Elm təsəvvürlə necə bağlıdır?

Elmi-kütləvi
Photo

Elm təsəvvürlə hədsiz bağlıdır: Bəs bu niyə sirr saxlanılıb?

Mənim sonuncu kitabım olan “Elmin şeiriyyəti və musiqisi” məktəblərə ziyarətim və ümumi dərslərdə 6-cı sinif şagirdləriylə apardığım təcrübələrlə başlayır. Dərslər zamanı 17-18 yaşlı bu şagirdlər yaradıcılıq və təsəvvür üçün elmdə yer görmədiklərini deyirdilər. Və bu sözləri mən istənilən sahədə uğur qazanacaq qədər parlaq olan bu gənclərdən bir dəfə deyil, dəfələrlə eşidirdim.

Amma işə bax, Albert Eynşteyn də belə bir fikir irəli sürüb ki, birinci əsas addım atılmadan, təbiət yaradıcı şəkildə yenidən təsəvvürdən keçirilmədən, fenomenin səthinin altında nələrin baş verdiyinə dair fərziyyələr təxəyyül edilmədən, heç bir elm mövcud ola bilməz. Eynşteyn belə söyləyərkən, əlbəttə, bildiyi bir şey vardı. 1929-cu ildəki bir müsahibəsində dediyi kimi:

Mən təsəvvür gücümdən sərbəstcə yararlanacaq qədər sənətkaram. Təsəvvür bilikdən daha vacibdir. Çünki bilik məhduddur. Dünyanı isə təsəvvür idarə edir.

Bunu istənilən elm adamı bilir, amma bir neçə əsr ərzində onlar bu barədə nədənsə səssiz qalıblar, “empirik metod” və ya “elmi kəşfin məntiqi” barədə daha təhlükəsiz narrativləri üstün tutublar. Elm təhsili insanın möcüzəylə, xəyalla, nəhs düşüncələrlə bağlı hekayələrini və həqiqətən elmlə məşğul olanların həyatına nüfuz edən o ehtişamlı və gözlənilməz anları deyil, nəticələr ortaya qoymağı, biliyə fokuslanmağı sevir. Bizim mətbuat eyni kaseti çalır - mən BBC-nin kompüter elmi barədəki sənədli filmində kamera qarşısındakı aparıcının tamaşaçıları elmdə təsəvvürə yer olmadığını inandırmağa çalışmasını heç vaxt unutmayacam. Ona görə də gənc həmkarlarımın bu cür aldanışa qapılmaları başa düşüləndir.

Albert Eynşteynin 5 ən sevimli kitabı

Əgər elm adamları təsəvvürlə bağlı təcrübələrinə görə niyəsə utanırlarsa, söhbətləşdiyim rəssamlar, yazıçılar və bəstəkarlar da təkrarlanan eksperimentlərdən boğaza yığılmamaq üçün böyük səbirə (və ya müntəzəm içki içməyə) ehtiyac duyurlar. Kətandan rəngi çıxarmaq, romanı onuncu dəfə yenidən qaralamaq, tematik musiqi materialını təkrar-təkrar təftiş etmək kimi hər bir yaradıcı insanın bildiyi məsələlər, yaradıcılığın gözlənilməz şəkildə qarşılaşdığı konkret məhdudiyyətlərin nəticələridir. Nə qədər dolayı yolla olsa da, sənətkar da öz materialının, kəlmələrinin, yaxud səslərinin ağlında tutduğuna uyğun olub-olmadığını fərz edir. Müasir ingilis romanının və elmdə eksperimental metodun ortaya çıxması buna görə də təsadüfi deyil. Elmin və sənətin hər mənada “eyni iş gördüyü” kimi sadəlövh iddia irəli sürmədən, onları həyata keçirənlərin narrativlərindəki oxşarlıqları görmək, doğrudan da heyrətamizdir. Onları ortaya çıxarmağa ehtiyac var, çünki elm adamları xəyal qurduqları, sənətkarlar isə eksperiment etdikləri barədə danışmağa utandıqlarından məsələ biraz qəlizləşib.

Mənim kitab layihəmdə musiqi, yoxsa riyaziyyat, yağlı boya, yoxsa kvant nəzəriyyəsi yaratmalarından və bu yolda yaradıcı güclərinin üzləşdiyi məhdudiyyətlərdən asılı olmayaraq, yaradacı insanları dinləmək öz əksini tapıb. Bununla belə, işlədiyi materialın özəlliyinə tabe olsa da, "Elmin şeiriyyəti və musiqisi" kitabı əvvəlcədən təsəvvür olunan sujetə uymaqdan qəribə şəkildə boyun qaçırdı. Elm və sənətin yaradıcılıq hekayələri barədə yan-yana düzülən kataloqlar və onları izləyən "kontrast ver və müqayisə et" esseləri materiala haqq qazandırmaqda getdikcə daha çox uğursuzluğa uğradılar. Tarixi və müasir mənbələr yaradıcı təsəvvür barədə tam fərqli hekayə danışırdılar. Və bu hekayə bu "İki Kültür"ün keçilmiş yolları ilə üst-üstə düşmürdü. Bunun əvəzinə, yaradıcı ifadənin üç "fazası"nın özəllikləri daha inandırıcı görünürdü.

Vizual təsəvvürün ilkin fazası əlbəttə, rəssam üçün ən vacib mənbədir. Amma eyni şey molekulyar bioloqdan tutmuş astrofiziklərə qədər bir çox elm adamı üçün də keçərlidir. Çünki astronomiya həqiqi proyektiv baxış bucağının təminatçısıdır. Əgər bir rəsmin tamaşaçısından kətandakı iki-ölçülü dünyanın təqdimatından və ya təəssüratından üç-ölçülü dünya yaratmaq istənilsə, onda bizim səma adlandırdığımız şəkildəki Kainatı "görmək" tapşırığı açıq struktur oxşarlığına malik olacaq.

Yaradıcı təsəvvürün ikinci fazası mətn və linqvistika ilə bağlıdır. Nəsr, yaxud nəzmdəki yazılı sözlə elm arasındakı maneə roman sənətinin ortaya çıxmasında bizim artıq qeyd etdiyimiz kimi prinsipial əhəmiyyətə malik ola bilər, amma onun hekayəsi daha uzundur. Onun özünün şair Uilyam Vordsvorsun “Lirik Balladalar”ın önsözündə yazdığı kimi “alternativ tarixi” var – Vordsvorsdan əvvəl təbii ki, Yohan Volfqanq von Göte və Aleksandr von Humboldt da bu barədə yazmışdılar:

Kimyaçının, botanikin və ya mineroloqun ən mürəkkəb ixtiraları bir gün şairin poeziyasının işləyəcəyi aydın obyektlərə çevriləcək, vaxtı gəlib çatanda bu nəsnələr anlaşılan olacaq, təki bu kiçik şeylərin bizim üçün əlçatan olacağı dövr gəlib çataydı...

İngilis dilinin elmin əsas dilinə çevrilməsi necə baş verdi? Tarixə baxış

Bəzi müstəsna istisnaları çıxmaq şərtiylə (R.S. Tomasın və bəzən V.B. Yetsin poeziyasında və Vladimir Nabokovun elmi işlərindəki hər daim günahkarcasına uçuşan sevimli kəpənəklərinin romanlarına daxil olması kimi) bu erkən Romantik görüş təəssüf ki, hələ də reallıq deyil. O, bizim elmi lap əvvəldən başlatdığımız qupquru təqdimatını davam etdirdiyimizə görə məyusluğa düçar olub.

Təsəvvürün üçüncü fazası həm sözlər, həm də şəkillər yoxa çıxanda üzə çıxır. Burada biz kreativ bir vakuumla qarşılaşacağımızı gözlədiyimiz halda, riyaziyyat və musiqinin sirli və möhtəşəm mücərrədliyini tapırıq. Bu paylaşılmış ərazi ikisinin hansı səbəbdən ortaq cəhətinin olduğunu göstərir. Bu, əlbəttə, onların melodiya və harmoniyanı riyazi strukturla birləşdirən ədədi quruluşundakı səthi ortaqlıqdan deyil, bizim mənəvi dünyamızdakı bütöv kainatlarda təmsil olunma formalarından qaynaqlanır.

Səyahət bizi bu cür reflektiv yerə gətirib çıxaranda, disiplinlərarası düşüncənin vacibliyini dərk etmək üçün kiçik bir addım atmaq qalır ki, hər şey aydın olsun. Antropologiya və yaradıcılığın koqnitiv nevrologiyası heyrətamizdir. Birisi bizi insanlığın dibindəki qədim əcdadlarımızın daş alətlərinə aparır, digəri isə beyinlərimizin analitik sol yarımkürəsi ilə inteqrativ sağ yarımkürəsi arasında incə balans yaradır. Fəlsəfi ənənə də eyni dərəcədə zəngindir, məsələn, Emmanuel Levinas məsafə tətbiq etdiyinə görə vizual fazaya şübhə duyur və subyekti obyektə yaxınlaşdırdığına görə səs və ya eşitməni daha üstün tuturdu.

Martin Haydeggerdən, Moris Marleu-Pontidən tutmuş Hanna Arendtə qədər fenomenologiya ənənəsi isə insan və qeyri-insan arasındakı müqayisəvi fazaya əsaslanırdı. Onlara görə bu faza sənəti və elmi ona görə hərəkətə keçirir ki, təbiəti insan təsəvvürünün məhsuluymuş kimi təsvir etsin. Necə ki, ədəbi tənqidçi Corc Steyner “Real Varlıqlar”da (1989) yazmışdı:

Yalnız sənət bir şeyi əlçatan etmək üçün müəyyən yol qət edə, nəsnənin kobud qeyri-insani yadlığında müəyyən bir əlaqələndirmə meyarı yarada bilər...

Mən eyni şeyi birmənalı surətdə elm haqqında da deyə bilərdim, beləliklə, elmdə kreativ təsəvvürün təchiz etdiyi xidmətin zəngin dəyəri praktiki cəhətdən necə təkmilləşdirilə bilər? Burada həm praktiki alimlərin özləri, həm də geniş ictimaiyyət üçün də bəzi qənaətlər ortaya çıxa bilər.

Elm adamlarının yazılarındakı keçmişdən qalma fəlsəfələr

Əgər mən özüm peşəkar bir fizik kimi formalaşmağımdan danışası olsam, doktorluq və doktorluq sonrası təcrübələrimdə, hətta iş metodları və həyat tərzi kimi yaradıcılığın vacib aspektlərində, elmi ideyaların kreativ axınını sürətləndirmək üçün bircə saat da olsun xərclədiyimi xatırlamıram. Bununla belə, deyiləcək çox şey var: görüntü və eşitmə arasındakı müntəzəm əlaqə, kəskin mənəvi fokusla inteqrativ defokuslanmanın əvəzlənməsi, problem üzərində işləyərkən istirahət dövrlərinə icazə vermək – bütün bunlar erkən elm karyerasında danışmağa dəyər məsələlərdir.

Ümumiyyətlə götürsək isə, xam elmin təsəvvür gücünü, onun poetik "məxsusi istisnalar" daxil olmaqla yüksəkkeyfiyyətli elmi yazıyla əlaqəsini - Con Lareyin kitabı (The Faber Book of Science 1995) yaxşı başlanğıc olar – və elmin insan mədəniyyətində sənət qədər dərin yerinin olduğunu etiraf etmək, ancaq zənginliyə və ələçatımlılığa gətirib çıxarar. Formal təhsil verməkdən başqa, elmin digər istiqamətlərini - onun tarix və fəlsəfəsini, dərin ideyalarını və təbiətin dəqiq müşahidəsinin gətirdiyi yenidən kəşf etmək sevincini – araşdırmaqla, bir çox insan "elmin mənə görə olmadığı" fikrinin əksər vaxt sadəcə olaraq həyatın erkən dönəmlərində yaranmış qəddar bir aldanış olduğunu kəşf edə bilər.

Tom Makley Birləşmiş Krallığın York Universitetində Fizika Departamentində təbiət fəlsəfəsi üzrə professordur. O, "Elmdə İnanc və Kamillik", "Qoy, Elm Olsun", "Elmin Şeiriyyəti və Musiqisi" kimi kitabların müəllifidir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR