Tolkienə doğru, xəyali dillər

Ədəbiyyat
Photo

Marslıların necə danışacağını dizayn etmək... Tolkienin yaratdığı dillər... Xəyali səyahətlər üçün xəyali dillər yaratmaq, yaradıcı müəlliflərin mühüm problemləri arasındadır. Bunu edə bilənlər azdır. Onları başa düşənlər də. Xəyali dillərin yaradıcılarının çətin olanın öhdəsindən gələrək yaratdıqları isə hər zaman tək olaraq qalır. Bunun üçün də dəyərlidir, əhəmiyyətlidir. Marina Yaguello "Xəyali dillər" adlı möhtəşəm kitabının bir yerində, xüsusilə Tolkiendən bəhs edərək bizi xəyali dillərin qapısına aparır. O qapıdan içəri girmək, yaradılmış əsərləri oxumaqdan keçir. Həmin maraqlı və faydalı hissə aşağıdadır:

Tarzanın məşhur yaradıcısı Edqar Rays Burroughs da, sakinləri barsoomluların, əsasən telepatiya yolu ilə ortaq bir dildə ünsiyyət qurduqları, lakin bölgələrə görə dəyişən yazı sistemləri istifadə etdikləri (Çinin əksinə) “Under the Moons of Mars”ı (1917) yazmışdır. Əsərin qəhrəmanı Con Karter bu dili bir həftədə öyrənir: bu istedad [telepatiya] bütün marslılarda qeyri-adi irəliləyiş göstərmişdir və dillərinin yalınlığına və uzun söhbətlər əsnasında çox az söz istifadə etmələrinə aydınlıq gətirir. Bu, Mars planetinin universal dilidir; bunun sayəsində bu ziddiyyətli dünyanın həm yüksək, həm də aşağı heyvan növləri, növün zəka səviyyəsinə əsasən və fərdin inkişaf səviyyəsinə görə az-çox qüsursuz bir şəkildə ünsiyyət qurmaq gücünə malikdir. Bu əsərdə, Flammarionun xalqla tanış etdiyi Marsda həyat ehtimalı və ruhi ünsiyyət nəzəriyyəsi kimi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində dəb olan bəzi izlərə rast gəlinir. Bunlar, həmçinin eyni dövrdə məşhur ekstrasens Helene Smitin xəyal gücünü bəsləyən izlərdir.

Bu dövrdən başlayaraq ingiliscə danışan yazıçıların (xüsusilə də britaniyalı) üstünlüyü özünü fantastik ədəbiyyatda və elmi fantastikada qəbul etdirir. Tolkienin “Bilbo the Hobbit” (1937) və “Üzüklərin hökmdarı” (1954-1955) ilk növə daxildir. Uşaqlığından bəri özünü dillərin sehrinə vermiş olan (yalnız latınca və yunanca deyil, ibrani, qal və fin dilini də çox yaxşı bilirdi) Tolkien, məşhur üçlüyünü qələmə almamışdan əvvəl filologiya və leksikologiya təhsili almışdı (ixtisaslaşmasının əsas hissəsini orta əsr ingilis dili professoru olaraq Oksfordda edib). Beləliklə o, 19-cu əsrdə Hind-Avropa sahəsində inkişaf edən müqayisəli praktikadan qidalanmışdır. Tolkien sözün müasir mənasında dilçi deyil, zəmanəsinin dil elmi nəzəriyyələrindən tamamilə xəbərsiz idi. Çoxsaylı dillər yaratmışdır; ən əhəmiyyətliləri hobbit və elf dilləridir. Tolkien hamısı da german dilləri filologiyasına daxil olan macar, yunan və latıncadan etdiyi əlavələrlə qohum dialektlər arasındakı əlaqələrdən, tarix mərhələlərindən bütöv bir soyağacı çıxarmışdır. Təsis etdiyi dillərə söz ehtiyatı və geniş qrammatika yaratmışdır ("Üzüklərin hökmdarı" seriyasını yazmağa başlamamışdan xeyli əvvəl, 1917-ci ildən başlayaraq fincədən, yunanca və şəxsi əlavələrdən əmələ gələn yuxarı elfçə və ya Quenya deyilən elflərin dilinin fonoloji və tarixi təsvirini, həmçinin lüğətini nəşr etdirmişdir).

Oksfordun digər "ərməğan"ı məşhur şeir “Jabberwocky”nin müəllifi, özündən daha böyük olan Luis Karroll kimi Tolkien də köhnə anqlo-sakson dilinin səs quruluşlarından böyük dad alırdı. Tolkienin yaradıcılığında dünyanı yaradan, həqiqi mənada dildir: bir dil, ardından onu danışanları və bunların kainatını yaradır. Bu kainat, “Orta Dünya”nın fantastik kainatı olacaqdır. Demək, Tolkienin verdiyi dildən yola çıxaraq şəxsiyyətlər doğulur və tarixləri yazılır.

Kitaba gəlincə, tarix hekayəçiləri hobbitlərin qədim dili olan westron dilində bir əlyazmanın tərcüməsi kimi ortaya çıxır. Tərcümənin özü də (hobit-ingiliscəsi) köhnə ingiliscədən qaynaqlanan bir çox köhnə istifadəni əhatə edir. Tolkien həmçinin Şimali Avropa nağıl və dastanlarına (kelt, german və skandinav) da böyük maraq göstərirdi və mövzularının bir çoxunu bu dastanlardan götürmüşdü. Üzüklər də təbii olaraq “Nibelungen”in mövzusunu xatırlatmaqdan geri qalmır. Nə olursa olsun, Tolkienin yaradıcılığı, bu gün aydın olduğu şəkildə elmi fantastikadan çox ingilislərin saysız-hesabsız nümunələr verdiyi xəyali səyahətə yaxındır. Getdikcə daha çox anqlo-sakson mədəniyyətin hökmranlığı altına girən bir dünyada, yerüzündə olduğu kimi, kainat miqyasında də hökmran və universal dil əsasən və bilavasitə ingilis və ya kiminsə mübahisə mövzusu belə etmədiyi qaçılmaz bir fakt olaraq gələcəyə əks etdirilən “Basic English”dir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR