İncəsənət və yaradıcılığın bəşəri missiyası nədən ibarətdir?

Sənət
Photo

Mənəvi kültür - İncəsənət

Bədii yaradıcılıq sferası olan incəsənət və onun məhsulları - sənət əsərləri - bəşəri fəaliyyətin ən qədim sahələrindən biridir.

Arxeoloji araşdırmalar, ibtidai incəsənətin doğuluşunun 40-45 min il əvvəl baş verdiyini göstərir. Bu dönəm Homo Sapiensin - Ağıllı İnsanın formalaşdığı dövrlə üst-üstə düşür. Bu dövrdə insan orqanizmində bədii yaradıcılıq üçün zəruri olan psixi qabiliyyətlər cəmlənməyə başladı.

Modern elmin daha əsaslı qənaətlərinə görə, ibtidai icmalarda incəsənət, insanlara həyat mücadiləsində qarşılaşdıqları praktiki çətinlikləri həll etməkdə köməkçi olurdu.

Ehtimal ki, ibtidai zamanların bədii yaradıcılığı mifoloji təsəvvürlərdən qaynaqlanırdı və sehr, ovsun kimi anlamlanırdı. İbtidai insanlar bu fəaliyyətlərin gündəlik işlərdə, təbiət qüvvələriylə münasibətlərdə onlara uğur bəxş edəcəyini zənn edərək rəsm çəkir, rəqs edir, nəğmə oxuyurdular.

İbtidai incəsənət sinkretik idi. O, maddi və mənəvi fəaliyyətlərin digər formalarından ayrılmaz şəkildə, onlarla birləşmiş biçimdə mövcud idi. Bu incəsənətdə mifoloji, bioloji və oyunçuluq aspektləri bir-birinə qarışmışdı; rəsm sənəti, musiqi, söz sənəti, rəqs sənəti hələ sənətin fərqli sahələri kimi bir-birindən ayrılmamışdılar; qədim dönəmlərdə yaradıcılar, ifaçılar və sənət istehlakçıları arasında da bölgü prosesi baş verməmişdi.

İnsanı əmək yaratdı” ideyasını doğru saysaq deyə bilərik ki, bu prosesdə incəsənət sferasında həyata keçən əməyin də böyük rolu oldu. Birlikdə öhdəsindən gəlinən əmək fəaliyyətlərinin, təsərrüfatçı əməliyyatların, cinsi münasibətlərin, tayfa həyatına xas olan önəmli hadisələrin teatral formalarda imitasiya edildiyi, rəqsi pantomimə bənzər bu kollektiv ovsun rituallarının, ibtidai insanların dil və düşünüş aparatının inkişafında əhəmiyyətli rol oynadığına dair ciddi əsaslar var.

Müasir və Çağdaş incəsənət arasındakı fərq

Örnəyi, kişilərdən ibarət ovçu rəqsində iştirakçılar heyvan rəsmlərinə mizraq batırırdılar. Mifoloji təsəvvürlərə görə bu oyun, növbəti ov prosesinin uğurlu olacağına rəvac verəcək sehrli vasitə hesab edilirdi. Oxşar teatral fəaliyyətlər gələcəkdə baş verəcək ovçuluğa hazırlıqda, məşqlərdə funksional sayılırdı, ovdan qayıtdıqdan sonra keçirilən oyunlar isə həmin ov prosesləri barədə “hekayətlər” kimi qəbul edilirdi. Bu fəaliyyətlər özündə, sinkretik şəkildə rəqsləri, mimikaları, toxmaqların, buynuzların, boruların, maskaların, qrafiki və plastiki təsvirlərin musiqili-ritmik səslənişlərini birləşdirirdi. “Səsli müşayət” zamanı nəğmələr və aydın eşidilən danışıq siqnalları işə düşürdü. Örnəyi, nizə atışının imitasiyası daimi təkrarlanan bəlli bir səs uyğunluğuyla müşayət edilirdi və bu fəaliyyəti (nizə atışını) ifadə edən fonematik işarəyə çevrilirdi (məlumdur ki, ibtidai dillərdə hərəkət və onunla bağlı olan əşya eyni sözlə ifadə edilir).

Əgər bir cəmiyyətdə insanların zamanı təkcə işləməyə sərf edilirsə və incəsənətlə ünsiyyətə zaman qalmırsa, həmin toplumun insanı “kültürətrafı ərazi”lərdə “çalışan makina”ya çevrilir. İncəsənətə diqqət göstərilməyən cəmiyyətlərdə insanlar vəhşiləşirlər. Onların həyatı sadəcə primitiv həzlərin təminatı arxasınca qaçan bioloji mövcudiyyətə çevrilir. Tarix göstərir ki, hətta ən ağır zamanlarda belə xalqın bədii yaradıcılığa olan meyli tamamilə itmir. Bu fəaliyyət xalqa insanayaraşar həyat tərzini təkminləşdirib qorumaq üçün güc bəxş edir. Əgər dövlət incəsənətə dəstək olmağı “lüzumsuz sərfiyyat” hesab edirsə, bu zaman cəmiyyətdə mədəni vakuum əmələ gəlir ki, bu da alkoqolizmin, narkomaniyanın, cinayətkarlığın və banditizmin yayılmasına təkan verir.

İncəsənətin funksiyaları

Yuxarıda söylənildiyi kimi, incəsənət bədii yaradıcılığın həyata keçdiyi sferadır. Bəs bu fəaliyyətin spesifikasını nə təşkil edir, o nəyə və niyə lazımdı? Aşağıda incəsənətin yerinə yetirdiyi və insanların müaricət etdiyi bir neçə funksiyası göstəriləcək.

Rekreativ funksiya - İncəsənətin ən bəsit və ən çox ehtiyac duyulan funksiyasıdır: əyləncə və istirahət, psixi rahatlıq, gündəlik iş qayğılardan bir müddətlik uzaqlaşıb dincəlmək ehtiyacını təmin edir. İncəsənət bu funksiyanı təmin etmək üçün gərək dərketmə üçün yüngül olsun və xüsusi səylər tələb etməsin. O, gərək gözlərə xoş görünsün, ruhu şənləndirsin, “ürəyəyatan” olsun. İnsanların çoxu incəsənətdən bundan başqa heç bir funksiya tələb etmir, gözləmirlər. Məhz rekreativ funksiyanı və ehtiyacları təmin etməyə istiqamətlənən sfera kütlə incəsənəti adlanır.

Tərbiyəvi funksiya - İncəsənət həm də insanın tərbiyəvi, əxlaqi, ruhani, sosial baxımdan təkminləşdirilməsində rol oynayır. Bu zaman ədəbi əsərə “həyat dərsliyi” kimi baxılır. Rekreativ və tərbiyəvi funksiyaların birləşdirilməsi zamanı bu çağırış yaranır: “əyləndirərək öyrət”.

Düşüncə və zövqümüz incəsənətlə necə bağlıdır?

İdeoloji funksiya - Hansısa bədii əsərdə cəmiyyət həyatına bəlli baxışlar əks olunursa, belə əsər ideoloji mübarizə zamanı vasitə kimi istifadə oluna bilir. Cəmiyyət həyatında aktiv iştirak edən və mövqeyiylə seçilən sənətkarlar öz əsərlərində inandıqları və müdafiə etdikləri ideologiyanı şüurlu şəkildə təbliğ edirlər. Ancaq məzmununda hansısa ideloji baxışların qəsdli şəkildə ifadə olunmadığı əsərlərdə isə müəllifin ideyəvi mövqeyi, sosial-siyasi simpatiya və antipatiyaları özlüyündən əks edilir. İncəsənəti hakimiyyətin xidmət alətinə çevirmək cəhdləri çoxdankı tendensiyadır. Hələ qədim zamanlarda belə dövlət, öz hökmdarlarını tərənnüm etsinlər deyə şairləri, rəssamları, musiqiçiləri himayə edirdi.

Öyrədici funksiya Sənət əsərlərindən öyrəndiklərimiz çox ola bilər. Rəsm əsərləri bizim önümüzdə tarixi hadisələri, görkəmli insanların portretlərini, bəşərin əxlaqi cəhətlərini, geyimlərini, milli özəlliklərini nümayiş etdirir. Rəssam tamaşaçıya epoxasının mənəviyyatını, kültürünün milli koloritini ötürür. Tarixi povest və romanlar oxuyarkən, tarixi sənədlərdən əxz edə bilməyəcəyimiz çoxlu sayda təəssürat yaşaya bilərik. Sənətkarlara tez-tez öncəgörənlik rolunda çıxış etmək nəsib olur: onlar sanki hansısa görünməz yollarla gələcəyi sezə bilirlər. Bəzən olur ki, bədii öncəgörənlik elmi inkişafı qabaqlayır və hətta müasirlərinin elmi təsəvvürlərinin əksinə gələcəkdə bəraət qazanır. Yazıçı-fantastlar tərəfindən formalaşan bir çox ideyalar gələcəkdə həyata keçir. Jul Vern yaradıcılığının araşdırmaçıları onun romanlarında 108-ə qədər elmi-texniki ideya tapmışdılar. İndi onların 98-i gerçəkliyə çevrilib. Herbert Uellsin 86 ideyasından 77-si, Aleksandr Belyayevin 50 ideyasından 47-si artıq reallaşıb. Uells, Eyneşteynin nisbilik nəzəriyyəsinin əsaslarını ifadə edən ilk məqaləsinin yayımlanmasından on il əvvəl, 1895-ci ildə yazdığı “Zaman maşını” adlı romanında zamanın nisbiliyi barədə ideya irəli sürmüşdü.

Emotiv funksiya - Bu funksiya incəsənətin insanın emosional sferasına təsirini şərtləndirir. Əgər nümayiş edilən bədii əsər maraqlı olmasa, biz həmin kitabı oxumaz, rəsmə tamaşa etməz, saatlarla teatr zalında oturmarıq. Sənət əsəri gərək maraqlandırsın. Əlbəttə ki, insan zövqləri müxtəlifdir və bir kəs üçün maraqlı olan sənət əsəri digərləri üçün darıxdırıcı ola bilər. Ancaq istənilən halda sənət, insanları maraqlandırdığı ölçüdə onlar üçün cazibəli olur, insanlar sənət əsərinin dərkindən həzz alacaqlarına inandıqları zaman ona zaman, pul və qüvvə ayırırlar.

Sənət əsərinin bədii sirri ondadır ki, o bizim hisslərimizə toxunur. İnsan zaman-zaman, necə deyərlər, bədii təxəyyülün yaratdığı dünyaya köçməyə ehtiyac duyur. Bədii əsərin mahiyyətinə yönəlik bu emosional cazibə onunla maraqlanmamızı və ondan həzz almağımızı təmin edir.

İstənilən sənət əsəri gərək sürəkli şəkildə insan duyğularına təsir etsin və emosional reaksiya oyatsın. Bu mənada, emotiv funksiya göstərilən digər funksiyalardan fərqli olaraq, incəsənətin bütün formalarına, janrlarına, növlərinə xasdır. Əgər sənət əsəri bu funksiyanı həyata keçirə bilmirsə, digər funksiyalar da işləkliyini itirir, çünki belə əsər ümumiyyətlə publikanın nəzərinə çata bilmir.

Sənət əsərində, bir-birindən fərqli vasitələr, qaydalar və üsullarla yaradılan bədii obrazların köməkliyilə mövzu predmeti edilən problem öz həllini tapır və bu fəaliyyət müxtəlif estetik ideallar halında ifadə edilir. Bir müəllifin yaradıcı özəllikləri onun individual stili sayılır.

Barok cərəyanının yaranma dövrü

Bəlli bir epoxaya xas olan sənət əsərlərinin əsas yaradıcı cizgilərini müəyyənləşdirən estetik ideallar və yaradıcı metodlar isə həmin cərəyanların bədii stilini əmələ gətirir. İntibah dövründən əvvəlki cəmiyyətlərdə bədii stillər bütün kültürdə eyni xarakterə malik idi. Antik Misir, Antik Yunan, Antik Roma kültürü “monostilistik” hesab olunurdu. Həmin kültürlərdə, bütün incəsənət sahələrinə aid olan əsərlərin ümumi xarakterik cizgilərini müəyyən edən sərt qanunlar hökm sürürdü və bu halın dəyişikliyə uğraması çox yavaş-yavaş baş verirdi.

Avropanın Orta Çağlarının son dövrlərində bədii stil kültüründə iki arxitektura stili vahid halda və bir yerdə hökm sürürdü - roman və qotik stili. Ancaq İntibah dövründən başlayaraq incəsənətdə müxtəlif, fərqli stillər formalaşmağa başladı. Bu dövrdən başlayaraq “böyük stillər” bəlli bir epoxanın incəsənətində hökm sürən əsas cərəyanlar hesab edilməyə başladılar, ancaq onlarla yan-yana başqa stillər də öz mövcudluqlarını qoruyurdular.

“Polistilistika” kültüründə yaradıcı sənətkar istədiyi estetik idealı seçmək və onu ifadə etmək imkanına malik olur. Barokko stili İntibahdan Yeni Dövrə keçidin əsas stili idi. Klassisizm, rokoko, sentimentalizm, romantizm, realizm isə Yeni dövrün incəsənətində meydana gəldi və varlıqlarını sürdürdülər.

20-ci əsrin başlanğıcından etibarən, vahid stilin hökmranlığını inkar edən və bir-birini sürətlə əvəzləyən müxtəlif stillərin ortaya çıxdığı (impressionizm, simvolizm, ekspressionizm, konstruktivizm, surrealizm, abstraksioizm və s.) “modernizm epoxası” adlandırdığımız dönəm başladı. Müasir dövrümüzdə sənətşünaslar postmodernizmi günümüzün yeni sənət axınlarına (hiperrealizm, pop-art, sos-art, neoromantizm, neoklassisizm və b.) əsas ton verən əsas cərəyan hesab edirlər.

Məqalə mudriyfilosof.ru saytının məlumatları əsasında hazırlanıb.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR