Mən niyə bütün kitablarımı oxumuram?

Kitab
Photo

Karen Olsson rəflərindəki kabuslar haqqında

Mənim “Sevgi və İtki: Amerikan Portreti və Matəm Miniatürləri” adlı kitabım var, üz qabığında yaddaşa həkk olunan bir təsvirin olduğu kiçik bir şey: ölmüş gənc yeniyetmə qızın XIX əsrə aid kiçik portreti. Kitab 2000-ci ildə Yel Universitetinin İncəsənət Qalereyasında miniatürlərdən ibarət sərgi üçün çap olunub və bundan az sonra mən həmin kitabı almışam, lakin dəqiq vaxtı və səbəbini xatırlamıram. Əminəm ki, həmin kitabı oxumağı düşünürdüm, lakin indi mənə elə gəlir, həmin kitabı oxumayacağım öncədən görünən idi. O vaxtdan keçmiş 19 il ərzində “Sevgi və İtki: Amerikan Portreti və Matəm Miniatürləri”nin fəslinə dəfələrlə nəzər atmışam, çünki bu, elə bir kitabdır ki, onu sifariş verirsən, gəldikdən sonra həvəslə vərəqləyirsən və daha sonra rəfə qoyub heç zaman oxumursan.

Məgər bütün bibliofillər belə etmirmi? Kitabı alır və sonra oxumağa müvəffəq olmurmu? Əslində bunun belə olub-olmamasını mən “Sevgi və İtki: Amerikan Portreti və Matəm Miniatürləri”nə sahib olduğum 19 ildə və sonradan ailə qurduğum insanla görüşməyə başladıqda öyrəndim. Bu insan əldə etdiyi bütün kitabları oxuyur. Əgər dostu kitab yazırsa, onu bacardığı qədər tez əldə edəcək; əgər atası ona təsadüfən hansısa bir musiqiçinin bioqrafiyasını yollayırsa, onu oxuyacaq; mən özüm ona kitab verməkdə belə tərəddüd edirəm, çünki anlayıram ki, bu, onun üzərinə bir şeyi əvvəldən axıra qədər oxumaq kimi mənim anlamadığım bir öhdəlik qoyur.

Belə xəstə aludəçiliyi olan, vicdanlı bir insan üçün kitab rəfləri onun oxucu həyatının, bir növ intellektual bioqrafiyasının bilavasitə tarixini əks etdirir. Eyni zamanda, onunla yaşadığım müddətdə öz kitablarımın ehtiva etdiyi alternativ bioqrafiyanı dərk etdim, ömrünü yaşamış, lakin başa vurmamış azmış ideyalar, gənclik xəyalları, köhnə maraqların tarixi, lakin hələ də şans var, mən sonunda portret miniatürləri, yaxud nevrologiya, yaxud Alamo döyüşü barədə öyrənməyi qərara ala bilərəm. (Problemin bir hissəsi ondan ibarətdir ki, mən əslində həmin mövzular haqqında daha çox öyrənməyi ürəkdən istəyən bir adamam, lakin əsasən gecə vaxtı yataqda oxumağı xoşlayıram və bu zaman yeni məlumatlar məni gecə nağılından daha az maraqlandırır). Bu müddətdə çoxlu sayda oxunmamış roman yığmışam, bunlar onları nə vaxtsa əldə etmiş gənc “mən”ləri əks etdirən ağır adları və toxunulmamış səhifələri olan atılmış sənədli cildlərdir.

Təkcə kitabqurdlarının yol verdiyi 10 davranış

Həmin gənc mənlərin ən diqqət cəlb edəni kolleci yeni bitirmiş və hələ də yaşadığım Texasın şərq sahilinə yenicə köçmüş məndir. Bu ştat məni heyran qoymuşdu, onun hədsiz böyük obrazı və hekayəsinə aşiq olmuşdum. Texas haqqında çox oxumuşdum, lakin bu, həzm edə biləcəklərimin kiçik bir hissəsi idi. Aludəçiliyin də öz hüdudları vardı. Mənim rəflərim hələ də oxunmamış Texas tarixi ilə doludur: mən Robert Karonun Lindon Conson haqda bioqrafiyasını bir nəfəsə oxumuşam, lakin Robert Dalekkə heç toxunmamışam; Pol Horqanın “Rio Grande” haqqında irihəcmli kitabı olan “Böyük Çay”ın birinci hissəsini oxumuşam, ikincisini isə yox; və elə çıxır ki, David Montejanonun “1836-1986 Texasın qurulmasında anqlo və meksikanlar” əsərini oxumaq üçün 20 il vaxt sərf etmişəm. (Yeri gəlmişkən, həmin kitablar ərim ciddi əlifba sırası tətbiq edənə qədər Texas mövzulu rəfdə yerləşirdi).

Rəflərimizdə olanlar həmçinin bitməmiş, yaxud başlanmamış yazı layihələrinin ruhlarıdır. İlk uşağımın anadan olmasından sonra az yatdığım zamanlarda holoqrafik arılar haqqında ssenari üzərində işləməyə başladım və arılar haqqında oxumadığım kitablar, daha zəif də olsa, məndə uşaq şəkilləri ilə eyni həsrət hisslərini canlandırır – ağlımın uçduğu və dəlisov bir şeylər yazmağa cəhd etdiyim həmin zamanları xatırlayırsınız?

Yəqin bəzi hallarda mənim üçün kitabın əldə olunması onun oxunmasından daha böyük məna kəsb edib, çünki məzmunu naməlum qaldığı müddətdə həmin kitabın sirri saxlanmış olur. Oxunmamış kitab təxribatdır, yolumu onun mətni tərəfə saldığım zaman sovrulacaq bir şey barədə verilmiş vəddir. Meksikada XVI əsr təsviri əlyazmaları haqqında çox gözəl incəsənət kitabı olan “Mağara, Şəhər və Qartalın Yuvası: Mapa de Cuauhtinchan boyunca izahedici səyahət No.2”-ni bir az oxumuşam, lakin kitabda əks olunmuş akademik yazılar heç zaman açılıb-yığılan səhifələrdə canlandırılmış xəritə, yaxud onun dərin düşündürmək qabiliyyəti ilə eyni tutula bilməz. Hərfi mənada kitabdan istifadə etmək arzusunda olmasam belə, onu ətrafımda saxlayıram – Mərkəzi Amerika ilə bağlı bir sənəd haqqında roman, elmi əsər, yaxud kəskin tamaşa yazmaq istəmirəm, lakin arzu edirəm ki, xəritə haqqında yazmasam belə, həmin kitab qulağıma necəsə pıçıldasın, sirli mövcudluğu ilə sözlə ifadə olunmayan iz qoysun.

Mütaliə və kitablar haqqında düşüncələr

“Sevgi və İtki: Amerikan Portreti və Matəm Miniatürləri”nin üz qabığındakı ölmüş gənc qadına gəldikdə: kitabı ortasından açıram və öyrənirəm ki, onun adı Harriet Maki idi, Cənubi Karolina, Çarlstondan olan 17 yaşlı qız toyundan bir neçə gün öncə bir gecə xəstələnib və səhəri gün vəfat edib. Onun zəhərlənməsi barədə şayiə dolaşıb və belə görünür ki, qızın hekayəsi əsasında ən azı bir roman yazılıb. Çox güman, bu kitab da mənim rəfimdə dolayısı ilə ilham mənbəyi kimi durub. Ona görə yox ki, mən nə vaxtsa vətəndaş müharibəsindən öncəki Cənubi Karolinada cərəyan edən sirli roman yazacam, böyük ehtimalla, mən bunu etməyəcəm. Məhz Makinin təcəssüm etdiyi Persefona tipli obraza görə ilham mənbəyi olub - hələ əsərin adının özünü demirəm. Sevgi və itki – biz başqa nədən yaza bilərik ki?

Yaşa dolduqca həyat və yer məhdudluğu məni daha az kitab almağa vadar etdi – kədərli olsa da, indi mənim yolunu itirmiş xəyallarıma, belə desək, vaxt ayıra bilmədiyim saysız-hesabsız romanlara, ispandilli kitablara, riyaziyyat və elmi kitablara, hələ də Texas tarixi barədə bir kitaba darıxdırıcı şəkildə corablar, yatmaq üçün yardımçı vasitələr və oyuncaqlarla birgə atılmış Amazonun alış-veriş səbətinin “daha sonraya saxla” bölməsi ev sahibliyi edir. Oxunmamış kitablar əvəzinə alınmamış məhsullar: necə də kədərlidir. Məni yerli kitab mağazasına göndərmək kifayətdir, lakin öncə kitab şkafı mağazasına getməliyəm.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR