Facivədir, amma ciddi deyil!

Slavoj Zizek

Fəlsəfə
Photo

2010-cu ilin böyük ekoloji faciələri, başımıza gələcək hələ bir çox "maraqlı" şeyin bu müjdəçiləri, qədim kosmologiyaya görə kainatın əsasını təşkil edən dörd elementdən dördünü də əhatə edir: hava (İslandiyadan çıxıb Avropa üzərindəki hava nəqliyyatını iflic edən vulkanik kül buludu), torpaq (Çindəki torpaq sürüşmələri), od (Moskvanı demək olar ki, yaşanmaz hala salan yanğınlar), su (Meksika Körfəzindəki çirklənmə, Pakistanda milyonlarla insanı yaşayış yerindən edən su basqınları). Və əlbəttə 2011-ci ilin martında Yaponiyada baş verən üç fəlakət də (zəlzələ, sunami, nüvə radiasiya) sözügedən dörd elementi birləşdirir: torpaq (zəlzələ), su (sunami), hava (yayılan radiasiya), od (yanan atom elektrik stansiyaları). Üstəgəl, bu fəlakət dünyanın ən inkişaf etmiş bir bölgəsində, üstəlik, zəlzələ qurşağında yerləşdiyini mükəmməl şəkildə bilən ölkədə oldu. Bu səbəbdən də, zalımcasına həcv etməyə icazə verilərsə, təhlükəsizlik tədbirlərimizin mükəməlliyini ölçmək üçün şərait optimal idi. Bütün bu fəlakətlərdən (çox güman ki, nəzərə alınmayacaq) mühüm bir dərs çıxır.

Təxminən iyirmi il əvvəl paparazzilərdən biri (dənizdə neft qazıntısı aparılması əleyhdarlığı ilə tanınan) Senator Ted Kennedini Louisiana sahillərində gəmidə cinsi münasibətdə olarkən yaxaladı. Bir neçə gün sonra Senat müzakirəsi əsnasında respublikaçı senatorlardan biri belə açıqlama verdi: "Məlum olur ki, Senator Kennedi dənizdə qazıntı aparılması məsələsindəki mövqeyini dəyişib". Əsl problem, sadə bir "Kennedi çözümü"nün – dənizdə qazıntının qəbul olunan yeganə forması mənim apardığım qazıntı növüdür – burada işə yaramayacaqdır. Bu növdən purist yanaşma bizi real həllə aparmır: saysız-hesabsız risklər yaradan şey, sadəcə böyük miqyaslı sənaye fəaliyyətləri deyil. Təbiət də risklər yaradır. Bundan da əlavə, insanların yaratdığı istehsal, dünya üzərindəki təbii yenidən-istehsalın o qədər ayrılmaz bir hissəsinə çevrilmişdir ki, bundakı ani fasilələr sistemdə gözlənilməz fəsadlara yol aça bilər. Təbii və sosial həyatın bu qədər iç-içə keçdiyi, medianın Körfəzdəki neft sızıntısını xəbər vermə şəklində də açıq-aşkar ortaya çıxmadımı, onsuz da? Hadisə bəzən texniki qəza, bəzən də təbii fəlakət kimi qiymətləndirildi; bəzən də xəbər, iqtisadi mahiyyətli idi (balıqçılıq və turizm sektorlarının zərərləri). Bu müxtəliflik ekoloji fəlakətlərin səbəblərinin birbaşa təbii və ictimai proseslərin qarışığı olduğunun dəlilidir. Pakistanda su basqınları təbii fəlakət olmaqla yanaşı, arxasında sosial səbəblər dayanır: Himalay bölgəsindəki meşəsizləşmə, buzlaqların əriməsi... Hansısa fəlakət, özünü saf təbii hadisə kimi göstərəndə belə, nəticə ictimai proseslər tərəfindən şərtləndirilir – zəlzələ deyilən hadisə, səhrada, xaotik Üçüncü dünya şəhərində və çox inkişaf etmiş və təşkilatlanmış bir cəmiyyətdə eyni şey deyildir. Körfəzdəki neft sızıntısı, tamamilə, təbii fəlakətə çevrilən sənaye qəzası idi.

Deepwater Horizon neft sızıntısının hekayəsini mediadakı xəbərlərdən izləyənləri vuran bir xüsusiyyət də, travma ilə məsxərənin qəribə qarışığıdır. Freydin Irmaya edilən injeksiya ilə bağlı yuxusunu xatırlayaq. Yuxu Freydlə xəstəsi İrmanın arasında – Irmanın müalicəsinin istifadə olunan iynənin zəhərli olmasına görə uğursuzluğa uğradığından bəhs edən – söhbətlə başlayır. Söhbətin sonrakı mərhələlərində Freyd, üzünü qadının üzünə doğru yaxınlaşdırır və qadının ağzının dərinliklərinə baxır, ağızın iç bölgələrindəki ətin dəhşətli qırmızıtıllığını görür. Dözülməz dəhşətin hakim olduğu bu anın dərhal ardından yuxunun tonu dəyişməyə başlayır, dəhşət birdə-birə komediyaya çevrilir: hər biri Freydin dostu olan üç həkim gəlir və yarı-peşəkar bir jarqonla Irmanın infeksiya daşıyan iynə ilə zəhərlənməsində kimsənin günahı olmadığına dair müxtəlif (və hər biri digərlərini kənarlaşdıran) səbəblər sadalamağa başlayırlar (iynə filan yox idi, iynə təmizdir...). Xülasə, əvvəlcə travmatik qarşılaşma var (İrmanın boğazının çiy ətini görmək), dərhal sonra komediyaya doğru sürüşmə baş verir; bu da, yuxu görənə həqiqi travmayla qarşılaşmaqdan yayınmaq imkanını verir. Louisiana neft sızıntısı hadisəsində də, ucadan güləndə doğrudur, eyni sürüşmə baş vermədi yoxsa? Əvvəlcə yeraltında cərəyan edən travmatik hadisəni kabus kimi seyr etdik –həftələrlə gözümüz udduğu ifrazatı geri püskürdən, heç kimin dayandıra bilmədiyi, sanki ağlını itirmiş bir tualeti seyr edirik, dənizin dərinliklərindən xam neft saçan dəliyə tuşlandı qaldı. Bu travmatik səhnəni idarəçi və ekspertlərin isti kartofu əllərindən çıxarmaq istəyircəsinə məsuliyyəti bir-birinə atdığı gülünc oyun təqib etdi. 11 may 2010-cu ildə ABŞ Senatında ifadə verərkən, fəlakətə bulaşmış üç şirkətin (BP, Transocean və Halliburton) rəhbər şəxsləri Magritte tablolarına yaraşan günahı bir-birinin üstünə atma oyunu oynadı. BP məsuliyyət daşımadığını iddia etdi; çünki partlayış baş verən neft qülləsi podratçı Transoceana aid idi. Transocean günahın betonu tökən podratçı Halliburtonda olduğunu iddia etdi. Sonda Halliburton ona BP tərəfindən verilən layihəni həyata keçirməkdən başqa bir şey etmədiyini müdafiə etdi.

Ancaq səhnəni bu qədər gülünc edən şey, bu ləyaqətsizcəsinə bir-birini ittiham oyunundan da çox, problemi, günahkarları (böyük şirkətlər) tapıb səbəb olduqları zərərin hamısını onlara ödətmək vasitəsilə həll etmək fikridir – təəssüf ki, üç şirkətin gülünc nümayişini pisləyən Prezident Obama da öz miqyasında gülünc idi. 8 iyun 2010-cu ildə Obama BP-yə qarşı (haqlı şəkildə) qəzəbli halda, neft sızıntısı üçün "Bu, BP-nin problemidir" - dedi. Mətbuat, təxmin ediləcəyi kimi, "Xeyr, artıq problem Obamanın problemidir" – deyə reaksiya verdi. İki tərəf də açıq şəkildə yanılırdı: Obama, təzminat sığortalarına xas hüquqi məntiqi izləyirdi ki, bu, fəlakətin miqyası ilə tamamilə uyğun gəlmirdi. Mətbuat isə, sadəcə, bu fəlakətin Obamanın mövqeyinə necə zərbə vurduğu, ehtimal ki, yenidən seçilmək şansında ölümcül yara açdığı məsələlərinə yönəlmişdi. Louisiana neft sızıntısına bənzər fəlakətlər, bizi dövlət hakimiyyətinin (və bu hakimiyyəti təmsil edən şəxsin) mütləq gücsüzlüyü ilə üz-üzə gətirir. Doğrudur: ABŞ Prezidentinin yekun olaraq gücsüz olduğunu hamımız bilsək də, müəyyən şəkildə bunu qəbul etmirik. Prezident deyilən fiqurla münasibətimiz aydın təminata bağlıdır, buna görə də gücsüzlüyünün açıq-aydın ortaya qoyulmasının yaratdığı təsir, hər nə qədər də bizə yeni bir şey öyrətməsə də, hər zaman utandırıcı olur. Lakin fəlakətin Obamanın probleminə çevrildiyi iddiası, həlledici və əsas bir həqiqəti vurur: bu fəlakət daha böyük problemin, hamımızı maraqlandıran, həyat formamızın əsaslarını darmadağın edə biləcək bir problemin göstəricisidir.

Bununla belə, ən gülüncü, nə qədər zəngin olursa olsun, bir özəl şirkətin ABŞ xalqını belə üstələyən və həyatımızın əsaslarını darmadağın edə biləcək ekoloji fəlakətlər sırasının yol açdığı zərərin hamısını ödəmə qabiliyyətində ola biləcəyinin zənn edilməsidir. Zərər yarandıqda, bundan qanuni olaraq məsul tutulacaq günahkar tərəfin axtarışı, hüquqçu beyin quruluşumuzun bir hissəsidir – insanlar piylənməyə görə fast-food zəncirlərini məsul tutaraq onları ittiham edə bilirlər, bunu edirlər də; hətta arada köləlik deyilən müəssisənin yaratdığı xəstəliyin hansısa əks münasibət görməkdə çox gecikdiyi iddiasına əsaslanan köləlik təzminatı istiqamətli fikirlər dolaşır. Bir halda ki, vəziyyət belədir, bir halda ki, hər şeyin bir əvəzi var, elə isə niyə işi sona qədər aparıb, iztirablarımıza səbəb olduğu üçün şəxsən Tanrıdan təzminat tələb etmirik? Bu alternativə 2002-ci il tarixli Avstraliya komediyası "The Man Who Sued God"da toxunulur: dəhşətli fırtına baş verir, gəmi viran olur, sığortaçılar bunun Tanrının işi olduğunu deyərək gəmi sahibinin təzminat tələbini rədd edir. Bu məqamda bir vəkil işə qarışır, ortaya ağıllı bir fikir atır: əgər gəmini viran edən Tanrıdırsa, niyə onun adına dünyadakı nümayəndələrini – kilsəni – məhkəməyə verməyək? Bu reductio ad absurdum, burada bünövrədən yanlış olan şeyi də gözlər önünə sərir: sözügedən məntiq çox radikal filan deyil, əksinə, kifayət qədər radikal belə deyil. Əsil vəzifəmiz, məsuliyyət daşıyanlardan təzminat qoparmaq deyil, onların bir daha zərər yaratmalarına icazə verən vəzifələri işğal etməyəcəyi (ya da zərərə yol açan fəaliyyətə sürüklənməyəcəyi) şəkildə vəziyyəti dəyişməkdir. Obamanın reaksiyasında əskik olan şey, bax, budur: günahkarı cəzalandırmaq deyilən dar leqalistik yanaşmanı üstələyən hərəkətlər etmə niyyəti! Meksika Körfəzi neft sızıntısı səviyyəsindəki bir fəlakətdə, hökumətin fövqəladə hal elan etməsi, işi ələ alması, ordu daxil bütün resurslarını səfərbər etməsi lazım idi; bu zaman dövlət də, ehtimalların ən pisinə, bütün sahənin yaşamağa əlverişli olmaqdan çıxa biləcəyi ehtimalına hazır olmalıydı.

Doğrusu, bu gün anti-kapitalizm baxımından nöqsanımız yoxdur; hətta kapitalizmin saçdığı dəhşətə qarşı tənqidlərin üst-üstə yığıldığına şahidi oluruq. Ətraf mühiti saymazyana çirkləndirən şirkətlərlə, banklar dövlət pulu ilə xilas edilərkən yağlı illik haqlarını cibə qatlayan və sərvətinə sərvət qatan bayağı bankirlərlə, pis şəraitdə və aşağı maaşla uşaqların uzun saatlar işlədildiyi iş yerləriylə [sweat shops] bağlı kitablar, dərin qəzet yazıları, TV xəbərləri və s. və i. mümkün olduğu qədər gedir. Amma bu tənqid bombardmanında bayağı ətraf mühit çirkləndiricisi kimi damğalanmış bir şirkətə yönəlmək, o şirkətin belə davranmasına səbəb olan sistematik təzyiqləri tündləşdirir. BP nümunəsində çox da bəhs edilməyən bir fakt da odur ki, oxşar qəza, asanlıqla başqa şirkətin də başına gələ bilərdi. Həqiqi günahkar BP deyil (səhv başa düşülməmək üçün dərhal qeyd edim ki, BP-nin çox ağır şəkildə cəzalandırılmalıdır), bizi ətraf mühit ilə bağlı bütün qayğıları bir tərəfə itələyərək neft istehsalına məcbur edən tələbdir. Elə isə, həyat tərzimizlə bağlı əsas bəzi sualları vermək lazımdır ki, ağlın ictimai istifadəsini hərəkətə gətirə bilək. Bu, hamımızın vəzifəsidir; çünki hadisə birgə varlığımızla, həyatlarımızın təbii xammalı ilə bağlıdır. Bu, ümumi problemimizdir və kimdənsə bu problemi bizim adımıza həll etməsini gözləyə bilmərik: böyük ekoloji fəlakətlərdən çıxarılacaq dərs, bu işi nə bazar iqtisadiyyatının, nə də dövlətin bacara biləcəyidir. Bazar mexanizmləri ekoloji zərəri məhdudlaşdırmağı müəyyən dərəcədə bacarsa belə, ciddi, böyük miqyaslı fəlakətlər bu mexanizmlərin gücünü dəf edəcəkdir – bu nöqtədə, "daşınabilən risklər" lə bağlı hər cür sözdə elmi və statistik söhbət də gülünc vəziyyətə düşür.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR