Kişi sevgisinin psixoanalizi - Ana-kompleksi

Elmi-kütləvi

Sevgi psixologiyasına töhfələr I: Kişilərə aid xüsusi bir obyekt seçimi tipi [1]

(1910)

Bu sevmənin önşərtlərindən ikincisinin, yəni tərcih edilən obyektin fahişə kimi olması önşərtinin isə, bir ana-kompleksi mənşəli olmaqla kəskin təzad təşkil etdiyi görsənir. Yetkin birinin şüurlu düşüncəsi anaya qüsursuz əxlaqi saflığa malik bir şəxs olaraq baxmağı sevir; və anasının bu yönünü ima edən düşüncə kimi çox az düşüncə vardır ki, yetkin biri onları başqalarından duyduğunda bu qədər mənfur görsün və ya onlar ağlına gəldiyində bu qədər əzab hiss etsin. Ancaq “ana” və “fahişə” arasındakı ən kəskin ziddiyyət bizi bu iki kompleks arasındakı şüurxarici münasibəti araşdırmaq üçün təşviq edəcəkdir, çünki uzun illər əvvəl kəşf etdik ki, şüurda iki zidd şeyə bölünmüş olaraq görülən bir şey şüurxaricində vahiddir. O zaman araşdırma bizi yeniyetməlikdən öncəki illərə, bir oğlanın yetkinlər arasındakı cinsi münasibətlər haqqında ilk məlumatları qazandığı çağlara aparır. Açıqdan-açığa xor görməni və üsyanı hədəfləyən bu şok məlumatlar artıq onu cinsi həyatın sirri ilə tanış edir və bu, cinsi faəliyyətin gün üzünə çıxması ilə bir araya sığmadığı görsənən valideyn avtoritetini yox edir. Bu açıqlamaların onları yeni eşidən bir uşağa ən çox təsir edən aspekti onun bunları öz valideynlərinə tətbiq etmə biçimidir. Çox zaman aşağıdaki kimi bənzər sözlərlə bu qəti şəkildə rədd edilir: “Sənin valideynlərin və başqa insanlar bir-birilə belə şeylər edə bilər, amma mənim valideynlərimin belə şeylər etməsi mümkünsüzdür

Bu cinsi maariflənmənin demək olar ki dəyişməz bir nəticəsi kimi, gənc oğlan cinsi əlaqəni dolanışıq vasitəsi olaraq istifadə edən və bu üzdən, xor görülən bəzi qadınlar haqqında da məlumat qazanır. Oğlanın özü bu xor görmə hissindən əslində çox uzaqdır: o vaxtadək sadəcə “yetkinlər”ə aid olduğunu qəbul etdiyi cinsi həyata bu bədbəxtlər tərəfindən daxil edilə biləcəyini öyrənir-öyrənməz onlara həsrət və dəhşətdən ibarət bir duyğuyla baxır. Bundan sonra, o artıq öz valideynlərinin cinsi fəaliyyətin iyrənc və universal normalarından kənara çıxdığı, bir istisna təşkil etdiyi şübhəsini davam etdirə bilmir və sinik bir məntiqlə öz-özünə anasıyla fahişə arasında fərqin çox da böyük olmadığını və hər iksinin əslində eyni şeyi etdiyini deyir. Aldığı bu maarifləndirici informasiya əslində onun erkən uşaqlığına aid istəklərinin və təəssüratlarının yaddaşındakı izlərini oyandırmış və bu da müəyyən ruhi impulslarının yenidən aktivləşməsinə yol açmışdır. Beləliklə, o, yenicə əxz etdiyi bu nöqteyi-nəzərdən anasını arzulamağa və bir rəqib kimi bu arzusunun qabağını kəsən atasından nifrət etməyə başlayır; yəni, Edip kompleksi dediyimiz şeyin hökmranlığı altına girir. O, seksual əlaqə imtiyazını ona deyil, atasına verdiyi üçün anasını bağışlamır və buna bir sədaqətsizlik aktı kimi baxır. Əgər bu impulslar tezliklə ortadan qalxmazsa, onda ananın seksual fəaliyyətinin ən müxtəlif situasiyalarda uşaq tərəfindən xəyal edilməsindən başqa bu impulslar özünə çıxış yolu tapmır və nəticədə ortaya çıxan gərginlik onun ən asan şəkildə masturbasiya vasitəsilə rahatlıq tapmasına yol açır. Arzulama və intiqam alma istəyi olmaqla bu iki sövqedici gücün kombinasiyalı şəkildə fəaliyyətinin bir nəticəsi olaraq ananın sədaqətsizliyini əks etdirən fantaziyalar ən tərcih edilən şey olur; uşağın anasının sədaqətsizlik günahına şərik olan məşuq demək olar ki ya onun öz eqosunun, ya da daha dəqiq desək, atası səviyyəsinə çıxardığı öz idealizasiya edilmiş şəxsiyyətinin xüsusiyyətlərini nümayiş etdirir. Bu təxəyyül fəaliyyətinin növbənöv təzahürlərini və onların həyatın bu dönəminin müxtəlif eqoist maraqları ilə iç-içə keçmə şəklini başqa bir yerdə “ailə romanı” olaraq təsvir etmişdim.

Sevgi, erotika, məyusluq və azadlıq - Uşaq və valideynlərin mürəkkəb münasibəti

Zehni inkişafın bu əsərinə qarşı bir içgörü qazandığımız üçün artıq sevilən birinin fahişə kimi olmasının lazım olduğu önşərtini bilavasitə ana-kompleksi ilə əlaqələndirməyi ziddiyyətli və anlaşılmaz olaraq görə bilmərik. Yuxarıda təsvir etmiş olduğumuz kişilərə aid sevgi növü bu təkamülün izlərini daşıyır və bunun yeniyetməlik çağında oğlanın formalaşdırdığı - hər necəsə real həyatda sonradan çıxış yolu tapacaq - fantaziyalara bir fiksasiya [5] olduğunu başa düşmək asandır. Hesab etmək çətin deyildir ki, yeniyetməlik illərindəki israrlı masturbasiya fəaliyyətində bu fantaziyalara fiksasiyada öz rolunu oynayır.

Kişinin real həyatdakı sevgisi üzərindəki hökmranlıq edən bu fantaziyaların sevilən qadını qurtarma arzusu ilə gövşək və səthi bir əlaqə - şüurlu səbəblərlə tam izah olunan bir əlaqə - içərisində olduğu görsənir. Sevilən qadın sürüşkənliyə və sədaqətsizliyə meyilli olması ucbatından özünü təhlükəli situasiyalara daxil etdiyi üçün aşiqin onu fəzilət yolunda tutaraq və onun pis meyillərini təsirsizləşdirərək onu bu təhlükələrdən qoruması başadüşüləndir. Bununla birlikdə, insanların ekran-xatirələrinin [6], fantaziyalarının və röyalarının araşdırılması göstərir ki, burada şüurxarici motivin xoşbəxt sonlu bir “rasionalizasiya”sı, yəni bir röyanın müvəffəqiyyətli bir ikincili reviziyası gerçəkləşdirilmişdir. Əslində “qurtarma-motivi”nin özünün bir anlamı və tarixi vardır; o, ana-kompleksinin, daha sərrast ifadə etsək, valideyn kompleksinin müstəqil bir törəməsidir. Bir uşaq öz həyatını valideynlərinə borclu olduğunu və ya anasının ona həyat verdiyini duyduğu zaman uşağın şəfqət hisləri güc və müstəqillik qazanmağa çalışan impulsları ilə birləşərək onda bu hədiyyəni valideynlərinə qaytarma və onlara eyni qiymətdə bir ödəniş etmə istəyini doğurur. Uşaq sanki meydan oxuyaraq bunu deməkdədir: “Atamdan heç bir şey istəmirəm, ona nəyə başa gəlmişəmsə, hamısını geri verəcəyəm”.

Daha sonra atasını təhlükədən qurtarıb həyatını xilas etmə fantaziyaları qurur; bu şəkildə, onunla ödəşmiş olur. Bu fantaziya adətən bir imperator, kral və ya böyük bir şəxsiyyətin üzərinə köçürülür; bu cür təhrif edildikdən sonra, şüura qəbul edilə bilən vəziyyətə düşür və hətta, yaradıcı yazıçılar tərəfindən də istifadə oluna bilir. Bu fantaziyanın ehtiva etdiyi qurtarma düşüncəsində ən önəmli şey onun ataya meydan oxuma, anaya isə şəfqət duyma demək olduğudur. Ana uşağa həyat vermişdir və bu misilsiz hədiyyə üçün eynidəyərli bir əvəz tapmaq asan deyildir. Kiçicik bir məna dəyişikliyi etsək-ki bu cür məna dəyişiklikləri şüurxaricində asan şəkildə gerçəkləşir və şüurlu sferada qavramların bir-birinin yerinə keçməsinə bənzərdir - aydındır ki, ananı qurtarmaq anaya bir uşaq vermək və ya onun üçün bir uşaq əmələ gətirmək mənasını daşıyır. Bu orijinal qurtarma duyğusundan çox da uzaq deyildir və mənadakı dəyişiklik də kefə görə deyildir. Anası ona bir həyat - onun öz həyatını - vermişdir və o da əvəzində ona başqa bir həyatı, özünə ən çox bənzəyən uşağın həyatını verir. Oğul minnətdarlığını anasından özünə bənzəyən bir oğula malik olmağı istəyərək göstərir: başqa sözlə, qurtarma fantaziyasında o özünü atasıyla eyniləşdirir. Onun bütün minnətdarlıq, şəfqət, şəhvət, meydan oxuma və müstəqillik instinktləri tək bir istəkdə, yəni özü özünün atası olma istəyində məmnunluq tapır. Hətta təhlükə ünsürü belə məna dəyişikliyi içərisində itməmişdir; çünki doğum aktının özü anasının səyləri ilə qurtarıldığı bir təhlükədir. Doğum həm həyatdakı ilk təhlükədir, həm də sonradan təşviş hiss etməyimizə səbəb olan hər şeyin prototipidir və yəqin ki, adına təşviş dediyimiz duyğunun ifadə edilmə şəkli doğum yaşantısının izlərini daşıyır. Şotland əfsanəsində Anasından doğmayıb onun bətninin yarılması ilə çıxarılan Makdaff məhz bu səbəbdən təşviş deyilən şeyin nə olduğunu bilmirdi.

İnsan doğrudanmı öz valideynlərinə oxşar sevgili seçir?

Antik röya yozumcusu Artemidor bir röyanın mənasının o röyanı görənin kim olmasından asılı olduğunu iddia etdiyində qəti surətdə haqlıydı. Şüurxarici düşüncələrin ifadə edilməsini tənzim edən qanunlara əsasən qurtarmanın mənası fantaziya sahibinin qadınmı, yoxsa kişimi olmasına görə dəyişə bilər. Eyni şəkildə bu (bir kişi üçün) bir uşaq əmələ gətirmək, yəni onun doğmasına səbəb olmaq və ya (bir qadın üçün) öz uşağını doğmaq mənasına gəlir. Röyalarda və fantaziyalarda qurtarmanın bu müxtəlif anlamlarının su ilə bağlantılı olduğu görüldüyündə onların fərqinə çox asanlıqla varıla bilir. Bir kişinin röyasında bir qadını sudan qurtarması o qadını ana eləməsi anlamına gəlir, bu da daha əvvəlki müzakirəmizin işığında onu öz anası eləmək deməkdir. Musa əfsanəsindəki Fironun qızı kimi sudan başqasını (bir uşağı) qurtarmış bir qadın onu doğanın özü olduğunu qəbul edir. Bəzən, qurtarma fantaziyalarında ataya qarşı şəfqət duyulması anlamına gələn nüanslar da olur. Bu kimi hallarda, onlar subyektin öz atasına bir oğul kimi sahib olma - yəni, öz atasına bənzər oğlu olması istəyini ifadə edir. Qurtarma motivi ilə valideyn kompleksi arasındakı bütün bu bağlantılardan dolayı, sevilən birini qurtarma istəyi yuxarıda müzakirə etmiş olduğum sevgi tipinin önəmli bir xüsusiyyətini təşkil edir.

Bu mövzuda fəaliyyət metodumu haqlı çıxarmamın lüzumu olduğunu düşünmürəm; anal erotizm barədə prezentasiyamda [7] olduğu kimi, burada da ilk növbədə müşahidə materiallarından ən uc nöqtələrdəki və dəqiq təsvir olunmuş tipləri seçdim. Hər iki halda da tipin sadəcə bir neçə özəlliyinin fərqinə varıla biləcəyi və ya sadəcə ayırdedici olmayan xüsusiyyətlərin görüləcəyi çoxsaylı fərdlərin olduğunu görürük və bu tiplərin düzgün şəkildə dəyərləndirilməsinin onların aid olduqları kontekst öyrənilənə qədər mümkün ola bilməyəcəyi açıqdır

[5] Pərçimlənmə, saplanıb qalma

[6] Ekran (və ya pərdə xatirə)- şüur səviyyəsində dözülə bilən hala gətirə bilmək üçün keçmiş bir əzabverici təcrübənin üstünü örtən xatirə

[7] Bu məqaləni nəzərdə tutur: Freud, S. (1908). Character and Anal Erotism. The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume IX (1906-1908): Jensen's ‘Gradiva’ and Other Works, 167-176

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR