Utancaqlığın arxasında dayanan elmi səbəb nədir?

Hər şeydən biraz
Photo

Bəzi insanlardan ötrü əyləncəli tədbirə getmək və ya qələbəlik otaqda danışmaq kabus kimi bir şeydir. Bizlərdən bəziləri niyə hədsiz utancaqdır?

Partidə iştirak edəndə, ürəyinin ağzına gəldiyi, belindən soyuq tərlərin axdığı hallar olurmu? Ya da adamla dolu otaqda kütlə qarşısında təqdimat edəndə ayaqların əsirmi?

Əgər belədirsə, sən tək deyilsən.

Akindele Maykl uşaqlığında utancaq olub. O vaxtının çox hissəsini böyüdüyü Nigeriyada valideynlərinin evində keçirib. Amma onun valideynləri utancaq deyillər. O, inanır ki, utancaq olduğuna görə uşaqlığı da qayğılı keçib – bəs o haqlıdırmı?

“Müəyyən qədər”, - London Kral Kollecinin davranışın inkişafı genetikası sahəsində professor olan Talia Eley deyir:

Biz utancaqlığı temperamentin bir özəlliyi hesab edirik, temperament isə şəxsiyyətin xəbərçisidir. Azyaşlı uşaqlar başqalarıyla əlaqə qurmağa başlayanda, sən onların tanımadıqları insanlarla rahat söhbət etdiyinə şahid ola bilərsən”.

Ekspert utancaqlığın yalnız 30%-inin genetikadan qaynaqlana biləcəyini deyir, qalanı isə ətrafa verilən reaksiya ilə ortaya çıxır.

Xarakterimizi genetikamız müəyyənləşdirir?

Bizim utancaqlığın genetikası ilə bağlı bildiklərimizin çoxu bir-birinin tam genetik surətləri olan identik əkizlərin utancaqlığıyla, eyni genlərin ancaq yarısını paylaşan qeyri-identik əkizlərin utancaqlığının müqayisəsinə əsaslanır.

Utancaqlıq özəlliklərinin 70%-i genetikadan deyil, ətrafa verilən reaksiyadan qaynaqlanır

Son bir neçə onillikdə Eley kimi elm adamları mənəvi sağlamlığa və şəxsiyyətə təsir edə biləcək genetik variantları tapmaq və sınamaqdan ötrü məhz DNT-yə nəzər salmağa başlayıblar.

Hər bir fərdi genetik variantın çox az təsiri var, amma minlərin kombinasiyasına baxanda, təsir daha çox nəzərə çarpmağa başlayır. Amma hətta bu halda da, utancaqlığa təkcə genlərin təsir etdiyi qənaətinə gəlmək olmaz.

Söhbət bir, on, hətta yüzlərlə gendən deyil, minlərləsindən gedir”, - Eley deyir: “Beləcə əgər sən uşağın hər iki valideyninin bütün genomunu nəzərdə tutsan, yüz minlərlə genom variantı görəcəksən”.

Eleyin fikrincə, elə məhz buna görə də, ətraf mühit bu cür özəlliklərin yaranmasında daha çox rol oynayır. Və genetika ilə bağlı maraqlı xüsusiyyətlərdən biri də budur ki, o, bizi ətraf mühitin bizim faktiki vərdişlərimizlə üst-üstə düşən aspektləriylə müvafiq davranmağa vadar edir.

Məsələn, utancaq uşaq oyun meydançasında böyük ehtimalla özünü təcrid edəcək və başqalarıyla oynamaqdansa, onlara kənardan baxmaqla kifayətlənəcək. Özləriylə olmaq onları daha çox rahatlaşdırır, çünki bu onların öyrəşdikləri təcrübəyə çevrilir.

Söhbət birindən, ya digərindən getmir; hər ikisindən [genlər və ətraf mühit] gedir və onlar birlikdə iş görürlər”, - Eley bildirir. “Bu, dinamik sistemdir. Amma sən psixoloji terapiyalar vasitəsilə hər zaman dəyişikliyə nail ola bilərsən, terapiya sənə dəyişikliyin öhdəsindən gələcəyin texnikalar qazandırır”.

Utancaqlıq birmənalı olaraq pisdirmi?

Londondakı Travma və Təşviş Pozuntuları Mərkəzinin kliniki psixoloqu Kloye Foster utancaqlığın özlüyündə olduqca yayğın və normal hal olduğunu deyir, əgər o, sosial təşviş kimi xüsusiyyətə qədər gedib çıxmırsa, problem yaratmır.

Fosterin sözlərinə görə, müalicə etdiyi insanların yardıma ehtiyacı var, çünki “onlar etməli olduqları bir çox şeylərə əməl edə bilmirlər”. Bu insanlar qorxurlar ki, işdə söhbət edə bilməmək, ünsiyyətdə çətinliklər yaşamaq, başqalarının mühakimələrinə məruz qalmaq və ya başqaları tərəfindən aşağılanmaq kimi situasiyalara düşə bilərlər.

Təkamül indiki mərhələsində bizdən necə olmağımızı istəyir?

Eley utancaq şəxsiyyət xüsusiyyətinin yaranmasında təkamüldən irəli gələn səbəblərin də ola biləcəyini söyləyir.

Qrupunuzdakı insanların yeni qrupları araşdırması, onlarda iştirak etməsi çox faydalı ola bilər, bəzilərinin riskə meyilli olması, təhlükənin fərqində olması da yaxşıdır, onlar sizi məsələn, başqalarından qoruya bilərlər”.

Mütəxəssis utancaqlıq və sosial təşviş hissləri olan insanlar üçün koqnitiv davranış terapiyasının (KDT) ən təsirli psixoloji terapiya olduğunu bildirir. Sübuta yetirilmiş bu müalicə metodu sənin düşüncələrini və davranış özəlliklərini dəyişməyə çalışmağınla işləyir.

Ekspertlər deyir, ictimai çıxış zaman düzgün danışmağa köklənməkdənsə, otaqdakı digər insanlara köklənmək əsəbləri daha çox sakitləşdirir.

KBT belə mənfi düşüncələrlə yanaşı, kömək etdiyini sandığımız halda, nə edəcəyimizi əvvəlcən məşq etmək və ya göz kontaktından qaçmaq kimi daha çox sosial təşviş keçirməyə vadar edən davranışlardan qurtulmağımıza kömək edə bilər.

Əksərən belə zamanlarda - bir ictimai hadisədən əvvəl, bu hadisə zamanı və ya ondan sonra ağlına məruz qaldığın hansısa bir qısnama halı gəlir”, - Foster deyir.

Onun izahına görə, bəzən problem ictimai nitq kimi məsələlərdə utancaqlığına görə əziyyət çəkən insanın bu cür situasiyalarda necə performans göstəcəyi ilə bağlı qarşısına hədsiz yüksək standartlar qoymasından qaynaqlanır.

İnsan düşünə bilər ki, danışan zaman ümumiyyətlə çaşmamalıdır ... və hədsiz çox, lap çox maraqlı görünməlidir ki, hər kəsin qulağı daim onda olsun”.

Əgər belə bir insan özünə etdiyi təzyiqi azalda bilsəydi, özünə fasilələr verməyə və nəfəs almağa imkan versəydi, təşivişin də müəyyən qədərini aradan qaldıra bilərdi.

Sənə köməyi dəyəcək başqa bir şey də təşvişin səni fiziki cəhətdən necə hiss etdirdiyinə köklənmək yox, ətrafında zahirən nələrin baş verdiyinə köklənməyə çalışmaq ola bilər.

Özündənsə auditoriyaya köklənmək, ağzından çıxan sözlərdə çaşıb-çaşmadığına fikir verməkdən çox daha faydalı olardı.

Mütəxəssis həmçinin yeni situasiyalara açıq olmağı, yeniliklərə açıq olmağı tövsiyyə edir. “Sosial situsiyalara nə qədər çox cəlb olunsan özünü bir o qədər çox inkişaf etdirəcəksən. Amma qulağına sırğa elə, sosial situasiyalara da yeni cür yanaşmalısan”.

Dahi liderlərin ünsiyyət qurmaqla bağlı 10 sirri

Bu sənin əzbəri dəyişdirməyin mənasına gəlir. Özünə sual ver, sosial situasiyalarda səni ən çox qorxudan nədir? Ortada görünməyinin darıxdırıcı olmasıyla bağlı narahatsanmı? Yaxud da danışacağın zaman dolaşacağından qorxursanmı? Öz təşvişin barədə nə qədər çox bilsən, özünü bir o qədər çox sınaya biləcəksən.

Kaliforniya Deyvis Universitetində şəxsiyyətin psixologiyasını araşdıran PhD tələbəsi Cessi San vurğulayır ki, utancaqlıq və introverrtlik eyni şey deyillər.

Qərb mədəniyyəti göz kontaktının qurulmasına böyük əhəmiyyət verir – başqa heç bir kültür bu barədə belə rahat deyil

Sanın sözlərinə görə, insanlar tez-tez introversiyanı introspeksiya və ya daxili düşüncələrə marağın olmasıyla qarışıq salırlar, amma bu təcrübə şəxsiyyətin fərqli ölçüsünə əsaslanır.

Utancaq insan əksərən introvert olur, amma ekstrovert də ola bilər, bu zaman onda təşviş sosial olmaqla tətiklənir. Və utancaq olmayan introvert sosiallaşma bacarıqları ola-ola, öz kampaniyasını üstün tuta bilər.

San deyir: “Şəxsiyyət daima xoşbəxtliyin ən güclü önşərtlərindən biridir və xüsusilə ekstroversiyanın xoş ovqatla güclü əlaqəsi var”.

Ekstrovert insanlar sevinc, entuziazm və şadyanalıq kimi hisslər yaşamağa meyilli olurlar, introvertlər isə bu hissləri müqayisədə daha az yaşayırlar”, - o deyir.

Bəs introvertlər sadəcə ekstrovertlər kimi davranmaqla sevinc və entuziazm yaşaya bilərlərmi?

San və həmkarları bu sahədə eksperiment aparıblar. Onlar insanlardan bir həftə boyunca ekstrovert kimi davranmağı istəyiblər – bu isə utancaq bir insan üçün olduqca uzun müddətdir.

Biz onlardan nə qədər bacarırlarsa, birbaşa, danışqan, çölə dönük, aktiv və israrlı davranmağı istədik”,

- San deyir.

Beləcə, araşdırmaçılar aşkarlayıblar ki, onsuz da yetərincə ekstrovert olan insanlardan ötrü bir həftə boyunca ekstrovert kimi davranmaq, onların daha çox müsbət emosiyalar və özlərinə xas olan “həqiqi” duyğuları yaşamaları mənasına gəlib.

Lakin introvert insanlar müsbət emosiya partlayışı yaşamayıblar. Və əslində hədsiz introvert olan insanlar daha çox yorulublar və daha çox mənfi emosiyalar yaşayıblar.

Özün haqqında bilmədiyin 10 şey (2-ci hissə)

Ekstrovertlər daha çox xoş ovqat yaşamağa meyillidirlər, amma introvertlərdən ekstrovert davranışları yamsılamağı və buna çalışmağı istəmək onları daha çox gərginləşdirə bilər.

Zənnimcə, ən əsas dərs, - San deyir: budur ki, böyük ehtimalla, introvert və utancaq insanlardan bir həftə boyunca ekstrovert kimi davranmağı istəmək hədsiz çoxdur, onlar yalnız bəzi hallarda ekstrovert kimi davranmağı istəyə bilərlər”.

Biz ətrafımızdakı mühitin bizim utancaq olub-olmamağımızda necə rol oynadığını gördük – bəs əgər sən təbii introvertsənsə, kültür də sənin xoşbəxtliyinə təsir edə bilərmi?

Deyilənə görə, ABŞ-da əminlik və ekstrovert davranış introversiyadan daha çox qiymətləndirilir, halbuki Asiyanın müəyyən bölgələrində, Yaponiyada və Çində sakitlik və qapalılıq daha çox arzuolunandır.

Göz kontaktına olan münasibət də ölkədən ölkəyə dəyişir. Ball Dövlət Universitetinin Asiya tədqiqatları üzrə keçmiş professoru Kris Ruqsaken deyir ki, “Qərbdə yaxşı göz kontaktı arzuolunan və gözləniləndirsə, Asiya və Afrika kimi mədəniyyətlərdə hörmətsizlik və meydanoxuma kimi qiymətləndirilir”.

“Bu qruplar fərdlərlə nə qədər az göz kontaktı yaradırlarsa, bir o qədət çox hörmətcil sayılırlar”.

Sanın söylədiyinə görə, bütün bu mədəni fərqliliklərə baxmayaraq, introversiyanın yüksək qiymətləndirildiyi ölkələrdə də ekstrovertlər daha çox xoşbəxt görünürlər, amma həmin ölkələrdə xoşbəxtlik səviyyəsinə bir o qədər də əhəmiyyət verilmir.

Tədqiqatlardan dünyanın harasında olmalarından asılı olmayaraq, ekstrovertlərin daha çox xoşbəxt olduqları nəticəsi çıxsa da, bu, introvert olmağın mütləq mənfi bir şey olduğu mənasına gəlmir

Susan Keyn “Sükut: Zəvzəklərin Dünyasında İntrovertlərin Gücü” kitabında yazır: “İntroversiyaya müalicə olunmalı bir şey kimi baxmayın. Çənədən saz olmaqla, yaxşı ideyalara sahib olmaq arasında heç bir əlaqə yoxdur”.

Sara Kitinq

Mənbə: BBC

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR