Qabriel Qarsiya Markesdən yazmaq haqqında tövsiyələr

Ədəbiyyat
Photo

Ədəbiyyat dünyasının hazırkı gənclik fetişizminə baxmayaraq, Qabriel Qarsiya Markesin 40 yaşına qədər məşhur olmadığını tez-tez özümə xatırlatmağı xoşlayıram. O, dördüncü romanı “Tənhalığın yüz ili” nəşr olunduqdan sonra məşhurlaşdı. Əlbəttə, indi çox məşhurdur, təhkiyə bacarığına və fantastik təxəyyülünə görə sevilir (lakin özünün dediyi kimi – onun ən məşhur romanında nəql edilən hər şey haradasa və ya kimləsə bağlı baş verib). Qarsiya Markes təhkiyənin ustasıdır, amma o həm də nizam-intizamın ustasıdır: hər şeydən əlavə, o çox çalışırdı. Elə təkcə bu səbəbdən hamımız onun tövsiyələrinə qulaq asmalıyıq. Bütün dövrlərin ən böyük insanlarından birinin bəzi ədəbi müdrik fikirləri təqdim olunur:

Bildiyiniz şeydən yazın:

Gənc bir yazıçıya məsləhət verməli olsaydım, başına gələn şeylərdən yazmasını söyləyərdim; bir yazıçının öz başına gəlmiş hadisələri, yoxsa oxuyub və ya kimdənsə eşitdiyi şeyləri yazdığını fərqləndirmək çox asandır. Pablo Nerudanın şeirlərindən birində belə bir misra var: “İlahi, nəğmə oxuyarkən uydurmaqdan qoru məni.” Əsərlərimə görə ən böyük tərifin təxəyyülümlə bağlı olması mənə əyləncəli gəlir, çünki heç bir əsərimdə gerçəkliyə əsaslanmayan bircə sətir də yoxdur. Problem ondadır ki, Karib gerçəklikləri ən vəhşi təxəyyülə bənzəyir.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən.

“Ac sənətçi” klişesindən çəkinin:

Ümumiyyətlə, insanın ətrafında vücud üçün lazım olan rahatlıq mövcud olduğu zaman daha yaxşı yazdığına inanıram. Yazıçının aclıq çəkmək və əsərlərini yazmazdan öncə psixoloji cəhətdən gərgin olmaq məcburiyyətində olmasına dair romantik miflə razı deyiləm. Yaxşı yeməyin və elektrik yazı makinan varsa, daha yaxşı yazacaqsan.

- Plinio Apuleyo Mendosa ilə müsahibədən.

Ağır işdən çəkinməyin:

Ədəbiyyat nəticə etibarilə dülgərlikdən başqa bir şey deyil… Hər ikisi ağır işdir. Nəsə yazmaq masa düzəltmək qədər ağır işdir. Hər iki halda gerçəkliklə əlləşirsiniz - taxta qədər sərt bir materialla. Hər ikisi texnika və hiylələrlə, fəndlərlə doludur. Əsasən, çox az miqdarda ovsun və lap çox ağır iş lazımdır. Prustun dediyi kimi, on faiz ilham və doxsan faiz tərləmək lazımdır. Heç vaxt dülgərlik işi görməmişəm, lakin ən çox heyran olduğum sənətdir, xüsusilə də ona görə ki, sizin əvəzinizə bu işi görəcək adam tapa bilmirsiniz heç vaxt.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən

Yazarlar haqqında

Erkən başlayın:

Dominikan yazıçısı Xuan Bosxun təxminən iyirmi beş il öncə Karakasda dediyi bir fikri eşitmişdim: Deyirdi ki, yazmaq peşəsini – texnikaları, struktur qurmaq yollarını, dülgərliyin gizli incəliklərini gənc olarkən öyrənin. Biz yazıçılar tutuquşu kimiyik, yaşlananda danışmağı öyrənə bilmirik.

- Plinio Apuleyo Mendosa ilə müsahibədən.

Texnika üzərinə fokuslanın:

Yaşlandıqca, ilham zəiflədikcə, daha çox yazı texnikasından asılı olursunuz. Əgər xüsusi yazı texnikanız yoxdursa, hər şey çökür. Şübhəsiz, yaşlandıqca daha asta, daha çox ehtiyatla və bəlkə də, daha az ilhamla yazırsınız. Bu, peşəkar yazıçının böyük problemidir.

- 1985-ci ildə “The New York Times” ilə müsahibədən.

Karyeranız üzərində deyil, yazınız üzərində çalışın:

Tuluza Universitetində Latın Amerikası ədəbiyyatı üzrə yazan bir fransız professor var. Xeyli gənc müəllif həmin professora yazıb söyləyiblər ki, mənim haqqımda çox yazmasın, çünki mənim buna ehtiyacım yoxdur artıq, amma onların buna ehtiyacı var. Lakin onlar unudurlar ki, mən onların yaşında olanda tənqidçilər mənim haqqımda yazmırdılar, daha çox Miqel Anxel Asturias haqqında yazırdılar. Demək istədiyim odur ki, bu gənc yazarlar öz yazıları üzərində işləməkdən daha çox tənqidçilərə yazmağa vaxt sərf edirlər. Haqqınızda yazılmaqdansa, özünüzün yazmağınız daha önəmlidir. Ədəbi karyeramda çox önəmli olduğunu düşündüyüm bir şey var: qırx yaşıma qədər müəllif gəliri kimi bircə sent də qazanmamışdım, halbuki artıq beş kitab nəşr etdirmişdim.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən

-

Növbəti hekayəni yazın (və dostlarınıza qulaq asın):

Hər bir halda, bu hekayə artıq keçmişə məxsusdur”, dostum Xorxe Alvaro Espinosa yekunlaşdıraraq dedi. “İndi önəmli olan növbəti hekayədir”.

Bu fikrə qarşı arqument axtaracaq qədər səfeh və karıxmış halda idim. Sonra bundan daha ağıllı tövsiyə eşitmədiyimi anladım. O, sarsılmaz ideyasını izah etdi: əvvəlcə hekayəni fikirləşmək lazımdır, sonra üslubu. Lakin bunların hər ikisi biri-birindən asılıdır – qarşılıqlı xidmət göstərirlər. Klassiklərin sehrli çubuğu da elə budur.

O həmçinin tez-tez təkrarladığı bir fikrinin üzərində çox dayanardı: yunanları dərindən, qərəzsiz şəkildə oxumalı olduğumu söyləyirdi, həm də təkcə Homeri deyil, hamısını (həmin vaxt yalnız Homeri oxumuşdum, çünki bakalavr imtahanları üçün tələb olunurdu). Oxuyacağıma söz verdim və başqa adlar da eşitmək istəyirdim, lakin o, mövzunu dəyişdi və əvəzində Andre Jidin “Qəlp pulkəsənlər”i haqqında danışmağa başladı, həmin həftəsonu oxumuşdu bu romanı. Bu söhbətin həyatımın istiqamətini təyin etdiyini ona söyləməyə heç vaxt cəsarət etmədim. Bütün gecəni növbəti hekayə üçün qeydlər tutmaqla keçirdim. Bu hekayədə ilk hekayəmdəki nahamarlıqlar, əyriliklər olmayacaqdı.

- 2003-cü ildə “The New Yorker”də dərc olunmuş “Mən necə yazıçı oldum” məqaləsindən.

Ədəbiyyatın qarşısının alınması

Öz qaydalarınızı yaratmaqdan çəkinməyin – lakin həmin qaydalara əməl etdiyinizdən də əmin olun:

Kafkanı oxuyarkən, ədəbiyyatda orta məktəb dərsliklərində rast gəldiyim ağıllı və çox akademik nümunələrdən kənarda da nə qədər çox imkanların mövcud olduğunu anladım. Bu, mənim üçün iffət kəmərinin cırılmasına bənzəyirdi. İllər sonra anladım ki, sadəcə xoşunuza və ağlınıza gələn hər şeyi uydura və ya təsəvvür edə bilməzsiniz, çünki bu zaman həqiqəti söyləməmək riski ilə qarşılaşırsınız və ədəbiyyatda yalanlar gerçək həyatdakılardan daha ciddidir. Ən sərbəst, ən ixtiyari görünən yaradıcılığın da öz qaydaları var. Rasionalizmin əncir yarpağını o zaman tullaya bilərsiniz ki, sonradan tamamilə xaosun və irrasionallığın içinə düşməyəsiniz.

- Plinio Apuleyo Mendosa ilə müsahibədən.

Hekayənizə inanın:

Həmişə etmək istədiyim bir ideyam vardı, lakin bu ideyada nəsə çatışmırdı və bir gün doğru tonu – nəhayət “Tənhalığın yüz ili”ndə istifadə etdiyim tonu tapana qədər bunun nə olduğundan əmin deyildim. Bu ton nənəmin öz hekayələrini nəql etmə tərzinə əsaslanırdı. O, təbiətüstü və fantastik səslənən şeylər danışırdı, lakin bunları tam təbiilikdə söyləyirdi. Nəhayət istifadə etməli olduğum tonu kəşf etdiyim zaman on səkkiz ay oturub hər gün işlədim... “Tənhalığın yüz ili” romanını yazmağa ilkin cəhdlərimdə hekayəni özüm buna inanmadan söyləməyə çalışırdım. Anladım ki, bu hekayələrə özüm də inanmalıyam və onları nənəmin söylədiyi ifadə tərzi ilə yazmalıyam – soyuq surətlə.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən.

İntellektinizə deyil, intuisiyanıza inanın:

İlham doğru mövzunu, həqiqətən xoşunuza gələn mövzunu tapdığınız zaman gəlir. Bu, işi daha da asanlaşdırır. Bədii ədəbiyyat yazmaq üçün fundamental olan intuisiya elmi biliyə və ya hər hansı xüsusi öyrənmə formasına ehtiyac olmadan gerçək olanı izah etməkdə sizə yardım edən xüsusi bir keyfiyyətdir. Cazibə qanununu hər şeydən daha çox intuisiya ilə daha asan başa düşmək olar. Bu, səy göstərmədən təcrübəyə malik olmaq üsuludur. Bir romançı üçün intuisiya çox önəmlidir. Bu, əsasən bəlkə də, dünyada ən çox nifrət etdiyim şey olan intellektualizmə - sanki gerçək dünyanın bir növ sabit nəzəriyyəyə çevrildiyi duyğusuna qarşıdır. İntuisiyanın bu mənada üstünlükləri var. Kvadrat oyuğun içərisinə dairəvi paya soxmağa çalışmaq əziyyətinə qatlanmırsınız.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən.

Mövzunu nə qədər yaxşı bilirsinizsə, o qədər yığcam olun:

Qraham Qrin tropikləri necə izah etməli olduğumu öyrətdi mənə. Poetik sintezin əsas elementlərini çox yaxşı bildiyiniz mühitdən fərqləndirmək həddindən artıq çətindir. Bu mühit sizə o qədər tanışdır ki, haradan başlayacağınızı bilmirsiniz və deyəcək o qədər sözünüz olduğu halda heç nə anlamadan bitirirsiniz. Mənim tropiklərlə problemim bu idi. Xristofor Kolumb, Piqafetta və digər hindu salnaməçilərini böyük maraqla oxumuşdum, onların orijinal baxışları dəyərli idi. Həmçinin Salqari, Konrad və iyirminci əsrin əvvəllərindəki Latın Amerika “tropikalistlər”ini oxumuşdum, onlar hər şeyi modernizm eynəyindən görürdülər. Və başqalarını da xeyli oxumuşdum, lakin həmişə onların baxışları ilə gerçək nəsnələr arasında nəhəng bir dixotomiya görürdüm. Onların bəziləri nəsnələri sıralamaq tələsinə düşmüşdü, paradoks buradaydı ki, nəsnələr siyahısı nə qədər uzundursa, onların baxışları bir o qədər məhdud görünürdü.

Digərləri, bildiyimiz kimi, ritorik ifrata boyun əymişdilər. Qraham Qrin bu ədəbi problem çox dəqiqliklə həll etmişdi: bir neçə tamamilə uyğunsuz elementi daxili incə və real rabitə ilə bir-birinə əlaqələndirməklə. Bu metoddan istifadə edərək tropiklər tapmacasını çürük quava ətrinə çevirə bilərsiniz.

- Plinio Apuleyo Mendosa ilə müsahibədən.

Yazıçı olmaq istəyənlərə Stefen Kinqdən 22 vacib məsləhət

Həqiqətə sadiq qalın:

Jurnalistikada bircə saxta fakt bütün işi korlayır. Bədi ədəbiyyatda isə, əksinə, bircə gerçək fakt bütün əsərə legitimlik qazandırır. Tək fərq budur və yazıçının öhdəliyidir. Bir romançı insanları inandıra bildiyi müddətcə hər şey edə bilər.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən.

Lakin hiylələrdən, fəndlərdən əl çəkməyin:

Hiylələriniz olmadan yazıçı ola bilməzsiniz. Önəmli olan bu hiylələrin legitimliyi, hansı məqama qədər və hansı dərəcədə istifadə olunmasıdır.

- 2005-ci ildə “VQR” jurnalı ilə müsahibədən.

Bədəniniz qayğısına qalın (və sərxoş halda yazmayın):

Heminqueyin yazdığı bir şey mənə çox təsir etmişdi. Yazmağı boksa bənzədirdi. Sağlamlığının və yaxşı həyatın qayğısına qalırdı. Folkner əyyaş kimi ad çıxarmışdı, lakin hər müsahibəsində deyirdi ki, sərxoş halda bircə sətir belə yazmaq mümkün deyil. Heminquey də eyni şeyi deyirdi. Pis oxucular məndən bəzi əsərlərimi narkotik maddələr istifadə edərək yazıb-yazmadığımı soruşurlar. Bu sual onların ədəbiyyat və ya narkotiklər haqqında heç nə bilmədiklərini göstərir. Yaxşı yazıçı olmaq üçün yazının hər anında tamamilə ayıqbaşlı olmalısınız və səhhətiniz yaxşı olmalıdır. Yazı prosesinin bir fədakarlıq olduğunu, daha pis iqtisadi və ya emosional durumda daha yaxşı yazıla bildiyini söyləyən romantik yazı konseptinin tam əleyhinəyəm. Düşünürəm ki, çox yaxşı emosional və fiziki durumda olmalısınız. Mənə görə, ədəbi yaradıcılıq yaxşı səhhət tələb edir və “İtirilmiş nəsil” bunu yaxşı başa düşür. Onlar həyatı sevən insanlar idilər.

- 1981-ci ildə “The Paris Review” jurnalına müsahibədən.

Hər şeydən daha önəmlisi – yazmağa davam edin:

Yeganə mümkün tövsiyə yazmağa davam etmək, davam etmək və yazmağa davam etməkdir.

- 1979-cu ildə Katerin Eştonla “The Harvard Advocate” üçün müsahibədən.

Emili Templ

Buradan paylaş:

ƏLAQƏLİ MƏQALƏLƏR