İctimai kitabxanalar nəyə görə əhəmiyyətlidir?

Toplum
Photo

Bu həyati vacib təsisata ən çox lazım olan vaxtda etinasızlıq göstərilir

Erik Klinenberq Nyu-York Universitetində sosiologiya professorudur. Bu esse onun “İnsanlar üçün məbədlər: Sosial infrastrukturlar necə bərabərsizlik, parçalanma və vətəndaş həyatının tənəzzülü ilə mübarizə apara bilərlər” kitabından götürülüb.

İctimai kitabxana lazımsızdırmı?

Cəmiyyətdəki bir çox nüfuzlu qüvvələr belə olduğunu düşünürlər. Son illərdə ölkənin müəyyən hissələrində kağız kitabların dövriyyəsinin azalması, tanınmış tənqidçilərin kitabxanaların artıq tarixi funksiyalarını yerinə yetirə bilməməsi kimi iddialar ortaya atmasına gətirib çıxarıb. Bir çox rəsmilər də israr edirlər ki, bir çox kitabların dijitallaşdığı, bir çox ictimai kültürün onlaynda mövcud olduğu və insanların əksərən bir-birləriylə virtual əlaqə saxladığı 21-ci əsrdə kitabxanalar artıq əvvəllər ehtiyacı olduqları dəstəyə gərək duymurlar.

Kitabxanalar artıq mövcudluqlarını təmin edən mənbələrin aclığını çəkirlər. Bəzi şəhərlərdə, hətta Atlanta kimi zəngin yerlərdə bütöv filiallar qapadılıb. Kaliforniyada, San-Xosedə “Facebook”, “Google” və “Apple” dan cəmi bir küçə aşağıda ictimai kitabxananın büdcəsi elə gərgindir ki, 20 dollarlıq üzvlük haqqından çox borcu olanlara kitab götürməyə və ya kompüterdən istifadə etməyə icazə verilmir.

Lakin kitabxanaların bu gün üzləşdikləri problem əbəs yerə ortaya çıxmayıb. Əslində Nyu-York və digər şəhərlərdə kitabxana dövriyyəsi, proqramda iştirak və kitabxanalara edilən ortalama müraciət nisbəti yuxarıdır. Bu gün kitabxanaların üzləşdiyi problem isə budur: o qədər çox sayda insan o qədər fərqli məqsədlər üçün kitabxanaya müraciət edir ki, kitabxana sistemi və işçilər çaş-baş qalırlar. "Pew Research Center"in 2016-cı ildə apardığı sorğuya görə, keçən il 16 və ondan yuxarı yaşlardakı amerikalıların yarısı kitabxanadan istifadə ediblər və onlardan üçdə ikisi kitabxananın yerli filialının bağlanmasının onların icmasına ciddi mənfi təsir göstərəcəyini deyib.

Ən çox ehtiyacın olduğu və qiymətləndirilmələri lazım olan bir vaxtda kitabxanalar gözdən salınır və onlara etinasızlıq göstərilir. Bu əlaqəsizliyin səbəbi nədir? Səbəb müəyyən qədər ictimai kitabxananın təməl prinsipinin (şərik mədəniyyət və irs bütün insanlar üçün azad və açıq şəkildə əlçatan olmalıdır) bizim dünyamıza hökmranlıq edən bazar məntiqinə uyğun gəlməməsiylə bağlıdır. İkinci səbəb də budur ki, olduqca az sayda nüfuzlu insan kitabxanaların müasir cəmiyyətdə oynadığı vacib rolu dərk edir.

Mütaliə və kitablar haqqında düşüncələr

Kitabxanalar mənim “sosial infrastruktur” adlandırdığım fenomenə dair nümunələrdir: bu cür fiziki sahələr və təşkilatlar insanların bir-biriylə qarşılıqlı əlaqələlərini formalaşdırırlar. Kitabxanalar insanlara təkcə kitablara və digər kültür materiallarına pulsuz çatmaq imkanı vermir, onlar həmçinin yaşlı insanları yoldaşlıqla, məşğul valideynləri de-fakto uşaq qayğısıyla, immiqrantları dil isntruksiyasıyla, yoxsulları, evsizləri və gəncləri ödənişsiz ictimai məkanlarla təmin edirlər.

Bir müddət əvvəl mən bir il ərzində Nyu-York şəhərinin kitabxanalarında etnoqrafiya araşdırmaları apardım. Bu zaman mən bir daha və bir daha kitabxanaların necə həyati əhəmiyyət daşıdığına, təkcə ətrafdakı cəmiyyət üçün deyil, həm də şəxsi problemlərin həllində necə vasitəçi kimi rol oyanadıqlarına şahid oldum.

Yaşlı insanlar, xüsusilə dullar və tək yaşayanlar üçün kitabxanalar kitab klubları, kino gecələri, toxuculuq dərnəkləri, sənət sinifləri, cari tədbirlər və kompüterinq vasitəsilə həm mədəniyyət, həm də yoldaşlıq məkanıdır. Kitabxana bir çoxları üçün digər nəsillərdən olan insanlarla qarşılıqlı əlaqədə olmaq üçün başlıca məkandır.

Kitabxanalar uşaqlar və yeniyetmələrə həm özləri, həm də qonşularına görə etnik məsuliyyət hissi aşılayır, kitabxana onlara bir şeyi borc götürməyi, ictimai mülkiyyətin qayğısına qalmağı və başqaları da yararlansın deyə geri qaytarmağı öyrədir. Uşağa və ya körpəyə təkbaşına baxmaqdan yorulan yeni valideynlər, nənə-babalar, yaxud dayələr üçün kitabxanalar göydəndüşmədir.

Bir çox məhəllələrdə xüsusilə formal dərs proqramından sonra məşğuliyyətləri olmayan gənc insanlar arasında kitabxanalar müxtəlif yaşlardan olan insanlarla ünsiyyət baxımından çox populyardır. Səbəblərdən biri budur ki, kitabxanalar açıq, əlçatan və ödənişsizdir. Digər səbəb isə kitabxana işçilərinin onları xoş qarşılamalarıdır, bir çox filiallarda onlar hətta yeniyetmələrin bir-birləriylə ünsiyyətdə olacaqları yerlər təyin edirlər.

Təkcə kitabqurdlarının yol verdiyi 10 davranış

Bunun nəyə görə vacib olduğunu başa düşməkdən ötrü kitabxananın ictimai məkanlarını “Sturbucks”, yaxud “McDonalds” kimi kommersiya qurumlarının ictimai məkanlarıyla müqayisə edin. Bunlar sosial infrastrukturun əhəmiyyətli hissələridir, amma hamı onlardan tez-tez istifadə edə bilmək imkanında deyil və heç də bütün müştərilərə uzun müddət oturmağa icazə verilmir.

Yaşlı və yoxsul insanlar əksərən “Starbucks”dan yan keçirlər, çünki qiymətlər olduqca bahadır və onlar bura aid olmadıqlarını hiss edirlər. Nyu-Yorkda tanıdığım yaşlı kitabxana üzvləri mənə deyirdilər ki, şəhərin getdikcə kübarlaşan məhəllələrindəki yeni kafelərdə, barlarda və restoranlarda özlərini getdikcə daha lazımsız hiss edirlər. Yaşlı və yoxsul kitabxana üzvləri bu məkanlara girməyi ağıllarına da gətirmirlər. Onlar təcrübədən bilirlər ki, elitar məkanların təkcə qabağında dayanmaq, menecerləri polisə zəng etməyə təşviq edə bilər. Amma sən kitabxanada polis zabitini nadir hallarda görə bilərsən.

Bu o demək deyil, kitabxanalar həmişə sakit və dincdirlər. Kitabxanalarda tədqiqat apardığım zamanlarda mən kifayət qədər qızğın mübahisələrə, fiziki qarşıdurmalara və digər narahatlıq doğuran hallara şahid olmuşam, bunları əsasən ruhi xəstə, yaxud narkotikin təsiri altında olan insanlar eləyirdilər. Amma belə problemlərin açıq fəaliyyətə həsr olunan ictimai təsisatlarda baş verməsi qaçılmazdır, xüsusilə narkotika klinikalarının, evsizlər üçün sığınacaqların və qida banklarının ən çox ehtiyacı olan kəsləri müntəzəm olaraq geri qaytardığını (ondan əksərən kitabxanaya üz tuturlar) nəzərə alanda bu labüd olur. Heyratamiz olan məqam kitabxanalarda belə pozuntuların nadir hallarda baş verməsi, sivil şəkildə yoluna qoyulması və tezliklə harmoniyanın bərpa edilməsidir.

Məhəllə kitabxanalarındakı açıqlıq və fərqlilik bir vaxtlar şəhər kültürünün nişanəsi idi. Amma indi bu dəyişib. Amerika şəhərləri etnik, irqi və mədəni müxtəliflik cəhətdən genişlənsələr də, əksərən parçalanmış və qeyri-bərabər olmaqda davam edirlər, çünki bəzi məhəllələr məsələ xüsusilə irq və ictimai sinfə gələndə, özlərini bəzən bilərəkdən, bəzən də artan qiymətlər fonunda bu fərqlilikdən ayrı tuturlar.

Kitabxanalar isə elə bir yerdirlər ki, burada müxtəlif maraqları, xobbiləri və tarixçələri olan insanlar demokratik bir kültür içində var ola bilirlər. Kitabxanalarda özəl, ictimai və xeyriyyə sahələri daha ali bir şeyə nail olmaq naminə birlikdə fəaliyyət göstərə bilirlər.

Bir müddət əvvəl “Forbes” jurnalı kitabxanaların artıq faydasız olduğuna və ictimai dəstəyə layiq olmadığına dair məqalə yayımlamışdı. İqtisadçı olan müəllif yazırdı ki, “Amazon” özünün topdansatış mağazaları ilə artıq kitabxanaları əvəz edir və əksər amerikalıların azad bazar seçimini üstün tutacağı şübhəsizdir. Xüsusilə kitabxanaçıların, həmçinin ictimai xadimlərin və sıravi vətəndaşların bu yazıya ictimai qınağı elə böyük oldu ki, “Forbes“ məqaləni saytından silməli oldu.

Albert Eynşteynin 5 ən sevimli kitabı

Biz önəm verməyi bacarmalıyıq. Şəhərlərin və şəhərkənarı bölgələrin özlərini yenidən kəşf etdikləri bugünlərdə siniklər dövlətin bu prosesə töhfə verməklə yaxşı iş görmədiyini iddia etsələr də, kitabxana kimi vacib təsisatlarların layiq olduqları dəyəri almaları vacibdir. Yeri gəlmişkən bunu qeyd etməkdə fayda var ki, ingiliscə “library” sözü latıncadakı “liber” sözündən gəlir, bu söz isə tərcümədə həm “kitab”, həm də “azad” mənasını verir. Kitabxanaların təmsil etdiyi və nümunə olduğu dəyərlər müdafiə olunmağa layiqdir, bunlar elə təsisatlardır ki, hətta atomlaşma, parçalanma və qeyri-bərabərlik dövründə vətəndaş cəmiyyətinin təməl daşı kimi xidmət edirlər.

Əgər bizim hələ də daha yaxşı bir cəmiyyət qurmaq kimi hanısa şansımız qalıbsa, kitabxana kimi sosial infrastrukturlar elə məhz bizim ehtiyacımız olan qurumlardır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR