Şanlı inqilab: Hüquqlar haqqında Bill necə ərsəyə gəldi?

Tarix
Photo

Şanlı İnqilab

Robert Lonqli

Şanlı İnqilab 1688-1689-cu illərdə qan tökülmədən baş vermiş dövlət çevrilişidir. Bu çevrilişdə katolik kral II Ceyms devrilmiş, yerinə onun protestant qızı II Meri və holland əri şahzadə Oranlı III Uilyam keçmişdi. Həm siyasət, həm də dindən təsirlənən bu inqilab 1689-cu ildə İngiltərədə Hüquqlar haqqında Billin qəbul edilməsinə gətirib çıxarmış və İngiltərənin idarəçiliyini həmişəlik dəyişmişdi. Parlament əvvəlki kral monarxiyasının mütləq hakimiyyəti üzərində daha çox nəzarət əldə etdiyindən, müasir siyasi demokratiyanın toxumları artıq səpilmişdi.

Kral II Ceymsin hakimiyyəti

II Ceyms 1685-ci ildə İngiltərə taxt-tacına yiyələndiyi zaman protestantlarla katoliklər arasında gərgin münasibətlər artıq başlamışdı. Özü səmimi katolik olan Ceyms katoliklər üçün ibadət azadlığını daha da genişləndirdi və katoliklərə hərbi zabit kimi təyin olunmaqda üstünlük verilməyə başladı. Ceymsin bu cür açıq dini tərəfkeşliyi və Fransa ilə yaxın diplomatik əlaqələri ingilis xalqının çox hissəsini qəzəbləndirdi və monarxiya ilə Britaniya parlamenti arasına təhlükəli bir siyasi çiv soxdu.

1687-ci ilin martında Ceyms İngiltərə Kilsəsindən imtina etmiş protestantları cəzalandıran bütün qanunların dayandırılmasını nəzərdə tutan Kral İndulgensiya Bəyannaməsi adlı mübahisəli bir sənəd qəbul etdi. Həmin il daha sonra II Ceyms parlamenti buraxdı və yeni parlament qurmağa cəhd etdi; yeni parlament, mütləqiyyətin “kralların ilahi haqları”na istinadən, onun hakimiyyətinə heç vaxt qarşı çıxmayacağına və ya sorğulamayacağına razılıq verməliydi.

Avropa necə belə zəngin oldu?

Ceymsin protestant qızı II Meri 1688-ci ilə qədər ingilis taxt-tacına haqqı olan yeganə varis idi. Ceymsin oğlu anadan olduqdan sonra isə o, oğlunu katolik kimi böyüdəcəyinə söz verdi. Tezliklə belə bir qorxu yarandı ki, kral nəslinin varislik xəttindəki bu dəyişiklik İngiltərədə katolik sülalənin yaranması ilə nəticələnəcək.

Parlamentdə Ceymsə qarşı ən güclü müxalifət Viqlər partiyasından gəlirdi. Viqlər partiyasının üzvləri Ceymsin mütləq monarxiyasının əvəzinə konstitusiyalı monarxiyanı dəstəkləyirdilər. 1679-1681-ci illər arasında Ceymsi taxt-tacdan uzaqlaşdırmağı nəzərdə tutan qanun layihələrini parlamentdə keçirə bilməyən Viqlər krallığın uzun sürə biləcək katolik varislik potensialından daha çox qəzəblənirdilər.

Ceymsin katoliklərin azad edilməsini gücləndirən davamlı səyləri, Fransa ilə sevilməyən dostluq münasibətləri, parlamentdə viqlərlə münaqişəsi və taxt-taca varislə bağlı mövcud olan qeyri-müəyyənlik inqilab məşəlini yandırdı.

III Uilyamın işğalı

1677-ci ildə Ceymsin protestant qızı II Meri böyük kuzeni, sonra isə hazırda cənubi Fransanın bir hissəsi, vaxtilə suveren knyazlıq olan Oranın şahzadəsi III Uilyamla evləndi. Uilyam Ceymsi qovmaq və katolik emansipasiyasının qarşısını almaq üçün uzun müddət idi ki, İngiltərənin işğalını planlaşdırırdı. Lakin Uilyam İngiltərənin öz daxilində müəyyən səviyyədə dəstək olmadan işğala girişməmək qərarı vermişdi. 1688-ci ilin aprelində kral Ceymsin yeddi nəfər lordu Uilyama məktub yazaraq, İngiltərəni işğal elədiyi təqdirdə onun vassalı olacaqlarını vəd etdilər. “Yeddilər” öz məktublarında vurğulayırdılar ki, “(ingilis) əyanlarının və zadəganlarının çox böyük hissəsi” II Ceymsin hakimiyyətindən məmnun deyillər və Uilyam və onun işğalçı qüvvələrinə qoşulmağa hazırdılar.

Narazı ingilis zadəganlarının və nüfuzlu protestant ruhanilərinin dəstək vədindən cəsarətlənən Uilyam, güclü bir dəniz armadası topladı və 1688-ci ilin noyabrında Devon qraflığının Torbay əyalətinə enərək İngiltərəni işğal etdi.

Ceyms hücumu gözləyirdi və Uilyamın işğalçı armadası ilə qarşılaşmaq üçün Londondan gedən qoşuna özü şəxsən başçılıq etdi. Lakin Ceymsin bir çox əsgəri və ailə üzvləri ona qarşı çevrildilər və Uilyama olan vassallıqlarını elan etdilər. Həm dəstəyinin olmaması, həm də sağlamlığının korlanması səbəbindən, Ceyms 1688-ci ilin 23 noyabrında Londona geri qayıtdı.

Ceyms taxt-tacı saxlamağa cəhd kimi, azad seçilmiş parlament və özünə qarşı çıxan bütün qiyamçıların ümumi amnistiyasını təklif etdi. Əslində, Ceyms vaxtı uzadırdı və artıq İngiltərədən qaçmaq qərarını vermişdi. Ceyms qorxurdu ki, onun protestant və viq düşmənləri onun edamını tələb edərlər və Uilyam da bağışlamaqdan imtina edər. 1688-ci il dekabrın əvvəllərində II Ceyms öz ordusunu rəsmi olaraq ləğv etdi. Dekabrın 18-də tacından əl çəkərək sağ-salamat İngiltərədən qaçdı. Oranlı III Uilyam elə həmin gün Londona daxil oldu; izdiham onu alqışlayaraq qarşılayırdı.

Avropada Renessans hansı ölkədə və necə baş verdi?

Hüquqlar haqqında Bill

1689-cu ilin yanvarında dərin bölünmə içərisində olan ingilis parlamenti İngiltərə, Şotlantiya və İrlandiya tacını ötürmək üçün toplandı. Radikal viqlər tələb edirdilər ki, Uilyam ölkəni seçilmiş kral kimi idarə etməlidir, yəni onun gücü xalqdan gəlir. Torilərsə Merini kraliça, Uilyamı onun naibi kimi görmək istəyirdilər. Uilyam onları kral olmayacağı təqdirdə İngiltərəni tərk edəcəyi ilə təhdid etdiyi zaman, parlament birgə monarxiya üzərində razılığa gəldi: III Uilyam kral, Ceymsin qızı II Meri isə kraliça olacaqdı.

Parlament razılaşmasının bir hissəsi də Uilyam və Merinin “Təbəələrin hüquq və azadlıqlarını bəyan edən və taxt-tacın varisliyini formalaşdıran Akt”ı imzalamasını tələb edirdi. Hüquqlar haqqında İngilis Billi kimi tanınan bu akt insanların konstitusional və mülki hüquqlarını müəyyənləşdirir və parlamentə monarxiya üzərində daha çox güc verirdi. Parlamentdən gələn məhdudiyyətləri qəbul etməyə öncəki monarxlardan daha çox könüllü olduqlarını sübut edərək Uilyam və Meri 1689-cu ildə Hüquqlar haqqında Billi imzaladılar.

Digər konstitusional prinsiplərlə yanaşı, Hüquqlar haqqında Bill parlamentlərin müntəzəm toplanması hüququnu, azad seçkiləri və parlamentdə söz azadlığını tanıyırdı. Şanlı İnqilabın nəticələrindən biri də monarxiyanın katoliklərin nəzarəti altına girməsinin qadağan olunmasıydı.

Bu gün bir çox tarixçi Hüquqlar haqqında İngilis Billinin İngiltərənin mütləqiyyətdən konstitusiyalı monarxiyaya çevrilməsinin ilk addımı olduğuna və Birləşmiş Ştatların Hüquqlar haqqında Billi üçün model təşkil etdiyinə inanırlar.

Şanlı İnqilabın əhəmiyyəti

İngilis katolikləri Şanlı inqilabdan həm sosial, həm də siyasi mənada əziyyət çəkdilər. Bir əsr boyunca katoliklərin parlamentdə yer tutmalarına, səs vermələrinə və vəzifəli hərbi zabit kimi xidmət etmələrinə icazə verilmədi. 2015-ci ilə qədər İngiltərə monarxının katolik olması və ya katoliklə evlənməsi qadağan edilmişdi. 1689-cu il Hüquqlar haqqında Bill ingilis parlamentar demokratiyası erasını başladan sənəd oldu. Həmin tarixə qədər parlamentin aktlarında ingils kralı və ya kraliçəsi mütləq siyasi gücə malik idi.

Şanlı İnqilab həmçinin ABŞ-ın tarixində mühüm rol oynadı. İnqilab Amerikadakı müstəmləkələrdə katolik kral II Ceymsin onlara tətbiq etdiyi sərt qanunlar altında yaşayan protestant puritanları azad etdi. İnqilab xəbəri Amerika müstəmləkələrində azadlıq ümidlərini oyandırdı və ingilis idarəçiliyinə qarşı bir sıra etirazların və üsyanların başlamasına gətirib çıxardı.

Bəlkə də, ən önəmlisi, Şanlı İnqilab hökumətin gücünü bəyan və müəyyən edən, həmçinin hüquqların verilməsi və məhdudlaşdırılmasını tənzimləyən konstitusiya hüququ üçün təməl rolunu oynadı. Hakimiyyətin dəqiq müəyyənləşdirilmiş icraedici, qanunverici və məhkəmə qolları arasında güc və funksiyaların bölünməsinə dair bu prinsiplər İngiltərənin, ABŞ-ın və bir çox digər qərb ölkələrinin konstitusiyalarına daxil edilmişdir.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR