Abbas Kiarostami və onun uşaq filmləri

Sənət
Photo

Abbas Kiarostami 22 iyun 1940-ci ildə fars şeirinin özünün ən parlaq günlərini yaşadığı dövrdə anadan olub. O, 1970-ci ildən etibarən kino sahəsində çalışmağa başlayıb və istifadə etdiyi poetik kino diliylə İran “Yeni dalğası”nın ən görkəmli rejissorlarından birinə çevrilib. Bu cərəyanın avanqard fransız nümayəndəsi Jean-Luc Godardın haqqında yüksək fikirdə olduğu Kiarostami (“Kino Griffith ilə başlayıb, Kiarostami ilə bitir”), qısa və sənədli filmlər də daxil olmaqla, 40-dan çox film üzərində işləyib. Xüsusilə, onun “Koker trilogiyası” (The Koker trilogy), “Gilasın dadı” (Taste of Cherry) və “Külək bizi aparacaq” (The Wind Will Carry Us) filmləri ciddi diqqət yaratdı və bu filmlərdən sonra rejissorun şöhrəti dünya kinosunun tanınmış adlarından Kurosawa və Ray ilə müqayisə ediləcək səviyyəyə çatdı.

Abbas Kiarostaminin rejissorluğu müəyyən mənada müasir fars şeirinin estetik gözəlliyinə, xüsusən də onun üzərində təsiri olan Füruğ Fərruxzad və Söhrab Sepehrinin şeirlərinə bənzəyir. Burada elə bir dövrdən söhbət gedir ki, bir çox sənət sahələri “şer-e nou”nun (yeni şeir) eksperimental xəttindən ciddi formada təsirlənmişdi və təbii, kino da bu prosesdən kənarda qala bilməzdi. Ötən əsrin 60-cı illərinin həmin poetik atmosferi və şeirdən gələn humanist ideyaları növbəti onilliklərdə Abbas Kiarostami yaradıcılığının istiqamətini müəyyən edən əsas amillər oldu.

Poetik ritorika ilə film həssaslığını ustalıqla birləşdirən Kiarostami, humanist yanaşma ilə reallığın quraşdırılmasındakı süniliyi tamaşaçıya xatırlatmaq üçün reallıq və fikşnı bilərəkdən birləşdirməkdən çəkinmirdi. Məqsədinə çatmaq üçün isə adətən sərt özünü-tənqid və özünüdərkə yönəlmiş ironik, yumoristik kino dilini istifadə edirdi. Minimalist yanaşmanı və poetikliyi filmlərində tez-tez istifadə edən Kiarostami sənətinin ən qabarıq xüsusiyyətlərinə sənədli tərz nəqletmə, kənd yerlərində sadə insanların həyatlarının böyük ekrana gətirilməsi, maşınların içində baş tutan dialoqların sıxlığı və ümumən sabit kamera-uzun plan daxildir.

İran kinosu – mif, yoxsa həqiqət?

Bir də Kiarostaminin uşaq qəhrəmanları. Kiarostaminin uşaqları şəhərli orta və aşağı sinif uşaqlar və kəndli uşaqlardır. Rejissor reportajların birində filmlərindəki uşaqlarla bağlı bunları ifadə edib:

Əvvəllər, uşaqlar üçün film çəkməyə heç marağım yox idi. Uşaqlar üçün film çəkməyə “Uşaqların və Gənclərin İntellektual İnkişafı” mərkəzində işə başladığım dövrdə başladım. Peşə fəaliyyətimə isə televiziya üçün reklam çarxları çəkərək başlamışdım. Əgər hələ də reklam filmi çəksəydim, nə üçün onlara maraq göstərdiyimi soruşacaqdınız. Uşaqlar üçün film çəkərkən yavaş-yavaş onları kəşf etdim. 20 ildən artıq uşaqlarla işlədim və onların nə qədər şirin və yolagedən olduqlarını başa düşdüm. Bundan əlavə, onların baxış bucağı böyüklərdən daha doğru və daha maraqlıdır. Uşaqlar kitablarda oxuduğumuz müdriklər kimidirlər. Onlar kimi yaşayırlar. Tamamilə onlar kimi, müsbət mənada opportunistdirlər. Onlarda ən çox qibtə etdiyim şey budur. Artıq uşaqlar üçün, ya da onlar haqqında film çəkməsəm də, güman edirəm, illər ərzində uşaqlarla birlikdə işlədiyim üçün onlardan təsirlənmişəm. Filmlərimdə bir növ uşaq zarafatçıllığı vardır. Filmlərim olduqca bəsit və demək olar, uşaqvari həyat fəlsəfəsini əks etdirirlər.

“Dostumun evi hardadır” (Where Is the Friend's Home?, Khane-ye dust kojast): 1987-ci ildə çəkilən film Kiarostaminin ilk şedevrlərindən biri hesab edilir və "Koker trilogiyası"nın birinci filmidir. (Koker İran, Rüstəmabadda bir kənd adıdır və trilogiyanın hər üç filmi həmin kəndlə bağlıdır). Filmin adı Söhrab Sepehrinin “Dostun evi haradadır?” adlı şeirindən götürülüb. “Dostumun evi hardadır” elə ekranlara çıxdığı il Tehranda iki mükafata, iki il sonra isə Lokarna Beynəlxalq Film Festivalında “Gümüş şir” mükafatına layiq görüldü.

Filmdə Əhməd adlı uşaq qonşu kənddə yaşayan sinif yoldaşı Nematzadənin dəftərini səhvən özü ilə götürür və bunu başa düşdükdən sonra dostunu tapmaq üçün mübarizə aparır. Əgər Əhməd dostunun dəftərini özünə çatdırmasa o, dərs tapşırığını yerinə yetirmədiyinə görə müəllim tərəfindən cəzalandırıla, döyülə və hətta məktəbdən qovula bilər. Filmin mövzusu Əhmədin sinif yoldaşının evini tapmaq üçün yola çıxması və qarşılaşdığı insanlarla münasibətlər üzərində qurulub. Öz ailəsi də daxil olmaqla, yolda qarşılaşdığı böyüklər uzaq kənddə tanımadığı bir evi axtaran Əhmədi fikrindən daşındırmaq, geri qaytarmaq, hətta manelər yaratmağa çalışırlar. Lakin Əhməd dostunun evini tapıb onun dəftərini geri qaytarmaqda israrlıdır. Bu yolda onu yalnız qoca bir dülgər başa düşür və ona kömək edir. İnsanların kəndi tərk edərək şəhərlərə köçməsini və öz taxta pəncərələrini dəmirlə əvəz etməsini başa düşməyən dülgər saf və məsum uşaq duyğularını qoruyub saxlaya bilən və artıq itib getməkdə olan nəsli simvolizə edir. Bir vaxtlar ətrafda yaşayan sakinlərin qapı və pəncərələrini düzəltmiş bu peşəkar dülgərin peşəsi adamların taxtanı dəmirlə əvəz etməsinə görə artıq öz əhəmiyyətini itirib. Buna baxmayaraq, dülgər şəhərə köçməyi rədd edərək öz doğma kəndində ölümünü gözləyir. Bununla, Kiarostaminin kasıb, hissiyyatlı və sadə dülgəri Əhmədə köməyi və öz yurduna bağlılığı ilə modern həyat nizamına və disiplininə qarşı üsyan edir.

İran “filmfarsi”si kino tarixinin ən böyük sirlərindən biri olaraq qalmaqdadır

Sadə təsir bağışlayan bu hekayə, Kiarostaminin rejissorluğunda fərdi öhdəlik, vicdan, sədaqət kimi əsas insani dəyərlərin simvolizə edilib yoğrulduğu sənət hekayəsinə çevrilmişdi. Modernizmin insanları mexanikləşdirdiyi və bir-birinə yadlaşdırdığı bir dünyada dostluq, vəfa, empatiya kimi başlıca insani duyğuları öz filminə daşıyaraq məsumiyyət ilə uşaqların sehirli dünyasını birləşdirməyi bacaran Kiarostami sadə üslubla bəşəri məsələlərə toxuna bilib. Kiarostami bu filmi ilə böyüklərin hissiyyatsız və despotik dünyasına qarşı uşaqların saf dünyasını qoyur; dostluq, məsuliyyət, ümid, səbr, sədaqət, geri çəkilməmək, yardımlaşmaq, əxlaq kimi başlıca insani duyğuları vəzifəsini yalnız öz gündəlik öhdəliklərini yerinə yetirməkdə görən insanların dünyasında yenidən gündəmə gətirir.

Filmin qəhrəmanı olan Əhməd xarakterinin ən mühüm xüsusiyyəti tənhalığı və inadcıllığıdır. Əhməd dostunun dəftərini geri qaytarmaq kimi adi bir hadisədə belə cəmiyyət daxilində öz təsdiqini tapmış təzyiq və hakim disiplinlə üzləşir. Problem qarşısında cəmiyyət uşağı tənhalaşdırır, özünü ifadə etməyə imkan vermir; yaşadığı dünyada empatiya çatışmazlığı ön plandadır. Əhməd yalnız cəmiyyətdə oturuşmuş hakim qaydaları yox sayaraq və məsuliyyət duyğusunu qoruyaraq problemi həll edir və həyatına davam edir.

Filmin iştirakçıları əyalətdə yaşayan həvəskar aktyorlardır. İran kinosunun uzun planlar, təbii işıq, təbii məkan, simvolik nəqletmə, improvizə aktyorluq, sənədli filmə bənzər reallıq və poetiklik kimi bir çox cəhətini əhatə edən film bu xüsusiyyətlərinə görə qismən italyan neorealizminin izlərini daşıyır.

“Və həyat davam edir” (Life, and Nothing More..., Zendegi va digar hich): “Koker trilogiyası”nın ikinci filmidir. İranda 1990-cı il zəlzələsində 30 min insan həyatını itirdi. Bu faciədən iki il sonra sonra “Dostumun evi haradadır” filminin qəhrəmanlarını taleyini öyrənmək üçün yola çıxan Kiarostami bu hadisələrə əsaslanaraq trilogiyanın ikinci filmini çəkir. Film zəlzələdən sonra ölkə boyu Kokerə doğru səyahət edən bir rejissorun oğlu ilə birlikdə rastlaşdıqları insanları və hadisələri əks etdirir.

Ata ilə oğul iki uşağın məmləkətində bütün itkilərə və heç nəyə təsirsiz ötüşməyən dağıntılara baxmayaraq, fəlakətdən xilas olanlar üçün həyatın bütün ehtirası ilə davam etdiyini kəşf edirlər. Sosial tənqid ilə faciənin təqdimatına birlikdə yer verən yol filmi “Və həyat davam edir” yaşamaq duyğusunun məğlubedilməz gücünü və insanın özünü həqiqətin zəruriyyətlərinə açmasının vacibliyini vurğulayır. “Həyatda qalmağa çalışmaq bir sənətdir” – filmdə deyilir.

Sovet dövrünü görməyənlər üçün 10 film

Həyata davam etmək Kiarostami kinemotoqrafiyasında əhəmiyyətli anlayışdır. Yəni Kiarostami kinosunun başlıca xüsusiyyətinin, nə baş verməsindən asılı olmayaraq, yaşamağa can atmaq olduğunu demək olar. Ölüm həyatın içində mövcud olan, amma digər hadisələrlə müqayisədə şişirdiləcək hal deyil. Ölüm sağalmayan, amma çox zərər verməyən kiçik yaralar kimi təsvir edilir; öz yerindədir, unudulmur, amma həyatın davam etməsinə də maneə olmur. Bu baxımdan "Və həyat davam edir" filmi arxa plandakı böyük faciələrə rəğmən həyatlarına davam edən insanları öz mərkəzinə yerləşdirir.

Film boyu xarabalıqların arasında yol gedən ata ilə oğul, yaşadıqları faciəyə baxmayaraq, həyatlarına davam edən adamlarla ünsiyyətdə olur və bəzən də onların hekayələrinə qulaq asırlar. Sənədli filmə yaxınlaşan realizmi və digər - sabit kamera, uzun planlar, təbii məkan - İran filmi xüsusiyyətləri ilə film yarı-sənədli nəqletmə tərzinə malikdir. Kiarostami peşəkar kino həyatının ilk mükafatı olan Roberto Rossellini mükafatını 1992-ci ildə bu filmə görə aldı.

Filmdə rejissor və oğlu filmdə rol alan uşaqlardan birini tapır, onu evləri viran qalmış sakinlərin qaldığı çadırlara aparır. Rejissorun oğlu Futbol Üzrə Dünya Kubokunun final oyununa digər uşaqlarla birlikdə baxmaq istəyir, beləliklə, atası onu orada qoyur və daha sonra özü ilə aparmaq üçün geri qayıdır. Ata digər zəlzələ şahidləri ilə danışır və həyatlarına davam etmək məcburiyyətində qalan insanların yaşamaq eşqinə heyran qalır.

Filmdə həyat o qədər nizamsız, qarışıq eyni zamanda fərəh və sevinc doludur ki, zəlzələlər, inqilablar, sürgünlər, kabuslara çevrilən yuxuların iztirabı, pessimizmə çevrilən ümid işıqları bir sözlə heç nə onun sehrini poza bilmir. Kiarostami həyat və təbiətin ən dəhşətli dağıntısının ortasında dünya kuboku haqqında danışarkən hər şeyi unudan uşaqları, toy gecəsi üçün hazırlaşan gənc cütlükləri, televiziya antennaları quraşdıran yaşlı adamları göstərir.

VƏ hər şeyə rəğmən HƏYAT DAVAM EDİR...

Yazıda müxtəlif internet materiallarından istifadə edilmişdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR