Sinqapur dərsi - İnkişafın modern nümunəsi

Miçio Kaku

Toplum
Photo

Qərbdə “Cırıldayan təkər yağlanar”, deyə bir deyim var. Fəqət Şərqdə “Batan mismarı döyüb-döyüb aşağı əyərlər”, söylənilir. Bu iki ifadə bir-birinə ziddir, ancaq Qərb və Şərq düşüncələrinin bəzi təməl özəlliklərini özlərində ehtiva edirlər.

Ümumən götürəndə Asiyalı tələbələrin Qərbdəki həmkarlarına nisbətən daha yüksək test balları olur. Ancaq bu bilgilərin çoxunu, onları sadəcə müəyyən səviyyəyə qaldıracaq, kitaba və əzbərçiliyə söykənən öyrənmə prosesiylə əldə edirlər. Elm və texnologiyada yüksək səviyyələrə çatmaq üçünsə yaradıcılıq, xəyal gücü və yeniliyə gərək var, Şərqin təhsil sistemləri bu özəllikləri şagirdlərinə bəxş edə bilməz. Çin nəticədə, ilk dəfə Qərbdə yaradılan məhsulların fabrikada hazırlanan ucuz kopyalarını istehsal etməklə Qərbə çata bilər, ancaq söhbət yeni məhsullar və iş strategiyaları icad etməyə gəldikdə, həmişə Qərbdən on illərlə geridə olacaq.

Bir dəfə Səudiyyə Ərəbistanında keçirilən və 1959-cu ildən 1990-cı illərə qədər Sinqapurun baş naziri olmuş Li Kuan Yunun da spiker kimi çıxış etdiyi bir konferansda nitq söyləmişdim. Yu, inkişaf etməkdə olan ölkələr arasında rok ulduzu qədər məşhur idi, çünki, indi elmi inkişaf baxımından ən yaxşı ölkələr arasında yer tutan modern Sinqapurun ərsəyə gəlməsində çox böyük əməyi olmuşdu. Adambaşına düşən ölkədaxili məhsulun dəyərini hesablasaq, Sinqapur xalqı faktiki olaraq dünyanın ən varlı beşinci xalqı səviyyəsinə qalxacaq. Tamaşaçılar bu əfsanəvi şəxsiyyətin söylədiyi hər kəlməni eşitmək üçün böyük səy göstərirdilər.

Elm təsəvvürlə necə bağlıdır?

Yu əvvəlcə Sinqapurun piratçılıq, qaçaqçılıq, sərxoş dənizçilər və bərbad fəaliyyətlərlə tanındığı, heç bir inkişafın baş vermədiyi durğun bir liman kimi göründüyü zamanları xatırlatdı. Ancaq, bir qrup dostuyla bu balaca limanın Qərbin rəqibi olacağı günlərin xəyalını qurmuşdu. Sinqapurun böyük əhəmiyyət daşıyan təbii resursları yox idi, ən böyük resursu çalışqan və orta səviyyəli iş bacarıqlarına sahib xalqıydı. Yu və qrupu nəhəng bir işə girişdi, bu yatağan dəniz xalqını ələ alıb onu bircə nəsillik zaman içində ciddi elmi qüvvəyə dönüşdürdü. Bu çevriliş, sosial mühəndislik tarixinin ən maraqlı hadisələrindən biriydi.

Yu və partiyası elmə və təhsilə xüsusi önəm verərək, yüksək texnologiyalara söykənmiş sənaye sahələrinin inkişafına fokuslanaraq, bütün ölkəni kökündən dəyişdirəcək sistemli bir prosesə başladı. Sinqapurda sadəcə iyirmi, otuz il içərisindəcə yüksək təhsilli böyük bir texnik və mühəndislər dəstəsi əmələ gəldi, bu insanlar öz ölkələrini elektronika avadanlığı, kimyəvi maddələr və biomedikal təchizatlar istehsal edən sferalarda, dünyanın öndə gələn ixracatçılarından birinə çevirdilər. 2006-cı ildə bütün dünyada, komputerlər üçün lazım olacaq silikon tökmə hasilatının 10 faizini Sinqapur həyata keçirdi.

Yu, xalqının modernizasiyası boyunca bir çox problemlə qarşılaşdığını etiraf etdi. Sosial nizamı qaydasında saxlamaq üçün küçədə yerə tüpürməkdən (bu hərəkətə yol verən adam qamçı ilə cəzalandırıla bilərdi) tutmuş narkotik tacirliyinə qədər (ölümlə cəzalandırıla bilərdi) hər bəd fəaliyyəti qadağan edən, acımasız qanunlar ərsəyə gətirmişdi. Önəmli bir məqama da diqqət yetirmişdi: Məsləklərinin zirvəsində olan elm adamlarının Sinqapuru ziyarət etməkdə istəkli olduqlarını, amma onların cüzi hissəsinin oraya yerləşib qalmaq istədiyini görmüşdü. Bunun səbəbini sonralar anlamışdı: Ölkədə bu elm adamları üçün Sinqapuru maraqlı edəcək mədəni zövqlər, imkanlar, təsisatlar və kültür məkanları yox idi. Bu məsələ onda yeni ideya yaratdı: Məhdud formada da olsa, modern bir ölkədə tapıla biləcək hər mədəni fəaliyyəti (balet şirkətlərini, simfoniya orkestrlərini və s.) təşviq edəcəkdilər və beləliklə də, ən yaxşı elm adamlarını Sinqapurda kök salmağa cəlb edəcəkdilər. Demək olar ki, bircə gecə içində, elit elm təbəqəsi Sinqapura lövbər salsın deyə, bütün ölkə səviyyəsində mədəni fəaliyyətlər və təşkilatlar peyda olmağa başladı.

Dövlət quruculuğunu uğura və uğursuzluğa aparan səbəblər hansılardı?

Yu, daha sonra Sinqapur uşaqlarının kor-koranə halda müəllimlərinin sözlərini təkrarladıqlarını sezmişdi, basmaqəlib bilgini sıxışdırmağı və yeni ideyalar irəli sürməyi bacarmırdılar. Şərqin, başqalarını təkrarlamaqdan başqa heç nə etməyən alim yetişdirdiyi müddətcə, sonsuza qədər Qərbin təqibçisi olacağının fərqinə varmışdı. Bu səbəbdən təhsildə köklü dəyişiklik həyata keçirməyə qərar verdi: Yaradıcı tələbələr seçilib ayrılacaq, öz addımları və istəkləriylə öz xəyallarını təqib etmələri üçün şərait yaradılacaqdı. Bill Qeyts ya da Stiv Cobs kimi insanların Sinqapurun boğucu təhsil sistemi tərəfindən nəzərə çarpmadan əziləcəyini sezincə, müəllimlərdən, elmi təxəyyüllə iqtisadiyyatı yenidən canlandırmağı bacaracaq gələcək dahiləri sistematik şəkildə müəyyən edib seçmələrini tələb etmişdi.

Sinqapur dərsi əlbəttə ki, hər kəs üçün deyildir, bir ovuc bəsirətli insanın intizamlı millət əmələ gətirmək məqsədilə, balaca bir şəhər-dövlət çərçivəsində həyata keçirdiyi praktikadır. Heç kim küçədə yerə tüpürdüyü üçün qamçılanmaq istəməz. Ancaq istənilən halda, sistematik şəkildə bilgi inqilabının önünə sıçramaq istəyirsizsə, Sinqapur sizə nə etməli olduğunuzu göstərə bilər.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR