IQ ilə irsiyyət arasında əlaqə varmı?

Hər şeydən biraz
Photo

Alan Woods və Ted Grant, “Ağlın üsyanı” kitabından

İrsiyyət, genetik deterministlər tərəfindən xüsusilə IQ testi sahəsində tez-tez səhv istifadə edilən anlayışdır. Britaniyada Hans Eysenck və ABŞ-da Riçard Herrnstein və Artur Jensen adlı psixoloqlar, zəkanın böyük ölçüdə irsi olduğu ideyasını inkişaf etdirmişdilər. Onlar eyni zamanda, qaradərililərin ortalama IQ-sunun ağdərililərdən, İrlandiyadakı irlandların IQ-sunun da İngiltərədəki ingilislərdən genetik baxımdan daha aşağı olduğunu müdafiə edirdilər. Eysenck, qaradərililərin və irlandların "aşağı IQ" genlərinə görə seçmə şəkildə çoxaldıldıqlarına inanırdı. Əslində IQ testlərinin daxili baxımdan qüsurlu olduğu sübut olunmuşdur. Boy yaxud da çəki kimi, "zəka" üçün də ölçü vahidi yoxdur. IQ şəxsi qəbul ehtimallara əsaslanan xəyali anlayışdır.

IQ testi 20-ci əsrin əvvəllərində, Alfred Binetin öyrənmə çətinliyi çəkən uşaqları müəyyən etmək üçün sadə bir test təşkil etməsi ilə başlayıb. Binetə görə bu test, çətinlikləri müəyyən etməyin bir vasitəsi idi, daha sonra bu çətinliklərin "zehni ortopediya" sayəsində çarəsi tapılacaqdı. O, bunun bir növ "dəyişməz" zəkanın ölçüsü olduğuna qətiyyən inanmırdı və belə fikirlər irəli sürmək niyyətində olanlara Binetin cavabı çox sərtdi: "Bu vəhşi pessimizmin əleyhinə çıxmalı və reaksiya göstərməliyik".

Binetin testinin əsası olduqca sadə idi. Daha yuxarı yaşlı uşaqlar daha kiçiklərin edə bilmədiyi zehni işləri edə bilərdilər. Beləliklə, hər yaş qrupuna uyğun gələn testlər bir yerə yığıldı – daha zəkalı və ya daha az bacarıqlı olanlar barədə buna müvafIQ olaraq qərar verilə bilərdi. Uşaqların çətinliklərlə qarşı-qarşıya gəldikləri nöqtələrdə müalicəvi işə girişiləcəkdi. Halbuki, başqalarının əlində bu sistem fərqli nəticələrə gəlmək üçün istifadə edildi. Binetin ölümü ilə yevgenika (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə - vikipediya) tərəfdarları determinist mesajlarını möhkəmləndirməyə imkan tapdılar. Zəka, artıq irsiyyət sayəsində ötürülən və ictimai sinif və irqi kökə söykənən anadangəlmə və dəyişməz bir şey hesab edilirdi. Stanford-Binet testlərini ABŞ-a gətirən Lewis Termana görə aşağı zəka, "cənub-qərbi ispan-yerli və meksikalı ailələr və zəncilər arasında çox yayılıb və ümumi şeydir. Ağıl zəifliklərinin irqi olduğu və ya ən azından gəldikləri ailə soyundan fitri gəldiyi müşahidə edilir. Bu qrupun uşaqları xüsusi siniflərə ayrılmalıdır... Bunlar abstraksiyaya hakim deyillər, amma əksər hallarda onları səmərəli işçilərə çevirmək mümkündür. Görünməmiş dərəcədə törəyib-artmalarına görə yevgenika baxımdan ciddi problem təşkil etsələr də, hazırda cəmiyyəti onların törəyib-artmalarına yol verməmək lazım olduğuna inandırmaq mümkün deyildir".

ABŞ təhsil arenasının testə dair münasibəti belə idi. Testin elmi çərçivəsini genişləndirmək üçün yeni bir kələk də edilmişdi. Böyüklər üçün də standartlar müəyyənləşdirir və yaş ilə ağıl yaşı arasında müəyyən nisbət gətirilirdi. "Zəka əmsalı" və ya IQ.

Binetin testlərini Britaniyada tərcümə edən və bu testlərin liderliyini amerikalı həmkarlarından daha ehtiraslı şəkildə edən adam, ingilis psixoloq Ser Cyril Lodowic Burt idi. O, təxmini araşdırmalara əsaslanaraq kişilərin qadınlardan daha ağıllı olduqlarını iddia edirdi. Həmin cənab xristianların yəhudilərdən, ingilislərin irlandlardan, yuxarı sinifdən olan ingilislərin aşağı sinifdən olan ingilislərdən və s. daha ağıllı olduqlarına dair əlində çox güclü dəlillər olduğunu da iddia edirdi. Burtun özü də, təsadüfə baxın ki, yuxarı təbəqəyə mənsub xristian bir ingilis kişisi idi! Bu şəkildə, qurbanlarının "aşağı" olmasına əsaslanaraq, zülümkarlar zülmü, zəngin və güclü olanlar da imtiyazlarını təmizə çıxarırdılar.

1971-ci ildəki ölümünə qədər, 65 il ərzində Burt bəşəriyyətə xidmətlərinə görə cəngavərlik haqqını qazanaraq, yevgenika və IQ testləri üzərində araşdırmanı davam etdirdi. Məşhur "on bir illik" təhsil sisteminin qurulmasına yardımçı oldu, bu sistem uşaqları "müasir orta" məktəblər və qrammatika məktəbləri arasında ayırıb təcrid edirdi. Burt bunu belə açıqlayırdı: "Qabiliyyət, şübhəsiz, məzmunu əhatə etməlidir. Bir litrlik dolçanın bir litrdən çox süd tutması mümkün deyil – eyni şəkildə bir uşağın təhsil uğurunu tərbiyə olunmaq qabiliyyətinin icazə verdiyindən daha yüksəyə qaldırmaq da qeyri-mümkündür".

Bununla da cəmiyyətin sinfi xarakterini möhkəmləndirmək üçün Binetin testləri tanınmaz hala salındı. Bəziləri kömür çıxarmaq və su daşımaq üçün, bəziləri də cəmiyyəti idarə etmək üçün doğulmuşdular. Testlər müalicə etmək üçün deyil, təcrid etmək üçün istifadə olunurdu. IQ testi necə istəyir dəyişdirilsin, bütün testlər eyni kökə malikdir; hər şeyin ona əsaslandırılaraq hökm verildiyi bir əlamət fərqi olaraq, qərəzə əsaslanan "zəka". Halbuki, bu testlər nəticələri müəyyən edən mədəni və ictimai şablonların əzici ağırlığı altındadırlar: məktəb müvəffəqiyyətinə əsaslanır və bunun nəticələrini əks etdirirlər. Bununla yanaşı, həmin kobud şəkildə "zəka"nı ölçmə yaxud müəyyən etməyin mümkün olduğu fikri bünövrədən yanlışdır. Hər şeydən əvvəl zəka nədir? Necə ölçülə bilər? Zəka, çəki və ya boy kimi bir şey deyil. Burtun iddia etdiyi kimi sabit deyil, çevikdir. İnsan beyninin potensialı hüdudsuzdur. Bir insanın bu potensialdan istifadə etməsinə icazə vermək cəmiyyətin vəzifəsidir. Ekoloji faktlar potensialı böyük həcmdə məhdudlaşdıra bilər və ya onu zənginləşdirə bilər. Uşaqları pis ictimai şəraitdə yetişdirsək, onların bütün ehtiyacları ödənərək yetişən uşaqlarla müqayisədə dezavantajlı olacağı aydındır. İctimai arxa plan son dərəcə əhəmiyyətlidir. Ətrafı dəyişdirsəniz, uşağı da dəyişirsiz. Bioloji deterministlərin əks iddialarına baxmayaraq, zəka dəyişməz və ya genetik olaraq əvvəlcədən müəyyən edilmiş bir şey deyil.

"Zəka"nı statistik olaraq zəng əyrisi qrafiki ilə göstərmək mərəzi, ictimai harmoniyanı zorlama cəhdidir. Normanın kənarındakıların "anormal" olduğu və müalicəyə ehtiyac duyduqları, daha sonra da, sinifimizi, irqimizi və həyatımızı təyin edən şeyin genetik olduğu iddia edilir. Lakin həqIQətdə, genotiplərimiz dəyişməz olsa da, fenotipimiz davamlı olaraq dəyişir. Bir qolu və ya ayağı itirmək geriyə qayıdışı olmayan şeydir, lakin irsi deyil. Uilson xəstəliyi irsidir, amma dərmanlar sayəsində geri qayıdışsız olmaqdan xilas olur. "Şübhəsiz" - deyir Rose, Kamin və Levontin "fenotip də doğumdan yetişkinliyə qədər genotipdən linner kimi inkişaf etməz. Uşağın "zəkası," litrlik dolçanın müntəzəm doldurulmasını xatırladırcasına, yetişkinə çevrildikdə malik olduğu zəkanın müəyyən kiçik faizindən ibarət deyildir".

IQ-nün genetik təməlinə dayaq tapmağa yönəlmiş çılğın səyləri, Burtu qeyd və göstəricilərini sistematik bir şəkildə təhrif etmə nöqtəsinə gətirdi. Bir-birindən ayrılmış tək yumurta əkizləri ilə apardığı məşhur IQ araşdırmaları, ayrılmış cütlərin çevrələri arasında heç bir əlaqə olmadığı şəklindəki inanılmaz iddiası ilə nəticələndi. Ona görə, hər şey əkizlərin genləri ilə müəyyən olunmuşdu. Burt genetik deterministlərin idealı və onun araşdırmaları işlərini daha da irəli aparmaq üçün onlara cəbhə təqdim etmişdi. 1978-ci ildə amerikalı psixoloq D.D.Dorfman, bu hörmətli elm adamı və ingilis cənabın nəticələri uydurduğunu qəti şəkildə sübut etdi. Onun saxtakar kimi ifşa edilməsindən sonra, tərəfdarları, elmi dIQqətsizliyinə görə Burtu danlayaraq istIQamət dəyişdirmək məcburiyyətində qaldılar! Burtun araşdırması Piltdown Adamının IQ ekvivalenti idi. Lakin yenə də, həddsiz gözə girən ziddiyyətlərlə keçən on beş ilə baxmayaraq, onun araşdırmaları, zamanında elm aləmi tərəfindən IQ-nün irsiliyinin sübutu kimi salamlanmışdı. Burtun ölümünə baxmayaraq, həmin elm aləmi, sinfi baxış bucaqlarının əsas elementi kimi öz mürtəce fəlsəfələrinə hələ də möhkəmcə sarılıblar.

Britaniyada, Amerikada və Danimarkada bir-birindən ayrılmış tək yumurta əkizlərini əhatə edən daha yeni araşdırmalar heç bir mənada IQ-nün irsiliyini sübut etmir. Bu tədqIQatlar Rose, Kamin və Levontin tərəfindən inandırıcı bir şəkildə cavablandırmışdır. Bəs nəticələri?

IQ-nün irsiliyinin həqIQətdə nə olduğunu bilmirik. Göstəricilər, hər hansı bir populyasiyada IQ-nün genetik dəyişikliyinin ağlabatan bir dəyərləndirməsini hesablamağa icazə vermir. Bütün bildiyimiz, irsiliyin sıfır və ya 50 % ola biləcəyidir. Əslində bunu analiz etməyə yönəlmiş böyük həvəsli araşdırma səylərinə baxmayaraq, IQ-nün irsiliyi probleminin sözügedən məsələlərlə əlaqəsi yoxdur. Deterministlərin irsiliyin sübut olunmasına verdikləri böyük əhəmiyyət, onların irsiliyin dəyişdirilməzlik mənasına gəldiyi şəklindəki səhv inanclarının bir nəticəsidir.

Nə IQ üçün, nə də başqa bir fərdi xüsusiyyət üçün genlərin orqanizmi müəyyən etdiyini demək olmaz. Bir insanın valideyinlərindən irsi olaraq təhvil aldığı genlər ilə insanın boyu, çəkisi, metabolik sürəti, xəstəliyi, sağlamlığı və ya digər adi üzvi xarakterləri arasında yüz faizlik toqquşma yoxdur; hər orqanizm həyatın hər mərhələsində genlər ilə ətraf mühit arasındakı qarşılıqlı təsirin misilsiz bir məhsuludur.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR