Nəyə görə yaxşı cəmiyyət qurmaq üçün dini savadlanma vacibdir?

Fəlsəfə
Photo

Başqa dinləri anlamaq vətəndaş olmanın təməllərindən biridir

İstənilən böyük şəhərin küçələrində dolaşdıqca, 18-ci əsrdə yaşayan bir insanın gördüyündən daha çox fərqlilik görə bilərsiniz. Cəmiyyətin necə fəaliyyət göstərməsi ilə bağlı müxtəlif ideyalara malik insanlar birlikdə yaşamalıdırlar və din qədər bölünə bilən bir ideya yoxdur. Önəmli mənəvi ixtilafların çoxu dini istiqamətlər arasında yaranır. Həqiqətən də, azadlıq, cinsəllik və ədalət haqqında müxtəlif dini baxışlar sosial ahəngi təhlükə altına salır. Bunun baş verməsinə izn vermək olmaz.

İnsanların bir-birilərilə yanaşı yaşamağı öyrənməklərinin əsas yollarından biri öz dini savadlarını artırmalarıdır.1945-ci ildə britaniyalı müəllif C.S.Levis deyirdi ki, başqa inanc sistemlərini daha geniş anlamaq üçün kənardan dayanıb baxmaq deyil, həmin inanc sisteminin içinə doğru addımlayıb sistemin içərisindən baxmaq lazımdır. O bunu analogiya ilə izah edir. Pəncərənin o tayındakı işıq şüasına baxmaqla, şüanın içərisində dayanıb baxmaq təcrübələri arasındakı fərqi düşünün. Biz sistemin daxili davamlılığını, inanclı insanı formalaşdırmaq və onu məlumatlandırmaq bacarığını yalnız sistemin içində olduğumuz zaman sınaqdan keçirə bilərik. İdeya bundan ibarətdir ki, dini sadəcə yadda saxlanılmalı olan teoremlər dəsti kimi deyil, kanadalı filosof Çarls Teylorun sözləri ilə desək, “yaşanmış təcrübə” kimi qəbul etmək lazımdır.

Bu cür anlaşma üçün açar dialoqdur. Bu dialoq başqasının dini arqumentinə çomaq soxmaq kimi bir hədəfi qarşısına qoyan, geniş yayılmış söhbət tərzini nəzərdə tutmamalıdır. Məqsəd inancların necə qəribə və ya yanlış görünməsindən asılı olmayaraq, onları anlamaqdır. Bu, inanclı insanın səsi ilə onun dünyasının necə olduğunun konkret ifadə edilməsinə imkan verən təxəyyül tələb edir. Soruşulan sualın məqsədi mahiyyəti açmaq olmalıdır, kontekstdən çıxarmaq deyil. Hekayələri anlamaq təcrübəsinə bənzəyir bu. Xəyalən hekayənin içinə girirsiniz, obrazlarla empatiya qurursunuz. Hekayələr insan həyatının özəyidir, eləcə də dinlərin. Dindən təsirlənən insan hekayələrini anlamaq sayəsində biz işıq şüalarına kənardan deyil, içindən baxa bilirik.

Dinlər nədir, niyə var və insanlar dinə necə inanırlar?

Savadlı olmaq stabil və sülhsevər bir cəmiyyətin müjdəçisidir. Dünyadakı bütün ölkələr nəfəsindən zəhər buraxan bir əjdahanın peyda olduğunu görürlər, bu əjdahaya özündən başqa nəyisə anlamağı heç vaxt öyrətməyiblər. Bunun qaçılmaz nəticələri son illərin siyasətlərində kimlərisə günah keçisi etmək, irqçilik, tayfabazlıq və təcridçilik meyillərinin artmasıdır. Dini savadın artırılmasının cəmiyyətdə daha çox qarşılıqlı razılıq yaradacağı düşünülməməlidir - əslində, bu hətta inamımızı, əminliyimizi azalda bilər. Lakin dini savadlanma ucuz stereotiplərin və xırda karikaturların dağıdılması ilə cəmiyyətdə “daha yaxşı razılaşma” bacarığını yaradacaq.

Təhsil nəzəriyyəsində dini savadlanma 21-ci əsr vətəndaşlığı üçün “çıxış nöqtəsi konsepsiyası” (“threshold consept”) hesab oluna bilər. “Threshold” sözü ingiliscə “threshing” sözündən gəlir: taxılı samandan, çör-çöpdən təmizləmək, arıtlamaq, taxılı döymək, içində yalnız bəsləyici elementləri saxlamaq üçün lazım olmayanları süzgəcdən keçirmək. Arıtlanmağı, yəni çıxış nöqtəsini elan edən konsepsiya bizi səthi anlayışlardan qurtarır və daha dərin, daha mürəkkəb və paradiqmatik bir şey yaradır. Məsələn, fizikada çıxış nöqtəsi konsepsiyası “istilik dəyişikliyi”dir (“temperature gradient”). Və ya ədəbiyyatda mətni təhlil məqsədilə dekonstruksiya etməyi öyrənməkdir. Bu konsepsiyalar fənni daha yaxşı anlamaq, predmetin mahiyyətini anlamaqda irəli səviyyəyə keçmək üçün adlanması məcburi olan sərhədlərdir. Oxşar formada, dinin öyrənilməsində və həqiqi qlobal vətəndaşlıq məsələsində dini savadlılıq çıxış nöqtəsi konsepsiyası kimi qəbul olunmalıdır, çünki bu, dinin reduksionist deyil, perspektiv yönümlü anlaşılmasına doğru hərəkət edir. Din teoremlər və ayinlər dəsti olmaqdan çıxıb insan davranışının arxasında dayanan canlandırıcı gücə - öz üslubunda dinlənilməsinə ehtiyac olan bir məfhuma çevrilir.

Dini savadın öyrədilməsi məzmundan daha çox proses üzərində fokuslanmağı tələb edir. Dini savad faydalı dialoqun müjdəçisi olduğuna görə məqsəd bu bacarıqların tələbələrdə inkişaf etdirilməsi olmalıdır: aktiv dinləmə, vicdanlı sorğulama və təvazökarlıq. Müəllimlər ancaq mənfəətə yönəlmiş, utilitarian “Mən-Bu” tipli görüşlərin əvəzinə, yəhudi teoloq Martin Buberin sözləri ilə desək, dərin və səmimi “Mən-Sən” görüşlərini təşkil etməli və inkişaf etdirməlidirlər. Buber Yurgen Habermasdan fərqli olaraq (o da dialoqun tərbiyəvi-öyrədici dəyərinin əsas tərəfdarlarından biri idi), ümumi mərkəz nöqtəsi ətrafında baş tutan dialoqa ehtiyac olduğunu vurğulayırdı – etiqad mövqelərini anlamaq dəyərli və zəngin mərkəz nöqtəsi əmələ gətirir.

Sekulyarların din, millət və seksə yanaşması nədir?

Böyük mültikultural təcrübəmizin xeyli insanın savaşdığı tayfa müharibələrinə tənəzzül etməkdən necə qurtulacağını anlamaq dini savadlılığı ictimai miqyasda inkişaf etdirmədən çox çətindir. Birləşmiş Krallıqdan kiçik, lakin cari bir nümunə götürək. Şəriət şuraları ilə bağlı hazırkı polemikalar. Şəriət şuraları müsəlmanlarçün şəriət qanunlarının şərhlərinə əsaslanan qanuni idarəetməni və tövsiyələrin verilməsini təmin edir. Böyük Britaniyada bu şuraların heç bir hüquqi çəkisi olmasa da, onlar bir sıra məsələləri effektiv şəkildə həll edirlər. Şəriətin Böyük Britaniyada hüquq sisteminə paralel fəaliyyət göstərməsi ideyası bəziləri üçün anafema (kilsədən çıxarılma, lənətlənmə) kimi görünür və bu şuraların bağlanılması üçün şikayətlər edilməyə başlayır. Bu debatların çoxunda çatışmayan şey ədalət mühakiməsinin fərqli perspektivlərdən fərqli cür anlaşılmasını və əsaslandırılmasını görə bilməməkdir. Əlbəttə, bu, şəriət məhkəmələrinin Britaniya ədalət sistemində özünə yer tutmalı olduğunu təklif etmək deyil. Lakin bir az anlayış və empatiya olmadan, bir az dini savad olmadan, belə mövzular haqqındakı debatlar problemi işıqlandırmaqdan daha çox, onu daha da qızışdırır.

Kenet Primroz

Şotlandiya, Aberdendə Robert Qordon Kollecində dini, mənəvi və fəlsəfi araşdırmalar bölməsinin rəhbəri.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR