İnsanın qurban edilməsi sosial bərabərsizliyi necə gücləndirirdi?

Elmi-kütləvi
Photo

Borneonun Nqaju xalqı aristokratların ölümünə yas tutmaq məqsədilə günəşin qürub çağında başlayan bir müqəddəs ayin həyata keçirirdilər. Ayinə görə bir köləni dirəyə bağlayır, səhərə qədər ətrafında rəqs edir və qurbanı xəncərlə qəfil öldürürdülər, səhər günəş doğarkən qurbanın öz qanından yaranmış hovuza yıxılması ilə ayin son həddinə çatırdı. Dünyanın başqa hissələrində insanın qurban edilməsi üsullarına dəyənəklə döymək, suda batırmaq, boğmaq, yandırmaq, başını kəsmək, dəfn etmək və hətta yeni düzəldilmiş qayığı suya buraxmaq üçün vasitə kimi istifadə etmək daxil idi. İnsan kimi dəyərli qurban ibtidai cəmiyyətlərdə necə belə geniş yayılmışdı? Və bu ayinlər niyə belə dramatik və qanlı olmaq məcburiyyətində idi?

Antropoloqlar və tarixçilər insanın qurban edilməsinin “sosial nəzarət hipotezi”ni irəli sürmüşlər. Bu nəzəriyyəyə görə, qurban mərasimləri sosial elita naminə təntənəli yığıncaq rolunu oynayırdı. Ehtimal olunur ki, insan qurbanı sosial elita tərəfindən onların ilahi gücünü göstərmək, statuslarına bəraət qazandırmaq və aşağı təbəqələri itaət və subordinasiyada saxlamaq üçün qorxutmaq məqsədilə istifadə olunurdu. Nəticə etibarilə də, insanın qurban edilməsi sosial bərabərsizlik sistemlərinin yaradılması və qorunub-saxlanılması üçün bir vasitə kimi istifadə oluna bilərdi.

İrsən keçən sosial bərabərsizlik insanlıq tarixində sosial mürəkkəbliyin ilk formasıdır və bu, qəbilə başçılığının, krallıqların və siyasi dövlətlərin yaranmasına təkan vermişdir. İnsanın qurban edilməsi sosial bərabərsizliyin yaradılması və saxlanılmasına kömək etməklə bu gün içində yaşadığımız müasir cəmiyyət formalarının qurulmasında bizə yardım etmiş ola bilər. Bu nəzəriyyəni dəstəkləyən sübutlardan biri Şimali Amerikanın cənub-qərbində tapılmış arxeoloji faktlardır: burada ibtidai iyerarxik cəmiyyətlərin qalıntıları olan eyni ərazilərdə ayinlərdə öldürülmüş insanların qalıqları da tapılmışdır. Bununla belə, bu nəzəriyyə bu günə qədər hələ də tam ciddiyətilə yoxlanılmayıb.

Tanrılarla heyvanlar arasında: “Gilqamış” dastanında insana çevrilmə

Aukland Universitetindən olan və digər həmkarlarımla birlikdə sosial nəzarət hipotezini Avstroneziya dillərində danışan doxsan üç mədəniyyətin nümunələrini istifadə edərək araşdırdıq və nəticələrimizi “Nature” jurnalında dərc etdirdik. Tayvanda kök salmış Avstroneziya mədəniyyətlər ailəsi avarlı qayıq düzəltməyi öyrənmişdilər və insanlıq tarixinin ən böyük okean səyahətçiləri idilər. Vikinq saqalarından min illər əvvəl avstroneziyalılar qərbdə Madaqaskara, şərqdə Pasxa adasına və cənubda Aotearoaya (Yeni Zellandiyanın maori dilində adı) – dünyanın uzunlu dairəsinin yarıdan çoxunu əhatə edən əraziyə üzərək öz böyük ekspansiyalarına başlamışdılar.

İlkin Avstroneziya mədəniyyətlərində önəmli qəbilə başçısının dəfni, müharibəyə hazırlıq, yeni qayığın düzəldilməsi, tanrıların sakitləşdirilməsi və ya sadəcə bol məhsullu mövsümün gəlməsinin arzulanması kimi bir sıra müxtəlif mərasimlərdə insanlar qurban edilirdi. Qurbanlar çox vaxt aşağı sosial statuslu şəxslər və qurban edənlərsə sosial elita olurdu. Ayinlərdə insan qurbanını tələb edən tanrılar olsa da, qurbanları seçənlər çox vaxt başçılar və rahiblər olurdu.

İlkin tədqiqatçılar, missionerlər və antropoloqların tarixi qeydlərindən Avstroneziya mədəniyyətləri haqqında məlumatlar toplayaraq, Sakit okeanı dinləri haqqında “Pulotu” adlı məlumat bazası yaratdıq. Bu məlumat bazasının bir hissəsi kimi, biz ənənəvi Avstroneziya mədəniyyətlərinin insanın qurban edilməsini həyata keçirib-keçirməmələrini və cəmiyyətlər içində irsi sosial bərabərsizliyin miqyasını müəyyən etdik (sosial bərabərsizliyə irsi köləlik kastaları və qəbilə başçıları nəsli daxildi).

Qədim qəbiləçiliyin izlərini indi özümüzdə necə yaşadırıq?

İnsanın qurban edilməsi təəccübləndirəcək qədər ümumi idi onlar arasında. Araşdırdığımız mədəniyyətlərin, demək olar, yarısında mövcud idi (43 faiz). Eqalitar (insanların bərabər olduğuna inanılan) cəmiyyətlərdə nisbətən az olsa da, irsən keçən sinif sistemlərinin ciddi tədbiq olunduğu mədəniyyətlərin əksəriyyətində insanın qurban edilməsi həyata keçirilirdi. Burdan belə nəticə çıxır ki, sosial bərabərsizliklə insanın qurban edilməsi arasında əlaqə var, lakin bu bizə insanın qurban edilməsinin sosial bərabərliyə gətirib çıxardığı və ya əks təsirin mövcud olub-olmadığını söyləmir.

Təkamül bioloqları tərəfindən inkişaf etdirilmiş dilə əsaslanan ailə şəcərələrindən və statistiki metodlardan istifadə edərək, Avstroneziyanın tarixöncəsi dövlərində insanın qurban edilməsi və sosial bərabərsizliyin inkişaf modelini hazırlaya bildik. Bu filogenetik metodlar, insanın qurban edilməsinin və sosial bərabərsizliyin inkişaf etdiyi ictimai qaydaları modelləşdirməklə onlar arasındakı səbəb-nəticə əlaqələrini, həmçinin birinin digəri üzərində təsirlərini öyrənməyimizə imkan yaratdı. Sosial nəzarət hipotezi üçün güclü dəstək əldə etdik: insanın qurban edilməsi ciddi irsi sinfi sistemlərin yaradılmasına yardım etmiş və mədəniyyətlərin daha eqalitar olmalarının qarşısını almışdı.

Dini və siyasi hakimiyyətin üst-üstə düşməsi insanın qurban edilməsi ayinlərinin sosial bərabərsizliyin yaradılması və saxlanılması məqsədilə sosial elitalar tərəfindən istifadə edilməsinə şərait yaradırdı. Avstroneziya mədəniyyətlərində duaların və ya ovsun ayinlərinin edilməsi kimi xüsusi dini biliklər elit ailələrdə nəsildən nəsilə keçə bilirdi. Çox vaxt bu ailələr tanrılar tərəfindən himayə edildiklərini və ya tanrıların nəslindən gəldiklərini iddia edirdilər. Dini üstünlük sosial statusa bəraət qazandırmaq üçün istifadə olunurdu və əksər vaxt başçılar və rahiblər ya eyni insan olur, ya da eyni şəcərədən gəlirdilər.

Nə üçün bərabərsizliyə qatlanırıq?

Dini inancların və adətlərin vəzifədə olan insanlara xidmət etməsinin saysız forması var. Məsələn, Solomon adalarında Buqotu xalqı inanır ki, tanrılar ərzaq qurbanları tələb edir, lakin bu ərzağın tanrılara çatması üçün öncə ali rütbəli rahib tərəfindən yeyilməsi lazımdır. Biz həmçinin etnoqrafik təsvirlərdən bilirik ki, sosial elitaların himayəsində olmayanlar tez-tez qurban edilə bilərdilər. Bu, ayinlərdə insanın qurban edilməsinin ibtidai avstroneziya cəmiyyətlərində sosial elita tərəfindən dissidentlərin aradan qaldırılması, qorxunun təlqin edilməsi və hakimiyyətin əsaslandırılması üçün necə istifadə olunduğunu göstərir.

Bu gün nadir hallarda rast gəlinsə də, dünyanın hər yerində ilkin insan cəmiyyətlərində insanın qurban edilməsi ayinləri həyata keçirilib. Qədim Misirdə Birinci Sülalə dövründə, fironları məzarlarında “xidmətçiləri” və ya insan qurbanları müşahidə edirdi, ölümdən sonrakı həyatda onların fironlara yardım edəcəyinə inanılırdı. Avropada torf yataqlarında 8000 il yaşlı korlanmış cəsədlər tapılmışdı, bu cəsədlərin yanında odadavamlı qablar, bütlər və müqəddəs bitkilər kimi dini xırdavatlar da vardı. Azteklərin yüksək rütbəli rahibləri rəqib icmaların yüksək səviyyəli əyanlarının qarşısında qurbanların döyünən ürəklərini çıxarırdılar. Çox vaxt bu qurbanlar rəqib icmadan əsir götürdükləri insanlar olurdu və həmin icmanın yüksək vəzifəli əyanları evlərinə qorxudan titrəyərək qayıdırdılar.

Dini yanlışları sübut etmək, insanları buna inandırmaq çox vaxt mümkün olmur və din bütün insanlığın şıltaqlıqlarını, qəribəliklərini özündə ifadə edir. Dini həqiqət güclü sosial elitanın əlində olanda, din sosial nəzarət yaratmaq və onu qoruyub-saxlamaq alətindən başqa bir şey olmur. Bu nəzarət insanın qurban edilməsi ayinlərinin geniş miqyasda istifadə edilməsində daha canlı və qanlı görünür.

Josef Uats

Yeni Zellandiyanın Aukland Universitetində mədəni təkamül üzrə PhD dərəcəsini bitirməkdədir. Əsas maraq dairələri təbiətüstü inanclar, Sakit okeanı ətrafı mədəniyyətlər, mədəni filogenetika və Avstroneziyadır.

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR