Demokratiya adətən ictimai meydandakı qışqır-bağırdan başqa bir şey deyil

Salman Rüşdü

Ədəbiyyat
Photo

Həqiqət, Yalanlar və Ədəbiyyat

Şekspirin “IV Henri” dramının ilk hissəsində Falsaff, Şahzadə Haldan soruşur: “Nə, əsəbləşmisən? Əsəbləşmisən?”. “Yəni həqiqət həqiqət deyil?” Gülməli olan əlbəttə, Falsaffın lap əvvəldən yalan danışması və şahzadənin onun yalançı olduğunu üzə çıxarmağa yaxın olmasıdır.

İndiki kimi həqiqətin hər yerdə hücuma məruz qaldığı dövrdə Falsaffın şübhəli həqiqət anlayışını çox sayda güclü liderin də mənimsədiyini görürük. Həyatımı yaşadığım mənə əziz olan üç ölkədə (Hindistan, İngiltərə, Amerika) etibarlı məlumatlar “yalan xəbər” kimi pislənildiyi halda, hansısa mənafe üçün istifadə edilən yalanlar isə müntəzəm olaraq fakt kimi təqdim edilir. Bununla belə, həqiqətin müdafiəçiləri üzərimizə gələn dezinformasiya selinin qarşısını almağa çalışan zaman, həqiqətin qarşısıalınmaz və universal olduğu qızıl dövrün xiffətini çəkməklə və bu xoşagəlimli təsəliyyə geri qayıtmağımız üçün israr etməklə səhvə yol verirlər.

Düzünə qalsa, həqiqət onsuz da hər zaman mübahisəli olub. Kembricdə tarix təhsili aldığım dövrdə erkən yaşda bəzi şeylərin “təməl faktlar” olduğunu öyrəndim, bunlar Hastinqs müharibəsinin 1066-cı ildə baş verməsi və ya Amerika İstiqlaliyyət Bəyənnaməsinin 4 İyul 1766-cı ildə qüvvəyə minməsi kimi inkaredilməz həqiqətlər idi. Lakin tarixi faktın ortaya çıxması, bir hadisəyə müəyyən bir məna yükləməyin nəticəsi kimi meydana gəlir. Yuli Sezarın Rubikonu keçməsi tarixi faktdır. Amma o, çayı başqa xeyli adam da keçib, amma onların fəaliyyəti tarix üçün əhəmiyyət daşımayıb. Həmin keçidlər bu mənada fakt sayılmırlar. Bundan başqa, zaman tez-tez faktın məğzini dəyişir. İngilis İmperiyası dövründə, 1857-ci ildə baş verən hərbi üsyan Hind Qiyamı kimi bilinirdi və qiyam ölkənin idarəçilərinə qarşı çıxmaq olduğu üçün bu ad və dolayısı ilə faktın məğzi “qiyama qalxan” hindliləri haqsız çıxarırdı. Müasir hind tarixçiləri isə artıq bu hadisəni Hind Üsyanı kimi qələmə verirlər, bu da faktı tamamilə fərqli bir dona salır və beləliklə o, fərqli məna daşımış olur. Ke,miş daima indiyə nəzərən gözdən keçirilib.

Lakin bu da həqiqətdir ki, 19-cu əsrdə Qərbdə həqiqətin məğzi barədə yetərincə genişmiqyaslı konsensusun olması iddiasında doğruluq payı var. Dövrün böyük romançıları - Qustav Flober, Corc Eliot, Edit Varton və digərləri – geniş mənada götürsək, özlərinin və oxucularının reallığın təbiəti barədə razılaşdıqlarını fərz edə bilirdilər və realist roman dövrü geniş miqyasda bu fikrin üzərində qurulmuşdu. Ancaq bu konsensus bir xeyli məfhumun çıxdaş edilməsi üzərində idi. O, ağ və orta sinif düşüncəsi idi. Məsələn, müstəmləkə xalqlarının, ya da azlıqdakı irqlərin – “Məsumiyyət Dövrü”, “Middlmarş”, ya da “Madam Bovari”də təsvir olunan burjua reallığından olduqca fərqli görünən baxış bucağı - əksərən narrativlərdən silinmişdi. İctimai baxımdan hədsiz əhəmiyyətli mövzular da əksərən marjinallaşmışdı. Məsələn, Ceyn Ostinin dünyasında “Napaleon müharibələri”ndən demək olar ki, bəhs edilimir, Çarlz Dikkensin ucsuz-bucaqsız dünyasında isə İngilis İmperiyasına bir an nəzər yetirilir, ya yox.

Hakimiyyət və azadlıq - Fukonun fəlsəfi baxışı

Yirminci əsrin böyük sosial dəyişikliklərinin təzyiqi altında on doqquzuncu əsrin baxış bucağının kövrəkliyi üzə çıxdı və həqiqət anlayışı belə demək mümkünsə, saxta görünməyə başladı. İlk əvvəl, bəzi görkəmli ədəbi sənətkarlar dəyişən reallığı realist romanın metodlarından yararlanmaqla, qələmə almağa çalışdılar - Tomas Mannın “Buddenbroklar”da, Cunişiro Tanizakinin isə “Makioka Qardaşlar“da elədiyi kimi. Amma gün keçdikcə, realist roman daha da problematik görünməyə başladı və Frans Kafkadan Ralf Ellisona və Qabriel Qarsia Markezə qədər bir çox yazıçı daha qəribə, daha sürreal mətnlər yazmağa və aşkar qeyri-həqiqi yollarla həqiqətdən bəhs etməyə, sanki ovsun etməklə, yeni növ reallıq yaratmağa başladılar.

Mən yazıçı həyatımın əksər hissəsində günümüzün ən əhəmiyyətli həqiqətinin köhnə həqiqət qavramlarının parçalarından ibarət olduğunu və dünyanın ən yaxşı formada zidd və uyuşmaz narrativlər vasitəsiylə izah oluna biləcəyinin mübahisəsini aparmışam. Kəşmirdə və Orta Şərqdə və proqressiv Amerika ilə Trampistan arasındakı mübarizədə biz bu ziddiyətlərin nümunələrini görürük. Mən həmçinin bu fikirdə qalıram ki, bu yeni, mübahisəli, hətta polemikalı yanaşmanın ədəbiyyata güclü təsiri var – biz onun olmadığını inkar edə bilmərik, etməməliyik də. İctimai diskursa təsir edən səslərin getdikcə artması və çeşidlənməsinin faydalı olduğunu, ədəbiyyatımızı zənginləşdirib dünyanı dərkimizi kompleksləşdirdiyini düşünürəm.

Lakin bununla belə, indi hamı kimi mənim özüm də həqiqətən tupiklə üzləşmişəm. Müasir reallığın bir tərəfdən olmalı olduğu kimi çoxtərəfli, parçalanmış və dağınıq vəziyyətə düşdüyünü, digər tərəfdən isə reallığın məxsusi bir şey, mübahisələndirilməməsi gərəkən məfhumlar olduğunu və məsələn, Hindistandakı Modi hakimiyyəti, Birləşmiş Krallıqdakı Breksit tayfası, ya da Amerikanın prezidenti kimi insanların hücumundan müdafiə edilməli olduğunu necə mübahisələndirə bilərik? Vacib biliklərlə zibil yığının yan yana mövcud olduğu paralel dünyada İnternetin pis tərəfləriylə və hakim qüvvələrin heç vaxt olmadığı qədər insanları saxta və həqiqi məlumatı bir-birindən ayırmasını getdikcə daha çox çətinləşdirməsiylə necə mübarizə apara bilərik? İqlim dəyişikliyi və ya uşaq peyvəndi kimi elmi sübutları olan “təməl faktların” ictimai qəbulundakı eroziyanı necə əngəlləyə bilərik? Bəs siyasi demaqogiyanın avtoritarların həmişə eləmək istədiyi şeyi eləməsinə, yəni xalqın həqiqətə olan inamını sarsıdıb öz seçicilərinə “məndən başqa heç nəyə inanmayın, çünki həqiqət mənəm” deyən manipulyasiyalarıyla necə baş edə bilərik? Bütün bu məsələlərlə bağlı nə etmək olar? Xüsusilə sənətin və ədəbi sənətlərin burada rolu nə ola bilər?

Özümü elə aparmaq istəmirəm ki, guya dəqiq cavabım var. Lakin hər bir millətin həqiqət anlayışının həmişə bir mübahisənin nəticəsi olduğunu və bu mübahisəni qazanmaqla daha yaxşı bir hala gəlməli olduğumuzu düşünürəm. Demokratiya nəzakətli deyil. Hətta adətən ictimai meydandakı qışqır-bağırdan başqa bir şey deyil. Amma əgər qalib gəlmək üçün az da olsa şansımızın olmasını istəyiriksə, ən azından mübahisəyə cəlb olunmalıyıq. Yazıçılara gəldikdə isə, elmi sübutlarla oxucularımızın arqumentə olan inanclarını yenidən yaratmalı və qurğunun həmişə uğurla etdiyi bir şeyi etməliyik – yazıçı və oxucu arasında nəyin həqiqət olduğu haqqında bir uzlaşmaya nail olmalıyıq. On doqquzuncu əsrin dar, ayrı-seçkiliyə əsaslanan konsensusunu yenidən yaratmaqdan bəhs etmirəm. Müasir ədəbiyyatda daha geniş və mübahisəçi bir cəmiyyət anlayışının olması xoşuma gəlir. Amma biz bəyəndiyimiz, hətta sevdiyimiz bir kitabı oxuyarkən, hiss edirik ki, onun insan həyatını əks etdirən portretiylə razılaşırıq. Bəli, deyirik, biz beləyik və bir-birimizə belə davranırıq, düzdür. Ədəbiyyat bizə bəlkə də ən çox bu mənada faydalı ola bilər. Bu cür radikal anlaşılmazlıq dövrlərində insanların böyük dəyişməz məfhumlar haqqında bir-birləriylə həmfikir olmasına ədəbiyyat nail ola bilər, bu insanın təbiətindən irəli gəlir. Gəlin burdan başlayaq.

İkinci Dünya Müharibəsindən sonra Almaniyada “Trümmerliteratur” və ya dağıntı ədəbiyyatı adı verilən ədəbiyyat janrının nümayəndələri Nasizmin zəhərlədiyi dillərini, həmçinin darmadağın olan ölkələrini yenidən qurmaq ehtiyacı hiss etdilər. Onlar həqiqətin və reallığın inşasına yeni dil vasitəsiylə, elə təkrarən inşa olunmalı olan bombalanmış şəhərlər kimi yenidən başlamağın lazım olduğu qənaətindəydilər. Məncə, biz onların nümunəsindən çox şey öyrənə bilərik. Səbəblər fərqli olsa da, biz də yenidən bir həqiqət dağıntılarının ortasında qərar tutmuşuq. Oxucuların həqiqətə olan inamını, həqiqətə olan etibarını yenidən yaratmaq isə bizim - yazıçıların, mütəffəkirlərin, jurnalistlərin, filosofların öhdəsinə düşür. Və biz bunu yeni dil vasitəsiylə ən başdan inşa etməliyik.

Nyu-Yorker

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR