Kişi sevgisinin psixoanalizi

Ziqmund Freyd

Elmi-kütləvi
Photo

Sevgi psixologiyasına töhfələr I: Kişilərə aid xüsusi bir obyekt seçimi tipi [1]

(1910)

İnsanları bir obyekti [2] tərcih etməyə yönləndirən və onların xəyali tələbləri ilə reallığın uzlaşdırılması prosesinə rəhbərlik edən “sevmək üçün zəruri şərtləri” indiyənə kimi yaradıcı yazıçılara həvalə etdik. Əslində, bu işi görmək üçün yazıçıda mövcud olan keyfiyyətlər əlverişlidir. Hər şeydən əvvəl, onda digər insanların zehnindəki gizli impulsları fəhm eləməyi mümkün qılan bir həssaslıq və öz şüurxaricini danışdırmaq cəsarəti vardır. Lakin onun söyləyəcəklərinin dəlil olma dəyərini azaldan bir əmma var. Yazıçılar müəyyən emosional effektlərlə yanaşı, intellektual və estetik həzzlər də doğurmaq məcburiyyətindədir. Bu üzdən, yazıçının gerçək materialı olduğu kimi kopyalayamaması, amma onun parçalarını bir-birindən ayıraraq rahatsız edici assosiasiyaları ortadan qaldırması, bütünlükdə tonu yumşaltması və boşluqları doldurması lazımdır. Bunlar “poetik lisenziya” deyə bilinən imtiyazlardır. Onlar, üstəlik, tamamlanmış şəkildə təsvir etdikləri ruhi halətlərin mənşəyinə və inkişafına çox az maraq göstərir. Nəticədə, üslubunun yöndəmsiz və daha az həzz doğurmasına baxmayaraq, minillərlə sənətkarların üzərində işləməsiylə həzz verən eyni materialla elmin maraqlanması qaçınılmaz hala gəlir. Bu müşahidələrin insanın sevgi həyatını ciddi bir elmi araşdırma çərçivəsində ələ almaq məsələsində bizi haqlı çıxarmağa xidmət edəcəyi ümid edilə bilər. Amma hər nə olsa da, elm həzz prinsipinin ruhi fəaliyətimizin imkanları çərçivəsində ən qəti rədd edilmə formasıdır.

Psixoanalitik müalicə sırasında nevrotiklərin sevərkənki davranış şəkli haqqında təəssürat qazanmaq üçün geniş imkanlar yaranır; eyni zamanda, ortalama olaraq sağlam insanlarda və ya hətta, üstün keyfiyyətlərə malik olanlarda belə oxşar davranışları müşahidə etdiyimizi və ya eşitdiyimizi xatırlaya bilərik. Material əlverişli olduğu və dolayısıyla, bu cür təəssüratların yığılmasına yol açdığı zaman fərqli tiplərin olduğu daha aydın görsənir. Burada kişilərdə vaqe olan bu cür obyekt-seçiminin bir təsviri ilə başlayacağam - çünki o, həm kombinasiyası anlaşıla bilməyən və doğrudan da təəccübləndirici olan bir neçə “sevmək üçün zəruri şərt”lə xarakterizə olunur, həm də psixoanalitik baxımdan sadə bir açıqlama verməyə imkan verir.

1. Sevmək üçün bu önşərtlərdən ilkinin spesifik olduğu qəti şəkildə deyilə bilər: ona harada rastlanırsa rastlansın, bu tipin başqa xüsusiyyətləri ilə də maraqlanıla bilər. Bu önşərt “incinmiş üçüncü tərəf”in lazım gəlməsi olaraq adlandırıla bilər; burada söhbət mövzusu şəxsin heç zaman öz sevgi-obyekti olaraq boşda olan bir qadını - yəni, evlənməmiş bir qızı və ya bağlantısı qalmamış evli bir qadını - deyil, məhz başqa bir kişinin ər, nişanlı və ya dost olaraq sahib olma haqqını iddia edə biləcəyi bir qadını seçməsi şərti qoyulur. Bəzi hallarda bu önşərt özünü o dərəcədə qüvvətli göstərir ki, bir qadın hər hansı bir kişiyə aid olmadığı müddətcə gözardı, hətta rədd edilir, amma bu qadın başqa bir kişi ilə deyilən münasibətlərdən birini qurarsa, dərhal ehtiraslı hislərin obyektinə çevrilir.

İnsan doğrudanmı öz valideynlərinə oxşar sevgili seçir?

2. İkinci önşərt daha az dəyişməz ola bilər, amma heç də daha az diqqətaşayan deyildir. Birinci önşərtin çox zaman müstəqil olaraq reallaşmasına baxmayaraq, bu önşərt həyata keçmək üçün birinciylə əlaqə içində olmalıdır. İkinci önşərt onu ehtiva edir ki, bir sevgi-obyekti statusuna yüksəldiləcək qədər cazibə mərkəzi halına gələn bir qadın iffətli və reputasiyası qüsursuz olan bir qadın deyil, məhz hər necəsə seksual cəhətdən pis reputasiyalı, sədaqəti və etibarlılığı bəzi şübhələrə açıq olan bir qadın olmalıdır. Bu son xarakteristika eşqbazlığa qarşı olmayan evli bir qadının adına çıxarılmış dedi-qodu pıçıltılarından tutmuş bir koketkanın və ya sevgi sənətində usta birinin açıqca yüngül həyat tərzinə kimi geniş miqyasda dəyişə bilər; bu tipə aid olan kişilər bənzər şey olmadan əsla məmnun olmayacaqlar. Biraz kobud olsa da, bu ikinci şərtə “fahişəyə vurulma” deyilə bilər.

İlk önşərt, yəni sevilən qadını onun kişisinin əlindən zorla almaq, o kişiyə qarşı rəqabət və düşmənlik impulslarını doyurmaq üçün bir fürsət doğurur. İkinci önşərt isə, yəni qadının fahişə kimi olması, bu tip sevənlər üçün bir zərurət olaraq görülən qısqanclıq yaşamaqla əlaqəlidir. Bu tip sevənlər sadəcə qısqana bildikləri zaman ehtirasları zirvəyə çıxır və qadına tam dəyər verirlər və onlar bu ən qüvvətli duyğuları yaşamalarını təmin edən bir fürsəti havada qapırlar. Qəribədir, qısqanclığın hədəfi sevilən kişinin qanuni sahibi deyil, ilk dəfə meydana çıxan və sevilən qadından şübhələnilməsinə səbəb olan başqa kişilər olur. Bariz durumlarda, aşiq, sevdiyi qadına sahib olmaq üçün istək göstərmir və o, mövcud üçbucaqvari situasiya [3] içərisində olduqca rahat görsənir. Sevdiyi qadının oynaşlıqları üzündən çox böyük əzab çəkən bir xəstəm onun evlənməsinə qarşı çıxmamış, əksinə, bunun gerçəkləşməsi üçün əlindən gələn hər şeyi etmişdi; sonrakı illərdə onun ərinə qarşı heç bir qısqanclıq nümayiş etdirməmişdi. Başqa bir tipik xəstə, doğrudur, ilk sevgilisini ərindən çox qısqanmışdı və onu ərindən boşanmağa məcbur etmişdi; lakin bundan sonrakı saysız-hesabsız sevgi münasibətlərində bu tipin digər üzvləri kimi davrandı. Yəni, qanuni əri artıq bir əngəl olaraq görmədi.

Sevgi obyekti ilə bağlı gərəkli şərtlər barəsində indilik bu qədər kifayətdir. Aşağıdakılar isə, aşiqin özünün tərcih etdiyi sevgi-obyektinə qarşı necə davrandığını açıqlamaqdadır.

3. Normal sevgidə qadının dəyəri onun namuslu olması ilə artır, onun fahişə kimi olma xarakteristikasına yaxınlaşması ilə isə, azalır. Dolayısıilə, belə xarakteristikası olan qadınlara bəhs etdiyimiz tip kişilər tərəfindən ən dəyərli sevgi-obyektləri olaraq baxılması normaldan nəzərəçarpan bir uzaqlaşmadır. Bu kişilərin bu cür qadınlarla qurduğu sevgi münasibətləri ən böyük ruhi enerji məxarici ilə davam etdirilir və bütün digər maraqları ayaqlar altına alınır; onlara elə gəlir ki, sadəcə belə qadınların sevilməsi məqbuldur və aşiqin özü üçün qoyduğu vəfalı olma tələbi ikidə bir təkrarlanır, baxmayaraq ki, gerçək həyatda bu əhd tez-tez pozulmaqdadır. Burada təsvir etdiyim sevgi münasibətlərinin bu xüsusiyyətləri onların kompulsiv [4] təbiətini çox bariz şəkildə nümayiş etdirir, hərçənd bu, bütün aşiq olma durumlarında müəyyən bir dərəcəyə qədər özünü göstərməkdədir. Lakin bu bağlanmaya xas olan belə bir dərəcədə sədaqət və intensivliyin olması, bu cür sevgi münasibətinin söhbət mövzusu şəxsin bütün erotik həyatını əhatə edəcəyi və ya bunun onun bütün erotik həyatında sadəcə bir kərə ortaya çıxacağı gözləntisinə yol açmamalıdır. Əksinə, bu növ ehtiraslı bağlanmalar bu cür kişilərin həyatında eyni xüsusiyyətlərlə - hər biri digərinin tam bir kopyası kimi – ikidə bir təkrarlanmaqdadır; əslində, çevrə və məskən dəyişiklikləri kimi xarici olaylar sayəsində sevgi obyektlərinin - uzun bir sıra formalaşdıracaq dərəcədə - tez-tez biri digəri ilə dəyişdirilə bilər.

Buddizm sevgililər üçün necə faydalı ola bilər?

4. Bu tip aşiqlərdə müşahidəçiləri ən çox təəccübləndirən şey sevdikləri qadını israrlı “qurtarmaq” istəyidir. Bu cür kişi sevdiyi qadının ona ehtiyacı olduğuna, qadının onsuz öz əxlaqi kontrolunu tamamilə itirəcəyinə və tez bir zamanda acınacaq bir hala gələcəyinə inanır. Buna görə də, sevdiyi qadını tərk etməyərək, yarı yolda buraxmayaraq onu qurtarır. Bəzi individual durumlarda onu qurtarmanın zəruri olduğu ideyası onun cinsi baxımdan etibarsızlığını və sosial pozisiyasının təhlükələrini əldə bayraq tutaraq haqlı çıxarıla bilər: lakin reallıqda belə bir əsas olmadığı durumlarda da vəziyyət fərqli deyildir. Təsvir etməkdə olduğum bu tip bir kişi, sevdiyi qadınları ağıllı başdan çıxarma metodları və zərif arqumentlərlə necə qazanacağını bilən biri, hadisələrin sonrakı gedişatı zamanı öz hazırladığı risalələri o sırada aşiq olduğu qadına verərək onun “fəzilət” yolundan çıxmaması üçün bütün cəhdləri göstərmişdi.

Burada təqdim edilən mənzərənin müxtəlif xüsusiyyətlərinə - sevdiyi qadının boşda olmaması və fahişə kimi olması, ona yüksək dəyər vermə, qısqanclıq duyma zərurəti, uzun bir sıra təşkil edən örnəklərdə pozulmuş olmasıyla bir araya sığa bilən sədaqətlilik və onu qurtarmaq üçün israrlı istək kimi kişinin boynuna qoyulan şərtlərə - nəzər yetirsək, bunların hamısını tək bir mənşəyə bağlamaq demək olar ki mümkün görünməyəcəkdir. Lakin bu tip kişilərin həyat hekayələri üzərində psixoanalitik araşdırmalar bu cür tək bir mənşəyin olduğu göstərməkdə çətinlik çəkməməkdədir. Bu qədər qəribə şəkildə şərtləndirilmiş obyekt seçimi və bu çox qeyri-adi sevgi davranışı tərzi ilə normal insanların sevgilərində görmüş olduğumuzun mənşəyi eynidir. Onlar sevgidolu hislərin anaya infantil fiksasiyasından qaynaqlanır və bu fiksasiyanın nəticələrindən birini təmsil edirlər. Normal sevgidə obyekt seçiminin maternal prototipini sadəcə bir neçə xarakteristika açıq bir şəkildə ortaya qoyur: məs., gənc kişilərin daha yetkin qadınları seçməsi kimi; burada libidonun nisbətən tez bir zamanda anadan ayrıldığı görsənir. Bizim haqqında danışdığımız tipdə isə, yeniyetməliyin başlanğıcından sonra belə, libido anaya o dərəcədə bağlı qalmağa davam edir ki, sonradan seçilən sevgi obyektləri maternal xüsusiyyətlərlə ştamplanmış kimi olur və bu sevgi obyektlərinin ana-surroqatları olduğunun fərqinə vara bilmək asandır. Bunu yenidoğmuş bir uşağın kəlləsinin şəkillənməsi ilə müqayisə etmək olar: uzun çəkən bir doğuşdan sonra uşağın kəlləsi həmişə ananın çanağının dar hissəsinin qəlibi formasını alır.

Söhbət mövzusu olan tipin xarakterik xüsusiyyətlərinin - sevmə şərtlərinin və sevərkənki davranışının - ana ilə rabitəli şeylərdən qaynaqlandığı iddiasının ağlauyğun olduğunu artıq göstərməyimiz lazımdır. İlk önşərt söhbət mövzusu olduğunda bunun çox asan olduğu görünür: yəni, qadının sərbəst olmaması və ya incinmiş üçüncü bir tərəfin olması zərurəti. Bir vaxtlar öz ailəsinin əhatəsində yaşayan bir uşaq üçün ananın ataya aid olması faktının ananın mahiyyətinin ayrılmaz parçası halına gəldiyi və incinmiş üçüncü tərəfin atanın özündən başqa bir kimsə olmadığı açıqdır. Sevilən birinə aşırı dəyər vermə xisləti və ona bənzərsiz və əvəzolunmaz gözü ilə baxmaq heç kimsənin birdən artıq anası olmayacağına görə, uşağın malik olduğu həyat təcrübəsi çərçivəsində təbii qarşılana bilər və onun anasıyla əlaqəsi heç bir şübhə doğurmayan və təkrarlanmayan bir hadisəyə əsaslanır.

Bizim tipimizin seçdiyi sevgi-obyektlərini ilk öncə ana-surroqatlar olaraq nəzərə alsaq, o zaman birinə sadiq qalmaq şərtilə birbelə ziddiyət içərisində olduğu görsənən bir deyil, bir çox surroqatın ortaya çıxması başa düşüləcəkdir. Başqa örnəklərin psixoanalizindən öyrəndik ki, əvəzedilməz bir şeyin təsəvvürü şüurxaricində aktiv hala gəldiyində çox zaman sıra halında sonsuz parçalara ayrılmış olaraq peyda olur: bu sonsuzluğun səbəbi odur ki, heç bir surroqat arzuolunan məmnunluğu vermir. Bu, müəyyən bir yaşda uşaqlar tərəfindən nümayiş olunan məmnunluq bilməyən sual soruşma istəyinin açıqlamasıdır: soruşmaq istədikləri tək sual vardır, amma ağızlarından çıxmaz. Həmçinin bu, nevroza məruz qalmış bəzi insanların çərənçiliyini də açıqlayır: onlar açıqlanmaq üçün yanıb-tutuşan, amma bütün şirnikləndirmələrə baxmayaraq əsla açığa vurulmayan bir sirrin təzyiqi altındadır.

[1] İngiliscə tərcüməsindən çevrilmişdir: Freud, S. (1910). A Special Type of Choice of Object made by Men (Contributions to the Psychology of Love I). The Standard Edition of the Complete Psychological Works of Sigmund Freud, Volume XI (1910): Five Lectures on Psycho-Analysis, Leonardo da Vinci and Other Works, 163-176

[2] Obyekt-burada və ümumiyyətlə psixoanalizdə çox zaman “insan” anlamında başa düşülməlidir. Düzdür, bu bəzən insan deyil, onun bir parçası və ya bir insana aid cansız əşya da ola bilər-məs., fetiş durumunda.

[3] Üçbucaqvarı situasiya-yəni, sevilən qadın-özü-qadınla sevgi münasibəti olan başqa bir kişi

[4] Bir şeyi kompulsiv şəkildə edildiyində zövq almaqdan çox sıxıntını, gərginliyi ortadan qaldırmaq məqsədi güdülür. Yəni, bir hərəkəti etmək üçün məcburiyyət hiss edilir. Məsələn, normal biri istədiyi zaman həzz almaq üçün araq içə bilər. Amma alkol asılılığı olan bir isə, içməzsə, abstinensiya sindromu yaşayacaq və əziyyət çəkəcəkdir. Bu abstinensiyanı yaşamamaq üçün o alkol almağa özünü məcbur hiss edir. Normal masturbasiya kef verir, amma kompulsiv masturbasiya da isə, sıx-sıx təkrarlanmadığı təqdirdə böyük bir sıxıntı ortaya çıxır. Həmçinin, kompulsiv davranış sayrışan hallar xəstəliyinə xas bir semtomdur. Amma burada kompulsiya qavramı daha geniş mənada işlədilmişdir.

Ardı var

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR