Uşaqlar niyə xəyali dostlar uydurur? Bu yaxşıdır yoxsa pis?

Elmi-kütləvi
Photo

Xəyali dostlar uşaqlara yalançı oyunlardan daha çox şey öyrədə bilər

Alli Volpe

Keçən bazar ertəsi səhər 10 yaşlı Saşa anasına özünün ən yaxın iki dostu arasında baş vermiş dramdan bəhs etdi. Nəhəng Sakit okean səkkizayaqlı ilbisi Tentakls Saşaya Korala olan sevgisindən bəhs edib. Koral da səkkizayaqlıdır, lakin Saşaya deyir ki, “onun necə istifadə edildiyini öyrəndiyi əlavə bir ayağı var”. Koral Tentaklsın kor-koranə sevgisindən bixəbərdir, lakin Saşaya oxşar mesaj ötürüb: Onun Tentaklsa qarşı güclü hissləri var, lakin utandığından ona söyləyə bilmir. Saşa ortada qalıb.

Qalaktikalararası macəralarından tutmuş sevgi həyatlarına qədər Tentakls və Koral haqqında söhbətlər Espinozanın mərkəz Kaliforniyadakı evində adi haldır. Səkkizayaqlıların Espinoza, Saşa və onun 12 yaşlı böyük bacısı Emili ilə bir evdə yaşamasına baxmayaraq, təkcə Saşa onların necə göründüyünü bilir. Saşanın sözləri ilə desək, onlar “təxəyyül varlıqları” və ya xəyali dostlardır.

Saşanın təxəyyül varlıqlarının seçilmiş çevrəsinə həmçinin qütb maralı Çeri, dəniz inəyi Vaniti və malyariyanın yayılmasının qarşısını alan müalicəvi ağcaqanad Toua daxildir. Espinoza deyir ki, Tentakls həmin komandanın başçısıdır və Saşanın birinci xəyali dostudur, o, Saşanın 6 yaşı olanda onun yataq otağının divarlarında səkkizayağlıya bənzər kölgələrin rəqsindən sonra peyda olub.

İllər ərzində Tentaklsın şəxsiyyəti – düşüncəli, utancaq – inkişaf edib və xroniki miqrendən əziyyət çəkən Saşaya fiziki və emosional rahatlıq bəxş edib. Espinoza deyir ki, “o, hekayələr danışmağı sevir və bu, onun üçün ağrının öhdəsindən gəlmək vasitələrindən biridir”. “O, baş verənlər haqda bütün incəlikləri ilə bəhs edir və bu, ona həqiqətən kömək edir”.

Təxəyyül varlıqları autizmi olan, ev şəraitində təhsil alan və digər uşaqlarla çox ünsiyyətdə olmayan Saşa üçün dostluq mənbəyinə çevrilib. “Onlar özümü yaxşı hiss etmədikdə mənə kömək etmək, tənha qaldıqda və Emili oynamaq istəmədikdə mənimlə söhbət etmək üçün buradadır”, Saşa deyir, “və mənimlə kosmik fəzaya getmək üçün”.

Xəyali dostlar inkişafın müxtəlif mərhələlərində bir çox uşaq üçün ümumi və normal ifadə formasıdır. Əslində, 2004-cü ildə aparılmış tədqiqata əsasən, 7 yaşına qədər uşaqların 65%-nin xəyali dostu olmuş olur. Minnesota Universitetinin Uşaq İnkişafı İnstitutunun professoru və tədqiqatın həmmüəlliflərindən biri Stefani Karlson deyir ki, xəyali dostların olması üçün ən yaxşı vaxt 3-11 yaşdır.

Berklidə Kaliforniya Universitetinin psixologiya üzrə professoru və ilkin inkişaf ərzində təhsili öyrənən “Kidd Lab”da baş tədqiqatçı Seleste Kidd deyir: psixoloqlar razılaşır ki, xəyali dostların mövcudluğu valideynləri narahat etməməlidir, lakin uşaqları həmin personajları yaratmağa təhrik edən amillər, yaxud bəzi uşaqların onları yaratması, digərlərinin isə bunu etməməsi səbəbləri tam aydın deyil. Kidd mənə dedi ki, “Əsas etibarilə, buna təkan verən amillər barədə geniş yayılmış konsensus mövcud deyil”. “Bununla belə, onun inkişafın normal bir parçası olması ilə bağlı geniş yayılmış konsensus mövcuddur. Heç də bütün uşaqların xəyali dostları olmur, lakin bu, adi bir haldır, nə problem, nə də yüksək intellekt əlaməti deyil”.

Xəyali dostlar uşağın inkişaf edən sosial intellektinin əlamətidir. Xəyal qurmaqla uşaqlar başa düşməlidir ki, insanların onlardan fərqli inanc və arzuları, davranışı olur, bu konsepsiya “şüur nəzəriyyəsi” adlanır. Kidd deyir: “Başqasının səndən fərqli bir şey istəyə bilməsi, sənin bilmədiyin bir şeyi bilməsinin dərk edilməsi 4, yaxud 5 yaşa qədər üzə çıxmır”.

Azsaylı kiçik tədqiqatlar xəyali dostları olan uşaqların psixologiyasının dərinliklərini araşdırmağa cəhd edib. Bir tədqiqat belə bir fikrə gəlir ki, gözəgörünməz varlıqlarla münasibət uşaqların dostluğa olan ehtiyacını ödəyir və daha çox ilk, yaxud yeganə uşaqlar arasında rast gəlinir. Tədqiqat həmçinin göstərir ki, qızlar xəyali dostlar yaratmağa daha meyllidir və xəyali dostları olan uşaqlar olmayanlarla müqayisədə böyüyəndə daha yaradıcı olurlar. Karlson öz tədqiqatlarında kiçik qızların adətən heyvan balaları, yaxud insan körpəsi formasını alan xəyali dostları ilə münasibətlərdə öz üzərlərinə tərbiyəçi, müəllim rolu götürdüklərini müşahidə edib. Onun sözlərinə görə, kiçik oğlanların xəyali dostları adətən onlardan daha bacarıqlı super qəhrəmanlar, yaxud xüsusi gücə malik varlıqlar kimi personajlardır.

Karlson deyir, xəyali dostlar uşaqlara özünümüəyyənetmə nəzəriyyəsində əks olunmuş üç əsas psixoloji tələbatı ödəməyə kömək edir: bacarıq, biliklərin əlaqəliliyi və müstəqillik. Xəyali dostları ilə münasibətlərdə lider rolu ələ keçirən uşaqlar öz gözəgörünməz dostlarını “lal” kimi təsvir etməklə və ya onlara hər hansı bacarığı öyrətməklə özlərini bacarıqlı hiss edir. Onların dostları fantaziya məhsulu olsa da, uşaqlar xəyali varlıqlara həqiqi dostları ilə olduğu kimi münasibət göstərirlər. (Baxmayaraq ki, xəyali olanlar uşaqlara sıfır nəticəsi olan sosial situasiyaları qurmaq imkanı kimi əlavə üstünlük verir, deyə Kidd bildirir). Valideynləri tərəfindən xəyali dostlarına yemək verilməsi, yaxud onların maşın oturacağında kəmərlə bağlanmasında təkid edən uşaqlar həmin dostların mövcudluğundan istifadə edərək vəziyyəti idarə etdikdə müstəqillikləri təmin edilir. “Xəyali dostlar uşaqlara nəzarət hissi verir”, Karlson deyir. “Onlar həmin dostları yaradır, onların hekayələrini qoşur, digərləri bura qarışımır. Bu elə bir şeydir ki, uşaqlar ona bütünlüklə yalnız özləri sahib olur. Bu, nəzarətin kiçik bir hissəsinin geri alınmasının maraqlı bir üsuludur. Lakin bu, valideynlər üçün ümidlərin puç olması ilə nəticələnə bilər.

“Ölüm, Seks və Pul” verilişinin yaradıcısı və aparıcısı Anna Seyl bu hiss ilə yaxşı tanışdır. Onun 3 yaşlı qızı Cunun xəyali dostu qırmızı saçlı 4 yaşlı Salad onların Berklidəki evində ilk dəfə fevral ayında “peyda olanda”, o, hər kəsin vaxtında qapıdan çıxmasına mane olan ailə üzvü idi. Cun valideynlərinə məlumat verirdi ki, Salad da onların ailə gəzintilərinə qoşulmaq istəyir, lakin evdən tez çıxması üçün onu cəsarətləndirmək lazımdır. 38 yaşlı Seyl deyir, “Salad ilk dəfə peyda olanda elə vaxt olurdu ki, biz evdən çıxa bilmirdik və hamımız birlikdə “Gəl, Salad” deyib onu gözləməli olurduq”.

Lakin çox vaxt Salad ailənin istəkli və əyləncəli əlavəsidir. Saladın Buk adlı kiçik bacısı, Bobbi və Eve adlı valideynləri vardı (Eve həmçinin Cunun yeni doğulmuş bacısının adı idi). Onlar hamısı küçənin əks tərəfində külək dəyirmanı olan evdə yaşayır. Çox vaxt Salad onu dindirənə qədər danışmır və Cun üçün hər zaman onun yanında olan bir dostdur. (Bu yaxınlarda Cun və onun ailəsi səfərdə olanda Salad Berklidə qalmışdı). Lakin Seyl inanır ki, onun mövcudluğu Cuna dostluq və hekayə qurmaqda yardım edir.

Yazıçı K.B.Hoylun kiçik övladı Edmund 4 yaşı tamam olmasından az sonra ilk dəfə Ed adlı gözəgörünməz triton/vampir ilə dostlaşdı. 36 yaşlı Hoyl inanır ki, vampir başı və balıq bədəni olan Ed Edmund üçün onun timsalında öz arzularının həyata keçməsi vasitəsidir.” “(Edmund) təkrar-təkrar söyləyir: “Edin, içində yeməyi heç zaman bitməyən soyuducusu var””, Hoyl deyir. “İcazə versəm, Edmund günün 36 saatını yemək yeyər. Aşkardır ki, o, özündə olmayanların Eddə olmasını arzulayır”.

Hoyl və ailəsinin Alabamada yaşamasına baxmayaraq Ed Cənubi Dakotada ruhlarla dolu nəhəng evdə məskunlaşıb. Hoyl həmin detalı ötən yay Bedlend Milli Parkına ailəvi səfərlə əlaqələndirir. Uzun səfər zamanı dörd oğlunu əyləndirmək üçün Hoyl “Hobbit” audiokitabını qoymuşdu. Onlar evə qayıtdıqda Edmund Hoylun iş otağındakı asılmış “Hobbit”in üz qabığına işarə edərək Bedlends adlandırdı və iddia etdi ki, Ed orada yaşayır.

Uşaq həyatının çox aspektləri – yalançı obrazlardan real təcrübələrə qədər - adətən, xəyali dostluğun da daxil olduğu oyuna çevrilir. Kidd deyir, “Bu, onların ətrafında baş verənlərin fərqində olmalarını göstərir”. “Bura xəbərlərdə gedən şeylər, yaxud onların öz həyatında baş verənlər də daxil ola bilər”.

7 yaşlı Arinin həyatı gözəgörünməz dostu Davin üçün birbaşa ilham mənbəyidir. “Mən nə edirəmsə, o da həmin şeyi təkrarlayır, biz bir növ bir-birimizin surətiyik”, Ari deyir. Davin ilk dəfə Arinin 3 yaşı olanda, onun anası Kati Trudo ikinci uşağını dünyaya gətirdikdən dərhal sonra peyda oldu, onun 5 sm. boyu var, o, həqiqətən Arinin mini formasıdır. Bəzən Davin üşüyəndə Arinin cibinə tullanır.

Xəyali dostların həyatı ilə real dünyanın kəsişməsi həyati dərslər üçün imkan yarada bilər. Davinin mövcudluğu Ariyə həssas mövzulara yanaşmaq imkanı verdi. Bu yaxınlarda Ari çətin bir vəziyyətlə Trudonun yanına gəldi: Davin kədərli idi, çünki onun Trudonun heç zaman “görmədiyi” atası siqaret çəkir. Trudonun bildiyi qədər, oğlunun həyatında heç kəs siqaret çəkmir, bu səbəbdən müzakirə mövzusu onu qəfil yaxaladı, “lakin mən bunun verdiyi üstünlükdən yararlandım və söylədim ki, çünki siqaret çəkmək pisdir ”, o, dedi. “Bunun üçün Davinə təşəkkür etməliyik”.

Trudo və Espinoza kimi valideynlər üçün onların evlərində uzun müddət məskunlaşmış obrazların mövcudluğunun qəfil bitdiyi günü təsəvvür etmək çətindir. Espinozada səkkizayaqlı Tentaklsa qarşı sevgi yaranıb. O, bütün ailəyə qızlarına mərhəmət və dostluğu öyrədərək müsbət təsir edib, deyə Espinoza bildirir. Halbuki kiçik qızı onu görə bilən yeganə adamdır. Espinoza deyir: “Bilirsiniz, bəzən siz elə bir super adamla rastlaşırsınız ki, maraqlı şeylər edir, maraqlı yerlərə səyahət edib və super yeməklər dadıb və insanlara qarşı diqqətlidir”. “Tentakls belə biridir”.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR