London Kral Cəmiyyəti: 17-ci əsrin “Oğlanlar Klubu”, yoxsa “Bilik Qaynağı”?

Hər şeydən biraz
Photo

Sınama, yanılma və bəzi çox yanlış aparılmış təcrübələr.

Adrian Tinnisvud

“Xəzinələri açan açarlar çox vaxt sadə və paslı olurlar”.

Vahid məqsəd üçün birləşmiş, silahdaşlardan ibarət, müvafiq qaydada, qanunla təsis olunmuş London Kral Cəmiyyəti dünyada öz yerini tutmağa hazır idi.

Lakin həmin yer əslində nədən ibarət idi? Kral Cəmiyyəti nə edirdi?

Əlbəttə, o, biliyi bir araya gətirmişdi. Lap əvvəldən, üzvlərindən müxtəlif ticarət və sənaye sahələri üzrə – oymaçılıq və naxışvurma, emal, gəmiqayırma, daş, pivə istehsalı - sözlü hesabatların hazırlanması xahiş olunmuşdu. Həkim Kristofer Merrett “İngiltərənin təbii nəsnələri və onlardan nadirliyi haqqında” adlı iddialı kataloq hazırlamışdı. Bu məqsəd təkcə öz mənafeyi üçün bilik əldə etmək arzusundan qaynaqlanmırdı: üzvlərin sayı artdıqca hər şeyi bilmək həvəsindən və qəribəliklərdən həzz alan diletantlar və səmimi əyalət mülkədarları da peyda olmuşdu, lakin Cəmiyyətin özəyini təşkil edən adamlar əmin idilər ki, təbii biliklərin inkişafı mütləq şəkildə ticarət, kommersiya və istehsalın da inkişafına gətirib çıxaracaq.

Lakin 1667-ci ildə Tomas Sprat “Kral Cəmiyyətinin tarixi”ndə yazdığı kimi, “bütün təbiət və sənət işlərinin vicdanla qeydiyyatı”, “, indiki və gələcək nəsillərin uzun şərhlərlə daha da möhkəmləndirilmiş səhvlər üzərində qeydlər apara bilmələri” kifayət deyildi. Böyük ehtimalla ser Pol Neilin oğlu Vilyam Neil tərəfindən tərtib olunmuş, tarixi göstərilməyən təkliflər toplusunda deyildiyi kimi, öz mənafeyi naminə olmamasına baxmayaraq, “cəmiyyətin işi təcrübə aparmaqdır”: Neil daha sonra davam edərək vurğulayır, “səbəblər üzə çıxarmayan təcrübələr özlüyündə quru bir əyləncədir”.

1660-cı ilin 5 dekabrında qrupun ikinci görüşündə Kristofer Vrendən “növbəti görüşə qədər kəfkir təcrübəsinə hazırlaşmaq” xahiş olunmuşdu və Brounker, Boyl, Moray, Petti və Vrendən ibarət komitədən “Tenerife adası üzərində civə sınağının keçirilməsi ilə bağlı bəzi suallar hazırlamaq” xahiş olunmuşdur. İki sınaqdan birincisi böyük ehtimalla Vrenin vaxtın dəqiq qorunmasına yol açacağı düşünülən və uzunluq probleminin həllinə səbəb olacaq kəfkir titrəyişi tədqiqatı ilə bağlı idi; digəri isə Kanar adalarının ən yüksək Tenerife zirvəsində, 3660 metr yüksəklikdə quraşdırılmış civə barometrinin hərəkətlərinin müşahidəsi planları ilə bağlı idi. Kral Cəmiyyəti çox şeydən ibarətdi: ideya və kəşflərlə bölüşmək üçün forum, həmin ideyaları toplamaq və yaymaq üçün məkan, milli və beynəlxalq tədqiqatları koordinasiya edən mərkəz. Lakin təcrübəyə əsaslanan öyrənmənin nümayişi, dəstəklənməsi, müzakirəsi və təşviqi onun özəyi idi.

19 dekabrda 4-cü görüşdə hər bir üzvdən “onların fikrincə, cəmiyyətin ümumi quruluşunun yaxşılaşmasına xidmət edəcək təcrübələr” təqdim etmək xahiş olundu. 1661-ci ilin 2 yanvarı üçün iş tam gücü ilə gedirdi. Brounker və Boyl “təpənin başında və aşağıda günəşin qalxmasının diqqətlə müşahidə olunması və fərqin qeyd edilməsi”, “təpənin başında və aşağıda kəfkirli saatın daha sürətlə, yaxud ləng getməsinin qum saatı vasitəsilə yoxlanması” da daxil olmaqla Tenerifedə aparılacaq təcrübə ilə bağlı 22 ideyadan ibarət siyahı ilə gəldilər. Həmin ideyalar daimi yazı və istənilən əhəmiyyətli kəşfə münasibətdə məzmunun üstünlüyünün sübutu kimi qeydə alındı. Boyldan özünün hava nasosunu, Conatan Qoddarddan özünün “rənglərlə bağlı təcrübəsini” və Pettidən “cəmiyyətə həmin gün məruzə etdiyi diaqramları və gəmiqayırmanın tarixi”ni nümayiş etdirmək xahiş olundu.

Brounkerdən “silahların təpməsi (geriyə atması) təcrübəsini keçirmək və gələn görüşə təqdim etmək” xahiş olundu. O bunu etmədi, bir neçə həftə sonra ondan yenidən xahiş olundu, daha sonra yenidən – vədin verilməsi, onun yerinə yetirilməməsi və xatırlatmadan ibarət, bir çox üzvlərə, xüsusilə Qreşamda həftəlik görüşlərdən kənarda gərgin iş həyatı olanlara tanış bir model. “Təqdim etmək” ifadəsi ikimənalı idi: bəzən bu, həqiqi nümayiş, bəzən isə başqa bir yerdə həyata keçirilmiş təcrübənin nəticələri ilə bağlı yazılı hesabat demək idi. Qoddarda ünvanlanmış “rənglər təcrübəsi”ni təqdim etməklə bağlı sorğu, misal üçün, onun rəngsiz və ya onları bir araya gətirdikdə alınan rəngdən tamamilə fərqli rəng çalarları olan müxtəlif mayeləri qarışdırmağını təsvir edən yazılı hesabat ilə nəticələndi. Hesabat müvafiq qaydada qeydiyyata alındı.

Lakin cari təcrübələrin əksəriyyəti həftəlik görüşlər zamanı keçirilirdi – onlardan təqribən iyirmisi ilk il ərzində. Onlar adətən subyektin məhv olması ilə nəticələnirdi. 1661-ci ilin 13 iyununda heyvan fiziologiyasını araşdıran həkim Volter Çarlton zəhərli “nux vomica” (strixnin) toxumlarını gənc qaratoyuq və gənc ağacdələnə yeritdi, onların hər ikisi öldü.

Görüşün yazısında qeyd olunur: “O, həmçinin digər gənc qaratoyuğa “nux vomica”nın iki toxumunu verdi və qarışdırılmış sublimasiya; bu, quşu doqquz dəqiqədə öldürdü”. Digər üzvlər də zəhərlərə maraq göstərirdi. Quru qurbağası və cılız koramal üzərinə duz atılmaqla öldürülmüşdü və “növbəti görüş üçün zəhərləyici maddələrlə bağlı təcrübələri keçirmək məqsədi ilə iki küçüyün gətirilməsi tapşırılmışdı” (təəccüblü olsa da, onların ikisi də sağ qalmışdı). Boylun hava nasosu sınaqları zamanı fərqli canlılar məhv olmuşdu.

II Çarlz razılığın ilkin əlaməti kimi ser Paul Neilə “onlarla bağlı cəmiyyətin rəsmi mövqeyini əldə etmək üçün” beş kiçik şüşə qabarcıq verdikdən sonra Boyl və bəzi başqaları su üzərində qalmaqla bağlı tədqiqat aparmağa təhrik olunmuşdu. Boyl su ilə doldurulmuş, içərisində boş şüşə qabarcıqlar olan üç şüşə silindr təqdim etdi, “bəziləri qızdırılan suda üzə çıxmışdı, digərləri bənzər istilikdə batmışdı; bəziləri soyuq suda üzə çıxmışdı, su qızdırıldıqda batmışdı”. Aydındır ki, həmin təcrübələr heç də həmişə məhsuldar nəticə verməyib.

Cəmiyyətin nüfuzu artdıqca üzv olmayanlar tərəfindən istənilən yerdə keçirilmiş təcrübələr barədə də hesabatlar gəlməyə başladı. Bir qayda olaraq, üzvlər əldə olunmuş kəşfləri yoxlamaq üçün təcrübəni təkrarlayırdılar, baxmayaraq ki, onların öz hesabatları üzvlər tərəfindən adətən sualsız qəbul olunurdu. Üzvlər və onların qonaqları “ilkin nümayiş etdir-danış” formatında həftəlik görüşlərə qəribə əşyalar da gətirirdilər. Bəziləri öyrənməyə digərlərindən daha çox həvəs göstərirdi: bir üzv dəniz sahilində tapılmış hamar daş təqdim etdi, çünki o, biskvitə bənzəyirdi. Digər bir görüşdə həmin üzv, əczaçı Con Houqton Qodalminqdən olan dörd ayaqlı cücəni fəxrlə təqdim etmişdi. O, həmçinin batat, pelikana aid olması güman edilən iri qovuğun yarısını və öldüyü ehtimal edilən “qəribə səs çıxaran quş” nümayiş etdirmişdi. Dr. Krun botanik və həkim Nehemiah Qryu tərəfindən mumiyalanmış ölü uzunquyruq tutuquşu gətirmişdi, lakin Qryu özü görüşdə yox idi; Brounker həmin şeyi aparıb sahibinə verməli olmuşdu. Mumiyalanmış quşu sonda əldə edən Qryu onun saxlanma üçün yararsız olması qənaətinə gəlmiş, əvəzində mumiyalanmış qartal söz vermişdi.

Bəzən yazılar təəccüblü dərəcədə qısa olurdu: “Dr. Vilkins azca rənglənmiş asılqan hazırladı”. “Şəxsi katibdən növbəti görüş üçün şüşə şlyapa lenti gətirməsi xahiş olundu”. 1661-ci ildə üzvlüyə qəbul olunmuş Bekingem hersoqu təkbuynuz atın buynuzunu gətirməyə söz vermişdi. Onun nə vaxtsa bunu etməsi ilə bağlı hər hansı qeyd yoxdur, lakin ser Rober Souzvel daha sonra “təkbuynuza məxsus olması söylənilən böyük buynuz” hazırladı (gətirdi) və 1661-ci ilin iyul görüşündə təkbuynuz buynuzunun tozu ilə dairə çəkildi. Hörümçək onun ortasına qoyulduqda, “o, dərhal dairədən çıxıb qaçdı”.

Bəzi təcrübələri həyata keçirmək digərləri ilə müqayisədə daha çətin idi. Riyazi əsaslandırmalar darıxdırıcı hesab olunurdu. Ballistik, hündürlüklə, yaxud astronomiya ilə bağlı təcrübələr praktik səbəblərə görə başqa yerlərdə keçirilməli idilər. Anestetiklər olmadan həyata keçirilən kəsib-yarmalar hətta daşlanmış 17-ci əsr hissiyyatı üçün belə xoşagəlməz və çox zaman kədərli idi. Bəzən ən sadə bir təcrübə üçün xüsusi avadanlıq tələb olunurdu. Qreşamda Rukun otağında görüşlərin keçirilməsinin üstünlüklərindən biri məhz bu idi: belə ki, onun kollecə məxsus alətlərə çıxışı vardı. İlk iclasların birində şəxsi katib qeyd etmişdi: “Cənab Ruk civə təcrübəsi üçün borular və civəni təmin edəcək”.

1663-cü ilin yayında, Cəmiyyət II Çarlzın planlaşdırılan səfərinə hazırlaşdığı zaman, kral himayədarı heyrətləndirəcək, diqqətini cəlb edəcək və əyləndirəcək təcrübələr proqramı çox müzakirə olundu. Lakin nəyi seçməli? Kristofer Vren uzun və praktiki tövsiyə məktubu yazmışdı. Onun fikrincə, kimyəvi təcrübələr çirkli və darıxdırıcıdır. Anatomik nümayişlər “miskin və üfunətlidir”. Riyazi təhlillər və astronomik vasitələrin nümayişi məlumatı olmayan üçün anlaşılmaz idi. Kənd təsərrüfatı və sənaye maşınları “savad və istinad” və kral səfərinin verdiyi imkandan daha çox vaxt tələb edirdi. “Ssenoqrafiya, katoptrik və dioptik hiylələr” Cəmiyyətin resurslarının imkan verdiyindən daha çox icra bacarığı tələb edirdi.

Həqiqi tikili olmadan, yaxud, heç olmasa, kralın mövzu haqqında ehtimal ediləndən daha çox anlayışı olmasa, memarlıq layihələri mənasızdır. Cəmiyyətin işinin dəyərini aşağı salacaq hiylə deyil, təəccüb və tamaşa lazım idi. “Yalnız hiylə...hadisənin ciddiliyini azalda bilərdi”; eyni zamanda, “xəzinələri açan açarlar çox vaxt sadə və paslı olurlar: hətta qızıl suyuna salınsa belə, açar özlüyündə heç nə göstərməyəcək”. Vren davam edərək bir sıra praktiki həll yolları təklif etdi: dairəvi barometr, süni göz (yəni göz modeli), yaxud hərəkət edən arabalarda istifadə oluna bilən suda asılmış və yaylı kompas.

Əlbəttə, kral heç vaxt gəlmədi.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR