Yazarlar ruhi xəstədir yaxud Freydin belə deyirdi...

Elmi-kütləvi
Photo

Berna Moran, “Ədəbiyyat nəzəriyyələri və tənqid” kitabından.

Yazarın həyatına və şəxsiyyətinə göstərilən maraq 20-ci əsrdə Freydin təsiri ilə yeni və daha texniki bir mahiyyət əldə etmiş, psixoanalizə əsaslanan yeni tənqid metodu sənət tənqidində böyük yer tutmuşdur.

Freydin şüuraltıyla bağlı fikirlərinə əsaslanan bu metodu bəziləri sənətçinin psixologiyasını, şüuraltı dünyasını, cinsi komplekslərini və s. ortaya çıxarmaq üçün, bəziləri eyni zamanda bu tapıntıları (sənətçinin) əsərlərini şərh etmək üçün istifadə etmiş, bundan əlavə, bəziləri də əsərlərdəki şəxslərin psixologiyasını, davranışlarını açıqlamaq məqsədilə (həmin metodu) bu şəxslərə tətbiq etmişdilər. Psixoanalizin bir də yaradıcılığın şüuraltı mənbələrini izah etmək iddiasında olan qismi var ki, sənətin hansı səbəbdən doğulduğu, sənətkarın nə üçün əsər yaratdığı suallarına cavab verən bu baxış sənət tənqidi sahəsinə daxil olmamaqla yanaşı, psixoanaliz idarəçiliyinin əsasını təşkil etdiyi üçün üzərində qısaca dayanmaq faydalı olacaqdır.

Freyd sənətçinin yaratma aktı ilə nevroz arasında sıx əlaqə tapır və şüuraltının yaradıcılıqdakı rolunu müəyyənləşdirməyə çalışır. Sənətçilərin insanları təəccübləndirən bu yaratma gücü çox qədim zamanlardan bəri diqqət çəkən və maraq doğuran bir məsələ olub və əsasən ilham anlayışı hadisəni izah etmək üçün irəli sürülmüşdür. Qədim Yunanıstanda ilham sənətçinin xaricdən bir qüvvənin təsiri altına düşməsi, ona tabe olması demək idi. Sanki cin girmiş kimi sənətçi yarı özündən getmiş bir vəziyyətə düşərdi. Əsrarəngiz xarici qüvvəni tanrılar olaraq da anlayırdılar və şairlər ilham üçün allahlardan mədət umur, onları köməyə çağırırdılar.

Platonun İon dialoqunda Sokrat, ozan İona suallar verərək onu sıxışdırdığı zaman ionun verdiyi cavablardan çıxardığı nəticələrdən biri də budur: ozanlar, yazarkən və danışarkən ağıla əsaslanan iş görmürlər. (Onlar) bir növ vəcd içindədirlər və yazdıqları şüurlu nəzarətə tabe deyildir.

Romantik çağda bu ilham fikri dini pərdəsindən çıxaraq təbii şərhə yönəlir. Sənətçi yenə də ilhamla yazan adamdır, texnika və bilgi bu işə yetməz. Lakin ilham artıq sənətçiyə kənardan gələn və ona hakim olan güc olmaqdan çıxır və yavaş-yavaş sənətçinin öz içində, amma şüurunun xaricindəki bir mənbədən fışqırdığı qənaəti özünə yer edir. Romantiklər ağıl, zəka, zehin, düşüncə kimi şeylərlə həqiqi sənət əsəri yaradıla biləcəyini qəbul etməz. Yaradıcılıq şüuru üstələyir və içimizdəki bilmədiyimiz bir gücün əsəridir. 20-ci əsrdə sürrealistlər şeir yazarkən akim (?) nəzarətini götürmək və şüuraltındakı materialı ortaya çıxarmaq üçün müxtəlif yollara əl atarkən, romantiklərdən gələn yaradıcılıq ideyasının yeni növünü mənimsəyirlər. Bütün sənətçilərin ilhama bu qədər əhəmiyyət vermədiyini bilirik. İstər bəzi İntibah yazarları, istərsə də neo-klassiklər və bir çox 20-ci əsr yazarları daha dəqiq, soyuqqanlı, rasionalist sənətçilərdir. Əsasən sənətçiləri qəti şəkildə bu cür iki qrupa ayırmaq aldadıcı bölgüdür. Əlbəttə ki, həqiqətdə hər sənətkarda bu iki növdən nələrsə olur.

Nəyə görə üstün zəkalı insanlar mənəvi və fiziki qüsurlardan əziyyət çəkirlər?

Freydə gəlincə, onun sənət haqqındakı nəzəriyyəsini (bunu zaman keçdikcə bir qədər dəyişdirsə də) belə xülasə edə bilərik. İnsanların bir sıra istəkləri, itələyici gücləri var, amma cəmiyyət içində yaşadıqları üçün xarici gerçəkliyə tabe olmaq zərurətini duyur və bu istəklərini sərbəst şəkildə təmin edə bilmir, əksinə, bunları yatırmağa, örtməyə çalışırlar. Lakin istər cinsi sahədə, istər başqa bir sahədə olsun bu itələyici güclərdən, istəklərdən imtina etmək çox çətindir. Bundan ötrü insan real həyatda qovuşa bilmədiyi bu zövqləri xəyal qurmaq yolu ilə əldə etməyə çalışır. Beləliklə, reallıq prinsipinin sözünü keçirə bilmədiyi bir xəyal dünyasında insan ən gizli arzularını təmin edir. Əksəriyyəti cinsi və ya özünü uğurlu, güclü və uca görməklə bağlı istəklərdir bunlar. Bu xəyal qurma prosesi həddini keçər, normal sərhədləri aşarsa, ruhi xəstəlik üçün şərait hazırlanıb deməkdir.

Freydin sənət nəzəriyyəsində, bu xəyal qurma aktı ilə sənətçinin yaxın bir əlaqəsi vardır. Sənətçi da ruh xəstəsinə yaxın sayılır. O da gerçək dünyada təmin edə bilmədiyi istəklərlə doludur, "ləyaqət, sərvət, şöhrət qazanmaq, yüksəlmək və qadınların sevgisini əldə etmək istəyir, amma bu ləzzətlərə çatmaq vasitələrindən məhrumdur. Beləliklə, o da, həsrəti yerinə yetirilməmiş hansısa biri kimi həqiqətdən uzaqlaşaraq bütün diqqətini və libidonu istəklərinin xəyal dünyasında yaradılmasına ötürür. Bu da asanlıqla nevroza yol aça bilər". Bəzi hallarda sənətçi onu yazmağa itələyən təmin edilməmiş istəklərini dolayı yolla yenə həqiqətən təmin edə bilər, çünki əsəri sayəsində başqaları da bir xəyal dünyasında yaşaya bildikləri üçün onların heyranlığını qazanır ki, bu da ona istədiyi qüdrəti, ləyaqəti, şöhrəti və qadınların sevgisini yenə həqiqətən təmin etmiş olur. Yazarın bunu edə bilməsinin səbəbi qurduğu xəyalın şəxsi istiqamətini yonaraq başqalarının zövqlə qatıla biləcəyi bir hala sala bilməsindən və qadağa mənbələrdən gəldiyini hiss edilməyəcək qədər dəyişdirə bilməsindədir.

Deyilə bilər ki, sənətçi, başqalarına xəyal qurmağın zövqünü utanmadan təmin etmək imkanını təmin edir. Madəm ki, yazarı yazmağa itələyən, aşkara çıxarmayıb yatırtmaq məcburiyyətində qaldığı istəkləridir, o halda bunlar bir yolunu tapıb qılıq dəyişdirərək özlərini əsərdə müəyyən edəcəklərdir; eynilə hamımızın yuxularında özlərini göstərdikləri kimi. Buna görə bir sənət əsərinə, yazarın şüuraltında qalmış arzularının, qorxularının və s. simvollarını daşıyan sənəd kimi baxa bilərik. Psixoanalitik tənqidi istifadə edənlərə görə, yazarın əsəri, psixoanaliz müalicəsindəki xəstənin sözləri kimi müzakirə oluna bilər və o zaman müəllifin gizli arzularını, cinsi meyllərini, şüuraltı dünyasını araşdırıb ortaya qoymaq üçün əsərini araşdırmaq lazımdır.

Psixoanalizin bu yolda istifadə olunması əsərdən hərəkət edərək yazarı açıqlayan tənqid növünə daxil olur və əsər haqqında bizə artıq bir şey deməz. Amma psixoanalizə əsaslanan metod yalnız müəllifin tərcümeyi-halı üçün istifadə edilməz, eyni zamanda əsərə aid xüsusiyyətləri açıqlamağa da yaraya bilər. Belə ki, Freyd özü "Dostoyevski və ata qatilliyi" adlı yazısında Dostoyevskinin həyatı haqqındakı məlumatlara və əsərindəki hadisələrə, insanlara, ölümünü arzulaması məsələsinə, üzə çıxmamış homoseksualizminə aid nəticələr çıxarır, lakin eyni zamanda Dostoyevski haqqındakı bütün bu məlumatların işığı altında yaradıcılığını aydınladan fikirlər ortaya atır.

Dostoyevski və ata qatilliyi

Freyd özü sənət əsərlərinə əyilməklə bu metodun necə tətbiq olunacağını göstərən ilk nümunələri vermişdir. "Yuxuların şərhi" kitabında, sonradan çox işlənən Edip kompleksi mövzusunun bir nümunəsini Sofoklun "Kral Edip" dramında tapmışdı. Freydə görə uşağın ilk cinsi istəkləri anaya yönəlir və atanı rəqib bildiyi üçün onun ölümünü istəyir. Bu hamımız üçün belədir və dramın 20-ci əsr tamaşaçısına hələ də təsir etməsini bu şəkildə açıqlaya bilərik. "Edipin taleyi bizi təsirləndirir, çünki o bizim taleyimiz də ola bilərdi. Onun üzərindəki lənətin eynisini kahin doğulmamışdan əvvəl bizə də yükləmişdi. Hamımız, xəyallarımızın da bizi razı saldığı kimi, ilk cinsi itələyici güclərimizi analarımıza və ilk nifrət, zorakı itələyici güclərimizi də atalarımıza yönəltməyə məhkum edildiyimiz üçün təsirlənirik".

"Hamlet"in də Edip problemi ilə açıqlana biləcəyinə işarə etmişdi Freyd. Lakin bu faciəyə psixoanaliz metodunu tətbiq edərək məşhur bir tədqiqat ərsəyə gətirən Ernest Cons olmuşdur. Məlum olduğu kimi, "Hamlet" tənqidçilərini ən çox məşğul edən məqamlardan biri Hamletin atasının intiqamını almaq üçün bir növ hərəkətə gəlməməsi, bunu davamlı olaraq ertələməsidir. Cons məhz bu məqamı və dolayısı ilə Hamletin şəxsiyyəti problemini yenə psixoanaliz yolu ilə həll edir. Hamlet atasının intiqamını heç cür ala bilməz, çünki atasını öldürərək yerinə keçən və anası ilə evlənən adam, əslində Hamletin uşaqlıqda istədiyi və yatırdığı bir arzunu həyata keçirib. Hamlet öz atasını aradan qaldıraraq anası ilə birləşmə istəyini şüuraltında duymuş olduğu üçündür ki, eyni şeyi həyata keçirən adam qarşısında özünü günahlandırmaqdan xilas ola və heç cür hərəkətə gələ bilmir.

Lakin Consun bunlardan çıxardığı başqa bir nəticə var ki, birbaşa Şekspirin özü ilə bağlıdır. Consa görə, əsərdə tapdığımız Edip vəziyyəti Şekspirin öz ruhi vəziyyətinə işıq tutur. Şekspirin atasının 1601-ci ildə öldüyünə və "Hamlet"in də bu hadisədən dərhal sonra yazıldığına inandığı üçün, Cons yazarın atasına qarşı uşaqlıqda keçirdiyi hisslərin canlandığı bir vaxtda "Hamlet"i qələmə aldığı nəticəsinə gəlir. Consa görə, "Hamlet" bizə Şekspirin ruhunu və zehninin dərinliklərində baş verənləri göstərir, fəlsəfəsini, fikirlərini dilə gətirir. Görəsən həqiqətən belədirmi?

Şekspirin digər əsərlərində başqa fikirlər dilə gətirilir. Əsərlərindən birini seçərək təkcə burdakıları sənətçinin həqiqi fikirləri saymağa nə haqqımız var? Cons, Hamlet obrazının psixoanalitik təhlili ilə kifayətlənməyərək, buradan Şekspirin ruhunun dərinliklərinə atıldığı an, əsərdə sənətçini oxumaq həvəsinin təhlükələrinə dolaşır.

Qeyd etməyə çalışdığımız kimi, Freyd sənətçiyə ruh xəstəsi kimi baxır. Freydin nəzəriyyəsinin doğruluğunu və yanlışlığını təyin etmək bizə düşməsə də, ədəbiyyat tənqidi baxımından görünən zəif cəhətlərinə diqqəti çəkirik.

Freydin sənətçi və xüsusilə yazarları və şairləri ruh xəstəsi sayması və xəyal qurmaqla sənət arasında tapdığı əlaqə tənqidə məruz qalmışdır. Trilinqə görə yazarların və şairlərin psixoanalizə əlverişli olmasının səbəbi psixologiyaları haqqında çoxlu ipucu vermələrində və özlərindən danışmalarındadı. Lakin elm adamları, vəkillər, bankirlər və s. özləri haqqında yazmırlar deyə onları normal görməmiz gərəkmir. Psixoanalizin anlayışı ilə onları ələ alsaq, onların da ruhi quruluşlarında, yazarlarda olduğu qədər ziddiyətlər taparıq.

Yazarlar haqqında

Sənətçilər ayrıca sinif təşkil etmirlər. "Bu belə olduqda, yazarın gücünü yenə də nevroza bağlamaq istəyiriksə, bütün intellektual gücü nevroza bağlamağı nəzərə almalıyıq". Yazarı başqalarından ayıran nöqtə bir növ ruh xəstəsi olması deyil, çünki hamımız bir qədər eləyik, bu nevrozu uğurlu bir şəkildə konkretləşdirə bilməsindədir. Yazarın və şairin dühasını ruhu pozuntularla açıqlaya bilmərik; olsa-olsa duyma, sezmə, əks etdirmə, qavrama gücü kimi terminlərlə izah edə bilərik. Başqa sözlə, sənətçini sənətçi edən ruhi pozuntuları deyil, bir növ istedadıdır. İstəyirsiniz buna Allah vergisi dəyin, istəyirsinizsə, xüsusi bir istedad.

Freydin nəzəriyyəsində diqqət ediləcək ikinci bir məqam əsərin dəyəri ilə olan əlaqəsidir. Nəzəriyyə doğru olsa belə bu, bizə sənət əsərinin dəyəri haqqında fikir yürütmək imkanını vermir.

Sosioloji tənqiddə və təhkiyəçi nəzəriyyədə gördüyümüz vəziyyət burada da vardır; yəni nəzəriyyə əsərin ərsəyə gəlməsini açıqlayır, amma bu açıqlama təsviredici tənqiddir, dəyərlə əlaqəsi yoxdur. Eyni şərtlər iki fərqli yazarı əsər ərsəyə gətirməyə sövq edə bilər, lakin ortaya çıxan iki əsər çox fərqli dəyərdə ola bilər. Psixoloji tədqiqat sayəsində bəzi yazarların əsərlərində niyə filan keyfiyyətlərin olduğunu deyə bilərik, lakin sözügedən keyfiyyətlərin yaxşı və ya pis olduğunu ancaq bir ədəbi dəyər nəzəriyyəsinə əsaslanaraq təyin edə bilərik. Yaradıcılıq fəaliyyətini araşdıran psixoloji tənqid də qiymətləndirmədə işə yarayardı, əgər yaxşı və pis əsərlə, müəyyən bir yaradıcılıq anlayışı arasında əlaqə qurula bilsəydi. Bu gün üçün bunu edə biləcək vəziyyətdə deyil psixologiya.

Sənətçinin həyatını, nevrozunu psixoanaliz yolu ilə kəşf etməyin əsəri qiymətləndirməkdə işə yaramayacağı doğrudur. Ancaq psixoanalizə əsaslanan metod hər zaman sənətçinin psixologiyasına üz tutmaz, bəzən də birbaşa əsəri çözümləməyə çalışa bilər. Əsərdəki xarakterləri bu baxımdan araşdıranda onların davranışlarını, şəxsiyyətlərini daha yaxşı dərk edə bilərik. (Freyd və E.Consun Hamlet obrazını incələməsi bu baxımdan maraqlıdır, amma bu iki psixoanalist Hamletin davranışlarını sonda Şekspirin ruhi vəziyyətinə bağlamaqla yenə sənətçiyə yönəlməkdən özlərini saxlaya bilməmişdirlər).

Bu gün xüsusilə müasir ədəbiyyatı araşdırarkən, psixoanalizdən bu yolda istifadə etmək yerinə düşər, çünki müasir sənətçilər Freyd və Yunqdan təsirlənmiş və psixoanalist təlimi öz əsərlərini yazarkən tətbiq etmişdirlər. Lakin sözügedən tənqid metodu sənətçiyə istiqamətlənmiş tənqid üsulları arasına daxil deyil; fikirlərini əsərə yönəldən tənqiddir. Psixoanalitik metodun başqa yollarda istifadə edildiyini xatırlatmaq məqsədi ilə burada qısaca toxunmaq istədik.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR