İmadəddin Nəsimi: mübahisəli bir kimlik

Ədəbiyyat
Photo

Şeir dilinə görə orta əsr Azərbaycan (divan) ədəbiyyatına mübahisəsiz aid edə biləcəyimiz ilk şair, şübhəsiz, Seyid İmadəddin Nəsimidir. Bununla belə, onun ərəb və fars dilləri qədər yaxşı yazdığı türk dili və yaradıcılığına istinadən milli mənsubiyyəti ətrafında bir sıra mübahisələr mövcuddur. Nəsimi ilində bu, yaradıcılığı ilə bəzən çox mistik, bəzən də çox dünyəvi təsir bağışlayan, şəxsin doğum və ölüm tarixləri, doğulduğu yer və milli kimliyi barədə irəli sürülən əsas mülahizələri qısa şəkildə nəzərdən keçirmək, düşünürük ki, yerinə düşər.

Adı: Türk və ingilis dilində hazırlanmış bir sıra antologiyaların antologiyaların, habelə Türkiye Diyanet Vakfı, İslam Ansiklopedisi İslam Ansiklopedisi-nin məlumatlarına əsasən, orta əsr mənbələrində Nəsiminin əsil adı Nəsimüddin, Əli, Cəlaləddin, Ömər və digər formalarda qeyd edilib. Habelə, İmaddədin (İmadüddin) təxəllüsü onun adının əvəzində işlənəcək qədər geniş qəbul olunub. Seyid sifəti isə, demək olar ki, bütün adlarının qarşısında işlənib.

Doğum və ölüm tarixi: İmadəddin Nəsiminin doğum tarixi mübahisə predmeti ola bilər. Çünki adətən öldürüldüyü il olaraq müxtəlif tarixlər göstərilir, bəzən isə doğum tarixi olaraq hansısa il qeyd edilmir.

Nəsimin doğum tarixi olaraq geniş yayılmış və əsasən qəbul edilən versiya 1369-cu ( bəzən 1370 bəzən 1370) ildir. Encyclopædia Britannica Encyclopædia Britannica Seyid İmadəddin Nəsimi (Seyid İmadeddin Nesimi) adlı məqaləsində “erkən həyatı haqqında çox az bilinən” şairin yalnız ölüm tarixini (1418) qeyd edərək, doğum tarixini göstərməyib.

Başqa bir məşhur onlayn Ensiklopediya ( Encyclopaedia İranica ) Nəsimidən azəri ədəbiyyatının bu günə qədər bilinən ən qədim şairi kimi bəhs edərək, onun anadan olduğu tarix kimi 1369-cu ili, öldürüldüyü tarix kimi isə 1404-cü ili qeyd edir. Ümumiyyətlə isə, Nəsiminin qətl tarixini 1404, 1421, 1433-cü illərdə göstərən klassik mənbələr vardır. Bununla belə, İbn Həcər əl-Əsqəlani hadisələri xronoloji ardıcıllıqla qeyd etdiyi əsərində Nəsiminin öldürülmə tarixi kimi bir yerdə 1417, başqa yerdə isə 1418-ci ili göstərir (Türkiye Diyanet Vakfı, İslam Ansiklopedisi, Nesimi ) və bu tarixlərə, güman ki, müəllif şairin müasiri olduğu üçün daha çox etibar edilir.

Əcnəbilərin Azərbaycanı ziyarət etməzdən əvvəl oxumalı olduqları 10 kitab

Doğulduğu yer və milli mənsubiyyəti: Şair Nəsiminin anadan olduğu yer və buna müvafiq olaraq hansı millətə mənsub olması müasir Nəsimi tədqiqatlarında ən mübahisəli, ən ziddiyyətli məsələlərdən biridir və o, etnik baxımdan, az qala, Yaxın Şərqin bütün millətlərinə aid edilir. Nəsimişünas Səadət Şıxıyeva yazır ki, “başlıca mənbə və araşdırmalarda Nəsimi müxtəlif millətlərə (türkmən, türk, fars, ərəb, türkman, azəri, azərbaycanlı) mənsub mütəfəkkir kimi təqdim edilir. Müəlliflərin ehtimalları üç əsas qənaət üzərində cəmlənib: 1) Seyyid sifətinin şairin kökünə görə Muhamməd Peyğəmbərin nəslindən gəlməsinin göstəricisi sayılması; 2) Şairə aid edilən müxtəlif nisbələr (doğum yeri); 3) Onun türkcə divanının dil baxımından xüsusiyyətləri”.

Nəsimini şamaxılı hesab edən ilk azərbaycanlı ədəbiyyatşünaslar Sovet Azərbaycanında Həmid Araslı və Mirzəağa Quluzadə olub. Onlar Salman Mümtazın belə bir fikrinə əsaslanıblar ki, şairin qardaşı Şahxəndan Şamaxıda dəfn edilib. Buna baxmayaraq, Nəsiminin Şamaxıda anadan olmasına, habelə Bakı və Şamaxıda hürufilik ideyalarına yaymasına dair hanısasa tutarlı fakt mövcud deyildir.

Nəsimi ilə bağlı müasir tədqiqatlar və ilkin mənbələrə müraciət, Nəsiminin anadan olduğu yer barədə müxtəlif versiyaların meydana çıxmasına səbəb oldu. Nəsimini “erkən Osmanlı şair və mistiki” kimi təqdim edən İslam Ensiklopediyasına ( Encyclopaedia of İslam ) görə, şair Bağdad (bəzi müəlliflərə görə Hələb) yaxınlığında yerləşən Nəsim adlı yerdə anadan olub; bu mənbələr hesab edir ki, şairin məşhur olduğu Nəsimi təxəllüsü elə buradan gəlir. İslam Ensiklopediyası Nəsiminin türkman (turkoman) mənşəli olduğunu qeyd etməklə yanaşı, adının qarşısında Seyyid sifətinin onun ərəb qanına işarə etdiyini də bildirməyi unutmur.

İran mənbələri Nəsiminin Şirvan və Şirazda, 14-cü əsr Osmanlı təzkirəçilərindən Aşıq Çələbi Diyarbəkirdə, Lətifi isə Bağdadda (Nəsim nahiyəsi) dünyaya gəldiyini yazıb.

20-ci əsr Azərbaycan ədəbiyyatına dair bəzi kiçik qeydlər

Orta əsr tarixçisi Əl-Əsqəlani onun Təbrizli olduğunu bildirir, İbn-ül-İmdad da bunu təsdiqləyirdi. Türkcə divanındakı bir beytinə və Aşıq Çələbinin “Məşairüş-şuara” əsərinə görə Nəsimi türkmən əsillidir. Həmçinin ərəb mənşəli olduğuna dair iddialar olsa da, türkləşmiş bir soydan gəldiyi və ana dili türkcə olduğu məlumdur (Türkiye Diyanet Vakfı, İslam Ansiklopedisi, Nesimi).

Nəsimi tədqiqatları üzrə Səadət Şıxıyevanın gəldiyi qənaətə görə, “şairə aid edilən nisbələr arasında “Təbrizi” həqiqətə daha yaxın görünür. Şairin Təbrizli olduğu bu məsələdə milli təəssübü olmayan ərəb tarihçiləri (İbn Həcər əl-Əsqəlani (1372-1449), Şəmsəddin Səhavi (15-ci əsr), İbn İmad əl-Hələbi (17-ci əsr), Abbas əl-Əzzəvi (17-ci əsr) tərəfindən açıq şəkildə ifadə edilib. Şairin mürşidi Fəzlullah isə “Növmnamə” əsərində Nəsiminin Təbrizdən olduğuna ima yoluyla işarə edib”. Nəsimişünasın iddiasına görə, Nəsiminin müasirləri Həcər əl-Əsqəlani və Fəzlullahın əsərlərində onun Təbrizli olduğuna yer verilməsi “Təbrizi” nisbəsi haqqında “tərəddüd və mübahisələrə son qoymaq üçün yetərlidir”. Erkən ərəb qaynaqlarını araşdırmış akademik Ziya Bünyadov da Nəsiminin Təbrizli olduğu qənaətinə gəlmişdi. Sara Aşurbəylinin qənaətincə “bir ehtimala görə, təbrizli, başqa bir ehtimala görə isə şamaxılı olan Nəsimi Bakıda yaşayırdı”.

Nəsiminin etnik mənsubiyyəti məsələsinə gəldikdə isə, S.Şıxıyevayanın araşdırmasına görə, 20-ci əsrin əvvəllərinə qədər Türkiyədə ədəbiyyat tarixi ilə bağlı araşdırmalar aparan müəlliflərin çoxu (eyni zamanda hazırkı İraq və Türkmənistan araşdırmaçıları) Nəsiminin İraq (Bağdad) türkmənlərindən olduğu qənaətində idilər. Fuad Körpülüdən etibarən isə türk ədəbiyyat tarixçiləri tərəfindən o, Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi qəbul edilərək araşdırılıb. Nəsiminin dili isə Azərbaycan türkcəsi, azəri ləhçəsi və ya dialekti adlandırılmağa başlanıb.

Bütün bu mübahisəli məqamlara və cavabını tapmamış suallara baxmayaraq, məlum olan odur ki, Nəsimi şeirlərini yazdığı dil digər türk dilləri ilə (çağatay, türkmən, Anadolu türkçəsi və d.) müqayisədə Azərbaycan dilinə daha yaxındır və onun yaradıcılığı orta əsrlər Azərbaycan ədəbiyyatının mirası kimi qiymətləndirilməyə daha layiqdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR