İslam sivilizasiyasını formalaşdıran şəxsiyyətlər

Kitab
Photo

Yeni kitab erkən müsəlmanların nailiyyətlərini göylərə qaldırır və İslam barəsindəki yayğın miflərin yalan olduğunu üzə çıxarır

Zorakılıq xəbərləriylə İslam tez-tez əl-ələ yüyürürlər. Buna görə də tarixən, mədəniyyət və intellekt baxımından İslamın qlobal sivilizasiyada böyük rol oynamasının xatırladılması insanı rahatladır. Chase Robinson-un İslam tarixinin 30 vacib şəxsiyyətinin portretini verdiyi yeni kitabında Məhəmməd peyğəmbərin 7-ci əsrdə Ərəbistan Yarımadasında bir vahə yaratmaqla ilhamlandırdığı rəngarəng, kreativ və texnoloji baxımdan yenilikçi təzahürlərdən xəbər tutmaq insana zövq bəxş edir.

Əlbəttə, siyahıda hökmdarlar və sərkərdələr də yer alıb, Məhəmməddən başlayaraq Şah İsmayıla qədər 900 il əhatə olunub. Lakin Robinsonun dediyinə görə, kitabda döyüş sənəti estetik sənətdən sonra gəlir. Məhəmməd təkcə döyüş meydanındakı zəfərlərinə görə deyil, ayələrinə görə də mədh edilib. Kipri ələ keçirən xəlifə Abd əl-Malik İslamşünaslar tərəfindən Yerusəlimdəki möhtəşən Qaya Günbəzini tikdirdiyinə görə tanınıb, baxmayaraq ki, o, milçəyi belə öldürə biləcək bərbad ağız qoxusuna görə o qədər də cəlbedici adam olmayıb. Hindistanın şimal-qərbindəki hindu krallıqlarını fəth edən cihadçı Mahmud Qəznəviyə İslamın şərqi perifeyasında saldığı bağlara görə heyranlıq duyulub (“Siz yabanı qızılgülə inci çalarları bəxş etdiniz” – deyə saray şairi mədh edirdi). “Çoban və dünya fatehi” olan Monqol Teymur kəllə sümüklərindən qalalar tikir, lakin eyni zamanda Səmərqənddə möhtəşəm məscidlər də inşa etdirirdi. Osmanlı Fatehi II Sultan Mehmet “renessans adamı” idi.

Görkəmli sərkərdə olmaqdan başqa, onlar həmçinin saxladıqları saraylarda bir şəxsiyyət idilər. Robinsonun qeydlərinə azad düşüncəli fiziklər, bioloqlar, xəttatlar, kartoqraflar (aşağıdakı Məhəmməd İdrisi daxil olmaqla), tarixçilər və şairlər də düşüb. Məhəmmədin özü oxuma-yazma bilməsə də, onun ənənələri mətnlərə hopub. Onun Quran fəsillərindən, yaxud surələrindən biri “Qələm” adlandırılıb. Ənənəvi olaraq ilk insan kimi qəbul edilən Adəm ilk qələmi yaradıb və peyğəmbərin yeznəsi və davamçısı olan Əli isə özünün ərəb əlifbasını ixtira edib.

İslam Avropanı necə yaratdı və bu gün necə dəyişir?

Kitabda milyonçulara və sahibkarlara da yer verilib: 9-cu əsrdə indi olduğu kimi manufakturaçılar öz bazarlarındakı Çinin çoxsaylı keyfiyyətsiz qab-qacağından şikayətlənirmişlər. Qadınlar da kitabda mistiklər, məşuqələr və elm adamları kimi gözə dəyirlər. Məkkə məscidlərinin tağlarının altında Kərimə əl-Mərviziyyə hər iki cinsdən olanlar üçün Quran dərsləri verirmiş. Bəlkə də o qeyd edirmiş ki, peyğəmbərin səhabələrinin və İslam ənənəsini qoruyucularının bir çoxu qadınlar olublar.

Yeni sivilizasiya kimi meydana çıxan din əmtəələr üçün olduğu qədər ideyalar üçün də açıq bazar idi. Robinson yazır: “Urbanizasiya və savadlılığın müasir fenomen olduğu bildirilir, amma bu səhvdir”. Əslində İslam dünyası “öz dövründən əvvəl qloballaşmanı”, “mədəni kosmopolitliyi”, və kapitalizmi simvolizə edirdi. Ticarətdən varlanan şəhərlər dünyanın ən yaxşılarıydılar. 9-cu əsrdə Bağdad minillik sonrakı Manhetten qədər sürətlə, intriqaları, seksi və dindən kənar təmayülləri ilə göbələk kimi ortaya çıxmışdı. Dəclə çayında 30 min qayıq üzürdü. İslamın bir digər paytaxtı Kordoba Avropada ən böyük şəhəri idi və möhtəşəm mütəffəkirlər ortaya çıxarmışdı: 12-ci əsr məntiqçisi, Aristotel fəlsəfəsini ortodoks teoloqlardan müdafiə edən İbn Rüşd olmasaydı (Tomas Akvinyasa böyük təsir etmişdi), Maarifçilik heç zaman meydana gələ bilməzdi

Öz portretləri boyunca Robinson İslamla bağlı iki müasir mifi ifşa edir. 21-ci əsrin İslam diskursunda puritanlar kimi dominantlıq edən sələfilər Məhəmməd peyğəmbərin saf, yekcins inancın (və hər bir müsəlman bu inanca riayət etməlidir) yaradıcısı olduğunu irəli sürürlər. Robinsonun versiyasına görə isə, peyğəmbərin miras qoyduğu İslam amorf, rüşeym halında və qarışıq idi. Öz başçısından məhrum qalandan sonra, müsəlman icması təkcə hüququn incəlikləri ilə bağlı deyil, həmçinin kimin idarəçi olacağına və necə idarə edəcəyinə dair də mübarizəyə başlamışdılar.

İslam Avropada təslim oldu, yoxsa bu nəcib siyasət idi?

Məhəmmədin sevimli arvadı və kürəkəni varisliyi ələ keçirmək üçün çarpışırdılar. İnancın özü də olduqca sinkretik idi, o, öz hakimiyyəti altına aldığı xalqların ənənələrini mənimsəməklə genişlənirdi. İslamın erkən idarəçiləri düzgün İslamla şərab içmək arasında belə təfriqə görmürdülər. Əksər vaxt ilkin mənbə təməl sualları cavablandırmaqdan ötrü çox qıt idi. Mətnin hərfi oxunmasının tərəfdarı olan əndəlüslü siyasi xadim və alim İbn Hazam məsəl üçün homoseksualların İncildə yazılan kimi öldürülməsinə qarşı çıxırdı, deyirdi ki, “Quran”da bu barədə heç nə yazılmayıb (onun tövsiyyəsinə görə 10 qamçı uyğun cəza idi). İslamın bugünkü ortodoksallığa yaxınlaşması yaranmasından 10 əsr sonra baş verib.

Robinson əksərən oriyentalistlərin irəli sürdükləri ikinci mifi aradan qaldırmağa çalışır; ki, ortodoksallığın qatı yanaşması İslamın qarşısı alınmaz tənəzzülünə gətirib çıxardı. Onuncu əsrdə fars əlkimyaçısı və fiziki Əbu Bəkr əl-Razi “peyğəmbərlərin yalanları haqqında” yazdığı traktatında peyğəmbərlərin uydurmaçı və nağılbaz olduqlarını və onları ifşa etmək üçün məntiqin öncəliyinin əsas tutulmalı olduğunu bildirirdi. O, yalnızca məntiqin də Tanrı vergisi olduğunu deyəndən sonra kafirlik ittihamlarından xilas oldu. Növbəti əsrdə Əl-Bruni peyğəmbərin kəlamları ilə birgə yunan, fars və sanskrit aformizlərini verməklə, bəlkə də müqayisəvi dində ən möhtəşən klassik yanaşmanı ortaya qoydu. Daniel Defodan 5 əsr əvvəl İbn Tufayl tənha adada böyüyən oğlanın hekayətini yazmışdı. Onun metaforasına görə, vəhy olmadan da insan rasional varlıq kimi təşəkkül tapa bilər.

14-cü əsrdən başlayaraq İslamın cazibə mərkəzi İstanbula doğru dəyişməyə başladı, amma İslam ölkələrinin sarayları dünyanın aparıcı elm adamlarını, sənətkarlarını cəlb etməkdə davam etdi, o cümlədən ən müasir tibbi tərəqqinin və hərbi texnologiyanın mərkəzi olaraq qaldı. Məlum dağıntı dönəmindən keçdikdən sonra monqol idarəçiliyi elmə xüsusilə 13-cü əsrdə Mərakeş rəsədxanasının (bu rəsədxananın ixtiraları Kopernikin kainat modellərinə yol açmışdı) nümunəsində yeni nəfəs gətirdi. Multikulturalizm yəqin ki, hətta trans-məzhəbçilik İslam idarəçiliyində yayğın məcaz olaraq qaldı. Sünni və şiə qaydaları arasında dəyişməklə monqolların inancı heyratamiz dərəcədə dəyişkən idi. Uljeytunun vəziri İranda doğulan, İslamı qəbul etmiş yəhudi Rəşid əl-Din idi, o, 14-cü əsrdə Təbriz yaxınlığında bütün dünyadan olan tədqiqatçılar üçün xüsusi yer açmış və onlardan dünya tarixində “sənaye miqyaslı” iş, “Xronikaların xülasəsini” hazırlamağı tapşırmışdı. Xülasələrin ensiklopedik genişliyi ibrani alimlərinin mətnlərindən (görünür Rəşid əl-Din özü tərcümə edib), Kəşmir rahiblərinin, Çin elçilərinin yazdıqlarından ibarət idi, həmçinin qeyri-buddist bir mətndə Budda barəsində olduqca ehtiramlı bir şərh yer almışdı. 2000 mildən də çox uzaqlıqdakı Tunisdə İbn Xaldun elə bir sosial tarix yazmışdı ki, ilk dəfə tarixi hadisələrin arxasındakı səbəblərin analiz edilməsində saray xronikalarının konteksti ələk-vələk edilmişdi.

İslam dünyasına sərt senzura necə gəldi - Əl-Fərabi

Əlbəttə, kitabda müasir müsəlman fundamentalistlərinə bənzəyən karikaturalar da var. Dəməşqdə və Aleksandriyada 14-cü əsr hakimi Taqi əl-Din İbn Teymiyyə monqollar şiəliyi və Şəriətdənsə özlərinin yassa hüququnu üstün tuturlar (onları dönükləşdirən günah olduğunu bəyan edirdi) deyə hücum təşkil eləmişdi. Onun sevimlisi olan sünni məmlükləri peyğəmbərə qarşı ünvanlanan xristian təhqirlərinə əhəmiyyət verməyəndə, o, kütləni başların kəsilməsi üçün agitasiya edirdi. Öz dövründə kiçik bir oyunçu olsa da, sələfilər bu gün onu mərkəzi səhnəyə çıxarıblar, Səudiyyə Ərəbistanda indi onun doktrinaları Məhəmməd peyğəbərinki ilə yanaşı dərs proqramlarına salınıb. Və sonda İslamın ən hərarətli tənqidçiləri və tərəfdarları Robinsonun kitabında yerdə qalan 29 şəxsiyyəti tanımaqda yəqin ki, eyni dərəcədə uğursuzluğa uğrayardılar.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR