İŞID-ın arxasında buraxdığı faciəli insan taleləri

Toplum
Photo

İŞİD-in qadın və uşaqları dövrümüzün cüzamlılarıdırmı?

İddialara görə, İŞİD düşərgəsində 14 yaşlı bir azərbaycanlı qız başörtüyü taxmadığı üçün nənəsi tərəfindən öldürülüb.

Qovurucu Günəşin altında bir-birinə bitişik çadırlar. Balaca və basırıq. Təsəlli axtarılarsa, hər birinə kondisioner quraşdırılıb. Ərəbcə, ingilisçə, türkçə, rusca-çeçencə səslər eşidilir.

Qadınlar üzlərini çevirərək çadırlara girirlər. Heç kim danışmaq istəmir.

Uşaqlar fərqlidirlər: başlarını çölə çıxarıb içəri salırlar. Analarından məlum azarlamaları alırlar: “İçəri gir”, “Çıxma, otur yerində”.

Uşaqları saxlamaq mümkündürmü ki! Bir neçə dəqiqəyə ətrafımızda cəmlənirlər. Birisi məftil hasarların qarşısında torbadan hazırladığı çərpələngi uçurur. Bir neçəsi top çiləyir. Birisi kameraya uşaq şirinliyi ilə poza verir, birisi də qaçıb gözdən itir. Bunlar İraq Şam İslam Dövləti (İŞİD) təşkilatına qoşulan ailələrin uşaqlarıdır. Atalarına və analarına məhkum olmuş uşaqlar.

Orta yaşdan yuxarı bir qadın çadırdan çıxaraq yaxınlaşır, geyim tərzi tanıdığım coğrafiyadan - Qafqazdan olduğunu göstərir. Rusca nəsə deyir. “Çeçensinizmi”, - soruşuram, başını bulayır. “Yəni, Noxçisinizmi”, - soruşuram. Çeçenlər öz aralarında özlərini Noxçi adlandırırlar. Onları tanıdığımı başa düşür. Üz cigiləri gərginləşir. Ağlayaraq “bizi burdan xilas etsinlər”, - deyir: “Daha dözə bilmirik. Türkiyəyə getmək istəyirik...” Ardını gətirə bilmir.

Bura Suriyadakı “Roj” düşərgəsidir. Derik şəhəri yaxınlığındakı açıq sahədə qurulub. İŞİD üzvlərinin qadın və uşaqlarının bir hissəsi burada saxlanılır. Düşərgədə təqribən 1700 əcnəbi qadın və uşaq qalır. Ümumilikdə 529 ailə.

Uşaqlığa kimin haqqı çatır?

“Roj” düşərgəsi balacadır: bəzən dava-dalaş baş versə də, problemlər idarə ediləsi həddədir. Uşaqlar üçün dərs sinifləri açılıb. Amma lazımi reabilitasiya imkanları yoxdur. Bu düşərgələrdə uşaqlar ideoloji baxımdan zəhərlənirlər. Düşərgə sakinləri növbəylə telefonda danışa bilirlər. Xaricdəki ailələri pul göndərə bilir.

Qadınlarla danışmaq istəyirik, amma heç kim yaxın durmur. İnsan haqları təşkilatlarının hüquqşünasları xəbərdarlıq ediblərmiş, “Mətbuata açıqlama verməyin. Nə qədər ki, gündəmdəsiniz, ölkələrinizin sizin burdan götürməsi çətinləşir”. Gündəmdən düşəcəklərinə və səssizcə ölkələrinə transfer olunacaqlarına ümid edirlər.

Düşərgə rəhbərliyi bir neçə qadını danışmaq üçün görüş otağına gətirdi. Hər gələn “danışmaq istəmirəm” deyir. “Jurnalistlərə inanmıram, hətta sizə nifrət edirəm”, “Danışmaq mənasızdır, danışdıqca psixologiyam pozulur” desələr də, heç birisi nəsə demədən otaqdan çıxmır. Son cümlələr “Bəsdir daha, bizi burdan çıxarsınlar, cəzamız nədirsə, çəkək“ minvallı sözlərlə və təbii ki, göz yaşlarıyla yekunlaşır.

Türkiyəyə qayıtmaq istəyirəm, amma qayıdış yolu bağlıdır

Bir gün əvvəl Qamışlıda “Oğlum Kobani müqavimətinə qoşulmuşdu. Cəsədini Miştenur təpəsində tapdım. Amma başı kəsilmişdi, tapa bilmədik”, - deyən bir atanın dözülməz əzablarına şahid olduqdan sonra, ertəsi gün İŞİD-in qadınlarını dinləyirik.

Moldovalı qaqauz türklərindən Emili 19 yaşında İstanbula gəldiyini, lüks villalar tikən bir inşaatçıyla evləndiyini, “Reina”nın (İstanbulda gecə klubu – tərc.) daimi ziyarətçisi kimi əyləncəli həyat yaşadıqlarını, Xristiyan ikən qaynatasının təlqinləri ilə İslamı seçib örtündüyünü, sonradan özünün də ərinə təsir etdiyini, başqaları ilə tanış olan ərinin getdikcə daha da radikalaşdığını danışdı. İslami həyat tərzi üçün Suriyaya gəldiklərini, amma peşman olduqlarını, 2017-ci ildə Türkiyəyə qaçmağa çalışarkən saxlanıldıqlarını əlavə etdi. Dörd uşağı özü ilə birlikdə düşərgədədir, əri isə YPG-nin həbsxanasındadır. Ən böyük övladının gələn il 18 yaşı tamam olacaq.

Danimarkadan gələn Yağmur Kılıç Marakeş əsilli əriylə birlikdə dinc İslami həyat üçün gəldiklərini deyir. Ərinin onu aldatdığını bildirir. Bu məsələdəki əsəbini də hiss etdirir. “Mən kürdəm. Atam HDP-lidir. Burdakı kürd hökuməti mənə niyə kömək etmir”, - deyə soruşur. Danimarkada oturum icazəsi var, amma vətəndaşlığı yoxdur, buna görə də Türkiyəyə qayıtmaq istədiyini söyləyir. “Atam məni tək qoymaz, mənim üçün Danimarkadan belə qayıdar. Gedib atamla birgə Konyada yaşayaram”, - deyir.

Belçikadan gələn Selin Yıldız əlavə bir şey demək istəmir. İnanclarında qərarlı görünür. Uşaqlarını düşərgədə kürdlərin idarəçiliyindəki məktəbə göndərməyi rədd etdiyini bildirir:

Ərəbcə və flamandca bilirlər. Fikirlərinin dolaşmasını istəmirəm. Belçikaya qayıdanda, flamand dilində oxuyarlar”.

Nəyə görə yaxşı cəmiyyət qurmaq üçün dini savadlanma vacibdir?

Ərlərinə aldanaraq, ya da İslami həyat ümidiylə gələnlər peşman olduqlarını, qaçmaq istədiklərini, amma İŞİD tərəfindən pasportları müsadirə olunduğu üçün bunu etmədiklərini deyirlər.

Onlara İŞİD-in başkəsmə, daşlama, şallaqlama kimi edam təcrübələrini və Yezidi qadınları cariyə kimi istifadə edib kölə bazarında satdığını xatırlatdığımızda, cavabları “Görmədim”, “Qonşulardan eşitdim”, “Evdən çölə belə çıxmırdım”, “Biz pislik eləməmişik” şəklində olur.

Söhbətləşdiyimiz qadınlar düşərgədə pis münasibətlə üzləşmədiklərini, amma özlüyündə düşərgə həyatının dözülməz olduğunu bildirirlər. Birisi bufetdəki qiymətlərin bahalılığından gileylənir.

Türkiyənin tezliklə gəlib onları buradan aparmasını istəyirlər. Amma Türkiyə Suriyanın şimalındakı bu bölgədə qurulmuş muxtar hökumətin PKK-ya bağlı olduğunu səbəb göstərərək, yaxın durmaq istəmədiyi üçün məsələ düyünə düşüb.

“Roj” düşərgəsinin rəhbəri belə deyir: “Türkiyə rəsmilərinin gələrək, bu insanları təhvil aldıqlarına və məsuliyyəti öz boynuna götürdüyünə dair bizimlə sənəd imzalaması lazımdır. Amma Türkiyə yaxın durmur”.

Bununla belə, düşərgədə söhbətləşdiyimiz bəzi şəxslər İraq Kürdüstan Bölgəsi Rəhbərliyi vasitəsiylə bir neçə nəfərin Türkiyəyə transfer olunduğunu qeyd etdi.

Həll uzandıqca, düşərgələr kriminallaşır

Şimala yaxın Hasekenin şərqindəki “El Hol” düşərgəsi məhşəri xatırladır.

Burada 62 mini iraqlı və suriyalı olmaqla, 55 millətdən insan var. 11 mini bölgə xaricindən olan qadın və uşaqlardır. Bölgə xaricindən gələn bu qrupun 70%-ni uşaqlar təşkil edir.

Vəziyyət hər cəhətdən narahatlıq doğurur. UNİCEF, BMT Qaçqınlar üzrə Ali Komissarlığı, Qızıl Aypara və Dünya Səhiyyə Təşkilatı düşərgələrlə maraqlansalar da, şərtlər ürəkaçan deyil. Qidalanma, su və gigiyena problemləri var. Klinikalar qurulsa da, tibbi yardım kifayət etmir. Narahatedici digər məqam zorakılıq hadisələrinin artmasıdır.

Təşkilatın ideoloji təsiri davam edir

Verilən məlumata görə, İŞİD-in şəhərləri ələ keçirdiyi dövrdə “əxlaq polisi” kimi yaratdığı Hisbenin keçmiş işçiləri olan qadınlar düşərgə sakinlərini özbaşına buraxmırlar. Yəni təşkilatın ideoloji təsiri davam edir.

Qısa müddət əvvəl düşərgədəki elektrik dirəyinə İŞİD bayrağının çəkilməsi, uşaqlara təkbir dedirtdirilməsi meydanoxuma cəhdi idi.

Düşərgədə cinayətlər də işlənib. İddialara görə, 14 yaşlı bir azərbaycanlı qız uşağı başörtüyü taxmadığı üçün nənəsi tərəfindən öldürülüb.

Axırıncı dəfə 28 İyulda Sodermini adlı 30 yaşlı indoneziyalı hamilə qadın ölü halda tapılıb. Həkimlərin hesabatına görə, ölümə səbəb ağır şəkildə döyülmədir.

3 iyulda düşərgənin mühafizə əməkdaşı bir qadın tərəfindən arxadan bıçaqlanıb.

Bundan başqa, “Ayn İsa”da bir düşərgə də var ki, təxminən 1500 nəfəri sakini mövcuddur.

Bunlardan savayı, həbsxanalarda təqribən 12 min İŞİD üzvü saxlanılır.

Bunların 8 mini İŞİD-lə müharibənin son cəbhəsi olan Bağuzda ələ keçirilib. Bunların da 5-6 mini iraqlı və suriyalı, geri qalanı isə 55 fərqli ölkədən olan əcnəbilərdir.

Bir neçəsi istisna olmaqla, dövlətlər yardım etmir

Düşərgələr və həbsxanalardakı vəziyyətlə bağlı suallar ünvanladığımız Suriya Demokratik Qüvvələrinin (SDQ) Baş Komandiri Mazlum Kobani əvvəlcədən demişdi ki, 29 iyunda Cenevrədə BMT-nin Xüsusi Nümayəndəsi Virciniya Qamba ilə uşaqlarla bağlı saziş imzaladıqdan sonra, UNICEF gəlib işlər görəcək və məktəblər açacaq.

Bundan başqa, həmin vaxt Kobani dövlətlərin İŞİD üzvlərini və ailə fərdlərini almaq məsələsindəki məsuliyyətsizliyindən gileylənmişdi.

“Yaxın gələcəkdə həll yolu görünmür. Mövcud vəziyyəti idarə etmək lazımdır. Bundan ötrü dövlətlər və təşkilatlarla əməkdaşlığa ehtiyacımız var. Düşərgələrdəki ehtiyacın 30%-i xaricdən gələn yardımlarla qarşılanır, 70%-ni isə özümüz qarşılayırıq. Həbsxanalarda da həmçinin. Bundan başqa, Bahoz müharibəsində 8 min İŞİD-çini təslim almışıq. Çətin qərarıydı. 8 min insanla biz nə edəcəyik? Ümumən əlimizdə 12 min İŞİD-çi var. Əcnəbiləri dövlətlərlə həll etməliyik. Bəzi dövlətlər kömək edir, bəziləri yox”.

Kobani türkiyəli qadın və uşaqlarla bağlı niyə həll yolu tapılmır sualına belə cavab verdi: “Türkiyə indiyə qədər bizi rəsmi şəkildə tanımır. Başqalarının vasitəsilə əlaqəyə girir. Bu da bizə uyğun gəlmir. Almaq istəyən gəlib bizim rəsmi qurumlarımızla əlaqəyə girməlidir”.

Qazaxıstan, Özbəkistan, Tacikistan, Rusiya və Kosovo indiyədək bölgədən ümumilikdə 1200-ə qədər vətəndaşını götürüb. Avropa dövlətləri isə vətəndaşlarını götürməyə yaxın durmur.

Hökumətlər İŞİD-çilərin qayıtmasıyla bağlı mübahisələrin radikal sağı gücləndirəcəyindən qorxurlar.

Amma uşaqlarla bağlı yumşalma var. Norveç 5 yetim uşağı, Hollandiya 2 uşağı, Fransa biri İraqdan, 17-si Suriyadan olmaqla ümumən 18 uşağı, Almaniya isə İraqdan 10 uşağı götürüb. Avropadan kənarda, Avstraliya 8 uşağı, ABŞ 18 yetkin və uşağı transfer edib.

Buna əlavə olaraq, Fransa 11 vətəndaşının İraqda mühakimə olunmasına icazə verib. İtaliya bir İŞİD döyüşçüsünü təhvil alaraq həbsə atıb. İngiltərə isə İŞİD-ə qoşulanların vətəndaşlıqdan çıxarmağı tətbiq etməyə başlayıb. Bir neçə başqa ölkə də bu istiqamətdə işlər görür.

Beynəlxalq məhkəmə tupiki

Fərat çayının şərqində formalaşan Şimali və Şərqi Suriya Demokratik Muxtar İdarəçiliyinin təkbaşına düşərgə sakinləri və məhkumlarla uzun müddət başa çıxması mümkün deyil.

Buna görə də muxtar hökumət İŞİD-çilər üçün beynəlxalq məhkəmənin qurulması üçün çağırışlar edir.

İŞİD-ın İslama nə qədər dəxli var? Təşkilat haqqında həqiqətlər

5-8 iyulda Amudda təşkil olunan İŞİD konfransında da beynəlxalq məhkəmə təklifi müzakirə edilib. Konfransda danışan bəzi mütəxəssislər texniki baxımdan bu cür məhkəmənin qurula biləcəyini bildiriblər.

Keçmişdə Ruanda və köhnə Yuqoslaviya üçün qurulan beynəlxalq məhkəmə nümunələri var. Hər iki məhkəmə də BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarlarıyla qurulub.

Roma Statusu ilə 2002-də qurulub daimi hala gələn Beynəlxalq Cəza Məhkəməsinin hökm çıxara bilməsi də, BMT TŞ-nin bir məhkəməni ona həvalə etməsiylə əlaqədar idi. Amma şuradan İŞİD-çilərlə bağlı belə bir qərarın çıxması çətin görünür. Bundan başqa, əsas xarici aktyor olan ABŞ Roma statusunu dəstəkləmir.

Əvvəllər uzaq duran Avropa axır vaxtlar məsələni müzakirə etməyə başlayıb.

İŞİD üzvlərinin Avropaya gətirilməsindənsə, Suriya, ya da İraqda qurulacaq məhkəmədə mühakimə olunmaları bir seçim kimi təklif edilir.

İlk müzakirə təşəbbüsünü İsveç irəli sürüb. İsveçin dəvəti ilə Fransa, İngiltərə, Hollandiya və Almaniya daxil olmaqla, 11 Avropa ölkəsindən olan təmsilçilər 3 iyunda Stokholmda belə bir məhkəmə ehtimalını müzakirə ediblər.

İraq konstitusiyasına görə, ölkə ərazisində ayrıca xüsusi məhkəmə qurula bilməz. Suriya Demokratik Qüvvələrinin nəzarət etdiyi bölgədə məhkəmənin qurulması isə suverenlik hüquqları baxımından Suriya dövlətinin icazəsinə qalıb. Suriyanın buna yaşıl işıq yandıracağı isə gözlənilmir.

Habelə Fəratın şərqində beynəlxalq məhkənin qurulması muxtar hökumətin tanınması mənasına gəlir ki, buna da heç bir tərəf yaxın durmaq istəmir.

Əgər məhkəmə təkcə İŞİD-də deyil, Suriya və İraqda işlənən hərbi cinayətlərlə əlaqədar olacaqsa, mühakimə ediləcək “məhkumların” profili genişlənəcək. Buna da BMT TŞ-də veto kartını əlində saxlayan ABŞ və Rusiya başda olmaqla, bir çox tərəfin icazə verməsi ehtimalı yoxdur.

Onsuz da ABŞ bu seçimi müzakirə etməyə belə yaxın durmur. ABŞ prezidenti Donald Tramp İŞİD üzvlərinin götürülməsi üçün təzyiq edir. Bu məsələni bir neçə dəfə “təhdid” şəklində gündəmə gətirən Tramp axırıncı dəfə 1 avqustda xəbərdarlığını təkrarlamışdı:

Əlimizdə Avropanın geri götürməsini istədiyimiz minlərlə İŞİD döyüşçüsü var. Alıb-almayacaqlarını görəcəyik. Almasalar, böyük ehtimalla onları Avropaya göndərəcəyik”.

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR