və xaricindən xəbərlər və məqalələrin yer aldığı, ərəbcə həqiqi gündəlik qəzet çıxarılmağa başlandı. Həmin illərdə Beyrutda cizvit keşişləri də ərəb ölkələrinin ilk gündəlik qəzetini çıxarırdılar. İmperialist və missionerlərin yaratdığı iki böyük təhlükədən şikayət edən müsəlmanlar, bu baxımdan haqsız da sayılmazdılar, çünki onlara gündəlik qəzeti imperialist və missionerlər vermişdi. Mətbuatın inkişafı jurnalistlər və oxucular üçün özü ilə bərabər təbliğat və senzura olmaq üzrə iki ciddi problem gətirdi.

19-cu əsrin sonları ilə 20-ci əsrin əvvəllərində, xüsusilə ingilis işğalının uyğun şərait yaratdığı Misir başda olmaqla, gündəlik, həftəlik və aylıq mətbuatda çox sürətli və məşhur inkişaf özünü göstərdi. Misirdə çıxan nəşrlər ərəbcə danışılan digər ölkələrdə geniş yayıldı, bu ölkələr də öz qəzet və jurnallarını hazırladılar. Mətbuatın inkişafının təsirləri çox böyük oldu. Həm ölkə daxilindən, həm də ölkə xaricindən davamlı xəbər alına bilməsi sayəsində, qəzet və jurnalları oxuyan yaxud oxuyanları dinləyən sıravi insanlarda, yaşadıqları şəhər, ölkə, qitə və dünya haqqında əvvəlki ilə müqayisəyə gəlməyəcək dərəcədə ciddi dərketmə baş verdi. Mətbuat yeni bir siyasiləşmə və ictimailəşmə də ehtiva edirdi. Krım müharibəsi ilə baş verən tək yenilik mətbuat olmamış, Qərb nümunələrinə uyğun bələdiyyələrin yaradılması, Qərb tərzində dövlət maliyyəsinin, xüsusilə də dövlət borclanmasının gətirilməsi kimi başqa yeniliklər də baş vermiş və bunlar qəzetlərdə qeyd olunmuşdu.

Dildə də çox ciddi dəyişikliklər baş vermişdi, əvvəl türkcə və ərəbcədə, daha sonra farscada, ilk qəzetlərin rəsmi əmr tərzindən, sonrakı illərdə çıxan və bu günə qədər gələn jurnalist tərzinə doğru sürətlə irəliləmə baş vermişdi. Müasir dünyanın problemlərini müzakirə etmək üçün, Yaxın Şərq jurnalistlərinə artıq yeni ünsiyyət mühiti yaratmaq zəruri olmuşdu. 19-cu əsrdəki qəzetlər Amerika Vətəndaş müharibəsi, Polşanın Rusiyaya müqavimət göstərməsi, Kraliça Viktoriyanın Parlamentdə açılış nitqi kimi xəbərləri verir və bunları müzakirə edirdilər. Bu cür xəbərləri vermək və müzakirənin gərəkliliyi Yaxın Şərqin müasir jurnalistika və siyasi dilinin yaranmasında olduqca əhəmiyyətli faktordur. Bundan da əhəmiyyətlisi, Yaxın Şərqdə daha əvvəl heç rast gəlinməmiş yeni, amma çox əhəmiyyətli bir peşənin, jurnalistikanın meydana çıxmasıdır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR